Məzmun
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Səhifə 2 / 15 · 7%

[Qutqaşından Trabuzanadək]

Cəmadiyül-axirin iyirmi səkkizindən ta rəcəbin onuna qədər məksi-Qutqaşın.

Əsl vətənimizə daxil olub tikdirdiyimiz və içində oturmadığımız imarətdən və meyvəsin yemədiyimiz, saldığımız bağdan bir neçə gün istirahət məramında var ikən ətraf cəvanibdən bizi yola salmağa cəm olan qohum və əqrəba və dost-aşna və bizə qulluq eləmiş adamların gunagun sual-cavablarına məşğul olduq. Onlardan bəzisi bizim bu niyyətimizə şadlıq göstərib və bəzisi gözüyaşlı: “Bizi belə qoyub, nə yerə gedirsən?” deyib neçə gün bizi öz şüğlümüzdə olmağa macal verməyirdilər. Lakin biz fikrimizi dəyişməyib, səfər tədarükümüzü görüb, burada qalan [adamlarımıza] düsturül-əməl verib rəcəbin onunda Qutqaşından azimi-məqsəd olduq. Çün bizim məmləkətlərdə az kəs üçün ittifaq düşübdür ki, öz zövcəsi ilə və ətba[lar]ı ilə bu nəhv həccə getsin, ona binaən biz çıxan günü ünas və zükur ziyadə cəm olub, bir tərəfdən onların vidalaşmaq avazı və bir tərəfdən çavuşun minacat sədası və alim-üləmaların duası və bizi ötürməyə gələn əyan-əşxasların özlərinin və atlarının sədaları bizim imarətləri əlahiddə rövnəqə salmışdı ki, bu günə gün bizim üçün müyəssər olduğuna kərrat ilə şükür bizim üçün vacib oldu. Bu izdihamlıq ilə günortaya iki saat qalmış yola düşdük.

Zövcəmiz Hacı Bikə düz yol ilə Hacıallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım. Orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından [çıxıb], Ağdaş mahalında Ağcayazı [kəndində] Mahmud bəyə qonaq olduq.

Qutqaşından Hacıallıya üç ağac yarım və Hacıallıdan Ağcayazı kəndinə dörd ağac yarım yoldur.

Ağcayazıdan poçt arabasına minib, Ərəş mahalından keçib, Kür çayının bir ağaclığında çadırlar qurub məks etdik. Ağcayazıdan Kürün qırağı yeddi ağac yoldur.

Rəcəbin on dördündə Kürün kənarında bizi ötürməyə gələn qohum-qardaşlarilə və ətba-nökərlərilə vidalaşıb, onları qaytarıb, Allahın zilli-himayətinə təslim edib, özümüz Kürün üstündən Mingəçevir yanında qurulmuş porumla keçib, öz vilayətimizdən ayrılıb Gəncə torpağına ayaq basdıq.

Öz vətənimiz hesab olur Şirvan və Şəki, çün bu iki məmləkətin adətləri və torpağının təbiəti bir-birinə müvafiqdir. Özləri də qarışıq olub Şirvanşahlara qulluq edibdirlər. Və bir əyyam (ərəblərə və İrana və Osmanlıya tabe olan vaxt) Şamaxı şəhərində onların əmirləri və bəylər bəyisi, yainki sərəsgərləri oturub hökumət edibdirlər və hər vilayətdə nəslən bəd nəsl sultanları və məlikləri olub, qulluq edibdirlər. Şirvan neçə bölük imiş. Və Şəki üç bölük: əvvəla, ölkeyi-Şəki, saniyən, Qəbələ, salis, Ərəş. Sonra dövləti-əliyyeyi-rus ol vilayətləri zəbt edib; yenə bir-birindən ayırmayıb, bir quberniya, yəni əyalət edib, Şamaxıda hakim təyin edibdir.

Kürdən keçən günü üç çaparxana keçib, altı ağac yol gedib Kürəkbasan çaparxanasında qaldıq.

Rəcəbin on beşində sübh tezdən çıxıb üç saatlıq da Gəncə şəhərinə varid olduq. Gəncə ilə çaparxana arasında iyirmi beş il müqəddəm rus ilə İran mabeynində olan cəng yerin görüb öz halıma təfəkkür etdim, çün ol davada özüm təzə əfsər olub, yüz nəfər piyada nizam tüfəngçilərinin üstündə qabaqda dava edirdim. Haman davada çox yoldaşlarım tələf oldu. Bizi Allahi-əzimüşşən hifz edib və iyirmi altı il yaşadıb. Padşahi-imperator qulluğunda hörmət ilə yanaral rütbəsinə çatıb, imdi əhli-əyalım ilə lazım olduqca tədarük ilə haman məkandan keçirəm bizi Yaradanın evinin ziyarətinə, qara üzümüzü onun qapısına sürtməyə, bu qədər kərəminin şükrünü bəyan etməyə. Bizdə ol qədər qüdrət yoxdur ki, yazaq. Şükür, şükür, şükür!

Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbənə çatmağa mümkün deyil!

Gəncə bir qədim şəhərdir (xarabalarından bəyan olur). Görünür ki, bir vaxt çox gur şəhər imiş. İmdi bir qədər xarabadır. Əlhal böyüklüyündən iki asar qalıbdır: biri Şah Abbas təmir etdirən meydan (kənarında [özü] əkdirən çinar ağacları) və biri Osmanlılar tikdirən qala (hansı ki, imdi xarab olmuş).

Şəhərdən keçəndə damlarından ziyadə bağ görürsən, çün evləri bağların içində təmir olmuş. Yayda isti olduğuna, köçüb yaylaqlara gedirlər.

Gəncədə neçə saat məks edib düşdük yola. Şəmkir xarabasından və Zəyam kəndindən keçib, on iki ağac yol edib, axşam çatdıq Tavus çaparxanasına. Gecə qalıb, rəcəbin on altısında sübh tezdən yola düşüb günortadan iki saat keçmiş Salahlı çaparxanasına çatdıq. Orada bizim bir para aşna-dostlar bizi görməyə gəlib bizi bir qədər məks etdilər. Onlar ilə vidalaşıb, yola düşüb, axşam namazı vaxt[ı] Gəncə vilayətindən çıxıb, Xram çayının üstündə Sınığ körpüdən keçib, bu gün səkkiz ağac yol etdim. Haman gecə sürüb, sabahı günorta vaxt[ı] on ağac yol edib Tiflisə daxil olduq bir para gürcü kəndlərindən keçib və həm Gürcüstana tabe olmuş obalardan keçib. Gəncə vilayəti bir vaxt çox güclü olub, sonra zəif olub. İmdi genə Şəmşəddil və Qazaq mahalların onun üstə qoyub böyük edibdirlər.

Mingəçevirdən Sınığ körpüyə iyirmi altı ağac yoldur. Bu aralıq Gəncə vilayətinə mənsub olunur. Yol ilə gedəndə sağ tərəfindən bəzi yerdə üç ağaclıqdan və bəzi yerdə beş ağaclıqdan və bəzi yerdə kənarından Kür axır. Sol tərəfindən Gəncə vilayətinin yaylaq dağları yolun kənarı ilən köndələn düşübdür. Kür ilə budağın arasında, əvvələn, Gəncəyə tabe olmuş Kürəkbasan və Gəncəbasan və Şəmkir mahalları görünür, saniyən, Şəmşəddil mahalı (ki, qədimi sultanlarına tabe imiş) və Qazaq mahalı (ki, içində vəkilləri oturur imiş). Yolun sağ və solunda qışla[qla]r bina edib və kəndlər salıb oturubdurlar. Və o vilayətin xalqının əksəri köçəri tərəkəmədirlər, maldar və ziraət əhlidirlər.

Sınığ körpüdən keçdikdə sağ tərəfində Dəmirçi Həsən mahalı və sol tərəfində Baydar, ondan bir az uzaq Borcalı mahalının kəndləri görünür. Özləri müsəlman olub içlərində olan sultanları və xanları ilə Gürcüstan valilərinə tabe olubdurlar. Bəzi vaxt Gürcüstandan ayrı olub, gah Osmanlı və İran padşahlarına qulluq edibdirlər.

Yağlıca dağın keçəndən sonra ta Tiflisə gedənəcən yolun kənarı ilə abadan gürcü kəndləri görünür.

Tiflisə daxil olub bir neçə gün orada məks etdik ki, orada bir para tədarüklərimizi görüb və cənabi-caynişin ilə mülaqat edib, onun müraatı ilə bir para işlərimizi itmama yetirib şəbanın səkkizində yola düşdük. On ağac yol edib Çalı çaparxanasında qaldıq.

Doqquzunda Qori şəhərindən Ləx çayının üstündən keçib, doqquz ağac yol edib Suram çaparxanasında qaldıq. Burada Gürcüstan torpağı tamam olur. Sınıq körpüdən və Tiflisdən keçib bu sərhədə gəlincək iyirmi doqquz ağac yoldur. Tiflisdən Msqet çayına gəlincək Kürün sağ tərəfi ilə gəlib və dar dərə ilə orada əzəmətli körpüdən sol tərəfinə keçib, xaraba şəhərin kilsələrinə və qalalarına tamaşa edib, haman dar dərə ilə Qartsqal çaparxanasına çatdıq. Haman çaparxanada Rusiyətə gedən yol ayrılır.

Biz gələn yolun sağ tərəfi xan-bəylərin abadan kəndləridir. Sonra Qsan çayın keçib, bir balaca dağ aşıb, Qori şəhərinin çölgəsinə düşdük. Haman çölgənin dörd ətrafı dağdır. Ortasında yaxşı abadan gürcü kəndləri və ziraətgah yerləri vardır. Qori şəhəri bir kiçik qəsəbədir — kənarında olan təpədə bir xaraba qalası ilə. Haman qalanın dibində Kürilə Ləx və qarışır. Şəhərin şimali tərəfində qarlı dağların ətəklərindən gələn dərələrdə oset tayfaları olur və cənubi tərəfində (Kürün sağ və sol tərəfində) gürcü kəndləri olur ta Suram çölgəsinə çatınca. Oradan bir yol qiblə tərəfinə ayrılıb, Ağısqaya gedir, fasiləsi də ancaq səkkiz ağac yol olur.

Şəbanın onunda sübh Suramdan yola düşüb, İmeret ilə Gürcüstan arasında olan dağı çıxmaqlığa başladıq. Bu günü yeddi ağac yol edib Belağori çaparxanasına yetdik.

On birində səkkiz ağac yarım yol gəlib Qutais şəhərinə çatdıq.

On ikisində səkkiz [ağac] yol gedib, Maran çaparxanasından keçib, çayların qarışıb Oruperi ilə müsəmma olan yerə çatdıq.

Maran çaparxanasında İmeret, yəni Başıaçıq torpağı qurtarıbdır. Mundan əqdəm imeret tayfasının əlahiddə xanları olub, Qutais şəhərində oturubdular. İmdi dövləti-Rusiyyə “Qutais qubernası” ad qoyub, Ağısqa vilayətin və həm Quryel ölkəsin onun üstünə qoyubdur.

İmeret məmləkətinin torpağı və yerləri bir qeyri gunədir. Ol sərhəd dağının başına ki çıxırsan, sağ tərəfindən Qafqazın qarlı dağları və sol tərəfində Acar və Ağısqa dağları görünür və qabağında İmeretinin [dağları] — tamam meşə ilə örtülmüş. Əvvəla, dağdan dərə yolu ilən düşəndə bir çaparxanaya qədər sağ ilən solda qayalar və meşələr və meşələrin içindən xırda axar sular və sovuq bulaqlardan başqa, yolun kənarında bir abadanlıq görünməyir. Amma yolun kənarları [qayətdə] səfalıdır. Ağacların dibi göyçəmən və gülzar olmağına binaən sonra sağdan və soldan gələn çaylaqlar dağları təpə-təpə ayırır və haman təpələrdə və dərələrdə tək-tək imeret damları görünür (ətrafında bağlar) meşə ağacından və çəpərlikdən. Və gah-gah meşə aralarında təzə salınmış bağlar və əlilən qayrılmış qarğudalı ziraətləri və sünbül əkərləri vardır. Və meşələr içindən keçəndə vəhşi kimi arvad və kişilər çıxırlar. Və gah-gah meşələrdə özündən bitən çəkillərdən yarpaq dənniyirlərdi qurd tutmaq üçün.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri