Səhifə 7 / 12 · 50%

Açıq sinədə, balaca klubun qabağında iclasdan yenicə çıxan cavanlar qaynaşır, iclas bağlansa belə sanki mabədi burada davam edir, əllər qalxır, qollar ölçülür, deyəsən elə söhbət də Kamilovun bu kolxoza verdiyi sonuncu göstərişin haqlı-haqsızlığı barəsində gedirdi... Mehman səkilini məhmizləyib cavanların qaynaşdığı yerə yetişdi, qızğın sözsov yarandı, gənc süvari icma qarşısında baş əyib, salam verdi, çevrilib səkilin belindən düşdü. Heç kəs müəllim geyimli prokuroru tanımadı. Hətta bir cavan oğlan:

– Müəllim xoş gəlib! – deyə qonağın əlini qızğınlıqla sıxdı. Ancaq içəridə başı iclas protokolunu düzəltməyə qarışan komsomol katibi çıxınca, qonağın müəllim deyil, prokuror olduğunu işarə ilə bildirdi, sonra da cavan prokurorun işə möhkəmcə girişdiyini, hətta icraiyyə komitəsi sədri Kamilovun özü ilə belə dilləşdiyini komsomolçulara çatdırdı. Gözlər qıyıldı, arada atmacalar dolandı:

– Elə prokurorun özü də komsomolçuya bənzəyir, qıs-qıvraq!

– Nə olar komsomolçudan prokuror olanda, balam?

– İcrakom sədri də komsomolçu olsa nə əcəb olardı!

– Amma da çalsaqqalı olmayandan hökumət qoydular, ha?!

– Kamilov kötük kimi yolumuza yamanıbdır!

– Bu kötüyü dağlardan gələn bir bahar seli aparacaqdır!

– Bəs haçan, bəs nə zaman? Yoxsa qum göyərəndə?

Baş-başa verən cavanların arasında pırtlaşma getdi:

– Zalım oğlu Kamilov biz komsomoldan bircəciyini kənd içində görəndə, elə baxır ki, elə bil ki, dəvə nalbəndə baxır!

– Əgər Kamilov özü dəvə də olsa biz onu nallayacağıq!

– Onda dünya üzünü su alar, Nuhun tufanı qopar!

– Qoy tufan qopsun!

Mehmanla ayrılıqda söhbətə girişən rayon komsomol katibi Altayı tez-tez yada salıb onun adından danışıb, elə də Kamilovun kölgəsini qılınclayan, tez-tələsik, özünü Mehmangillərə yaxın olduğunu büruzə verən komsomol təşkilatçısı kənardakı söhbətə qarışıb:

– Ay uşaq, lap belə də ağ eləməyin! – deyə guya ədəb-ərkana riayət etmək istəyirdi. – Kamilovun qarşısını firqəmiz özü alacaqdır!

– Qoy elə yoldaş prokuror da bəri başdan eşidib, bilsin ki, Kamilov qolçomağa da olmasa, onun quyruğuna güzəştə gedəndir!

– Onu sonra, onu öz yerində! – deyə komsomol rəhbəri əlini qaldırıb endirdi: “guya iclasın sirrini dağıtmaq olmaz”, – deyə tapşırıq verdi.

Söhbət bu yerə yetişincə kənardakı komsomolçular da o tərəfdən, bu tərəfə gəldilər, cavan prokurorla birbəbir görüşüb onu dövrəyə aldılar. Müəyyən söz-söhbətdən sonra komsomol katibi qonağı öz evlərinə dəvət etdi. Komsomol katibinin qarı nənəsi qabağa çıxıb, adəti üzrə, qonağa xoş gəldin elədi, cavan totuq gəlinini çağırıb çolpa tutmağı, çığırtma tədarükü görməyi qulağına xısıldadı.

– Bəs az olmazmı, nənə, bu qədər cavanların qabağında bir çolpa? – deyə gəlin Mehmanı müşayiət edən dəstəni göstərdi. Qarı nənə gözlərini gəlininə ağartdı, bununla da böyüyün kiçiyə qulaq asmalı olduğunu bildirdi. “Bu qızdan olsa, bir gündə bu evi komsomolun selsuyuna verib buranı fot qoyar”, – deyən qarı nənə dodaqaltı söylənib, qaynaşan cavanları süzdü. Qarı sərt və xəsis olsa da cavanlar ondan incimir, qarı nənəyə dolaşmadan, bəzən onu cinləndirib acıqlandırmaqdan, bəzən də könlünü alıb, güldürməkdən doymaq bilmirdilər... lakin bir anlığa yumşalan qarı tezcənə özünü bərkidib sərt sima alırdı...

qarı evin vahid hökmdarı, komsomol təşkilatçısı nəvəsinin də yeganə sahibkarı, ərinin qırxı çıxar-çıxmaz, tezcənə qoyub ərə gedən, bununla da zülmkar qayınanasına yanıq verən sabiq gəlinin hələ də barışmaz düşməni idi. Deməli, qarının azmı-çoxmu hakimliyə haqqı vardı. Bunu həm buraya toplaşan cavanlar, həm də komsomolçu gəlin bilməmiş deyildi... qarı qonaq qabağında qızarmayan, ancaq necə deyər, izafə yerə yumruğundan bir tək darı sızdırmayan idi. Deməli, bizim qarı nənə söhbətə var, süfrəyə yox idi! “Yoxsa bu iclaspərəstlər bu dam-daşı da yeyərlər, burada diş qurtdalamağa bir çöp də qoymazlar”. – Qarı varyoxunu ona-buna yedirib özünü qonşu möhtacı etmək istəməz, daş tərəzidə haqq-hesabını dolaşdırmaz, gəlirinə görə çıxarını təyin edər, yorğanına görə ayağını uzadar, yatanda belə büzüşüb yatardı... Qarı nənə öz işini bilən, əvvəlcə oğlunun, indi də komsomolçu nəvəsinin tüstüsünü düz çıxaran, qohum-qonşuya əl açmağı sevməyən, bir salım duz belə istəməyi xoşlamayan bir qarı, izafi adam üçün yox, öz qonağının xörəyi-çörəyi üçün əlləşdi, toran qovuşub, qaranlıq düşüncə qarının xasiyyətinə bələd olan cavanlar, bir-birinə göz vurub, yavaşca evlərinə yan aldılar. Daha vaxtdır deyən, gəlininə işarə edən qarı eyvanda, palıd taxtalarından düzəltdirdiyi geniş çarpayının üstündə yığcam süfrə açdı. Komsomolçu gəlin gah yaşmağını qaldırıb, qızaran yanaqlarını örtür, gah da qarının hökmranlığını unudub yaşmağını çənəsinə buraxır, onun qıpqırmızı dodaqları arasından sədəf kimi ağ dişləri görünürdü. Bizim təşkilat katibi Muğan bu kənddə hər bir işə qarışıb bir qulp qoyduğu halda, qarı nənəsinin işinə qarışıb heç bir qulp qoya bilmir, qarışmaq istəyəndə belə mütləq tutarlı zərbə alıb məğlubiyyətə uğrayıb geriyə çəkilirdi. Təzə qonaq başını qaldırıb hər şeyə baxmasa da gözaltı baxır, bir çox şeyi görürdü. Bu ailənin də üç nəfərdən ibarət olduğunu Mehman müəyyən edir, istər-istəməz bu ailəni öz ailəsilə müqayisə edirdi.

– Yox, Xatun fəqir anadır! – deyə Mehman anasının bu an necə nigarançılıq içində olduğunu, bəlkə indi orada qaranlığın içində, eyvanın məhəccərinə dayanıb, dağlar səmtinə baxdığını, göz çəkmədiyini təsəvvürünə gətirirdi... Ancaq bu gəlin başqa, o gəlin də başqadır!.. Burada çit paltarlı, balaca boylu gəlin qarı nənənin qulluğunda mövcud durub, düyəçə kimi fırlanır, ancaq orada hirsli-hikkəli Züleyxa xanım tovuz kimi sallana-sallana dolanır... Görünür, Züleyxanın anası Şəhla xanım onu elə böyütmüşdür. Totuq komsomolçu gəlini öz anası necə böyütmüşsə indi belə bir zabitəli qarının əlinə düşmüşdü. Qarı nənə öz sümüklü yumruğuyla daş-dəmiri yumşaldır, o ki, belə 18-19 yaşlı yupyumşaq bir gəlin ola?! Bu komsomolçu gəlin hər necə böyüdülmüş olsa da, qarı nənənin yumruğu altında bərmuma dönməli idi!.. Demək həyat müxtəlif, ailələr də müxtəlif, nənələr də müxtəlifdir! İndi Züleyxa görəsən nə eləyir? – deyə Mehman nəfəsini dərdi, onun təsəvvüründə ağac məhəccərə söykənən, həyəcan içində dayanıb, zülmət qaranlıqda öz oğlunun intizarını çəkən mülayim mehriban Xatun canlandı.

Üz-gözündən zəhm-zabitə yağan qarı hazırladığı çolpa çığırtmasının çox payını qərib qonaq üçün çəkib süfrəyə, Mehmanın qabağına qoydu... Sonra da qarı ağ beçə bal gətirtdi. Qarı nənə, nəvəsi üçün yüngül pay çəkdi, qazançanın dibində bir cüzi özünə və yumru gəlininə saxladı:

– Yeyin balalarım! – deyə qarı dönüb, mehribanlıqla Mehmana üz tutdu.

– Yoxsa bir azdan bizim Muğanın komsomolu tökülüb gələcək, sizə göz açmağa imkan verməyəcəkdir. – Qarı nənə gülüb dişsiz ağzını açdı.

– Bircə bu kənddə komsomollar məndən qorxurlar, yoxsa heç Allahdan da çəki-bəkiləri yoxdur... – Muğan başını bulasa da, açıq danışmağa adət edən, yaxşı-yamanı ürəyində gizləməyən qarı sayı-hesabı olmayan, gündə bir neçə dəfə axınıb gələn komsomolçuların müqabilində dayana bilməyəcəyini, “çəyirtkə dəstəsi”nə yeyib-içmək çatdıra bilməyəcəyini etirafa məcbur olub özlüyündə qərar vermişdi: bir su, bir də qovurğa-qoz! Qarı nənənin xasiyyətinə bələd olan komsomolçular xörək-çörək barədə qarını qızartmaz, onun qovurğa-çərəzini, əpələyə-səpələyə yeyib gülüşər, qarı qızışınca evdən çıxıb qaçardılar. Komsomol axınının təkrar başlanacağını, onların qonağın başına toplanacağını təsəvvürünə gətirən qarı:

– Ye, qızım! – deyə çığırtma qazanını ortaya qoydu, – mən tikəmi yağına batıracağam, sən sür-sümüyünə baxma, gəmir getsin, qab-qacağı yığıb-yığışdıraq qurtarsın!

Muğan altdan Mehmana nəzər salıb nənənin qoruq-qaytaq bilməyən sözləri müqabilində qızara-qızara başını yelləyib gülümsədi, qarının dəmir qanunu qarşısında acizlik çəkdiyini etirafa məcbur oldu. Mehman dinməzcə hərəkət etsə də, bu dağlı evindəki hər bir tərpənişə fikir verirdi. O gördü ki, burada həyat necə rəngsiz, boyasızdır, hətta içəridə olan nöqsanları belə gizləmir, başqalarının yanında ört-basdır etmirdilər. Bu həyat Mehman üçün yeni həyat idi. Zahirən nə qədər nəzakətsiz görünsə də bu doğru idi, düz idi. Şəhla xanımın, onun bacısı Katibə xalanın, onlardan təlim-tərbiyə alan Züleyxanın həyat və hərəkətində nə isə bir başqalıq, zahiri nəzakət, daxili bir fitnəkarlıq vardır...

Acıxan Mehman qarı nənənin çolpa çığırtmasını çox da böyük olmayan dairəvi yuxa çörəklə yeyib qurtarınca, qarı nənənin ehtiyat etdiyi komsomolun qabağı açıldı. Onlar özlərini istər-istəməz çaya çatdırdılar. Kolxoz sədrinin, qonşuluqdakı sovet sədrindən, elə də kolxozçulardan, kolxozçu qadınlardan belə müəyyən bir qisim adam da bir-bir tökülüb qonağın görüşünə gəldi. Hamı Mehmanla görüşüb, xoş-beş elədi... Müəyyən söz-söhbətdən sonra adam olan çözələndi, bəzisi dil-cavabı şikayət etdi, bəzisi də yazdırdığı ərizəsini prokurora yetirdi... Axırda özünü saxlaşdıra bilməyən qarı nənə qahmar çıxıb:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 dəq
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 dəq
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 dəq

Başqa şairlərin şeirləri