Səfərnamə
Məzmun
Səhifə 1 / 15
[Şamaxıdan Qutqaşınadək]
Səneyi-1268[-də 26 cəmadi]yül-axir şənbə günü günortaya dörd [saat qalmış] şəhri-Şamaxıdan xudayi-ləmyəzəlin mərhəməti ilə həccə təvaf və mərqədi-rəsulillaha ziyarət et[məyə] əhli-əyalımız və ətbalarımız ilə azim olduq ki, əsl vətənimiz Qəbələyə gedib, oradan bu şərafətli olan məqamlara rəvan olaq.
Çün şəhri-Şamaxıda dörd sənədən ziyadə padşah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmur olmuşduq və ol ətrafın əyan-əşxaslarıyla ziyadə ülfətlənmişdik, ona binaən onların səğir və kəbiri və sair əhaliyi-şəhər və cəvanib cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar. Bir para sahibi-hörmətləri iki saat yol ötürüb, Qurd təpəsi ilə məsh olunmuş yerdən vidalaşıb, müraciət etdilər. Və xanzadə cənabi-Ömər bəy və qardaşı ilə və bir para bəylərlə Hovz mahalının sərhədinə qədər gəlib, Ağsu çayın kənarında vidalaşıb, onlar ayrıldılar. Biz namazı qılıb, yolumuza rəvan olduq.
Maçaxı qəryəsinə çatmamış, kənarında bibimizin və sair əqrəbalarımızın mərqədlərinə ziyarət edib, axşama iki saat qalmış Maçaxıda Zülfüqar bəy — ki, Qasanı mahalının bəylərinin nəslindəndir və bizim də əmməzamızdır — evinə nüzul etdik.
Maçaxı qəryəsi Qasanı mahalının bəyləri oturan kənddir. Müqəddəm abadan və gur kənd imiş. İmdi həştada qədər ev həmin olur. Özünün yaxşı bol suları və qabağından cari olan Girdman adlı çay və ətrafında yaxşı bulaqları və ziyadə meyvə bağları və çəməngahları vardır.
Şamaxı ilə bu kəndin arası altı ağac yoldur. Yolu, palçıq olanda qayətdə məşəqqət olur, çün gərək neçə dərələri düşüb-çıxasan və neçə dağları aşasan.
Biz Şamaxıdan çıxanda neçə saat külək yolda bizə zəhmət verdi. Sonra hava əmin olub, bizim üçün fürsət oldu ətraf cəvanibdən nəzərilə vidalaşmağ[a]. Yolumuzun sol tərəfi ki, cənubu ola düşmüş bir köndələn dağ üstündə və ətəyində yaxşı abadan erməni və müsəlman kəndləri və ziraətgahları və çaylar yarmış dərələrin arasından uzaqda görünür Sədərli və onun ətrafında mahalların çölgəsi ta Kür çayının kənarına can. Və sağ tərəf[i]dəki, şimalı ola uzaqda görünür qarlı dağlar və məşəqqət qayalar və ondan bir qədər alçaq[da] yaylaq — dağları göyçəmən, ətəyi qalın meşələr.
O dağlardan Fit dağı bir bərk yer olduğuna, mərhum Şirvan xanı Mustafa xan müntəxib edib, səneyi-fi 1229 köhnə şəhəri köçürüb orada şəhər bina etmişdi. Bir neçə ildən sonra genə haman Fit qalası və şəhəri xarab olub, əhalisi genə qədimi, köhnə şəhəri bina etmişlər. İmdi uzaqdan bizim gözümüzə haman xaraba dağlar meşə ilə örtülmüş görünür və meşəli dağların ətəyində Basqal adlı qəsəbə (ki, Hovz bəylərinin oturağıdı) və ondan əlavə, ziyadə kəndlər (ki, ətrafı göyçəmən səkilər və qayətdə basəfa meyvə bağları) görünür.
Cəmadiyül-axirin iyirmi yeddisində sübh tezdən yola düşə bilmədik yağış yağdığına, çün ol gecəki biz burada qalmışdıq, onda kəndin üstündəki dağlara qar yağmış idi. Xüsusən Layıc qəsəbəsinin cənubi tərəfində olan dağlar tamam qar ilə örtülmüş idi. (İsti məmləkətlərdə olanlar üçün bu, çox qəribədir ki, novruzdan bir ay keçmiş qar yağır).
Və qəsəbeyi-Layıcın əhalisi sənətkardırlar. Orada yaxşı tüfəng və tapança qayırılır və oturaq (?) misgərlər var ki, onların məkanlarından...
Sonra oradan qalxıb haman şəxslər ilə yolumuza düşdükdə öz nökərl[ərimizdən] [dal] badal bizi istiqbal elədilər ta Göyçayın kənarına bir qədər qalmış. Tamam Qutqaşın sultanzadələri səğirən və kəbirən və sair alimlər və hacılar istiqbalımıza gəldilər. Haman Maçaxı bəyləri orada bizim ilə vidalaşıb müraciət etdilər.
O çayda Şirvan ilə öz Qəbələ mahalımızın sərhədidir.
Axşama iki saat qalmış gəlib özümüzün xalisəsi olan Məhəmmədağalı adlı qəryədə nüzul etdik. Maçaxı ilə o kəndin arası altı ağac yarımdır.
O ətrafda olan kəndlərin müsəlmanı və ermənisi yanımıza gəldilər. Və oturub şimala baxanda iki dərənin arasında özümüz bina edən Qalacıq adlı kənd və yaxın ovlaqlar və Qasımxan qalası görünür.
Həm aşkar[...] [bağç]alar və gözəl çölgələr və abadan üz[ümlüklər] göründükcə keçmişdə oralarda k[eçirdiyimiz g]ünlər xatirə gəlib, [g]ələcək günümüzə xəyal gətirəndə dünyanın işləri adama bir vaqiə kimi gəlir. Bu torpaqları mühafizət etməyə nə qədər qanlar babamız töküb və özümüz nə qədər zəhmət çəkmişik abadan etməyə. Bu saatda nəzərə Dəvəbatan dağı rast düşəndə babamız mərhum Hacı Şəfi sultanın orada Nadir şah sərkərdəsinin müqabilində şikəst olub, tərki-vətən edib, əlhal nəsli[nin] Ərəbistanda və Şam məmləkətində vətən qərar tutmağı xatirimə gəldi.
Cəmadiyül-axirin iyirmi səkkizində sübhdən saat yarım keçmiş yola düşüb, bir qədər gedəndən sonra Navur qışlağı adlı qəryədə nüzul edib istirahət etdik. Burada tamam Qəbələnin əyan və əşxası, alim-üləması qabağa gəlib, qayətdə izdihamlıq ilə öz vətənimiz Qutqaşına daxil olduq (qabaqda çavuşlar salavat çəkə-çəkə) günorta vaxtında, çün Məhəmmədağalı ilə Qutqaşının arası üç ağac yoldur.
Şamaxıdan Qutqaşına on altı ağac yoldur. Maçaxı qəryəsi[nin ətrafı] xırda təpələr və dərələrdən [...]. Və onun qurtaran yer[...] [...] çəməngah və ziyarətgah düzlər ilə və yaxşı [...] [...]lar ilə tamam bağatdı. Bu kəndlər[də] ziyadə ipək [bağları] və meyvə bağları var və axar suların üstündə Şa[h] yolunun cənubi tərəfində [də]xi köndələn dağ xətt kimi çəkilib; üstlərində yaxşı abadan müsəlman və erməni kəndləri ki, hər qisim ziraət üçün qayətdə nəflidir.
Kitabxana.az · https://kitabxana.az/works/qutqasinli-sefername
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: