Səhifə 5 / 5 · 80%

– O nə toxumdur?

– O bizimlə iki min altı yüz kilometrlik sərhədi olan böyük bir qonşuya qarşı düşmənçilik toxumudur.

– Sizi əmin edə bilərəm ki, Sərtib, o böyük qonşudan iki-üç ay sonra heç bir şey qalmayacaqdır. Ordan birdəfəlik qurtaracağıq və o zaman səni Dərbəndə vali göndərməli olacağam.

– Əlahəzrət, bir məmləkətin şairləri və yazıçıları mövhumi xeyallarla yaşayarsa, bu, o məmləkət üçün bir bədbəxtlikdir. Lakin dövlət başçıları bu xəyallara qapıldıqda bədbəxtlik və fəlakətin hüdudunu təyin etmək çətindir.

– Sovetlər artıq dağılmaqdadır. Hitler Moskvanın qapılarına doğru getməkdədir.

– Əvvəla, Hitlerin oraya çatıb-çatmayacağı çox şübhəli bir məsələdir. İkinci də, Hitler oraya çatana qədər qorxuram sərbazlarımızın sorağı Bəhreyn adalarından gəlsin!..

Əlahəzrət yerində otura bilməyib ayağa sıçradı və əlini masaya döydü. Bunu görən Həkimülmülk də yerindən qalxdı və şahın qarşısında təzim etdi:

– Əlahəzrət, bu vətən xaini və fizulluq edir? Əmr verin bu xainin səsini kəssinlər!..

Rza xan dodaqlarını çeynəyib yenə yerində oturdu.

– Əsəbiləşmək lazım deyil, ağayi vəzir, – dedi və üzünü Səlimiyə tutdu: – Xob, söhbətimizi davam etdirək!.. Demək almanların Moskvaya girəcəyinə şübhəniz var?

– Rusiya çox böyükdür, əlahəzrət. Napoleon da bir zaman Moskvaya gəlib çatmış və hətta oraya girmişdi də...

– Hitlerdə olan tanklar, təyyarələr Napoleonda yox idi.

– Rusiya da birinci Aleksandrın zamanındakı Rusiya deyildir. Qorxuram böyük bir iştibaha yol vermiş olasınız.

– Nə demək istəyirsiniz?

– Onu demək istəyirəm ki, Hitlerin boş vədlərinə aldanıb, həqiqətdən uzaqlaşmaq zərər gətirəcək. Napoleonun da eyni məqsədlərlə, yəni İranı Rusiya əleyhinə bir qərargaha çevirmək məqsədilə Fətəli şaha bağışladığı hədiyyələr indi də Qəsri-Zümrüddə saxlanmaqdadır.

– Belə güman edək ki, almanların vədləri yalandır və özləri də məğlub olacaqlar. Lakin şurevilərin də bu müharibədən salamat çıxmayaqları mühəqqiqdir. İngilislər və amerikalılar qalib gələndə bizim sərbazların Bəhreyn adalarından qayıtması o qədər də müşkül olmaz.

– Əlbəttə, İranı satın almağa dünya bazarında cibləri dolu müştəri həmişə tapılacaqdır. Güman edirəm ki, xalqın ingilislərə olan nifrəti əlahəzrətdən gizli deyil. Hər hansı bir iranlının evində arvadla kişi və ya oğul ilə ata arasında narazılıq əmələ gələndə “burada ingilis barmağı var” deyə düşünür.

Rza xan üzünü Həkimülmülkə tutdu:

– Nə deyirsən, vəzir, sənin fikrin nədir?

– Mən əlahəzrətin səbrinə təəccüb edirəm. Bu vətən-füruş və rus casusunun yeri burada yox, Qəsri-Qacardadır.

– Buna sözünüz nədir, ağayi Sərtib?.. Gedin, gedin mən sizinlə danışa bilmədim. Ağayi vəzir, bəlkə, danışsın.

Sərtib Səlimi ayağa durdu:

– Mən gedirəm, əlahəzrət, – dedi, – və bunun son gediş olduğunu da bilirəm. Lakin sizə Azərbaycan kəndlisindən eşitdiyim bir məsəli nağıl edib getmək istəyirəm.

Həkimülmülk:

– Onu danışmağa qoymayın, əlahəzrət, – dedikdə, Rza xan:

– Dayan, vəzir? – deyib əlini qaldırdı.

Sərtib Səlimi, balaca bir tülkü kimi büzüşmüş Həkimülmülkə yuxarıdan-aşağı nəzər saldı və nağıl etməyə başladı:

– Bir kəndli naxoşlayıb yatağa düşür, heç bir həkim, heç bir dava ona çarə etmir. Kəndli öləcəyini gördükdə dost-aşna və arvad-uşaqla halallaşmağa başlayır. Hamı ilə görüşüb qurtardıqdan sonra yadına düşür ki, bir qoca dəvəsi də var. Neçə ildir ona qulluq edir, onunla da halallaşmaq lazımdır. Dəvəni yanına çağırır və üzünü ona tutub deyir: – İllər boyu sən mənə xidmət etmisən, qışa, yaya baxmayıb, isti-soyuqdan qorxmayıb, yükümü daşımısan. Bəzən ac qalmısan, elə vaxt olub suyunu da çatdıra bilməmişəm. Hərdən yorulub belinə də minmişəm. Hətta, acığım tutub səni döydüyüm zamanlar da olub. İndi, budur, ölüm gəlib qapını kəsdirib, gedirəm, de görüm məni halal edirsənmi? Məndən gördüyün pislikləri, əziyyətləri mənə bağışlayırsanmı? Dəvə kəndliyə baxıb belə cavab verdi: – Hər şeyi sənə bağışlayıram, məni ac da saxlamısan, susuz da qoymusan, ağır yük belimi əzdiyi halda, qalxıb üstümə də minmisən, acığın tutub döymüsən də, hamısı sənə qurban olsun, hamısını sənə bağışlayıram. Amma bircə şeyi sənə bağışlaya bilməyəcəyəm. – Kəndli təəccüblə: – O nədir, dəvə qardaş? – deyə soruşduqda dəvə deyir: – Yadındadırmı, filan ildə köç dağa gedəndə mənim ovsarımı aparıb eşşəyin quyruğuna bağladın. Qiyamətə qədər onu sənə bağışlaya bilməyəcəyəm!.. Əlahəzrət, siz nəinki millətin fikrinə qulaq asmadınız, namuslu və ağıllı adamların ağzını yumdunuz, bunların hamısından bədtəri odur ki, cilovunuzu bu cür eşşəklərin quyruğuna bağladınız. Məmləkətin siyasətini eşşəklərə tapşırdınız. Nə indiki, nə də gələcək nəsillər bunu sizə bağışlamayacaqlar!..

Rza xan yerindən qalxıb qışqırdı:

– Aparın! Aparın! Bir də bunun səsini eşitməyim!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 dəq
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 dəq
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 dəq
İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 dəq

Başqa şairlərin şeirləri