Səhifə 6 / 10 · 50%

– Buraxın mənim qəzəbnak möcüzatlarımı, qoyun yer üzünü qəhr eləsin, bu insanları mənim gözüm görməsin.

Onda sağdakı məlaikələr deyir:

– Ya Allah, sən qadirsən, səbirlisən, yer üzünü, cəmi məxluqatı səbrlə yaratmısan. Beş nəfər axmağa görə dünyanı qəhr eləmək olmaz!

Allah-taala onların sözünü eşidir və dünyanı məhv etməkdən çəkinir. Bu söhbət hər gün Allahın dərgahında təkrar olunur, elədirmi?

Alimlər baxdılar gördülər, doğrudan da, Quranda bu cür yazılıb.

Dedilər:

– Elədir.

Xəstə Qasım sorğu-suala davam elədi:

O kim idi yerə vurdu mayanı?
Yer istiykən bərkitdi səng qayanı?
Bir nöqtədi küllü-elmin bəyanı,
Həfti, həşti, sirri-dudan xəbər ver!

O kim idi zərnişanı oxudu?
O kim idi kimə kəfən toxudu?
Adəmdən qabağda siğə yox idi.

Vəzənvəşdü ənkəhdüdən xəbər ver!

Burda Xəstə Qasım nigah məsələsinə toxundu. İlk dəfə Adəmlə Havvanın nigahını Allahın buyruğu ilə Cənab Əli oxudu və iki qanın halallığı ordan yarandı.

O kim idi peyğəmbərə əshabə?
O kim idi apardılar qəssabə?
Xəstə Qasım yetik deyil hesabə,
Bərrü bəhrü səngi-sudən xəbər ver!

Alimlər qaldılar naçar, sözü aça bilmədilər, mati-məəttəl baxdılar bir-birinin üzünə. Alimlər nə qədər Xəstə Qasımı incitsələr də, onların bu halını görəndə ürəyi yumşaldı, yazığı gəldi, ürəyində fikir elədi ki, yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi, bir yüngülvari sual da versin. Bəlkə, buna cavab verə vəziyyətdən çıxalar. Dedi:

– Ağa müşseyid, olarmı bir-iki sual da verim?

Müşseyid icazə verdi. Xəstə Qasım aldı görək nə dedi:

Beş yaşından on beş yaşa varanda,
Beşin atdım, beşin tutdum, beşi nə?
Haqq tərəfdən doğru rahə yetişdim,
Mayil oldum ənbiyanın beşinə.

Ömrü bənzər dağ başında dumana,
Qətrə ikən sən də yetiş ümmana.
On beş şeydi vacib oldu insana
Beş sludin, beşi firudin, beşi nə?

Xəstə Qasım qaldı həyat içində,
Gələr, gedər sonu məmat içində
On beş şey sallandı salat içində
Beşi oruc, beşi namaz, beşi nə?

Alimlər buna da cavab tapa bilmədilər. Müşseyid dedi:

– Alimlər, siz də hökuməti, camaatı aldatmısız, bu gündən sizə alimlik eləməyi qadağan edirəm.

Müşseyid onların da sənədlərini əllərindən aldı. Sonra xitab elədi Xəstə Qasıma:

– Oğul, sən haqq vergisi olduğunu sübut elədin. Mollalığa, qazılığa, alimliyə layiq olduğunu göstərdin. Daha mənim sənə şübhəm qalmadı. Səni doğan ananın üzü ağ olsun. İndi sənin əlinə sənəd verəcəyəm, o yerdə ki, Şah Abbasın hökmü işləyir, nə işlə istəsən məşğul ola bilərsən. Amma bir məsələ var. Üç sutkadı səni mollalar, qazılar, alimlər imtahan eləyir. Olarmı bir-iki şey də mən soruşum?

– Bəli, niyə olmur ki, ağa müşseyid!

Müşseyid soruşdu ki, əvvəl kim yarandı, insan cəmiyyəti kimdən törəyib artdı. Xəstə Qasım cavab verdi:

Əvvəl-əvvəl bu dünyaya
Adəm ata, Həvva gəldi.
Hökm olundu ilahidən,
Yerə abır-həya gəldi.

– Yaxşı, bəs, Quran necə nazil oldu. Şahi-Mərdana kim dayəlik elədi?

