İyirmi altıncı fəsil
Səhifə 4 / 5 · 60%
Sofi İranpərəst yazıq-yazıq ona baxdı, ah çəkdi. Həkimülmülk onun hələ də vahimə ilə dolu gözlərinə fikir vermədi, öz-özü ilə danışırmış kimi, davam etdi:
– Qurumsaq kişi. Yazılarını oxuyanda elə bilirsən ki, bir canavardır, şirdir, pələngdir, qorxu-zad nə olduğunu bilmir. Amma özü dovşandan da pis, lap siçan kimi bir şeydir. İndi gör bunun üstündə başımıza nə oyun gələcək. Yediyimiz çörək də bir damcı zəhər olub dolacaq qarnımıza.
Gələcək ağrıları indidən duyar kimi bir qəzəblə yenə Sofi İranpərəstə döndü:
– Kişi, bəs sən bu ürəknən dünyada sataşmadığın bir dövlət qoymamısan qalsın?.. O yekəlikdə şurəvidən tutmuş firənglərəcən bir hökumət qalmayıb ki, ağzıma gələn hədyanı yazmayasan!.. Qurumsaq. Bəs bu nə hərəkət idi? Bu ürəknən almanın taktikini tənqid edirsən, bişərəf? Bu qeyrətnən alman dövlətinin, İrandakı siyasətindən danışırsan, binamus? Bəs nə ürəknən yazırsan?
Cavab almadıqda onun yaxasından tutub silkələdi:
– Bir cavab ver, ay tünbətünün nəvəsi, ağzını aç, bir söz de!
Yazılarından da əlahəzrətin narazı olduğunu anlamış və daha artıq bir vahimə ilə tez buradan çıxıb qaçmaq istəyən Sofi İranpərəst zorla ağzını açdı:
– Həzrət əşrəf, məni çevir balalarının başına. Burax, buradan salamat çıxıb gedim. Qələt elərəm dədəm Hacı Əliynən, bir də bir dövlətin adını çəkərəm. Bir də siyasət deyilən söz mənim qələmimdən çıxmaz! Qələt eləmişəm.
Hələ də baş vermiş hadisə üçün nə cəza alacağını düşünən və buna görə də hər kəsi sancmağa hazır olan Həkimülmülk:
– Tfu sənin qeyrətinə! – deyib onun üzünə tüpürdü və sarayın qapısından həyətə saldı.
İyun ayından davam edən Tehranın cəhənnəm kimi yaxıcı istisi avqustda daha da şiddət kəsb etmişdi... Günəş səhər tezdən üfüqlərdən baş qaldırıb, axşam qərb üfüqlərində gözdən itənə qədər od kimi hərtərəfi yandırır və qurudurdu. Tehranın torpaq küçələrindən keçən hər hansı maşın və ya faytonun dalınca toz buludu qalxıb, havaya yayılırdı. Hündür, gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı. İstidən nəfəs çəkmək mümkün deyildi. Mərmər sarayın sərin divarları arasında belə bu cəhənnəm istisinin təsirini hiss edən Rza xan, narınc şirəsindən qayrılmış soyuq şərbəti içib, Həkimülmülkü və sərtib Səlimini içəri buraxmaq əmrini verdi. Onlar gələnə qədər əsəbi halda otaqda gəzinməyə başladı. Son zamanlar əlahəzrətin kefi durulmur, simasını bürümüş qaranlıq bir zərrə də olsa açılmırdı. Hər kiçik və əhəmiyyətsiz bir hadisə dərhal onu haldan çıxarırdı. On beş illik hakimiyyəti ərzində istər daxili və istərsə xarici siyasət sahəsində tutduğu yol indi gəlib böyük bir uçurumun qırağında durmuşdu. Bu uçurum öz dəhşətli ağzını açaraq onu, bütün cah-cəlalı, tac-taxtı, soyumaq bilməyən qəzəbi, məhbəs və dar ağacları ilə birlikdə udmaq, məhv etmək istəyirdi. Geriyə dönmək mümkün deyil, irəliyə getməyə də yol yox idi. Əlahəzrəti əsəbiləşdirən, tez-tez haldan çıxaran da bu idi. Bu fikir bir dəqiqə ondan əl çəkmirdi. Gündüz də, gecə də onu təqib edir, qorxulu kabus kimi xəyalından çıxmırdı. On beş ildə tikdiyi bu dağılmaz bir qələ zənn etdiyi bina titrəməyə, hələ zəlzələ keçməmiş çat-çat olmağa başlamışdı. O, bir zaman bu binanın xarabaları altında öləcəyini ağlına da gətirməzdi. Heç indi də bu barədə düşünmürdü. Lakin sövq-təbii bir hiss, bütün müstəbidlərə xas olan xəstə bir duyğu bir aqibəti xəbər verməkdə idi. Buna görə də həqiqi insan şüurunun keyfiyyətləri olan səbir, mətanət və təmkin artıq onu çoxdan tərk etmişdi. Daha doğrusu, şüur ölmüş, hisslər, ehtiraslar və heyvani instinkt həyat və təfəkkürə hakim kəsilmişdi. Buna görə də pozğun istəklərin xaricində olan hər bir hərəkət, hətta ruhuna uyğun gəlməyən təbiət hadisələri belə onu ağıldan çıxarırdı. Həkimülmülk və Səlimini gözlədiyi zamanda da ruhən belə bir anormal vəziyyət içərisində idi. Hər şey, hətta günəşin işıqları belə ona qeyri-adi, murdar görünürdü. Xüsusən, Tehranın istilərində dəstə-dəstə uca çinarların səsi qulağından çəkilmirdi.
O, gəzinir, düşünür, fikrini bir şeyə cəlb etmək istəyirkən bir matəm havasını andıran səslər pəncərədən içəri dolurdu:
– Qaqqa-qa-qa-qa... Qaqqa-qa-qa-qa
Bir iynə kimi beyninə sancılan bu səslərin təsiri altında sarayın komendantını yanına çağırtdırıb:
– Heyvan milləti, heyvan! – deyib üstünə qışqırdı. – Bir ağlınızı işlədin. Siz də bir şey qanın. Başım, beynim getdi. Qa-qa-qa-qa!.. Kəsin bu bayquşların səsini! Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. Rza xan onun dalınca söyərək tüpürdükdə Səlimi və Həkimülmülk içəri girdi. Gecə Hikmət İsfahaninin tutulduğunu eşidən və sarayın qapısında sərhəng Səfainin bir neçə nizami əsgərlə gizləndiyini görən sertib Səlimi xeyir iş üçün çağrılmadığını qət etmişdi. O, artıq bu cəlladın əlindən salamat qurtarmayacağını bilirdi. Lakin o, ölümü cəsarət və təkəbbürlə qəbul etməyi qərara almışdı. Buna görə də içəri girdikdə başını tərpətməyib, yalnız salam verməklə kifayətləndi. Rza xan ona, bir də, sanki onun dik başını nəzərə çarpdırmaq üçün qəsdən yanında ikiqat halda durmuş Həkimülmülkə baxdı:
– Başınızı çox dik tutursunuz, ağayi Sərtib, gözləyin çiyninizə ağırlıq etməsin!..
Səlimi qızardı, lakin təmkinini pozmadan:
– Peyin çuvalı çiyinə ağırlıq edib, bədəni ikiqat əyər, baş yox, qurban! – dedi. Bu zaman bir-birinin dalınca bir neçə güllə səsi eşidildi:
– Taraq, taraq...
Rza xan dəli kimi silkinərək üzünü Həkimülmülkə tutdu:
– Bu nədir? Bu nə səsdir?
Həkimülmülk tez özünü çölə atdı. İki dəqiqə keçməmiş qayıdıb, pəncərədən həyətə baxan Rza xana:
– Qarğaları qovurlar, əlahəzrət, – dedi.
Rza xan dönüb onun gözünə baxdı:
– O güllələri sənin kimi qarğalara saxlamaq lazımdır! Bəli, sənin kimi qarğalara!
Həkimülmülk yerində keyişdi.
– İxtiyarınız var, əlahəzrət!
Rza xan zəhərli bir gülüşlə Səlimiyə müraciət edib, Həkimülmülkü göstərdi.
– Budur, millətin yarısı bu cür simasız, alaqarğa, yarısı da...
Səlimiyə baxıb sol üzündəki çapığı oynatdı və sözünün dalını demədi.
Səlimi:
– Əkdiklərinizi biçirsiniz, əlahəzrət... – dedi. – Sizə məmləkətdə qullar, nökərlər, başsız-beyinsiz iş heyvanları və hiyləgər tülkülər lazım idi, buyurun, onlar da sizi tapmışlar.
Rza xan:
– Oğlan, səndəki cəsarət mənə xoş gəlir. Otur səninlə danışmaq istəyirəm, – deyib yer göstərdi və özü də oturdu.
Səlimi də, Həkimülmülk də gözlənilməz olan və birdən-birə baş vermiş bu təğəyyürdən heyrətə gələrək oturdular. Səlimi baxışlarından onu çalmağa hazır olan Həkimülmülkün kindən qaralmış üzünə baxdı və tez başını yana çevirdi. Gözləri Rza xanın qəzəbdən qızarmış gözlərinə, hirsdən daha da eybəcərləşmiş üzünə sataşdı. ona elə gəldi ki, yırtıcı bir pələng və qanlı bir canavarın arasına düşmüşdür. İnadla mübarizə etməkdən başqa çarəsi yoxdur. Rza xan da, Həkimülmülk də gözlərini ondan çəkmir, bütün zahiri hərəkətlərini izləyir və sanki qəlbinə girmək istəyirdilər.
Rza xan vəziyyətini pozmadan:
– Oğlan, – dedi, – hazırlaş, sabah birbaş Culfaya getməlisən. Culfanın müdafiəsini sənə etibar etmək istəyirik.
Bu gözlərin hələ əsl mətləbi ifadə etmədiyini hiss edən Səlimi heç bir zaman heç bir cavab vermədi. Rza xan davam etdi:
– Ruslarla vuruşmağımız labüddür. Son illər əmələ gələn vəziyyət və siyasətin gedişi belə göstərir!
– Vəziyyət və siyasətin gedişi dövlətlərdən, onları idarə edən şəxslərin hüsn-niyyət və iradəsindən asılıdır, əlahəzrət!..
– Doğrudur. Lakin həm millətin qərinələr ərzində yaratdığı bir əqidə və milli amalı vardır ki, dövlət başçıları öz iradə və niyyətlərini onlara tabe tutmalıdır. Biz Rusiya ilə ancaq müdara etməyə məcburuq. Lakin heç bir zaman bir yerdə yol gedə bilməyəcəyik. Vuruşmağı zəruri edən də budur.
– Mən burada kamil bir məntiq və dəlil görmürəm. Biləks, elə güman edirəm ki, İran millətinin qərinələr ərzində keçdiyi yol və milli amalı onu bugünkü Rusiyaya yaxınlaşdırdığı qədər heç bir dövlətə yaxınlaşdıra bilməz. Əlahəzrət, nə qədər ki, İranda dövlət başçıları on yeddinci ilə qədər olan Rusiya ilə bugünkü Rusiyanı xalqa eyni şey kimi təlqin edir və çürük zəmində duran malikanələrini saxlamağı millətin mənafeyi və amalı deyə qələmə verirlər, o qədər İran tərəqqi edə bilməyəcək, qüdrətli və həqiqətən müstəqil dövlət yarada bilməyəcəkdir. Məmləkəti talan edən, milləti ac, çılpaq qoyan əcnəbilər, əcnəbi sərmayəsi İranın gözəl və saf torpağına elə bir alağın toxumunu səpirlər ki, onun acısını görən gələcək nəsillər bu gün ona bais olanları rəhmətlə yad edə bilməzlər.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
Başqa şairlərin şeirləri
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Bayram axşamıYadımdadır çocuqluqdaƏziz bayram gecələri…
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,