Gah əsəbi, gah yorğundur,Gah tufanlı, gah durğundur,Gah aşiqdir, gah vurğundurMənim şair qardaşlarım.

Hər məclisdə sözü vardır,Gözəllərdə gözü vardır,Yer üzündə bir bahardırMənim şair qardaşlarım.

Qürurun canlı heykəli,Azadlığın gur məşəli,Bağışlamaz bəd əməliMənim şair qardaşlarım.

Uzaqlardan gələr ünü,Salamlayar nurlu günü,Xalqa verər öz ömrünüMənim şair qardaşlarım.

Əsrlərdən verdi soraq,Zülmətdə yandırdı çıraq,Düşdü vətənindən iraqMənim şair qardaşlarım.

Qaranlığa nur ələdi,Xalqa azadlıq dilədi,Tarix boyu, bax, belədiMənim şair qardaşlarım.

Dabanından soyuldular,Gözlərindən oyuldular,Zülm əliylə döyüldülərMənim şair qardaşlarım.

Zalımlara baş əymədi,Gülün xətrinə dəymədi,Zülmün yükünü çəkmədiMənim şair qardaşlarım.

Öz yurdunun nəfəsidir,Zəmanənin haqq səsidir,Söz mülkünün ustasıdırMənim şair qardaşlarım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən