Qoymur gəzəm ellərimi,Verməyir aman qocalıq.Bəndə salır əllərimi,Bağlayır yaman qocalıq.

Mayıl oldum mah camala,Al yanağa, qoşa xala,İnanmazdım üstüm ala,Etməzdim güman qocalıq.

Bəxtim yatıb, əl gətirmir,Dəryalardan ləl gətirmir,Ayaq getmir, əl gətirmir,Gözlərdə duman qocalıq.

Aparır dövlət-varımı,Yad eyləyir dostlarımı,Pozur əhdi-ilqarımı,İtirir iman qocalıq.

Nə fikirdi, bu nə rəydi,Ox atdı, qəlbimə dəydi,Çoxlarının qəddin əydi,Elədi kaman qocalıq.

Görürsənmi bu dünyanı?Hey gələn, gedən karvanı,Kəsmir ara, yoxdu sanı,Keçdikcə zaman qocalıq.

Aşıq Vəli düşmə qəmə,Vaxt gəlir son qoyur dəmə,Necə qıyır zal Rüstəmə,Çəkdirir aman qocalıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri