Səhifə 2 / 2 · 50%

Səfdərqulu. Atamızsan!

Bayraməli bəy. Mən bu saat sizə sübut edərəm ki, mən sizin atanız deyiləm, ya ki, siz məni ata hesab eləmirsiz.

Əsgər (kənara). Yenə sübutun başı açıldı. Allah, sən saxla!

Şahmar bəy (daxil olur). Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram... Nə bais olub sizin bu qədər qəzəbnak olmağınıza? Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz.

Bayraməli bəy. Mənim günüm itin günü! Otur, qardaş, dərdimi sənə deyim... Gör heç dünyada belə müsibət olarmı ki, mənim başıma gəlir?! Oğlanlarıma baxanda bilərsən ki, mən dünyada nə əziyyət çəkirəm; bu iki fərzəndlərdən bir kor qız çox yaxşıdı... Yüz-yüz verirəm və vermişəm, heç birisindən bir şey çıxmadı.

Şahmar bəy. Dadaş, bir az səbr buyurun, mən bu cavanlardan bir-iki sual edim, görüm bunlar nə mərtəbədə ağıl-şüur sahibləridirlər... Mənim əzizlərim, mən sizdən səbri-tamam ilə göftgu edəcəyəm. Gərək mənim suallarıma diqqəti-lazimə ilən müvafiqi-qaidə cavabdeh olasız.

Əsgər (kənara). Mən itəm əgər bu danışıqdan bir şey başa düşdümsə... Bu yazıqlar neyləsinlər.

Şahmar bəy. Bilmək istəyirəm nə tərbiyət və şüur sahibləridirlər, bizim cənablar?

Bayraməli bəy. Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, birisi kor öküz təki yıxılıb taxtın üstündə, biri də əyləşib xanzadə kimi... Heç biri yerindən tərpənmək istəmirlər, lazım bilmirlər ayağa durub ehtiram eləsinlər. O ki qaldı oxumağa, bu barədə əvəzləri yoxdur...

Şahmar bəy. Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən?

Səfdərqulu. Atam bir dəqiqə bir yerdə durmur, hər saatda yüz dəfə çölə çıxır, içəri girir, mən həmişə gərək ayağa durub baş vuram?

Bayraməli bəy. