Səfərnamə
Məzmun
Səhifə 4 / 15 · 20%
Şəfəqətildən Batum[a] on saat yol, oradan Atana qəzası[na] iyi[r]mi saat və Rizəyə altı saat (tamamı otuz səkkiz saat) yoldur quruyla. Yavıq zamana qədər bu də[r]ya kənarında sancaq bəyləri oturub, Trabızan paşasına qulluq edərdilər. İmdi Şəfqətildən ta Atanaya qədər Batumda oturan iki yaraxlı (?) paşaya baxır.
Dərya kənarın təqsim edibdirlər beş qəzaya. Onların adları: Çürük su, Batum, Xopa, Araxva və Atana. Hər birində bir müdir olur. Xalqı [...]dir. Özləri qayətdə rəşid və qoçaq görünür. Məişətləri bir qədər dardır, çün yerləri dağdır. Qarğudalı və kəndir və meyvə, yəni alma, armud çoxdur. Böyük meşələri var; ondan gəmilər qayırırlar. Hər dərədən su gəlir. Orada qəhvə xanalar var. Və gəmilər durur və xalqı da gəmidə işləyir. Və qəza müdirləri oturan qəzalarda cümə günü bazar olur. Dağlarda olan kəndlərdən piyada gəlirlər, çün at çox az olur və kənardakı kəndlər bir-birinə xırda fluqələr ilə gedirlər.
Və Batum şəhərinin üstünə Ərzurumdan dəxi iki qəza (bir[i] Acar və bir[i] Ərtvin ola) qonubdur. Ərdəhandan beş-altı günə atlı Xopaya gəlmək olur. Amma dərya kənarı quruyla getməyi məşəqqət söyləyirlər. Bizim hacılardan da bu yol ilə gələn olubdur zəhmət ilə.
Batum bir küçük və neçə yüz evli bir şəhərdir. İmdi paşa oturduğuna, bir qədər abadan olmağa bina qoyur. Çox heyf edirəm ki, paşa evdə olmadı ki, mülaqat edək. Adamları bizə mehribanlıq etdilər. Və onun iskələsində iki əsgər gəmisi gördük. Biz çıxanda azan verib, camaat ilə namazın qılıb, padşahlarına dua edirlərdi.
Şəbanın iyirmi üçündə günortaya iki saat qalmış Rizə şəhərinə daxil olduqda ətrabalarımızdan bir parasın sandal ilə Trabzana yola salıb özümüz qəsd etdik ki, buradan at ilə gedək, çün hərəmimiz qayətdə sahibi-azar oldu gəmi tutub. Və o sandaldan çıxıb, dəryanın kənarında bir yaxşı çəməngah qabağında, bir balaca irmaq kimi su axan ağacın dibində istirahətə əyləşib ətbalarımızdan birisin o yerin müdiri olan Məhəmməd bəy əfəndinin yanına göndərdik ki, izhari-əhval edib, bizim üçün bir otaq hazır edə.
Bu əsnada qalxıb, beş-on addımlıqda bir came vardı; durub, seyr qəsdinə gedib məscidin dairəsinə girdim. Bir əcaib çəməngah və yaxşı tut ağacları [var]. Və hücrələr və məscidi zinətli yerdir.
Sonra əvvəl düşdüyümüz yerdən qalxıb, hərəmimizi gətirib, orada istirahət etdikdə haman müdir Məhəmməd bəy əfəndi öz göndərdiyimiz adam ilə bir dəstar portaqal verib, qabaqca bizə irsal edib söyləmiş ki, apar bu portaqalları bəy əfəndimizin xidmətinə, bizdən də çox salam et. Səfərdən gələn adamlar üçün portaqal iyi olur; yeyib, istirahət eləsinlər. İmdi bu saat qulluqlarında hazır oluram.
Yarım rüb keçmiş özünün ətba və mülazimləriylə iyirmi[yə] qədər gəlib, bizi çox ikram-təzim ilə [...] öz hərəmlərinə gətirib və bizi dəryanın kənarında öz evinin bərabərində bir came də, oranın müftisi oturan müzəyyən, aquşqaları dəryaya açılan, qapısı məscidin qapısına qarşı olan hücrədə farağat etdilər. O gecə hərəmimiz tərəfindən fikrimiz mütəəddid oldu (quru ilə və balaca fluqə ilə Trabuzana getməkliyə). Gecə müdir Məhəmməd bəy əfəndi yaxında olan kəndlərə zabit göndərib səhərə qədər səkkiz-doqquz atlar adamlar ilə hazır etdilər və əlavə, bir balaca fluqə səkkiz kürəkçi ilə hazır etdilər — hansı pəsənd və xahiş olunsa ona minilə. So[n]ra o şəhərin alim və üləmaları və müdir Məhəmməd bəy əfəndi bizim quru ilə getməyimizə razı olmadılar. “Çox zəhmət olur və eniş-yoxuşu çoxdur” dedilər.
Quru ilə Trabuzana yol on doqquz saatdır. Günortaya saat yarım qalmış fluqəyə mindik. Sağ tərəfimiz dərya və sol tərəfimiz Ağrı dağı düşüb, bir ucu da Trabuzana qədər yetmiş ola.
Rizə bir bala[ca] şəhərdir; təzə görünən aya bənzər. Dağın arasında bina olmuş. Və oranın əhli yaxşı kətan çıdırlar heç məmləkətdə olmaya[n]. Və çox portaqal və limu və üzüm tənəyi və zeytun ağacı vardır. Və içində köhnədən əla binalar vardır. Və köhnədən bir qalaça imiş — bir ucu dəryaya gəlib bir ucu dağın üstə dolanmış ola.
Və o şəhərdən Trabuzana gəldikdə dərya ilə iki saatlığa qədər Səlmə dağın[ın] üstə və meşələrin içində yaxşı imarətlər görünür. Yeddi-səkkiz saatlıq da Of adlı qəsəbənin qabağından keçib gəlib, altı saatlıq da Sürmənə adlı qəsəbənin qabağından bir az dönüb, kənara, bir bövük daşın kölgəsinə düşüb bir az istirahət etdik. Of bir balaca qəsəbədir. İçində [müdir] oturur. Ətrafları ziraətgah. Və yaxında yaxşı çöl gəli və az-az zeytun ağacı görünür. Və Sürmənə bir balaca qəsəbədir ki, içində müdir oturur. Ətraflarında ziraətlər və talalar və onların içində zeytun ağacı çox görünür.
Oradan qalxıb, sağ tərəfimiz dərya, sol tərəfimiz ziraətlər və talalar ola, gəlib axşam namazına Trabuzana çatıb Gavur məhəlləsində təzə yapılmış ikimərtəbə bir imarətdə məks etdik.
Sabahı günü rus baliyozu yanımıza gəlib, mülaqat etdik. So[n]ra xahiş elədik ki, paşa ilə görüşək. O günü paşa qonağında olmayıb, Tuncanə adlı kəndə seyrə getmiş imiş.
Sabahı günü paşa gəlməmiş, kahyəsi bizim yanımıza gəlib bir qədər mülazimlər ilə görüşüb, getdilər. Bir az vaxt keçmiş qonsur tərəfindən xəbər gəldi ki, paşa gəlib evinə, görüşən vaxtdır. Bizdə gedib, qonsur ilə bərabər paşa [ilə] mülaqat etdik. Bizə qayət ikram etdi. Vaxtımız təng olmaq səbəbindən təkrar mülaqatımız müyəssər olmadı.
Bir neçə gün Trabuzanda oturduq vafur gəmisinə baxıb.
Kitabxana.az · https://kitabxana.az/works/qutqasinli-sefername
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: