Arpaçay əfsanəsi
Səhifə 3 / 3 · 67%
Xançoban gedib Arazla Kür qovuşana yetişdi. Demək, bu itkidə Kürdə heç bir günah yoxdu! Arazda necə? Arazda da günah yoxdur! Arpaçayındamı? Düzünə gəlincə Arpaçayda da günah yoxdur! Bəs günah nədə, haradadır? Görünür, günah göylərin buludlarında, şimşəklərində, ildırımlarındadır. Bəli, şimşəklər, ildırımlar buludları yandıra-yandıra Arpaçayının başına boşaldır. Bu çayın suyunu aşdırıb-daşdırır, sellər də Sara kimi gözəlləri alıb qaçır. İndi Xançoban necə qanad açsın, dağların başına qalxıb göylərə necə uçsun, buludları, şimşəkləri, ildırımları necə sorğu-suala çəksin? Yox, Xançoban öz Sarasını sularda, dalğalarda axtarmalıdır! Ağırlıq etməsin deyə, o, çomağını Arazla Kürün qovuşuğuna atdı. Ümidini təkcə Saranın yadigar qoyub getdiyi saza bağladı. Obalar, ellərarası gəzə-gəzə Dədə Qorquddan üzü bəriyə gələn ozanlığa qurşandı! Çoban geyimindən çıxıb ozan geyiminə girdi. Arazla Kürün birləşdiyi yerdə, üzü Xəzərə doğru çoban dəyələrində gecələdi, balıqçı komalarında gündüzlədi, ozan oldu, ozan kimi oxudu, saz çalıb söz qoşdu, öz sözlərini “Apardı sellər Saranı, bir ala gözlü balanı” avazıyla qurtardı. Eşidən, görən dedi, bu sinəsi dolu ozan, əslində haqq aşığıdır! Bu ozanın sözləri Kərəminkindən yanıqlıdır, Məcnununkundan dərindir, Tahirinkindən tutarlıdır!
Xançoban Kür körpüsündən o tərəf-bu tərəfə keçdi. Aylar ötdü, illər dolandı, əvvəlcə onun qar kimi ağaran saqqalı qurşağına dəydi, yavaş-yavaş dizlərini bürüdü. “Apardı sellər Saranı” havası dildəndilə gəzdi, ağızdan-ağıza düşdü...
Yayın qızmar bir günündə Xançoban özünün yetmiş yaşına çatan zamanında, Kür-Araz birləşməsi ilə üzüaşağı Xəzərə sallandı... Xəzər xışıldayırdı... Dənizin dalğaları sahili şillələyib-döyəcləyirdi. Ucubucağı görünməyən dərya köpüklənə-köpüklənə üzü bəri gəlirdi. Sıxıla-sıxıla, sıvxırıla-sıvxırıla geriyə çəkilirdi.
Başına şiş çalma bağlayan, əyninə gen çuxa geyən, dizlərinə qədər yumşaq məs çəkib belinə qurşaq bağlayan bu ozan diqqətlə dənizə baxdı. O, çuxura düşən işıldaq gözlərilə gördü ki, necə də Kür-Araz birləşib dənizi yara-yara üzü o yana gedir, sonra da dənizin dərinliyində əriyə-əriyə itir. Elə dənizdən və Kür-Araz birləşməsinin çayırlıçəmənli hövzəsinə doğru Sara saçlı bir su pərisi üzə-üzə gəlir... Bu zaman Xançobanın gözünə pəriləşən Saranın qumral saçları səpələnmiş halda göründü... Onun ürəyi qəfəsdəki quş kimi çırpındı. Ozan az qala uçmaq, Saranın saçları üstündə qanad çalmaq, “Mən Xançobanam!” deyə özünə Saraya çatdırmaq istəsə də, heyrət içində dayandı. Xançoban əlini atıb, Saranın yadigar qoyub getdiyi, bu uzun müddət ərzində işlənib köhnələn sazı götürdü, sinəsinə basdı. Su pərisinə dönüb dənizdə əbədiləşən Sara qocalan, tamam-kamal dəyişib başqalaşan Xançobanı tanımasa da, öz sazının iniltisini-sızıltısını eşidən kimi qurşağa qədər qalxdı. Xançoban Saranın mərmərləşən ağ sinəsini heyran-heyran süzdü. “Apardı sellər Saranı!” mahnısını eşidən su pərisi kirpiklərini sıxıb “nakam məhəbbəti” göz yaşlarını inci kimi, səyriyən yanaqlarına tökdü. Bu qadir qüdrətin əsrarəngizliyi müqabilində saz çalıb, “Apardı sellər Saranı!” nəğməsini oxuyan Xançobanın taqətdən düşən dizləri qatlandı, sivri saqqalı torpağa düşdü. Ürəyi həsrətlə qovrulan bu ozan böyrü üstə bükülüb, əbədi yuxuya getdi...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-arpacay-efsanesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
Məhtaban 8Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Məhtaban 9Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Başqa şairlərin şeirləri
Cəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
DaradıUydum bu dünyanın olan gəştinə,Dedim ki, göstərməz mənə dar, adı.
Sabirabad pirinəKimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!