Səhifə 9 / 10 · 80%

– Yaxşı, daha cəhl eləməyin yeri yoxdu, düş qabağa nə söz deyirsən de, cavabını al!

Xəstə Qasım razılaşdı:

– Əvvəl sən başlamısan, elə də davam et, cavabını verim!

Ləzgi Əhməd nə qədər etdisə də, Xəstə Qasım əvvəl meydanı ona verdi. Ləzgi Əhməd dedi:

– İndi ki, belədir, onda hünərini sına.

Belə deyib Ləzgi Əhməd sazı sinəsinə basdı. Ləzgi Əhmədlə Xəstə Qasım arasında uzun bir deyişmə başladı:

Ləzgi Əhməd:

Səndən xəbər alım, ay Dədə Qasım,
Kim xəta eylədi, qaldı üstə suç?

Kim kimə buyurdu, kimdən gətirdi?
Neçə yaşındaydı qurban gələn qoç!

Xəstə Qasım dedi:

– Əşşi, bu uşaq tapmacasıdı ki…

Ləzgi Əhməd bərk hirsləndi:

– Uşaq tapmacasıdı, böyük tapmacasıdı, cavab ver, aşığın sözü qurtaranda neynim-neynim çağırar.

Xəstə Qasım:

Al cavabın verim, ay Ləzgi Əhməd,
Qabil xəta etdi, qaldı üstə suç.
Cəbraildi İsmailə gətirdi,
İki yaşındaydı qurban gələn qoç.

Ləzgi Əhməd:

Necə quşdu ildə bir yumurta salar?
Onun yumurtası nə üstə qalar?
Hansı ölən zaman hansı sağalar?
Ona kimlər deyər, dur, buradan uç!

Xəstə Qasım:

Simuruğdu ildə bir yumurta salar,
Onun yumurtası qar üstə qalar,
Ana ölən zaman bala sağalar,
Cəbrail ona der, dur buradan üç!

Ləzgi Əhməd:

Ləzgi Əhməd, heç vəsfindən doymazlar
O nədi ki, götürərlər, qoymazlar?
Kimlərdi ki, məzarı yox, yumazlar?
Bu nə qonhaqondu, bu nə köçhaköç?

Xəstə Qasım:

Xəstə Qasım heç vəsfindən doymazlar,
O ölüdür götürərlər, qoymazlar,
Atəşpərəstlərin məzarı yox, yumazlar,
Dünya qonhaqondu, ölüm köçkahöç.

Söz tamama yetdi. Ləzgi Əhməd nə dedisə, Xəstə Qasım hamısına cavab verdi. Ləzgi Əhməd bununla qurtarmaq fikrində deyildi, istəyirdi başqa qıfılbənd deyə. Odur ki, soruşdu:

– Xəstə Qasım, elə iki kəlməylə qurtaraq, yoxsa yenə deyim?

Xəstə Qasım dedi:

– Ləzgi Əhməd, meydan sənindir, sən özün bəsdir deyənə qədər mən sənə cavab verməyə hazıram.

– Yaxşı, onda al gəldi!

Ləzgi Əhməd:

Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, bu dünyanı gəzər hey?
Nə kağızdır mürəkkəbsiz yazılar?
Nə qələmdir mürəkkəbsiz yazar hey?

Xəstə Qasım:

Al cavabın deyim, ay Ləzgi Əhməd
Aydı, gündü bu dünyanı gəzər hey.
Könül kağız, mürəkkəbsiz yazılar
Dil qələmdir, bu dəftəri yazar hey.

Ləzgi Əhməd:

O nədir ki, heç gəlmədi imanə?
O kimdir ki, heç düşmədi gümanə?
O kimdir ki, qəsd eyləyir insanə?
O kimdir ki, oldu candan bezar hey.

Xəstə Qasım:

O iblisdir heç gəlmədi imanə,
O münkürdür heç gəlmədi gümanə,
Əzraildi qəsd eyləyər insanə,
Əyyub oldu öz canından bezar hey.

Ləzgi Əhməd:

O nədir ki, silinməzdir qarası?
O nədir ki, heç olmadı çarası?
Nə qədərdir yernən göyün arası?
Ləzgi Əhməd bu dəftəri yazar hey?

Xəstə Qasım:

Ürəkdir ki, silinməyir qarası,
O ölümdür heç olmadı çarası,
Yüz doxsan min il yernən göyün arası,
Xəstə Qasım o dəftəri pozar hey.

Ləzgi Əhməd gördü, Xəstə Qasım o fikirləşdiyi qədər də dayaz deyilmiş, daş qayaya rast gəlib. Buna batmaq çətin olacaq, dedi:

– Xəstə Qasım, atalar üçəcən deyib, birini də deyim üç olsun.

Xəstə Qasım cavab verdi:

– İstəyirsən üçünü yox, üç yüzünü de, ixtiyar sənindi, mənimki cavab verməkdi.

Ləzgi Əhməd meydanda bir az gəzişdi, sonra üz tutdu Xəstə Qasıma:

Səndən xəbər alım, ay Baba Qasım,
O nədir ki, dürlü-dürlü halı var?
Nədən hasil oldu ərşin arğacı?
O nədir ki, toxunmamış xalı var?

Aldı Xəstə Qasım:

Sənə cavab verim, ay Ləzgi Əhməd,
Bahardır ki, dürlü-dürlü halı var.
Nurdan xəlq olundu ərşin arğacı,
O buluddur toxunmamış xalı var.

Aldı Ləzgi Əhməd:

O nədir ki, dayanıbdır dayaqsız?
O nədir ki, boyanıbdır boyaqsız?
O nədir ki, doğar əlsiz-ayaqsız?
Üç ay keçər ayağı var, əli var.

Aldı Xəstə Qasım:

Göy bir çadır dayanıbdır dayaqsız,
Ayla gündür boyanıbdır boyaqsız,
Qurbağadır doğar əlsiz, ayaqsız,
Üç ay keçər ayağı var, əli var.

Aldı Ləzgi Əhməd:

Ləzgi Əhməd deyər nədi dalalar?
Nə qumaşdı satan olmaz alalar?
O nədir ki, dimdiyindən balalar?
O nədir ki, qanadında xalı var?

Aldı Xəstə Qasım:

Xəstə Qasım deyər, yaşdı dalalar
O ağıldı satan olmaz alalar,
O buğdadı dimdiyindən balalar
Kəpənəkdi qanadında xalı var.

Söz tamama yetdi. Ləzgi Əhməd baxdı ki, iş müşküldür, nə dedisə, Xəstə Qasım hamısına birbəbir cavab verdi. İstədi deyə ki, bir qatar da deyim, ancaq namusa boğuldu. Çünki özü demişdi ki, atalar üçə qədər deyib.

Xəstə Qasım hiss elədi ki, Ləzgi Əhmədin yenə ürəyində sözü var, amma şərtinin üstündən qaçmağa çəkinir. Ona görə də onu vəziyyətdən çıxarmaq üçün dedi:

– Ləzgi Əhməd, mən Tikmədaşdan basa-basa bura gəlmişəm, istəyirəm bir əməlli-başlı deyişək, sən isə iki kəlmə ilə qurtarmaq istəyirsən. Bir də bu qədər camaatı bura yığmışıq, elə beş-on kəlmə ilə qurtarsaq, deyərlər bu, aldım qoz, satdım qoz oldu ki:

Elə bil Ləzgi Əhmədin üstünə gün doğdu, dedi:

– Yaxşı, madam ki, sən istəyirsən, deyim. Nə olar, atalar üç deyib bu dəfə dörd eləyək.

Bunu deyib Ləzgi Əhməd meydanı dolandı, uzun bir gərdiş eləyib üz tutdu Xəstə Qasıma:

Səndən xəbər alım, ay Xəstə Qasım
Nə şəhərdir yerdən ərşə yolu var?
O nə qurddur quzular ilə gəzər?
Qurd quzunu yeyə bilməz, feli var.

Aldı Xəstə Qasım:

Al cavabın verim, ay Ləzgi Əhməd,
Könül şəhrin yerdən ərşə yolu var.
O şeytandır insanlar ilə gəzər,
Yeyə bilməz, ancaq yaman feli var.

Aldı Ləzgi Əhməd:

O nədir ki, özü vardır, səri yox?
O nədir ki, ildə doğar əri yox?
O nədir ki, qanadı var, pəri yox?
O nədir ki, coşar, qeylü-qalı var?

Aldı Xəstə Qasım:

Soxulcandır özü vardır səri yox,
O ağacdır ildə doğar əri yox,
Yarasadır qanadı var, pəri yox,
Axar sellər coşar, qeylü-qalı var.

Aldı Ləzgi Əhməd:

O nədir ki, özü vardır zatı yox?
Nə xələtdir tikişi yox, qatı yox?
O nə şeydir dəvəsi yox, atı yox?
Ləzgi Əhməd, bir tükənməz yolu var.

Aldı Xəstə Qasım:

O küləkdir özü vardır zatı yox
O tuluqdur tikişi yox, qatı yox,
Aydı, gündü dəvəsi yox, atı yox
Xəstə Qasım, bir tükənməz yolu var.

Bundan sonra Ləzgi Əhmədin daha sözü qalmadı. Xəstə Qasım israr etdi ki, əgər sözü varsa, desin. Ancaq Ləzgi Əhməd dediyini demişdi, sözü yox idi. Oydu ki, meydanı Xəstə Qasıma verdi. Doğrudur, Xəstə Qasım özünə arxayın idi, çünki kömbənin çoxunu yediyini bilirdi. Amma gördü, Ləzgi Əhməd də Ləzgi Əhməddi, kömbədən dadıb, mollaların, qazıların tayı deyil. Elə ki, gördü, Ləzgi Əhmədin sözü qurtardı, meydanı ona verdi, sazı sinəsinə basıb görək nə dedi, Ləzgi Əhməd nə cavab verdi:

Aldı Xəstə Qasım:

O kimdir ki, otuzunda cavandır?
On beşində qocalanı uludur.
O nədir ki, dili ayrı, sözü bir?
O hansı dəryadır içi doludur?

Aldı Ləzgi Əhməd:

O aydır ki, otuzunda cavandır,
On beşində qocalanı uludur,
O qələmdir dili ayrı, sözü bir,
Elm dəryası hər dəryadan doludur.

Aldı Xəstə Qasım:

O nədir ki, qışda dağlar bürünür?
O nədir ki, əl dəyməmiş hörülür?
O nədir ki, hər canlıya verilir?
O nədir ki, o da onun quludur?

Aldı Ləzgi Əhməd:

O qardır ki, qışda dağlar bürünür
O könüldür məhəbbətlə hörülür,
O ölümdür hər canlıya verilir,
O ilqardır iman onun quludur.

Aldı Xəstə Qasım:

O nədir ki, haqq yanında nahaqdır?
O nədir ki, yerə, göyə dayaqdır?
O kimdir ki, yatmayıbdır, oyaqdır?
Xəstə Qasım hər elmdən halıdır.

Aldı Ləzgi Əhməd:

Böhtan sözdür haq yanında nahaqdır
Haq nəzəri yerə, göyə dayaqdır,
Haq özüdür yatmayıbdır, oyaqdır,
Bu sirlərdən Ləzgi Əhməd halıdır.

Xəstə Qasım bu dəfə nə dedisə, Ləzgi Əhməd hamısına cavab verdi. Mirzəli xanın ağlı müşseyidin hüzurundakı əhvalata getmişdi. Orda o qədər molladan, qazıdan, alimdən biri də Xəstə Qasımın bir kəlməsinə cavab verə bilməmişdilər. Amma indi nə deyildisə, Ləzgi Əhməd cavab verdi, özü də meydanda elə gərdiş eləyirdi ki, elə bil Şah Abbası taxtda görüb. Mirzəli xanın canına qorxu düşdü, çünki Xəstə Qasımı Şah Abbasa o tərifləmişdi ki, elə bil zərgər zərini tərifləyirdi. Fikirləşdi ki, birdən olmadı elə, oldu belə, Xəstə Qasım uduzdu, onda gərək Mirzəli xan Şah Abbasın üzünə çıxmaya. Xəstə Qasıma göz-qaş elədi ki, bəs, nə oldu, deyəsən, xəmir çox su aparır. Xəstə Qasım Mirzəli xanın mətləbini başa düşdü. Meydanı dolanmaq bəhanəsilə Mirzəli xana yaxın gəldi, xan başa düşməsə də, elə-belə ortalığa söz atdı:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri