“Əkinçi” qəzetindəki məqalələr
Səhifə 1 / 2
1
Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər.
| Bir gündə yemin qədəri: | quru ot | kəpək | saman | zılx və kələm | arpa |
|---|---|---|---|---|---|
| Bir inəyə girvənkə | 25 | 4 | 8 | 30 | - |
| Bir öküzə girvənkə | 13 | 2,5 | 6 | 10 | - |
| Bir danaya girvənkə | 18 | 2 | 2 | - | 4 |
“Əkinçi” qəzeti, 19 dekabr 1875, №11
2
Yazıldı Moskva şəhərində sentyabrın 3-də. Doğrudur, bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur, amma bizim bəzi işlərimizə baxan görək bizi dəşti-qıpçaq əhli hesab etsin. Buna səbəb oldur ki, adəti-qədimə zəmanə rəftarı ilə düz gəlmir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimləri dəyişdirməyə səy etmirik: məsələn, 15-20 gün bundan sabiq bizim Şuşa şəhərində axşamdan bir saat keçmiş 7 əlixəncərli adam S... bəyin oğlu H... bəyin sərkərdəliyi ilə S... xanımın evinin üstünə tökülüblər ki, onun qızını aparsınlar. Qızı və onun anasını zəxmdar ediblər, amma ətrafda sakin olanlar haraya gəldiyinə qızı apara bilməyiblər. Təəccüb bu deyil ki, belə iş bizim içimizdə büruz edib, amma təəccüb budur ki, hamı silist edənə deyib ki, H... bəy tək olub, onun yoldaşı olmayıb və dəxi bunu fikir etmirlər ki, gələn səfər məzkur bəy bir qeyri babanın qızını aparacaq və birdə cənab S... bəy özü haraya gələnlərin qabağına çıxıb deyirmiş nə var, övrət-uşağa doğru getməyin.
Mərhəba bizim qədimi adətlərimizə. Bu bizim işlərimiz, bu da bizim qüvvətli cavanlarımız, bu da bizim S... atamız.
“Əkinçi” qəzeti, 22 sentyabr 1876, №18
3
İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burnotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş şey olmaz. Habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz; amma elə adət eləmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz.
Uşağın bədəni mum kimi bir şeydir. Uşaqlıqda ona hər nə surət verilsə, o surət onda baqi olacaq. Yəni məktəbxana insanın insan olmağına baisdir. Belədə bizim məktəbxanalara baxan gərək bizi adam hesab eləməsin.
Biçarə uşağı gətirib mollaya verəndə əvvəl zaman molla onu bir şagirdə tapşırır ki, ona “ustad” deyirlər. Ustad onu öyrədir: əlifdən beyətən, yüyürdüm evətən... Xülasə, bir neçə gün müddətində onu özü kimi edir.
Məktəbdə mollanın fələqqəsi və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata və ananın yumruq, silləsi və onların hamısının bəd əməli biçarə uşağı bir az zamanda oğru, yalançı və hər bədbihesablıqdan xəbərdar edir. Necə eləməsin ki, bu şərtlərdən daş daşlığı ilə əzilib tamam olar. Uşağın zərif bədəni buna davam edərmi?
Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə papiros çəkməyə adət edən təki adət edibdir. Deyir: uşaq döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim, döy ki, adam olsun. Və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq.
Ey uşağı olan və onlara təlim edən! Rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyillər. Onlar ilə adam kimi rəftar edin ki, adam olsunlar. Barı bunu yaddan çıxartmayın ki, sizin sillə, yumruq, fələqqə, çubuq eşşəyi adam etməz. Uşaq meymun təki bir şeydir, nə görsə ona əməl edər və əgər uşaq bir bəd əmələ mürtəkib olmuşsa, onda taxsır yoxdur, taxsır ol kəsdədir ki, bu əməli ona göstərib. Yəni taxsır sizdədir. Dəxi ol biçarəni niyə göyürsünüz?
İndi kitab və müəllimlərdən bir neçə kəlmə danışaq. Bizim məktəbxanada oxunan “Leyli və Məcnun”, Hafiz və qeyri uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şurə gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cərəkeş olmasın? Və bir də bizi oxudanda məhz oxuyub-yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxuduncan elmi-coğrafiya kitabını oxusaq, həmi yazıb-oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq.
Müəllimimizdən danışandan irəli bir məsəl çəkək: qədim yunan əhlinin bir qismi ruhani olub ki, onlara avqor deyirlərmiş. Xalq ziyadə avam olduğuna onlar çox bədbihesablıq edirlərmiş. Onlarda bir adət olub ki, bir-birinə rast gələndə hər iki avqor gülərmiş. Yəni belə gülməkdən bu eyham çıxarmış ki, əgərçi sən məni avam hesab edirsən, amma yaddan çıxarma ki, sən də mənim təki avamsan.
Əlhəqq, bizim müəllimlər bir-birinə baxanda gərək avqor kimi gülsünlər ki, onların hər ikisi avamdır. Amma xalq onlardan avam olduğuna onların işi işdir. Əlbəttə, ələ fələqqə və çubuq alıb əlif-beyi öyrətmək ilə adam müəllim olmaz (Biz elmi-ədyan müəllimlərinin üstə danışmırıq ki, onların işi başqadır).
Əgər bizim handa bir yaxşı müəllimimizdən sual edəsən ki, on üç dəfə on doqquz nə qədərdir, sənə cavab verməkdən ötəri bir saat barmaqlarını yumar, ya təsbeh çəkər. Bəs belədə avam olduğumuzu gizlətməyib, səy edib elm təhsil edəsən, yaxşı deyilmi?!
“Əkinçi” qəzeti, 6 noyabr 1876, №21
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-ekinci-qezetindeki-meqaleler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ağa Dərviş! Hacı sizdən təvəqqe edir zəhmət çəkib bir təqvimə baxasız, görək bu ayları necə yazıblar.– Əyləş, kərbəlayı. Bu ayları, atam, yaxşı yazmayıblar. Qar, çovğun, tufan, zəlzələ, cəng, qırğın. Camaat üçün çox bəd. Təqvim göstərən belədir.
Balaca mütəfərriqələr 23Təbriknamə*– ...Ağa Dərviş! Sənə bir dilgüşad, ruhpərvər müjdə versəm, mənə nə şəfaət edərsən, de görüm?!
Balaca mütəfərriqələr 24– Bu nə halətdir, ağa Dərviş, ağlayırsan?– Kərbəlayı! Bacılarımız, analarımız, tifillərimiz, qardaşlarımız əl-amanda, ac və həlakətdə. Ana döşündə aclıqdan süd kəsilib, əziz balası qucağında can verir! Vamüsibəta! Öz yerlərində, öz vətənlərində. “Tfu, bər tü, ey çərxigərdun, tfu!..”
Balaca mütəfərriqələr 25– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.