Ən müqəddəs məbədiydi vətən Vaqifin,Şair könlü bülbül kimi ötən Vaqifin.

Eşqi Vaqif ürəyinin qanında gördü,Gözəlliyi gözəllərin canında gördü.Millətini sarayda da yanında gördü,Şər işlərə qarışmadı şeri Vaqifin,Düşmənlərlə barışmadı şeri Vaqifin.

Dağa təpə, təpəyə dağ demədi Vaqif,Ömrü boyu haqqa nahaq demədi Vaqif.Ağa qara, qaraya ağ demədi Vaqif,Millətinin qəlbindədir adı Vaqifin,Sönməyəcək ürəyinin odu Vaqifin.

Vətənimin hər kəndində, hər şəhərində,İnsanlara gəl-gəl deyən al səhərində,Şeir, sənət söhbətinin şirin yerindəKimdir deyən haralıdır nəsli VaqifinÖz ellimdir, öz ellimdir əsli Vaqifin.

Qazaxlıdır, bakılıdır, qarabağlıdır,Gəncəlidir, şəkilidir, elə bağlıdır!Onu belə tanıyanlar tamam haqlıdır.Azərbaycan, anasıdır qoca Vaqifin,Şeir, sənət dünyasıdır, qoca Vaqifin.

Qarabağın dar günündə qara bağladı,Döyüşlərlə ölənlərə matəm saxladı.Şair gözü bir gün güldü, bir gün ağladı.Qələm tutan barmaqları yandı Vaqifin,Şeir deyən dodaqları yandı Vaqifin.

Dalıb seyrə zülmət gördü cahan mülkünü,Bel büküldü daşıdıqca dərdin yükünü.Min qüssəylə saldı yola gələn hər günü,Qan ağladı ilk baharı, yazı Vaqifin,Durnalara könül açdı sazı Vaqifin.

Ürəklərdən ürəklərə yol tapdı adı,Döndü çaxan şimşəklərə acı fəryadı;Hazır gördü başı üstə bir gün cəlladı,Gətirmədi qocalıqda bəxti Vaqifin,Ürəyindən qara qanlar axdı Vaqifin.

Qəlbindəki arzularla köçdü dünyadan,Keçdi aylar, ötdü illər, dəyişdi zaman.İnsan kimi nəfəs aldı bu yerdə insan,Kaş görəydi bu günləri gözü Vaqifin,Əyləşəydi söz taxtında özü Vaqifin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən