İyirmi doqquzuncu fəsil
Səhifə 4 / 5 · 60%
Yalnız ürəkgetməsindən sonra özünə gəldikdə ağlında bir işıqlanma görünür, hafizəsində həyatın bəzi real səhnələri canlanırdı. Çox tez keçən bu anlarda Fridun onun nə üçün bu hala düşdüyünü öyrənməyə çalışırdı. O, çəkdiyi əzabları, döyüldüyünü nağıl edir, indiyə qədər mahiyyətini anlamadığı günahlarda ittiham edildiyini söyləyirdi. Belə anlardan birisində “Fridunun yerini söylə!” deyə onu döyüb incitdiklərini danışaraq ağlamışdı. Kəsik və yarımçıq sözlərindən Fridun belə nəticəyə gəldi ki, Sərhəng hər şeyə aşinadır. Kənddəki əhvalatı da, onun sonrakı fəaliyyətini bilir. Musa kişi və Hikmət İsfahaninin yanına salındığı təsadüfi deyildi. Sərhəng artıq onu fərziyyələr və rezin kimi hər tərəfə burula bilən dumanlı sözlər əsasında deyil, alçaq sübutlarla ittiham edəcəkdi. Lakin o bundan qorxmurdu. Sərhəngin Rza Qəhrəmani və Kürd Əhmədə qədər gəlib çıxa biləcəyi ehtimalı onu daha artıq narahat edirdi.
Üçüncü günü onu da, Musa kişini də kameradan çıxartdılar.
O, məhbəsin uzun koridorundan keçib, Sərhəngin kabinetinə tərəf dönərkən Musa kişini əks tərəfə apardıqlarını gördü. “Bəlkə də, bu son görüşdür!” deyə, bir fikrin təsirilə Fridun ayaq saxladı. Vidaedici nəzərlərlə arxasınca baxdı. Musa kişi böyük bir dərd içində başını aşağı salıb gedirdi. O, sakit və fikirli idi. Birdən dönüb yana baxdı. Fridunu görmədikdə həyəcana düşdü. Geri qayıtdı. Onu yaxınlaşmağa qoymayıb, tüfəngin qundağı ilə boynundan vurdular. O, üzüüstə yerə dəydi. Fridun “vəhşilər!” deyib, əli ilə gözlərini qapadı. Kim isə onun kürəyindən itələdi:
– Uzunçuluq eləmə, ağa! Sərhəngin yanına yeri!
Fridun büdrəyib iki addım irəli keçdi, dönüb bir də baxdıqda dar koridorun başında nə isə kölgəyə bənzər bir şeyi sürüdüklərini gördü. Bu, son dəfə gördüyü Musa kişi idi. Fridun gözlərini qapayıb döndü və əlacsız halda böyük bir kədərlə Sərhəngin otağına getdi.
Sərhəng onu nisbətən mülayim bir halda qarşıladı:
– İndi inandınız ki, bizə hər şey məlumdur? Bizdən gizli bir sirr yoxdur. Günahlarınızı gizlətməyə çalışmasınız əbəsdir! Etiraf, etiraf etmək və yoldaşlarınızın adını, yerini demək sizin vəziyyətinizdə olan adam üçün ən ağıllı hərəkətdir.
Fridun qəti cavab verdi:
– Sərhəng, bütün bunlar nahaqdır. Mən son qərarı gözləyirəm!..
Onu yenə qaytardılar. Kameraya atıb uzun müddət sorğu-suala çağırmadılar. O, Musa kişinin başına nələr gəldiyini də bilmədi. Axırıncı dəfə Sərhəngin yanına gətirildikdə bütün əsəbləri gərgin halda idi. Dünya hadisələrinin cərəyanından xəbərsiz idi. İran tarixinin yeni səhifələri açıldığını və bütün bunların Sərhəngin rəftarında qəribə dəyişikliklər törətdiyini bilmirdi. Buna görə də Sərhəngdən tam bir cəllad qəzəbi gözləyərək içəri girdi.
Sərhəng başını aşağı salaraq, nə isə oxuyurdu. Simasından mühüm bir şeyin, doğrudan da, bütün fikirlərini məşğul etdiyi anlaşılırdı. O, Friduna son dərəcə tutqun göründü. Ordları azca batmış, gözlərinin altı qaralmış və həmişə tünd çayı andıran rəngi ağarmışdı. Fridun qapı ağzında ayaq üstə durub, diqqətlə onun bütün hərəkətlərini izləyirdi. Bu zaman Sərhəngin gözləri Kürd Əhmədgilin yazdığı məktubu dikilmişdi. Daha doğrusu, bir saatın ərzində onuncu dəfə idi ki, bu məktubu nəzərdən keçirir, hər sətrinin, hər nöqtəsinin üstündə düşünərək müəyyən bir qərara gəlmək istəyirdi. Məktubu birinci oxuyanda qızışmış, acıqlanmışdı. Onun yazılarındakı təhdid hələ də ona xoş gəlməmiş, mənliyinə toxunmuşdu. Bu hissin oyatdığı kin və qəzəb Fridunu məhv etmək fikrini başına salmışdı. Lakin yavaş-yavaş əməli düşüncələr və həyat istinktinin nəticəsində kin və qəzəb soyumuş və bu fikir də ona mənasız görünmüşdü. Fridunun, doğrudan da, bir dəstə qüdrətli adamla əlaqədar olduğu məlum idi. Son günlər başında dolanan və bütün varlığına hakim olan mülahizələrə əsasən Sərhəng onu azad etməyi qərara almışdı. Gələcəkdə o da kara gələ bilərdi. Bu gün Rza xan hakimiyyətdən əl çəkəcəkdi. Bununla da böyük bir kötük güclü bir suyun ağzından götürülürdü. Kim bilir, qabağı açılan bu sel haralara qədər axıb gedəcəkdi. Həyat nə məna və rəng alacaqdı. Bu axın içərisində çayaşağı buraxılmış hər dirək bir yerdə işə yarayacaqdı. Fridun içəri girdikdə bu son qərar fikrində dolanaraq qəti şəklə düşməkdə idi. Buna görə də Friduna anlaşılmaz görünən bir nəzakətlə:
– Oho, ağayi Fridun, – deyə başını qaldırdı və gülümsədi. – Ağayi Fridun, buyurun, əyləşin! Sizi mən şad bir xəbərlə sevindirmək istəyirəm.
Fridun hələ heç bir şey anlamadan oturdu. Şübhə və etimadsızlıq dolu gözlərini Sərhəngə dikdi. Sərhəng eyni ahənglə davam etdi:
– Mən əldə olan dəlillərin kifayət olmadığını gördüm. Dərindən və ətraflı məsələyə baxdıqda ədalət və həqiqət naminə sizə bəraət qazandırmaqdan başqa bir yol tapmadım. Bəli, ədalət və həqiqət naminə! Axı bizim işimizdə ədalət və həqiqət hər şeydən yüksək olmalıdır. Bizim kimi adamlar gərək nə mənsəb, nə şöhrət həvəsinə aldanmasın. Heç bir təzyiqdən qorxmasın, yalnız həqiqəti tapmaq həvəsilə yaşasın. Bəlkə də, belə hərəkət etməklə, o, yüksək mənsəb, böyük şöhrət və varidat qazana bilməz. Lakin nahaq yerə zindanda çürümək əzabından qurtarmış adamların təşəkkür və minnətdarlığı onun mükafatıdır. Mənim əqidəmə görə, dünyada bundan da böyük bir mükafat yoxdur. İnsan yaxşılıq üçün yaşamalı və yaxşılıqdan zövq almalıdır. Deyilmi, ağayi Fridun?
Sərhəngdə əmələ gəlmiş bu təbəddülata heyrət edən Fridun hələ də onun əsl səbəblərini təsəvvürünə gətirə bilmirdi. Sualı cavabsız qoymamaq üçün:
– Elədir! Elədir! – dedi.
Sərhəng yerindən qalxıb onun ayağına gəldi və əlini sıxdı:
– Bilirsinizmi, ağayi Fridun, mən sizin günahsız olduğunuza çoxdan qəti iman gətirmişdim. Sizin azad olunmağınız haqqındakı nəticəni də yazmışdım. Lakin maneə törədən bir cəhət əlahəzrətin insaf və ədalət bilməyən müstəbid təbiəti idi. Bəlkə, siz mənim bu sözlərimə inanmırsınız? Lakin həqiqət belədir. Mən sizinlə qərəzsiz danışıram. Nəhayət, mən rəisi razı sala bildim. Təbrik edirəm. Siz azadsınız!
Fridun hələ də Sərhəngin bir oyun oynadığını zənn edərək soyuqqanlılıqla ona baxırdı. Lakin Sərhəng azadlıq kağızını onun qabağına qoyduqda qəribə bir həyəcanla düşdü. Sərhəng gülümsədi:
– Güman edirəm ki, bundan sonra daha xoş şəraitdə sizinlə görüşmək mənə qismət olacaqdır. Axı, demək olar ki, biz köhnə dostlarıq. Deyilmi?
Fridun:
– Xudahafiz, köhnə dost! – deyib kağızı götürdü və kabinetdən çıxdı.
Sərhəng onu qapıya tərəf ötürmək istədi, lakin Fridun nə isə xatırlamış kimi, geri döndü:
– Sizdən bir şey soruşdum, Sərhəng!
– Buyurun, buyurun!
– Bir müddət əvvəl mənim yanıma bir dəli göndərmişdiniz. Bildiyiniz kimi, axı o mənim dayımdır. Bədbəxt bir adamdır. Bəlkə onu mənə verəsiniz!
Sərhəng gözləmədiyi bu xahişdən qızardı. Dili topuq çala-çala:
– Ağayi Fridun, – dedi, – o qoca və naxoş bir adam idi. Nə qədər müalicə etməyə çalışdıqsa mümkün olmadı. Sizdən ayrıldıqdan iki gün sonra vəfat etdi.
Fridun heç bir söz deməyib otaqdan çıxdı. Başı gicəldiyindən zorla özünü saxlayaraq, bu cəhənnəmdən qaçıb uzaqlaşmağa tələsdi. Sərhəng onun arxasınca baxıb, özündən razı bir halda yerində oturdu, ayna kimi işıldayan çəkmələrini bir-birinin üstünə aşırdı, siqarını ağzına qoyub tüstülətdi. Sentyabrın isti havasında tüstü ağır-ağır burularaq, müxtəlif şəkillər yaradır və pərdə kimi Sərhəngin gözlərinin önündə asılıb dururdu. Bu dumanlı pərdənin dalında gah Hikmət İsfahaninin, gah Şəmsiyyənin, gah Fridunun siması, gah Sərtibin titrəyən bədəni görünür və dənizdə batıb-çıxan bir kabus kimi nəhayətsiz bir boşluq içərisində itib gedir, yenə qalxır, yenə itib gedir və Sərhəngin qəlbini rahat olmağa qoymurdu.
Açıq hava və mavi üfüqlərə baxdıqca Fridunun qəlbi sevinclə dolurdu. Onda ilk baharın ətrilə cuşa gələn quşlar kimi, uçmaq həvəsi oyanırdı. Torpaq və daşları, çinarların tozlu yarpaqlarını qucaqlayıb öpmək istəyirdi. Ah, azadlıq... Dünyada səndən şirin, səndən ləzzətli bir şey varmı?.. Sənin ətrini gətirən xəfif bir meh qupquru çöllərdə al-əlvan çiçəklər bitirir, boz dağlara yaşıl don geydirir, insanın qəlbində min həvəs və ehtiras oyadaraq, yorulmadan yaratmağa, ağır və əzab hiss etmədən yaşamağa, ülvi, müqəddəs bir həyatla yaşamağa ruhlandırır. Ah, azadlıq!.. Sənin ruh oxşayan, xəyal oynadan qanadların altında insan nələr yaratmaz, nələrə qadir olmaz!..
O, məhbəsin dar və qaranlıq mühitini unutmağa çalışır, açıq havada dərindən nəfəs alırdı. Başının üstündə ağır bir yük kimi daima qəlbini sıxan zindanın alçaq tavanı deyil, nəhayətsiz və parlaq göylər uzanıb gedirdi. O, bu göylərə tamaşa etməkdən doymurdu. Qabaqlar da göz qırpmadan açıq üfüqlərə, mavi göylərə baxıb, nə isə, yeni hisslər, duyğular oyadırdı. Ona elə gəlirdi ki, torpağı və ümumiyyətlə, bütün kainatı heç bir zaman indiki qədər dərindən duymamışdır, onlar heç bir zaman ürəyində indiki qədər təravətli hisslər doğurmamışdır.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi: