Üzündən öpməyə çatmazdı boyum,Bir az da qalxardım pənxəmin üstə.Razıydım başımı çiyninə qoyum,Sən palıd cüssəli, mən boyu bəstə.

Ay dəcəl, şaqqanaq çəkib gülərdin,Mən sənə sarmaşıb əl-qol atanda,Öpüşü atana günah bilərdin,Doyunca öpərdim səni yatanda.

Deyərdin: – Kişilər hər gün öpüşməz,Üstümə güldürmə bütün məhləni.– Üz-gözüm qızarar, bu, yaxşı düşməz.Əsgər gedən günü öpərsən məni.

Təki, ömrüm-günüm, sən deyən ola,O günü görməkçin günləri saydım.Sən qatara minib düşəndə yola,Əfsus ki, mən cərrah otağındaydım.

İndi uzaqdasan, başımın tacı,Cahangir deyəndə səsim titrəyir.Sən silah götürdün, mən əl ağacı,Oğul ayaq döyür, ata büdrəyir...

Bu gün şəklin qondu əllərimizə,Belə uçurdardın göyərçinləri.Bir zərfin içində qəşəng, təptəzəƏsgər paltarında girdin içəri.

Atdım ağacımı yerə sevincdən,Körpə cəldliyilə atılıb-düşdüm.Görəndə ulduzlu papağını mən,Tale ulduzumla bir də görüşdüm.

Yayılıb otağa gülüş, zarafat,Çəkilib ayağı azarın, dərdin.Şəklin hamımıza verib qol-qanad,Ay oğul, sən mənə həyat göndərdin.

Qardaşın öyünür öz qardaşıyla,Qapqara gözləri nurdan durudur.Anan da isladıb sevinc yaşıyla,İsti nəfəsiylə şəkli qurudur.

Nə gözəl yaraşır bu geyim sənə.Çiynində paqonlar çıraq tək yanır.Sənə tapşırılıb taleyim, sənə,Sanıram arxamda bir dağ dayanır.

Üzündə müqəddəs Vətən qüruru,Alnında bir kişi ləyaqəti var.Qara gözlərində gözümün nuru,Bir uşaqlığın təravəti var.

Ondan da tezliklə gen düşəcəksən,Üzünə qonacaq sərtlik, mətanət.Orda cavanlıqla görüşəcəksən,Evdə uşaqlığın qalır əmanət.

Şəklini əlimdən yerə qoymuram,Qoy sənə məktubla çatsın bu xəbər.Yüz dəfə, min dəfə öpüb doymuram,Ay dəcəl, adamı belə öpərlər.

Ürəyi Vətənçün döyünən oğlum,Atanın köksündə döyünməyə gəl.Əsgər paltarını geyinən oğlum,Bəylik paltarını geyinməyə gəl.

Gərək qamətini bir az əyəsən,O vaxt əyilməyin yerinə düşər.Gün o gün olsun ki, özün deyəsən:Ay ata, kişilər belə öpüşər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri