Dövran istəməz...
Ey Füzuli, müttəsil müxalifdir dövran mana,Qaliba, ərbabı — istedadı dövran istəməz!Füzuli
O getdi ardınca ilahi səsin,Sözü əsrin qövsü-qüzehi oldu.Dövran istəmədi, qoy istəməsin,Füzuli dövranın fatehi oldu.
O sandı istedad əzabkeşidir,El dedi: sənətin o, Günəşidir!
Doğma söz dərdlərə məlhəm olarsa,Eşqi də dənizdir — sahilsiz dəniz.Yox, yox bizdə əgər istedad varsa,Qara fəhləsiyik istedadın biz.
O, haqqın yoluyla məğrur gedərkənSalam rüşvət deyil — deyə susdular,Bildik bu gün rüşvət tüğyan edərkənBizim salama da niyə susdular?
O tənha deyildi tək də qalandaEşqin gecələri kədərli, məhzun.Dövran Füzuliyə qəddar olandaBiz kimik ki, bizə mehriban olsun?
Dərdlərin əlindən o, dağa çıxdı,Dedilər: bəxtəvər yaylağa çıxdı.
Biz bir ay yatanda xəstəxanada,Dedilər ki, yeri isti, rahətdir.Paxıllıq eylədi paxıl buna da:— Bəxtəvərin işi istirahətdir!
Dövranlar dəyişir, dəyişir zaman,Dünənin sirridir — bu günün sirri.Dünən bir dahini sevməyən dövran,Bu gün necə sevsin adi şairi?
O getdi ardınca ilahi səsin,Sözü əsrin qövsü-qüzehi oldu.Dövran istəmədi, qoy istəməsin,Füzuli zamanın fatehi oldu.
21 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-dovran-istemez
← → düymələri ilə keçid, R — təsadüfi şeir