– Ağa müşseyid, qulaq as:

Kimlər idi qıldı sayə?
Kimlər əl götdü xudayə?
Məhəmməd əl-Mustafayə,
Kəlmə-kəlmə ayə gəldi.

On iki dəstdi gülümüz
Gətirdi kəlmə dilimiz,
Şahi-Mərdandı pirimiz
Salman ona dayə gəldi.

– Bəs, o kimdi ki, behiştdən Allah-taala ona ənam olaraq libas göndərdi:

Xəstə Qasım tutar yası,
Silinsin könlümün pası.
Behiştin bir dəst libası
Fatmeyi-Zəhrayə gəldi.

Müşseyid yenə Məhəmməd əl-Mustafadan, Əlidən, Fatimeyi-Zəhradan, onlarla bağlı hədislərdən, çətin bildiyi yerlərdən suallar verdi. Xəstə Qasım səbrlə qulaq asıb sonra sualların hamısına bir yerdə belə cavab verdi:

Gələndə bizlərə heydari-kərrar
Yetirdi Xeybərə Yadullahını.
Əgər ki, Cəbrayıl tutmasa şəhpər,
Seyfullah dağıdardı gavi-mahını!

Əli Düldül mindi, Məhəmməd Büraq,
Ərənlər sərdarı, ya çeşmi-çıraq
Abuzər Əlini eylədi qonaq,
Qırx yerdə əylədi mənzilgahını!

Yığıldı məxluqat, durdu üzbarı,
Fatimə onlara çox gördü karı.
And içdi allaha mən ollam tarı
Mövlə yan qoymayıb qədəmgahını.

Bəyənilsin Xəstə Qasım xilası,
Düldülün sahibi, Qəmbər ağası,
Cəbrayıl vəhy gətdi çəkmə bu bəsi,
Əli ərşdə vurur sənglahını.

Müşseyid Xəstə Qasıma əhsən dedi, onu yanına çağırıb əlini sıxdı, alnından öpdü, sonra dedi:

– Yaxşı, oğul, məni agah et görüm sən, doğrudan da, məktəb oxumusanmı? Deyirlər, sən heç bir məktəb oxumamısan. Əgər oxumamısansa, bu qədər elmi, biliyi harda almısan?

Xəstə Qasım cavab verdi:

– Oxumuşam, ağa müşseyid!

– Hansı məktəbdə oxumusan?

– Əbu Talıb məktəbində.

– Onda qoy bu mollaları, qazıları, alimləri də göndərək gedib o məktəbdə oxuyub savadlarını artırsınlar.

Xəstə Qasım güldü:

– Ağa müşseyid, o məktəb hər adama qismət olmaz.

– Niyə ki?

– Çünki o, Məhəmmədlə Heydari-kərrar məktəbidir. O məktəbdə oxumaq milyonda bir adama nəsib olar.

Müşseyid yenə bir şey başa düşmədi. Xəstə Qasım bunu hiss eləyib fikrini sazla-sözlə izah elədi:

İbtida ustaddan dərsim alanda
Qəlbimə yazıldı əhsənül-xaliq.
Oxuyub məktəbdə kamil olanda
Dilim dua qıldı əhsənül-xaliq.

Oxudum dərsimi aldım maşallah
Dərsin əzəlində dedim bismillah,
Ərrəhman ərrəhim təbərük allah
Hər elmin başıdı əhsənül-xaliq.

Xəstə Qasım bilir əlhəmdü xuda
Qəlbində lafəta olubdu nida.
O verdi dərsimi əzəl, ibtida,
Fikrimdə iz saldı əhsənül-xaliq.

Müşseyid mətləbi başa düşdü. Orasını da deyək ki, Xəstə Qasımın saz çalmağı da onun çox xoşuna gəldi. Amma sənətdə saz-söz qadağan olunduğundan bayaqdan fikrində tutduğu sözü indi Xəstə Qasıma dedi:

– Bala, yəqin bilirsən ki, islamiyyətdə saz çalmaq və qeyri musiqi haramdır. Bax, o saz ki, çalırsan, deyirlər, onun deşiklərini şeytan açıb, amma sən çalırsan. Əgər bunu Allahın buyruğundan çıxmaq hesab etmirsənsə, gərək bu məclisdə elə bir şey çalasan ki, məclisə uyğun olsun. Özün bilirsən ki, bu ruhanilər məclisidir. Bu məclisə uyğun bir şey çala bilsən, inanarıq ki, doğrudan da, onu çalmaq sənə haram deyil.

Deyirlər, həmin məclis ruhanilər məclisi olduğundan Xəstə Qasım ilk dəfə orda ruhani havası çaldı və həmin hava üstündə Həzrət Əlinin şəninə bu şeiri oxudu:

Ərşi zəmin, lövhi-qələm yox ikən
Varlığa hamıdan tez gələn, Əli!
Ustadlar ustadı özün olubsan,
Cəbrail məqamın düz bilən, Əli!

Sənin hörmətinə quruldu varlıq,
Həyatın zəmzəmi o suyi-dirlik,
Səndə nəqş olundu elm və birlik
Cəmi dillər ilə söz bilən, Əli!

Xəstə Qasım, zərbi-danəndən Əli,
Aləmi-zərridə demişəm bəli,
Bir ismin Əlidi, bir ismin Vəli
Cəmi pünhan dərdi tez bilən, Əli!

Müşseyid gördü, doğrudan da, istər sazda çalınan hava, istərsə də, oxunan söz məclisin ahənginə çox uyğundur. Xəstə Qasıma «çox sağ ol» dedi. Ona saz çalmağı halal elədi. Öz naibini çağırıb məclis əhlinin gözü qarşısında elə bir sənəd yazdırdı ki, Xəstə Qasım istəsə mollalıqla, istəsə qazılıqla, istəsə alimliklə, istəsə aşıqlıqla məşğul ola bilərdi. Xəstə Qasım da müşseyidə minnətdarlıq elədi, ancaq onu da fikirləşdi, mollalar, qazılar, alimlər nə qədər pislik eləsələr də, onları bu halda qoymaq heç insafdan deyil. Onlara yazığı gəldi, dedi, mən onlara yaxşılıq eləyəcəyəm, sonra mənə pislik eləsələr də, özləri bilərlər. Qoy keçinin ölümü palıddan olsun. Oydu ki, dedi:

– Ağa müşseyid, ürəyimə bir xanə söz gəlib, olarmı ərz eləyəm?

Müşseyid izn verdi. Xəstə Qasım götürüb orda belə dedi:

Dəli könül, mənnən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdır.
Bir gün olar qohum-qardaş yad olar,
Demə ulusum var, elim yaxşıdır.

Bir məclisə varsan özünü öymə!
Şeytana bac verib kimsəyə söymə!
Qüvvətli olsan da, yoxsulu döymə!
Demə ki, zorluyam, qolum yaxşıdır.

Qoçaqdan olubsan qoçaq olginən,
Qadadan, baladan qaçaq olginən,
Aşıq ol, comərd ol, alçaq olginən,
Demə varım çoxdu, pulum yaxşıdır.

Xəstə Qasım kimə qılsın dadını,
Canı çıxsın özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdır.

Müşseyid soruşdu?

– Bala, nə demək istəyirsən?

Xəstə Qasım bir məclisdəkilərə baxdı, bir müşseyidə baxdı, sonra dedi:

– Ağa müşseyid, səndən bir xahişim var!

– Baş üstə, nə xahişin olsa, yerinə yetirərəm.

– Əgər izn versən, mollaları, qazıları, alimləri əfv edib onların sənədlərini özlərinə qaytaraq.

Müşseyid soruşdu:

– Bəs, onların cəzası? Axı, onları cəzasız qoymaq olmaz.

– Onda qoy mollalar hərəsi bir, qazılar hərəsi iki, alimlər hərəsi üç qızıl versin.

Müşseyid götür-qoy elədi ki, bunlar neçə ildi xidmət eləyiblər, bir tərəfdən də Xəstə Qasım özü xahiş edir, eybi yoxdu, deyilən şərtlə onları bağışlasın. Əmr verdi, mollalar hərəsi bir, qazılar hərəsi iki, alimlər hərəsi üç qızıl verdilər. Ustadlar deyir, burda neçə çanaq qızıl yığıldı, hamısı da Xəstə Qasıma çatdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri