Görəydi kaş ki gözüm bir də şanlı Təbrizimi,Oğullu, qızlı qoçaq, adlı, sanlı Təbrizimi.Əyilməyən görüb ellər sınaqlı günlərdəÜrəkdə min yarasıyla o canlı Təbrizimi.

Xəzinələr verələr, vermərəm ki, bir daşını,Mənim qədər sevən olmaz fəğanlı Təbrizimi.Yuxumda da görürəm çox zaman, nədir çarəm,Beşikləri analı, qəhrəmanlı Təbrizimi.Nolaydı bir də görəydim, ömür vəfasızdır,Döyüşdə bayrağı tək bağrı qanlı Təbrizimi.Süleymanam, əbədi od sinəmdə gəzdirirəm,Başı həmişə bəlalı, dumanlı Təbrizimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq