Səfərnamə
Məzmun
Səhifə 14 / 15 · 87%
Rəbiül-axirin 10[-u]. Sübh namazın Beyti-şərifdə qılıb, məqamlar ilə vidalaşıb gündoğan vaxta yola düşdük. Paşının oğlu və kahyəsi və əmələcatı bizi ötürdülər bir saatlıqda rumlar bina salmış həzrəti-İlyas məqamına qədər.
Oradan gəldikdə yolun sağ tərəfində məqami-Xızır əleyhüs salam və bir qədir dəxi getdikdə həzrəti-Yəqub əleyhüssalamın zövceyi-kəriməsi məqamın göstərdilər. Uzaqdan ziyarət və dua edib keçdik Beytül-ləhm adlı qəsəbəyə. Oradan həzrəti-İsa əleyhüssalamın təvəllüdü məqamına müşərrəf olub haman məkanda oturduq bir saat qədəri. Xaçpərəslər bir bövük monastır tikmişlər və cəmiyyətləri orada çoxdur. Və oranın keşişi bizim qabağımıza çıxıb, mənzilinə təklif edib, bizi düşürüb qəhvə, şərbət verdi. Bir qədər onların kənisələrinə seyr edib və Beytül-ləhm qəsəbəsinə baxıb və qarşısında olan əncir və zeytun ağaclarına baxıb yola düşdük.
Beytül-ləhm qəsəbəsi min evdən ziyadə olur. Əlli-a[l]tmış evləri müsəlman və baqisi gavırdır və az yəhudilərdə var. Qüdsi-şərifdən buraya iki saata gəlib və buradan dəxi iki saat yol edib bir bövük, əskidən bina olan bərgə yanında [dayandıq]. Bir qədim qalası var və çeşməsi var. Bu çeşmədən və həm yağmur suyundan bərgəni doldurub, sonra daş ilən yapılmış arx ilə dağlardan keçirib, Beytül-ləhmə aparıb və oradan Qüdsi-şərifə çatdırılır iyirmi dörd saat yol ilə. Dağları, təpələri dolandıra-dolandıra Qüdsi-şərifə yirişdiribdilər. Bu suyun Qüdsi-şərifə getməyi üçün əlahiddə vəqfiyyatı var; xarab olduqda təmirinə məsrəf olunur.
Oradan enib, əvafi-zöhr edib üç saatlıqda Xəlil-ərrəhman şəhərinə çatdıq. Oranın müdiri Mustafa bəy bizi istiqbal edib, aparıb hərəmi-şərifin yanında bir iyi mənzildə bizi düşürdü. Fürsəti fövtə verməyib haman saat hərəmi-şərifə girdik, namaz qılıb ziyarət etdik həzrəti-İbrahim əleyhüs salama və həliməsi həzrəti-Sarətə və oğlu həzrəti-İshaq əleyhüs salama və zövciyyəsi həzrəti-Qəyyura və İshaq əleyhüssalamın oğlu həzrəti-Yəquba və həliməsi həzrəti-Rəbiqəyə, sümmə sibti-Yusif əleyhüs salama, sümmə rəsulillah əfəndimizin qədəmi-şərifləri deyən yerə. Və mağarəyi-şərifə gəlib duayi-niyaz etdik.
Rəbiül-axirin 11[-i]. Sübh namazın hərəmi-şərifdə qılıb hərəmin dairəsin gəzdik. Süleyman əleyhüs salam binası olduğu [bilinən] (bövük daşlarındanki, otuz beş qarış uzunluğu və yeddi qarış enliliyi olur) [binanı] görüb təəccüb etdik. O dairədə fəqir-füqəra üçün dəxi şorba xana var və həm dərvişlər təkyəsi var. Sonra çıxıb bazarların gəzdik. Dükanlarında məkulat və ürbanlara lazım olan əşyalardan qeyri bir zad görünməyirdi. Bu şəhər min evdən ziyadə olur. Əhli tamam müsəlman[dır] və özləri də kənd adamlarına oxşayırlar. Mabeynlərində fantaziya əslafi-zaiqə (?) bilmərrə yoxdur. Və yəhudilər özgə məmləkətlərdən ziyarət qəsdi ilə gəlirlər. Lakin hərəmə onları qoymayırlar və özləri kənardan baxıb ölüb bu torpaqda dəfn olmaqlıqların istəyirlər.
Şəhəri bir qədər gəzdikdən sonra genə gəldik hərəmi-şərifə. Orada həzrəti-Yəqub türbəsində [Hacı] Əli əfəndiyə “Sureyi-ərrəhman”ı oxutdum, qulaq asdım və təfəkkür etdim öz halıma. İbrahim xəlil əleyhüs salam əyyamından [qalan] zəbh eydində anadan olub, İsmayıl adına müşərrəf olub və qırx altı sənə ömr edib, bu şərafətli məkana gəlib ziyarət etməyi Allahi-zülcəlal həzrətləri bizə nəsib etdi yinə şükür etdik.
Sonra cümə namazın külli camaat ilə əda edib, fövqəzzikr olan türbeyi-ənbiyalar ilə vidalaşıb yola düşdük. Bir saat yol üzüm və zeytun bağçaları ilə gəlib və bir saat qədəri dəxi dağa çıxıb, oradan dərya və Qəziyyə və Yafə obaları görünüb və dağın dibindəki köylər və ətrafında bağçaları və keçi və mal sürüləri və çəməngahlar qayətdə müfərrih etdi bizi.
Xəlil-ərrəhmandan üç saat yarım yol gedib, Beytulla qəryəsinə çatdıq. Orada bir birəli evdə qaldıq.
Rəbiül-axirin 12[-si]. Sübhdən yola düşüb, düz yol ilə doqquz saat yol edib Ağır adlı qəryə[yə] çatdıq. Orda bir fəna evdə qaldıq. Gecə külək əsib və bərk yağış yağıb həyatımız göl kimi oldu və dəryanın ləpəsinin sədası bizi [...] ləndirdi.
Rəbiül-axirin 13[-ü]. Oradan çəməngahlar ilə (və bəzi yerdə bağça ilə) dörd saat yol edib Yafə şəhərinə çatdıq. Ol günü rahat etdik və dərya əmin olmadığına, firəng vapuru İsgəndəriyyədən gəlib çatmadı.
Rəbiül-axirin 14[-ü]. Yafə böyük şəhər olmasa da Qüdsi-şərifin iskələsi olduğuna, gurdur. Xüsusən gəlib-gedən zəvvarlar çoxdur. Bir dəxi zeytun, liman və portaqal çoxdur. Şəhər bir təpənin üstədir. Yaxşı daşdan damları var dəryaya baxan. Və ətrafında qala var top qoyulmuş bürclər ilə. Amma top nizamla mühafizə olmayır. Topçuları yer[li]ləridir, ayda bir-iki dəfə hər birinə qaraul növbəti düşür.
Qalanı və şəhərin küçələrini gəzib çıxdıq bir bağçaya. Şəhər[in] tamam ətrafı bağçadır və bağçalarda oturmağa evləri də var. Bağçaları qəribədir. Bizə görə, ətrafında çəpər yerinə firəng incili ol qədər sıx əkilibdir ki, arasından keçmək olmaz — xüsusən tikan olan vaxt. Və həm meyvəsi iqrar olur, satılır. Bir yarpaq üstə iyirmi dörd ədəd əncir saydım. Portoğal və limon və şirin limu və narınc və türünc və ağac qavını qayətdə sıx əkilmiş; sıxlığından dibi kölgədir. Üstündə hədsiz meyvələri vardı. Bir budaq özüm kəsdim. Üstə üzüm salxımı kimi on yeddi portoğal vardı. Bizim yerdə qızıləhmədi alma, gətirəndə ağac dayaqlar vıran kimi burda davırmışdılar. Və qeysi və ərik və badam ağacları da çoxdur. Bəzi badamlar çiçək açmışdı. Neçə yüz portoğal özümüz seçib qı[r]dıq.
Meydan və bazarlar tonqal-tonqal tökülmüş limu və portoğal ilə doludur və on altısın bir quruşa füruxt edirlər. Bazarları da yaman deyil. Daha ziyadə abadan olmağa layiqəti var. Bir iyi cameyə girib namaz qıldıq. Camaatı çoxdur, lakin şafiilər ilə hənəfilər imamları beynində niza gördüm; ayrı-ayrı namazı əda etdilər.
Rəbiül-axirin 15[-i]. Gecə İsgəndəriyyədən gəlmiş firəng posta vapuruyla sübhdən üç-dörd saat keçmiş yola düşdük. Hava gözəl olduğuna, vapurun üstə oturub sağ tərəfimiz də Fəlastin kənarına seyr etməyə məşğul olduq. Neçə xırda qalaçalar və Apalonya və Qeysəriyyə şəhərinin xarabaların gördük. Qeysəriyyədə hənuz böyük xaraba imarətlər gözükür. Və kənardan uzaq — on saatlıqda Nablis dağları görünür (ki, qədimdən adı Sişəm imiş) və İsa peyğəmbər [burada] olmuş öz həvariyyunlarıyla. Və bir qədər getdikdə dağın dibində və dərya kənarında qədim Dura (şimdi Tantur) və Ataliyə xarabaları görünür. Sonra çatırsan Qarmil burnuna, orada firəng papaslar bir böyük monastr yapmışlar. Qayətdə güşad və nəfis məkandır.
Burdan dərya bir qədər kənara girir. Qiblə küncündə Xaif şəhəri var gözəl bağçaları ilə. Oradan Nəzarət qəsəbəsinə on saat yoldur. İsəvi arasında məşhurdur, çün İsa peyğəmbər əksər ovqat orada oturmuş.
Və Xaifdən üç-dörd saat şimali tərəfinə dərya kənarında Əkka qalası görünür. Onun böyüklüyü və bərkliyi məşhur olmuş. Şimdi dəxi, deyirlər ki, nizam ilə saxlanır.
Tarixlərdə məşhur bir şəhərdir, qədim adı Ptalmey.
Heyf edirəm ki, gecə olduğuna Sur (Təhr) və Səyda (Sədun) şəhərlərini görmədik. Onla[r]dan qədimdən məşhurdur hənuz Qəzyə ilə Lazaqiyyə arası ki, qara ilə on gün yoldur; bir valilik hesab olur. Adına Səyda valiliyi deyirlər.
Axşamdan üç-dörd saat keçmiş gəlib Beyrut iskələsinə çatdıq. Sübh namazın qılıb düşdük şəhərə, genə qədimi qonağımız İzzət paşa yanına. Ol bir para aşnalarımız ilə vidalaşıb genə firəng vapuruyla getmək qəsdinə düşdük.
Rəbiül-axirin 16[-sı]. Sübhdən iki saat keçmiş vapura minib yola düşdük. Sağ tərəfdə Diruz və Hevran dağlarına, üstündə abadan qəryələrinə və cəm ağaclarına tamaşa edə[-edə] sürüb səkkiz saatda çatdıq Trəblis şəhərinin iskələsinə. Kənardan yarım saatlıqda şəhəri və böyük qalası var və aşağısında portoğal və limu bağları görünür. Və iskələdə dəxi dam və tükanlar var. Uzaq olduğuna vapurdan düşmədik və axşamdan bir saat keçmiş vapur yola düşdü. Ol gecə sürüb Lazaqiyyə iskələsinə çatdıq.
Rəbiül-axirin 17[-si]. Sübh vaxt[ı] özümüzü Lazaqiyyə qarşısında gördük. Qayığa minib getdik iskələsinə. Orada dükanlara və məscidə və karvansaraya baxıb piyada bağçalar arasıyla getdik şəhərə. Bazar-tükanlarından keçib, bir cameyə girib cümə namazın qıldıq. Çıxıb, bir qədər dəxi şəhərə seyr edib və Məribi şeyxin türbəsinə ziyarət edib müraciət etdik vapura. Lazaqiyyə bir iyi şəhərdir. Görünür ki, ticarəti də yaman deyil. Anatolı şəhərlərinə oxşayır. Xalqı ərəbdir. Ətrafında bir qala kimi hasarı var və ətrafında yaxşı bağçaları vardır. Ol günü iskələdə qalıb axşamdan iki-üç saat keçmiş yola düşdük.
Rəbiül-axirin 18[-i]. Sübh vaxt[ı] özümüzü İsgəndərun iskələsində gördük. Qayıq ilə düşüb gəzdik. Bir xaraba yerdir. Bir qaç tükanları var. Lakin bu iskələyə çox mal gəlir Hələbdən və Firəngistandan. Hələb[ə] at karvanıyla üç gün yoldur və Mərəşə dörd gün. Qədimdən məşhur imiş və bir para xarabaları var. Özü də batlaq yerdədir və havası da fənadır. Buraya məsarif edib iyi iskələ yapmağa layiqəti var.
Kitabxana.az · https://kitabxana.az/works/qutqasinli-sefername
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: