Dördüncü hissə, onuncu fəsil

Nəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.

Əlibala Hacızadə7 dəq
Xoş gəlmisən, Nərgizim

(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.

Əlibala Hacızadə2 saat 15 dəq
Birinci hissə, birinci fəsil

Sən demə, dünya möcüzələr dünyasıymış. Bəzən gözlərində həyat eşqi coşub-daşan, ürəyində şirin arzular pıçıldaşan, istəkləri yerə-göyə sığmayan, cahanın əzab-əziyyətindən bezməyən, oğul-qız toyu görməyən, ata-ana borcu verməyən bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə belə fürsət tapmadan, bir göz qırpımında bu doyulmaz, bu şirindən şirin aləmdən gedir, hamını pərişan edir – Ceyhun kimi. Bəzən isə əksinə, ölümün ağ libasını geymiş, üzünə zəfəran rəngi dəymiş, gözləri axan, yaşadığı dünyaya, insanlara, göylərə, yaşıl yarpaqlara, övladlarına, evinə-eşiyinə sonsuz bir həsrətlə baxan, sağ qalacağından hamının əlini yuduğu, min ilin ölüsüylə yan-yanaşı qoyduğu bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə hazırlaşdığı anda, zəif və taqətsiz vücudunun bütün gücünü, qüvvətini, ürəyinin bütün gizli-aşkar məhəbbətini, qüdrətini yarı ölmüş, yarı diri əzələlərində cəmləşdirib soyuq ölüm yatağından, ağappaq cərrahiyyə stolunun üstündə ağappaq həkim bıçağının altından, lap tabutun içindən qalxaraq: «Mən ölmək istəmirəm, mən yaşamaq istəyirəm, mən bütün əzab-əziyyətlərə dözə-dözə bu gözəl dünyaya baxmaq istəyirəm, həyat bu dünyadadı, o günəşdədi, bu torpaqdadı, bu gül-çiçəkdədi, bu ağrı-acıdadı, bu insanların arasında olmaqdadı.» – söyləyir, hamını sevincə qərq eləyir – Xəzangül kimi.… Hər ikisi, bu ağla-idraka sığmaz möcüzədən özünü itirərək, gözləri yaşara-yaşara, əl-ayağını heç cürə yığıb-yığışdırmaq mümkün olmayan bir çaşqınlıq içində qışqırırdı: sarsıldığından, həyəcanından qəşəng üzü, azca əvvəl əyninə geydiyi o ağ don kimi ağarmış, yanaqları aşağı ağ mirvarilər süzülən Sahilə başqa söz bilmirmiş kimi, təkrar-təkrar: «Səsinə qurban olum, ana, sən danışırsan?» – deyir, bayaq Xəzangülün çırpına-çırpına söylədiyi o bir kəlmə sözü eşidəndən qulaqları gur-gur guruldayan, çəkisizlik şəraitinə düşmüş adam kimi torpaqdan ayrılıb havada süzən Əsəd isə yalnız «Xəzangül, Xəzangül» – söyləyə bilirdi. İkisi də özünü itirmişdi. Qız gah kolyaskanın ağ dəstəyindən tutub silkələyir, gah qapıya sarı qaçır, gah geri qayıdır, anasının qabağında diz çöküb alacalanmış gözlərilə ona baxır, sonra yenə təzədən qalxıb başı kəsilmiş toyuq kimi qırmızı rəngi tapdaq altında bozarmış döşəmənin üstündə çırpınırdı. Əsəd Sahilənin bu halını görüb indicə ona nə isə olacağını düşünərək əl atıb qolundan yapışdı və uca səslə:

Əlibala Hacızadə13 dəq
Birinci hissə, ikinci fəsil

Saat yarımdan sonra Xəzangül artıq xəstəxanada idi. Sahilə də, Əsəd də elə təcili yardım maşınında onunla birgə gəlmişdilər. Əsədin köhnə dostlarından olan doktor Kamil, bu axşam xəstəxanada növbətçi olduğuna görə heç yerə tərpənə bilmədiyindən, əhvalatı eşidən kimi, Əsədi iki şəfqət bacısı ilə tibb maşınına mindirib naxoşun dalınca göndərmiş və iyirmi dəqiqə keçməmiş Xəzangülü gətirtmişdi. Kamil Xəzangülün xəstəliyini də, qəzavü qədəri də, Əsədlə olan tarixçəsini də çoxdan və çox gözəl bilirdi. Əsəd Xəzangülün taleyini həkimə elə o vaxt rayondan qayıdıb dəniz qırağında ona rast gələndən az sonra danışmışdı, hələ bir dəfə də Kamili yanına salıb Xəzangülün üstünə gətirmişdi. Onda Kamil Xəzangülü ətraflı müayinə eləyib evdən çıxandan sonra fikrini Əsədə açıq söyləmiş, tibb elminin bu qədər sürətli inkişafına baxmayaraq, hələlik bu mərəz qarşısında aciz olduğunu və qadının sağalacağına az ümid bəslədiyini etiraf etmişdi. Kamilin o zaman Əsədə dediyi sözlərdən ancaq bu yadında qalmışdı: «Onun xəstəliyinin əsas səbəbi – sarsıntıdı, Əsəd. İkinci böyük sarsıntı olarsa, ya – nə qədər olsa da səndən gizləmirəm – ya öləcək, ya da… sağalacaq. İndilikdə onun üçün dava-dərman havayı əziyyətdi. Onu da sənə deyim ki, ikinciyə ehtimalım daha azdı, Əsəd. Əsəb - yaman şeydi, qardaş. Mənim müşahidələrimə və qənaətimə görə, xəstəliklərin böyük əksəriyyətinin başlanğıc nöqtəsi – əsəb sisteminin pozulmasıdır. Hətta xərçəngin də. Əsəb hiss olunmadan, gündə bir az pozulur, ancaq sağalması, bərpa olunması uzun, səbr və dözüm tələb eləyir, qardaş».Əsəd Kamilə bir həkimdən çox, bir Allah kimi baxırdı. Bu şəhərin ən adlı-sanlı həkimiydi Kamil. Onun əlinin yüngüllüyündən, bıçağının sayalılığından, ağlının itiliyindən, təcrübəsinin çoxluğundan az qala bütün şəhər danışırdı. Canı ağrıyan, ağır xəstəliyə düşən, sağalacağına ümidi olmayanlar belə ona pənah gətirirdi. Çünki dediyi, bəzən baxan kimi peyğəmbəranə qoyduğu diaqnozlar çox nadir hallarda düz çıxmırdı. O, indi həkimlər arasında dəb düşən kimi, təkcə dar bir sahənin həkimi olmaqdan şüurlu surətdə imtina etmişdi. Həm yaxşı cərrah idi, həm mahir əsəb xəstəlikləri ustası idi, ürəyin, psixologiyanın isə sözün həqiqi mənasında Allahı idi Kamil. Yaşı əllidən təzəcə sovuşmuşdu, amma gur, qalın saçları artıq çallaşmışdı. Sənəti onu özünə məftun etmişdi, gündüzlər xəstəxanada – xəstələri oxuyurdu, öyrənirdi, axşamlar kitabları, keçmişin, indinin məşhur təbiblərinin əsərlərini mütaliə edib beyninə, yaddaşına köçürürdü. «İş vaxtı», «qəbul saatı» məfhumları onun dəftərinə yazılmamışdı. Harada olsa, - qonaqlıqda, toyda, yasda, hətta gecənin şirin vaxtı yatdığı zaman belə, o, həkim idi hər şeydən əvvəl. Qayğıkeşliyi, mehribanlığı isə onun sənətini də, özünü də daha da gözəlləşdirirdi. Ona görə şəhərdə adı böyük bir ehtiram hissilə çəkilirdi, dildən dilə dolaşırdı. Canı ağrıyan hər kəs özünü, xəstəsi olan hər kəs xəstəsini ona çatdırmağa can atırdı. Kamilin həmişə hər şeyi çatmışdı, təkcə vaxtı olmurdu Kamilin. Özü üçün, ailəsi üçün çox az vaxt ayıra bilirdi. «Başımı qaşımağa vaxtım yoxdur» – deyə-deyə Kamil, Əsəd kimi başını ağartmışdı.

Əlibala Hacızadə18 dəq
Birinci hissə, üçüncü fəsil

Nadirə xanım maqnitafon lentində Ceyhunun Reyhan adlı bir qadınla danışığı həkk olunmuş parçanı axırıncı dəfə dinləyən kimi mayor Hacı Əliyevə zəng eləyəndən yarım saat keçməmiş, o, özünü yetirmişdi. Nadirə əzgin, kədərli vəziyyətdə Hacını qarşılamış, içəri, Ceyhunun otağına dəvət eləmiş, mayor da keçib xırda stulda oturmuş, dər-divarı Ceyhunun şəkilləri ilə bəzənmiş otağa göz gəzdirib Nadirənin - aman-zaman bir balasını itirmiş bu ananın halına yanmışdı, qəlbən yanmışdı. Və hardasa, ürəyinin dərinliklərində Ceyhunu qətlə yetirən o vicdansızı indiyə qədər tapa bilmədiyinə görə özündən narazı qalmışdı. Nadirənin kədərli gözlərinə baxmağa da utanırdı Hacı. Nadirə xanım isə ona sual dolu baxışlarını zilləmişdi, ondan nə isə yeni bir məlumat eşidəcəyi ümidini hələ itirməmişdi. Hacı isə divardakı şəkillərə tamaşa edirdi. Nadirə xanım axırı dözməyib soruşdu:− İşdən təzə nə xəbər var, Hacı qardaş?

Əlibala Hacızadə5 dəq
Birinci hissə, dördüncü fəsil

May günəşi ağ buludların arası ilə axıb günbatana doğru gedirdi. Havada yüngül meh vardı, balkonun qabağında əkilmiş hündür, artıq qocalmaq üzrə olan çinarların körpə yarpaqlarını yüngülcə titrədirdi.Şənbə günü olduğundan həyətdəki uşaq bağçasının qapıları bağlı idi, hay-küy yox idi. Ancaq üstü şiferlə örtülmüş «besedka»nın altında üç-dörd oğlan uşağı oturmuşdu, nə barədə isə danışıb gülürdülər. Hacı gedəndən sonra evdə qərar tuta bilməyən Nadirə bu səs-küyə balkona çıxmışdı, kədərli-kədərli onlara baxırdı. Neçə illər qabaq onun Ceyhunu da öz yoldaşları ilə tez-tez orada oturardı, onlardan biri gitara çalardı. Qəribə idi ki, Nadirə indi də o uşaqlara baxa-baxa gitaranın səsini eşidirdi və fikrən Ceyhunu da o sehirli gitara səsi qaytarıb bu uşaqların arasına gətirirdi. Nadirə bir neçə dəfə az qala ağzını doldurub «Ceyhun» deyə oğlunu evə çağırmaq istəmişdi. Ancaq beynində, xəyalında birdən o gitara susmuş, əvəzində yarımçıq lent yazıları səslənmiş və ananın əlini-ayağını soyutmuş, dilinə qıfıl vurmuşdu. Burda da duruş gətirə bilməyən Nadirə otağa keçmiş, itiyi itmiş adam kimi ora-bura vurnuxmuşdu. Səhər tezdən dolma büküb asmışdı. Yarpağın xoş ətri evi başına götürəndə mətbəxə gəlib qazı söndürmüş, ac olduğuna, artıq nahar vaxtının çoxdan ötdüyünə baxmayaraq, qazanın ağzını da açmamışdı.

Əlibala Hacızadə9 dəq
Birinci hissə, beşinci fəsil

Amma belə deyildi. Gülmirə indi özünü çox xoşbəxt sanırdı – əlbəttə, bu xoşbəxtlik nisbi xoşbəxtlik idi, gözü-könlü tox olan Gülmirəyə bəs eləyəcək xoşbəxtlik idi. Əvvələn, Orxanın evinə köçməyi onun qəlbini xeyli toxtatmışdı, qəribə bir nisgil içində olsa da, Gülmirənin Orxansız günləri sona çatmışdı– fikrən, qəlbən Orxanlı idi o indi. İkincisi, Orxanın o zaman açıb-ağartmadığı o böyük məhəbbət hələ də bitib-tükənmirdi, davam eləyirdi. Məsələ burasında idi ki, Gülmirə dəmir qapısına «Orxan Əlizadə» sözləri yazılmış bu otaqlara köçəndən xeyli sonra, növbəti yır-yığışların birində, arakəsmənin üstündə düzəldilmiş taxçadan bir ümumi dəftər tapmışdı. Dəftər Orxanın əliylə yazılmışdı – hamısı şer idi. Onu tapanda Gülmirə böyük bir xəzinə tapmış adamdan çox sevinmişdi. Qəribə idi ki, dəftəri ürəyi atlana-atlana vərəqləyib axıra çıxanda özü də gözləmədən belə bir qərara gəlmişdi ki, bu dəftəri birdən-birə oxumayacaq. Tez qurtarar və sonra Gülmirə neyləyər? Hər gün, ya həftədə bir şer oxuyacaq və elə biləcək ki, bu şeri Orxan bu gün yazıb! Və beləliklə, o, Orxanın hər gün isti səsini, doğma sözünü eşidib sevinəcək. Bu isə, böyük səadət idi onun üçün. Qəlbi təzədən Orxana qarşı dərin, şirin bir duyğu ilə dolmuşdu. Qəribə bir sövqi-təbii ilə duymuşdu ki, Orxan bu şerləri onun eşqilə, onun üçün yazıb və bu, onun qəlbini kədər qarışıq bir sevinclə doldurmuşdu. Birinci gün, dəftəri tapdığı anlarda, gəlib miz arxasında oturaraq, birinci şeri – cəmi dörd misradan ibarət şeri oxumuş və gözləri yaşarmışdı:

Əlibala Hacızadə12 dəq
Birinci hissə, altıncı fəsil

Əsəd yorğun-arğın xəstəxananın daş pillələrini aşağı düşüb arakəsməli, şüşəli qapıdan çölə çıxan kimi, ayaq saxlayıb bir siqaret yandırdı. Əhvali-ruhiyyəsi yaxşı idi. Xəzangülün səhhəti babatlaşdıqca Əsədin kefi durulurdu. Xəzangül yeyib-içir, rəngi-rufu açılır, üzünə həkk olunmuş əbədi kədər, əbədi bədbəxtlik ifadəsi dava-dərmanın, qayğının əlilə silinib yox olurdu. Sahilə də Əsədin gözünə yaxşı dəyirdi – qızın həyatı bir az nizama düşmüşdü. Daha az ora-bura qaçırdı, bütün günü dərsdə, evdə olurdu, axşamlar isə anasının yanına gəlib Əsədi azad edirdi. O, xəstəxanaya gələn kimi, palatada anasını çarpayısında uzanmış, Əsədi isə aşağı tərəfdə, kətilin üstə oturmuş görüb sevinc içində salam verirdi, yaxınlaşıb anasının üzündən öpürdü, Əsədin əhvalını xəbər alırdı. Yarım saat ordan-burdan, məktəbdən, xəstəxanadan söhbət eləyib, bir az deyib-güləndən sonra, Əsəd ayağa qalxır:− Bax, xəstəmizi sağ-salamat sənə təhvil verdim, yoldaş gecə növbətçisi! – deyir və xudahafizləşib gedirdi. Xəzangül neçə dəfə ikisi bir yerdə olanda, keçmiş xatirələrin üstünə qayıtmaq, illər uzunu qəlbini, həyatını didib parçalayan «günahları»nı dilə gətirib yüngülləşmək, o ağır yükü birdəfəlik yerə qoyub rahat nəfəs almaq istəmişdisə də, Əsəd buna imkan verməmişdi, açıq-aşkar etirazını bildirmişdi:

Əlibala Hacızadə18 dəq
Birinci hissə, yeddinci fəsil

İltifat o gündən – Gülmirə Orxanın şerlər kitabını şöbəyə gətirəndən az sonra Nadirənin o «acı» sözlərini eşitdiyi gündən heç cür özünə gələ bilmirdi, hirsindən, hikkəsindən nə evə-eşiyə, nə küçəyə, nə də institututa sığışırdı. Hərdən elə hövllənirdi, elə əsib-coşurdu ki, gözləri bir az da irəli çıxıb bərəlirdi. Kimsə ilə danışmırdı. Təkcə Sarışınla hərdən nə isə pıçıldaşırdı. Həmən gün, Nadirə İltifatı «yıxıb sürüyəndən» iki saat keçmiş Elvira dəhlizdə onun qabağını kəsib:− Niyə ağzına su alıb susdun, İltifat? O nə karədi ki, sənə elə sözlər söylədi. Sənin atandı, anandı, ya nəyindi? Borclusan, yanında gözü kölgəlisən nədi ki, ağzını da açmadın? – deyə İltifatı o ki, var danlamışdı. – Yox, sən zəif adam imişsən.

Əlibala Hacızadə26 dəq
Birinci hissə, səkkizinci fəsil

Aslan hıçqırıq səsi eşitdi, bədəni gizildəyib uyuşdu. Gözlərini açıb yan-yörəsinə baxmaq istədi, ancaq göz qapaqlarını qaldıra bilmədi – elə bil üstünə daş qoymuşdular. İçərisini acı bir təəssüf hissi yandırıb yaxdı. Gözləri açılmırdı – düz bir ay idi ki, o, dünya işığına həsrət qalmışdı. Son gördüyü adam – onu təcili yardım maşınına mindirən ağ xalatlı həkim, bir də Sakit olmuşdu. Elə maşında, dəmir xərəyin üstünə uzadılan kimi gözlərini yummuşdu – elə o yuman yummuşdu. Sonra daha aça bilməmişdi. Xəstəxanaya çatdırılan kimi, beşinci mərtəbədə, üzü dənizə, «Moskva» mehmanxanasına baxan palatada yerləşdirmiş, ilk dava-dərman eləmiş, xəstəliyinin səbəbini aydınlaşdırmışdı həkimlər. Qan təzyiqi həddən artıq yuxarı qalxdığı üçün beyninə qan sızmışdı. Sonra hələ adını bilmədiyi həkim Sakitə üz tutub:− Evinə, arvad-uşağına xəbər elə, qardaş! – demişdi. – Qoy bir nəfər gəlsin.

Əlibala Hacızadə17 dəq
Birinci hissə, doqquzuncu fəsil

Orxanın kitabının işıq üzü görməsi hamıdan çox Gülmirənin ürəyini işıqla doldurmuşdu. Neçə gün idi ki, o, yerə-göyə sığışmayan bir sevincin qanadları üstündə uçurdu, institutda, alimlər arasında, ədəbi mühitdə deyə-gülə gəzir, Orxan haqqında, kitabı haqqında minnətdarlıq sözləri eşidirdi. Adamların çoxu Gülmirənin əvəzsiz, xeyirxah bir iş gördüyünü, Orxanı təzədən bir şair kimi kəşf eləyib həyata qaytardığını söyləyirdi. Bundan isə onun ürəyi daxili bir qürur hissilə dolub qabarırdı. O, bir nakam şairi ölməyə qoymamışdı, bir dilsiz məhəbbətin həsrət dolu fəryadlarını sıralayıb solmuş dəftər vərəqlərindən götürüb işığa çıxartmış, sevib-sevildiyinə qovuşa bilməyənlərin (həyatda isə belələri çoxdu) ixtiyarına vermişdi. İndi hara gedirdi, oxucular, şer həvəskarları arasında ancaq Orxanın kitabından danışıldığını eşidirdi. Bu söhbətlərdə sevinc qarışıq bir nisgil də hiss eləyirdi Gülmirə. Bu nisgil ona çoxdan, lap çoxdan tanış idi – bu, Orxanın yoxluğu nisgili idi.Lakin bu gün Gülmirənin o böyük sevincinin üstünə su çiləmişdilər. Qızlar gətirib ona xəbər vermişdilər ki, İltifat orda-burda Orxanın kitabındakı şerlərin hamısını Gülmirəyə həsr etdiyini, Orxanla Gülmirənin arasında o vaxt bir məhəbbət macərası olduğunu söyləyib rişxəndlə gülürmüş… Gülmirə əvvəl bu sözü eşidəndə özünü itirmiş, rəng verib rəng almışdı. Çünki, Ümmügülsüm Gülmirəyə heyfi gələ-gələ:

Əlibala Hacızadə6 dəq
Birinci hissə, onuncu fəsil

− Sən gəl məni düzgün başa düş, Xəzan. Bax, bir aya yaxındı xəstəxanadasan. Maşallah, xeyli yaxşılaşıbsan – dilin, qulaqların, əllərin «dirilib» – doktor Kamilin təbirincə desəm. Sən hamıdan çox, özün-özünü qorumalısan, öz həkimin özün olmalısan, Xəzan. Axı sən… nə danışacaqsan mənə! Axı mən hər şeyi əlimin içi kimi bilirəm – məndən ayrılandan sonra keçən bütün həyatını bilirəm – onları indi təzədən mənə danışmaq, ürəyini yüngülləşdirmək, bir növ etiraf eləmək istəyirsən. Ancaq mən bilirəm ki, sən danışsan, istər-istəməz həyəcanlanacaqsan, əsəblərin gəriləcək, hisslər, xatirələr burulğanına düşəcəksən – bu isə, sənə hələ olmaz, Xəzan.− Mən onları danışmayacağam, Əsəd.

Əlibala Hacızadə10 dəq
Birinci hissə, on birinci fəsil

Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»

Əlibala Hacızadə15 dəq
Birinci hissə, on ikinci fəsil

Şər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!

Əlibala Hacızadə20 dəq
Birinci hissə, birinci fəsil

Qara «Volqa»nın yanında dayanmışdı, sol əlini böyründəki uzun gövdəli ağaca söykəmişdi, sağ əlinin dırnaqları saralmış barmaqları arasındakı siqareti tez-tez sümürür, nigarançılıq içində çırpına-çırpına küçənin gah aşağı, gah yuxarı tərəfinə boylanırdı: kimisə gözlədiyi o dəqiqə nəzərə çarpırdı. Ağ, kraxmallı köynəyinin yaxasının üst düymələrini açmış, ortasına qızıl sancaq taxılmış qara qalstukunun yaraşıqlı düyününü boşaltmışdı. Bir yerdə dayanmışdı, qaçmırdı, qovan yox idi, amma buna baxmayaraq tövşüyürdü, ürəyi sinəsində tora düşmüş balıq kimi çabalayırdı. Qarışıq, dumanlı, çalpaşıq fikirlərdən, neçə aydan bəri bütün varlığın qurb kimi gəmirib didən və cavabsız qaldığından dəli olmaq dərəcəsinə gətirən suallar azmış kimi, dünən səhər, saat doqquza qalmış, işə gedərkən kənarda, uzaqda yox, elə maşının içində tamamilə təsadüfən gördüyü və hələ də düz-ağıllı dərk eləyə bilmədiyi qəribə bir müəmmadan şişib keyləşmiş başı elə bil ağır, pudluq daşa dönüb çiyinlərindən aşağı basır, şax qədd-qamətini əyir, öz gözünün qabağında onu açıq-aşkar balacalaşdırırdı.Suallar, suallar… Ən dəhşətlisi bu idi ki, cavabsız suallardı bunlar və onu yandıran da o idi ki, özünü dünyanın ağıllıbic, çoxbilmiş adamlarından sayan o, bunların heç birinə yerli-yataqlı, ürəyini soyudub sərnidən bir cavab tapa bilmirdi ki, bilmirdi. «Məni niyə ordan ⎯ yuxarıdan ⎯ Mərkəzi Komitədən çıxartdılar? Səbəbkarı kim idi? BİRİNCİ ⎯ təzə gələn? O, məni şəxsən tanımırdı, münaqişəmiz olmamışdı. Ola bilməzdi ki, elə durduğu yerdə, gecə yatıb yuxusunu görsün və səhər məni səbəbsiz-filansız ordan uzaqlaşdırmaq fikrinə düşsün. Yox, burada şeytan barmağı var idi: amma kimin idi o barmaq, kimin? ⎯ Bir cavabsız sual idi bu. «Bu cəhənnəm. Yüksək vəzifədən çıxarılan nə birinci adamam bu dünyada, nə də axırıncı.

Əlibala Hacızadə47 dəq
Birinci hissə, ikinci fəsil

Aslanla Leyla arxa tərəfdə, yanaşı oturmuşdular. İkisi də gərginlik içindəydi, ancaq heç biri dinib danışmırdı. Əslində isə hər ikisi, daha doğrusu, hər üçü ürəyində danışırdı. Aslan bağa getmək fikrinin baş tutmasına, Leylanın buna razılıq verməsinə sevinsə də, hadisələrin necə cərəyan edəcəyindən, söhbətdə nələr eşidəcəyindən yaman bərk nigarançılıq keçirirdi. Hiss eləyirdi ki, irəlidə onu dəhşətli, sarsıdıcı şeylər gözləyir, bunları bilmək, bəlkə də ürəyinin partlaması ilə nəticələnəcəkdi, lakin bütün bunlara baxmayaraq, o, dizləri əsə-əsə bu mənasız ölümə doğru könüllü surətdə özü gedirdi, çünki daha dözümü qalmamışdı; «Nə olacaq qoy olsun, birdəfəlik bu daxili əzablardan canım qurtarsın». Özü haqqında fikirləşirdi, böyründə əyləşmiş Leyla xanım barədə heç nə düşünməməyə çalışırdı, çünki artıq qorxurdu. Qadın gözünün odunu yaman almışdı ipə-sapa yatmayan, təbiəti etibarilə hökmlü adam olan Aslan, necə deyərlər, özü də fərqinə varmadan, quzuya dönmüşdü və artıq əmin idi ki, Leyla xanım insafsızlıq eləyib desə ki, təpəsi üstə dayan, heç bir etiraz eləmədən, «Axı niyə? Axı sən kimsən ki, mənə belə əmrlər verirsən?» ⎯ söyləmədən dayanacaqdı. Həm gülməliydi, həm ağlamalıydı onun halı, lakin təəssüf ki, nə gülə bilirdi, nə ağlaya bilirdi.Leyla xanım sürücünün arxasındaydı, onun boynunun ardına baxırdı, Aslan barədə düşünmürdü, çünki fikrini qarşısındakı beli azca donqar, saçları artıq çallaşmış, enli kürəkli, ba-yaqdan bəri dinib-danışmayan, ancaq yola baxan sürücü cəlb eləmişdi. Kişi tez-tez ah çəkirdi və sərnişinlərin də eşidə biləcəyi səslə: «Allah, sən özün kömək ol, ümid bir sənə qalıb» ⎯ deyirdi. Ürəyindən keçirdiklərini isə Leyla aydın eşidirdi: «İlahi, sən özün mənim aman-zaman qız balamı o odun-alovun içində hifz elə. Nə anasının sözünə baxdı, nə mənim. Elə bil Vətən tək bunundu, elə bil Qarabağda dünyaya gəlib. Yazıq heç Qarabağın üzün də görməmişdi. Dünyanın düz vaxtı elə hey dedim ki, yığım arvad-uşağı, aparım oralara, İsa bulağının üstünə, gəzsinlər, görsünlər, qismət olmadı. Zalım uşağı oturublar burda, stol üstündə, vəzifə üstündə bir-birinin ətini ye-yirlər, orada isə torpaq əldən gedir, lay divar kürəkli cavanlarımız qırılır. Hamısı da kasıb-kusub balasıdır. Bir dənə dövlətlinin, vəzifəlinin oğlu, qardaşı yoxdu orda. Allah eləməmiş, o qızın başına bir iş gəlsə, anası dəli olacaq. Elə indi öz-özünə danışır, televizorun, radionun qabağından çəkilə bilmir. Ay atam-qardaşım, bizim bu böyüklərimiz niyə belə qeyrətsiz oldu görəsən? Bunlar gecələr evlərində necə rahat yata bilirlər, ilahi? Boğazlarından çörək necə keçir? Yox, o uşağıma bir şey olsa, baxmayacağam ağına-bozuna, işimi-gücümü atacağam, güdəcəyəm, o şərəfsizin başına harada əlimə keçsə, bir güllə çaxacağam. Yoxsa mənim ürəyim soyumaz.» Kişi cismən burdaydı, maşının içindəydi. Ancaq Leyla hiss eləyirdi ki, o, fikrən ordadı, cəbhədədi ⎯ qızının yanındadı. Kim də başa düşməsə, Leyla onu yaxşı başa düşürdü, çünki özü də o dərdliydi, çünki onun da, ailəsinin özündən sonra sağ qalmış yeganə nümayəndəsi ⎯ yeganə qardaşı Mərdan da cəbhədəydi: Leyla nə qədər eləmişdi, bu sürücünün qızı kimi, onu fikrindən döndərə bilməmişdi. «Yox, bacı, ⎯ demişdi Mərdan, ⎯ mən qala bilmərəm, mən atamın, qardaşımın, öldürülənlərimizin, buzda-şax-tada donanlarımızın, evimizin-eşiyimizin intiqamını almasam, yer üzündə yaşaya bilmərəm, bacı. Sən nahaq ağlayırsan, nahaq yalvarırsan, bacı, məni sən yox ha, Allah özü də gəlsə saxlaya bilməz. Mən getməliyəm». Və doxsanıncı ilin fevralında, imperiyanın qırmızı ordusunun rəhmsizcəsinə biçib məhv elədiyi şəhidlərin qırxı çıxan günün səhəri, tək-tənha «Şəhidlər xiyabanına» gedərək qərənfil yorğanı altında uyumuş qurbanlarımızın məzarları arasında gəzinə-gəzinə səssiz-səmirsiz and içmiş, oradan da çıxıb getmişdi. Elə o zaman Leyla qardaşının gələcək bədbəxt taleyindən xəbərdar idi, lakin açıb ona deyə bilmirdi, buna görə də həmişə dərd çəkirdi. Mərdan hələ sağ idi, vuruşurdu və hələ vaxtına çox vardı ⎯ dəhşətli sona hələ çox qalırdı.

Əlibala Hacızadə1 saat 50 dəq
Birinci hissə, üçüncü fəsil

Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.

Əlibala Hacızadə33 dəq
Birinci hissə, dördüncü fəsil

Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.

Əlibala Hacızadə52 dəq
Birinci hissə, beşinci fəsil

Kimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:

Əlibala Hacızadə2 dəq
Birinci hissə, altıncı fəsil

Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»

Əlibala Hacızadə2 dəq
Birinci hissə, yeddinci fəsil

Xüsusilə, Tanrıgül dastanı, xüsusilə, mövcud olduğunu belə bilmədiyi oğlunun dastanı… Maraqlı bir nağıla oxşayırdı bütün bunlar.Amma beyin də canlıdı ⎯ onun ayıq, işləyən vaxtı olduğu kimi, sən istəməsən belə, yatan, susan və dincələn zamanı da olur ⎯ Leylanın beyni yorulmuşdu, Aslanın ömür kitabının bu qədər maraqlı olmasına baxmayaraq, Leylanı mürgü qanadları üstünə alıb insanı bu dünyadan ayırmağa qadir yuxu aləminə apardı və bu yuxu, az qala hər şeyi görən, bilən o dərdli, nisgilli, yatmış qızı bir gözələ döndərdi.

Əlibala Hacızadə3 dəq
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

Əlibala Hacızadə15 dəq
İkinci fəsil

Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.

Əlibala Hacızadə30 dəq
Üçüncü fəsil

Həyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»

Əlibala Hacızadə46 dəq
Dördüncü fəsil

Qulubəy Paşanı ⎯ üç gün dilinə sudan, çaydan başqa bir şey dəyməmiş, ürəyi sıyrılan, öz ağır və çəkilməz dərdi ilə dörd divar arasında tək-tənha çırpınan «əziz və mehriban» qonşusunu şirin dilə tutaraq, təsəlli verə-verə yedirib-içirib, üstündən də ürək dərmanı verib yatağına salaraq mənzilinə qayıdanda artıq gecə yarıdan keçmişdi. Çöl, dəmir qapını özü bayaq, yemək-içmək aparanda açıq qoymuşdu; bunu Nigarı yuxudan oyatmamaq üçün belə eləmişdi. Ancaq içəri girəndə onun yatmadığını görüb təəccübləndi. Adətən saat on birdən o yana qalmayan Nigar indi, yumşaq kresloda əyləşib qollarını da sinəsində çarpazlayıb televizora tamaşa eləyirdi. Kino idimi, tamaşaydımı ⎯ bilmədi, amma Nigar ekranın qabağında bitib qalmışdı və deyəsən heç ərinin gəlməsindən də xəbəri yox idi. Qab-qaşığı aparıb mətbəxə qoydu, bir siqaret yandırdı, balaca mətbəx stulunu çəkib oturdu və iki-üç saatdan bəri Paşanın evində gördüklərini, eşitdiklərini təzədən beynində canlandırıb saf-çürük eləməyə başladı. Paşa sınmışdı, Paşa demək olar ki, məhv edilmişdi ⎯ buna Qulubəyin şəkk-şübhəsi yox idi artıq. Və ona hər şeydən artıq bu təsir eləmişdi ki, Paşa uzun müddət ⎯ ən azı iki saat Qulubəyin qabağında özünü şax tutmağa çalışmışdı, sındırmaq istəməmişdi. Lakin Qulubəyin mehribanlığını, qayğıkeşliyini, ürəyiyananlığını görüb (Yazıq.) nəhayət açılmışdı, dərdini dilinə gətirmişdi, hətta Qulubəy onun gözlərinin yaşardığını da görmüşdü. Sən demə onu, bu balacaboy, arıq adamı, əzəmətli,böyük, zəhmli, qorxulu eləyən vəzifəsi imiş. Vəzifə, möhür, maşın, kabinet adamı əlçatmaz eləyirmiş, sən demə. Yoxsa Paşa nəydi ki? Arıq, cılız, sənin, mənim tayın olan adicə bir adam idi Paşa.Qulubəyin ürəyi doluydu, gördüklərini, eşitdiklərini kiməsə danışmaq, kiminləsə bölüşmək istəyirdi, ancaq elə bir adamı yox idi, hətta ürək qızdırdığı elə bir dostu da yox idi ki, gec olmağına baxmayaraq, gecə yarıdan keçdiyinin fərqinə varmayaraq, zəng eləyəydi, çağıraydı, ya özü yanına gedəydi, bu sensasiyaya bənzəyən xəbəri ona danışaydı, fikir və mülahizələrini deyəydi, ondan bir söz eşidəydi. Yox idi belə bir adamı və hərdən bu barədə düşünəndə özünü dünyanın ən bədbəxt adamı sayıb yanıb-yaxılırdı. Belə hallarda hərləyib-fırlayıb günahı öz üstünə gətirirdi, ancaq o dəqiqə də bunun üçün səbəb axtarıb tapırdı: «Yox, məndə deyil günah, qardaş; günah zəmanədədi. Çünki indi elə bir zamandı ki, heç kəsə, hətta dost-doğma qardaşına da inana bilmirsən. İnanırsan, ürəyini, sirrini açırsan, bir də görürsən səhər bütün şəhər sənin sirrindən söhbət açıb lağ-lağı eləyə-eləyə bir-birinə danışır. Elə biri mən özüm. Budu yazıq Paşa dərdini açdı mənə, indi mən də adam axtarıram ona danışam. Amma gərək bu, belə olmasın axı». Siqaret tüstüsünü udduqca fikri bir az da dərinlərə gedirdi: «Sən, Qulubəy Qulubəyov, çox pis iş tutdun. O sənə neynəmişdi? Əgər bir pislik eləsəydi, deyərdim hə, haqlısan. Amma axı Paşa səni həmişə qoruyub, irəli çəkib, çörək verib. Axı gərək sən bütün ömrün boyu o kişinin qulu olaydın və yadındamı, bir dəfə də yox, neçə dəfə buna kişi kimi and içmişdin yanında da, ürəyində də? Nə tez unutdun və ən başlıcası niyə unutdun, Qulu?» İçindən gəlib onu bu balaca mətbəxdə ittiham eləyən o səsə tutarlı bir cavab tapa bilməyib təslim olurdu: «Düz deyirsən. Elə mən də sənə bunu deyirdim. Mən qəti inanmışam ki, insanın özü kimi alçaq və şərəfsiz bir varlıq yoxdu yer üzündə. Elə Paşa da alçaq və şərəfsizdi, mən də. Sənin müdafiə elədiyin, qahmar çıxmaq istədiyin Paşa elə bilirsən çox təmiz adamdı? Neçə adamın qanı var onun boynunda. Görünür, yer üzündəmi, göylərdəmi, bilmirəm, hardadı, elə bir qüvvə-qüdrət var ki, hər şeyi tənzimləyir, nizama salır və heç nəyi cavabsız buraxmır: yaxşı əməli mükafatsız qoymur, pis əməli də cəzasız. Elə bil o hansı qüdrətdisə, çox ağılnan-idraknan tərpənib Paşanın cəzasını mənim əlimlə verdirir. Yəqin mənim də cəzamı bir başqası verəcək. Buna mənim heç şübhəm yoxdu».

Əlibala Hacızadə44 dəq