Əlibala Hacızadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.
İkinci hissə, səkkizinci fəsilHavanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:
İkinci hissə, doqquzuncu fəsilYaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:
Üçüncü hissə, birinci fəsilƏfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».
Üçüncü hissə, ikinci fəsilNeçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.
Üçüncü hissə, beşinci fəsilYaşıl xiyabanın qurtaracağına çatanda iri taxta darvazalı həyətin qənşərində Məhəmməd Şəfi addımlarını yavaşıtdı. Yol uzunu danışmamışdılar. Gələn-gedən, səs küy o qədər çoxdu ki, ağız deyəni qulaq eşitmirdi. Rəhgüzər də, Elməddin də öz aləminə dalıb yanaşı yeriyirdilər. Elməddin belə görkəmli adamla yol yoldaşı olduğuna görə yaman sevinirdi, hər şeyi — aclığını da, dərdi-sərini də unutmuşdu.Şəhər camaatı, görünür, şairi yaxşı tanıyırdı. Qabaqlarına çıxanlar ayaq saxlayıb hüsn-rəğbətlə ona baxır, çoxu da salam verirdi. Elməddin neçəsinin pıçıltısını da eşitmişdi: «Şair Rəhgüzərdir» — Budur?» «Hə, özüdü ki var. Bizim xiyabanda yaşayır. Böyük adamdır». Üst-başının yaman gündə olduğuna, üzünü qırxmadığına görə Elməddin onunla yanaşı getməkdən utanır, bacardıqca dala qalmaq istəyirdi.
Üçüncü hissə, altıncı fəsilElməddinin görkəmi tamam-kamal dəyişmişdi. Uzun, yaşına yaraşmayan saqqalını vurdurmuş, əyninə təzə, ingilis parçasından tikilmiş kostyum geymişdi. Ayağındakı qara ayaqqabılar uzaqdan par-par parıldayırdı. Ağ göynək üstündən vurulmuş qara qalstuk ona necə də yaraşırdı. Xaricən o qədər dəyişmişdi ki, tanıyıb-bilənlər, hətta anası belə qarşısına çıxsaydı, bu şıq geyimli oğlanın Elməddin olduğunu ilk baxışdan ağlına belə gətirməzdi, Məhəmməd Şəfinin və ailəsinin köməkliyi, mehribanlığı sayəsində o, səfalətii, aclığın, dilənçiliyin dəhşətli pəncəsindən xilas olmuşdu. Yatmağı, yeməyiiçməyi onlarda idi. O qədər hörmət, ehtiram eləyirdilər ki, sıxılırdı və onların xəcalətindən ömrü boyu çıxa bilməyəcəyini düşünüb darıxırdı. Xüsusilə Məleykə xanımın qonaqpərvərliyi, ürəyi açıqlığı Elməddini yamanca mütəəssir eləyirdi «Elməddin qardaş» deyəndə ona elə gəlirdi ki, heç vaxt olmamış və yaxud bir zaman itkin düşmüş bacısının səsini eşidir. Ailədə hökm sürən səmimiyyət, qarşılıqlı ehtiram Elməddində xoş, hər cür paxıllıq və həsəddən uzaq bir qibtə hissi doğururdu. Heç kəs ucadan danışmazdı. Kimsə özünün arzusunu, istəyini gizləməzdi və kimsə də bu arzuya-istəyə qarşı qılınc çəkib onu susdurmazdı. Elməddin düşünürdü: Məhəmməd Şəfi xoşbəxt adamdı ki, belə ailəsi var. Təmiz, mehriban. Şair ailəsi məhz belə də olmalıdır.Elməddin təzə pal-paltarını alıb gətirəndə Məhəmməd Şəfi də, Məleykə xanım da o qədər sevinmişdilər ki, elə bil ata-ana öz doğma oğlunu geyindirib-kecindirmək istəyirdi.
Üçüncü hissə, yeddinci fəsilBu cümə axşamı Rəhgüzərin evində yenə şer məclisi olacaqdı. Məleykə xanım ertədən iri rus samovarını doldurmuş, kömür atıb qaynatmışdı. Çayniklərə hil atıb hazır qoymuşdu...Saat yeddi tamamda qonaqlar gəldilər. Üç nəfərdilər. İkisi ucaboylu, sağlam bədənli cavandı; biri əlində gümüşü haşiyəli çəlik tutmuş yaşlı kişi idi. Elməddin onları artıq tanıyırdı. Keçən həftə də bu günü şairgilə yığışmışdılar. Qoca şairin adı Taqət idi, əsasən qəzəl yazırdı. Cavanlardan qızıldişlisinin adı Müciri, o birisininki isə Fəramuşdu...
Üçüncü hissə, səkkizinci fəsilElməddin ömründə belə cah-cəlallı imarət görməmişdi. Ucsuzbucaqsız, yamyaşıl bağ içərisində yerləşən ikimərtəbəli ev kənardan adamın gözünü qamaşdırırdı. Alt mərtəbədə altı, üst qatda da altı otaq elə bəzənmişdi ki, deyərdin indicə gəlin gətirəcəklər. Par-par parıldayan mebel Fransadan, pardaxlanmış qəhvəyi rəngli piano Almaniyadan, naxışlı, alışıb-yanan, çəməni xatırladan xalılar İrandan — Kaşandan gətirilmişdi... Orta otağın küncünə qoyulmuş qızıl suyuna çəkilmiş iri vaza adamın diqqətini özünə cəlb edirdi. Bir sözlə, ağayi Nəcməddinin evi, qapısı hər kəsin üzünə açıq olmayan zəngin muzeyi xatırladırdı.Ağayi Nəcməddin tək idi—ondan başqa nə həyətdə, nə otaqlarda bir kəs yox idi. Adama elə gəlirdi ki, bir vaxtlar səsli-küylü, qonaqlı-qaralı olan bu imarətin sakinləri bir-bir harasa çıxıb getmiş və bir daha qayıtmayacaq, ağayi Nəcməddin özü isə buranın axırıncı sakinidir və bu cah-cəlalı qoyub heç yerə getmək istəmir.
Üçüncü hissə, on üçüncü fəsilHavalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Üçüncü hissə, on dördüncü fəsilMaşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:– Dalımca gəl.
Üçüncü hissə, on beşinci fəsilElməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...
Üçüncü hissə, on altıncı fəsilŞad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.
Üçüncü hissə, on səkkizinci fəsilElməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».
Üçüncü hissə, on doqquzuncu fəsilElməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...
Üçüncü hissə, iyirminci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
İkinci hissə, dördüncü fəsilGünortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?
İkinci hissə, doqquzuncu fəsilMöhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...
İkinci hissə, on birinci fəsilHəyət-bacaya sakitlik çökmüşdü. Qu desəydin, qulaq tutulardı. Elə bil yarım saat bundan qabaq çal-çağır olan həyət deyildi. İkidən işləyirdi. Qonum-qonşu da çəkilib getmişdi. Əbdül pilləkənin aşağısında oturub dizlərini qucaqlamışdı. Darvazada, eyvanda, sütunlarda yanan işıqları söndürməmişdi. Elə yorulmuşdu ki, qalxıb yatmağa belə ərinirdi, ayaqları zoqquldayırdı.Yuxarıdan da səs-səmir gəlmirdi. Deyəsən ağa ilə xanım da yatmışdı. Ancaq Əbdül səhv eləyirdi. Nəcməddin qızını yola salandan sonra dönüb qonaq otağına keçmiş, qədəhinə şərab süzmüş, qabağına qoymuşdu, ancaq içməmişdi. Başını aşağı əyib qolunun üstünə söykəmişdi, düşünürdü:
İkinci hissə, on ikinci fəsilDarvazanın yanında siqnal səsi verildikdə Əbdül namaz qılırdı. Namazı yarımçıq qoymaq olmazdı, ancaq çarəsi nə idi — «Allahü əkbər!» — deyib ayağa qalxdı və qaça-qaça gedib darvazanı açdı. Ağayi Nəcməddin maşını içəri salanda Əbdül adəti üzrə əlini sinəsinə qoyub baş endirdi və lay qapıları örtüb bağladı. Nəcməddin maşından düşdü. Səndirləyirdi, sərxoş idi. Kefi kök idi.– Hə, Əbdül, nə təhərsən eyyy? — deyə uzada-uzada nökərin halını soruşdu — Neynəyirdin?
Üçüncü hissə, üçüncü fəsilMətbəənin havası kəsif idi, tünd idi. Nəfəs alanda adamın boğazı acışırdı. Turşu və qurğuşun qoxusu Şəfinin gözlərini göynədirdi. Zirzəmidən düz küçənin səkisinə açılan balaca pəpcərədən içəri axan təmiz çöl havası da buradakı bəd və zəhərli üfunəti təmizə çıxara bilmirdi.Hürufçin Teyyub səhərin gözü açılandan aramsız-fasiləsiz işləyirdi. Arabir «Vip» yandırır, çəkirdi.. Əllərini görmək olmurdu Teyyubun. Baxışlarını mətndən çəkmirdi, əlləri isə şriftlər yığılmış qara, çirkli taxta qutulara uzanır, istədiyi hərfi götürürdü. Şəfi təəccüb eləyirdi: elə bil, Teyyubun barmaqlarının da gözü vardı — baxmadan, yoxlamadan lazım olan hərfi seçir, yerinə düzürdü. Şəfi düşünürdü ki, bu, ancaq adətdəndir, vərdişdəndir.
Dördüncü hissə, yeddinci fəsilElməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Dördüncü hissə, səkkizinci fəsilMəleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.
Dördüncü hissə, onuncu fəsilAğayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.
Dördüncü hissə, on birinci fəsilDarvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.
Dördüncü hissə, on üçüncü fəsilƏbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?
Dördüncü hissə, on beşinci fəsilElməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.