Kərəm keçdi bu dağlardan, o dağlardan ulu Tanrım!Adı getmir ürəklərdən, dodaqlardan ulu Tanrım!Od istədim odu sönmüş ocaqlardan ulu Tanrım!Od içində yanan sinəm döndü buza Qaçaq Kərəm.

Rəvayətlər, əfsanələr nəsil-nəsil Kərəm deyir,Kərəmə baş əyməyənlər nəsil-nəsil Kərəm deyir.Azərbaycan deməyənlər nəsil-nəsil Kərəm deyir,ya ilahi bir vergiydi, ya möcüzə, Qaçaq Kərəm.

Sinəsinin yaraşığı beşaçılan darağıydı,bu dünyadan bir qazancı boz atıydı, papağıydı.Can dediyi, diz çökdüyü Azərbaycan torpağıydı,can səpmişdi dən yerinə çölə-düzə, Qaçaq Kərəm.

Qarayazı, Kür qırağı mahir ovçu bərəsiydi,ilk İstiqlal çağırışı qaçaqların nərəsiydi,bizim Qazax mahalıydı, bizim Dilcan dərəsiydi,qoruyurdu bərələri kəsə-kəsə Qaçaq Kərəm.

Qayalarda kəklik kimi, dərələrdə sel kimiydi,ürəyinin nazikliyi başındakı tel kimiydi.Tozanaxlı – qasırğalı qəfil qalxan yel kimiydi,rəhm etməzdi, xayin görsə, namərd görsə Qaçaq Kərəm.

Haqq yolunda yola çıxan haqq-ədalət adamıydı,salam verib əl tutana salamı dost salamıydı.Namus Kərəm namusuydu, qeyrət Kərəm kəlamıydı,namər kimi aparardı hər məclisə Qaçaq Kərəm.

Tülküləri bəbir kimi tutan, yıxan Kərəm idi,Türkiyədə türk paşası, İranda Xan Kərəm idi.Qafqazda çar Nikolaydan hayıf alan Kərəm idi,Rusiyada kömək durdu köməksizə Qaçaq Kərəm.

Düşmənin də bu dünyada namərdi var, mərdi varmış,deyirlər ki, İsrafilin¹ bircə Kərəm dərdi varmış.O İranda, bu Qazaxda – vətən, qürbət şərti varmış,tüfəngini tuşlamazmış tanış səsə Qaçaq Kərəm.

Keçdim Poylu körpüsündən, harayladım Kərəm deyə,Borçalıda gecələdim, qoç Kərəmi görəm deyə.Subayların, şəhidlərin adlarını verəm deyə,toydan-toya tələsirik, yasdan-yasa Qaçaq Kərəm.

Qaçqın gördüm, indi bildim nədir məşhər, Azərbaycan!Həmrəy olduq, bəşər dedik, hanı bəşər, Azərbaycan?!

¹ İsrafil Ağa – Qaçaq Kərəmin uşaqlıq və gənclik dostu olmuş, sonralar aralarında düşmənçilik salmışlar (Müəllif).

Hər ana bir Kərəm doğsa, kərəmləşər Azərbaycan,Kərəmləri çağırıram cərgəmizə Qaçaq Kərəm.

Qədim Alban kilsəsinin xaç nişanı bizimkidir,Göyçəgölü dedikləri göy Sevanı bizimkidir,Karvansara yerlərimiz, İcevanı bizimkidir,Kəmərlini daşıdılar kisə-kisə, Qaçaq Kərəm.

Ayrım, Məzəm, Əskipara çəhlim yeri, yaylaq yeri,köç yeriydi, kənd yeriydi... nə qalıbdı? Ocaq yeri.Namərdlərə məskən oldu comərd yeri, qaçaq yeri,imzasını miras qoydu yola-izə Qaçaq Kərəm.

Mərd oğullar arxasıydı, ağbirçəklər anasıydı,qartal qonan qayalara sonra Kərəm qonasıydı.Kişi kimi həyat sürmək həyatının mənasıydı,nələr deyir, nələr deyir indi bizə Qaçaq Kərəm.

Bəyanatlar imzaladıq, nitq elədik, bəs deyilmi?!Kimi gördük, gözəl-gözəl gün dilədik, bəs deyilmi?!Ocaq söndü, başımıza kül ələdik, bəs deyilmi?!Kül də yoxdu bircə torba yığa kimsə, Qaçaq Kərəm.

Xan Kərəmə Qaçaq dedim, – İsrafilə ağa dedim,Kimdi gələn üstünüzə? – qarabağlı dığa dedim,Dolu kimi, yağış kimi dedim, yağa-yağa dedim,Döndü, qara yelə döndü əsə-əsə Qaçaq Kərəm.

Kərəm deyir bu yerlərin bu günü də, sonrası da,Kərəm yatan beşik varsa, durur Kərəm laylası da.Sahillərə güzgü tutur Dəli Kürün aynası da:Kimdir indi içinizdən çıxsın üzə, Qaçaq Kərəm?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən