Hitlerin dedikləri

Olmaz mənə bir çarə, işim yaşdı, dədəm vay!Düşdüm nə yaman dərdə, dilim çaşdı, dədəm vay!

Zənnim bu idi, hərbi cəsarətlə aparram,Düşmənləri hər yerdə əzib, bağrını yarram,Rusiyyəni başdan-başa on gündə qutarram,Məhv oldum özüm, il də yavuqlaşdı, dədəm vay!Olmaz mənə bir çarə, işim yaşdı, dədəm vay!

Xalqımda dəxi qalmayıb hərb etməyə taqət,Məngirləyir hər gün məni minlərcə fəlakət.İndi yığılıb, saziş edib üç iri dövlət,Dərdim yenə tüğyan elədi, daşdı, dədəm vay!Olmaz mənə bir çarə, işim yaşdı, dədəm vay!

Dünyada tapılmaz mənə bənzər qanacaqsız,Bildir qoşunum batdı, qırıldı yanacaqsız.Sarsaqlığım, bəs nə zaman siz qanacaqsız?Beynimdə ölüm qurdları oynaşdı, dədəm vay!Birdən qulağım batdı, yuxum qaçdı, dədəm vay!Olmaz mənə bir çarə, işim yaşdı, dədəm vay!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira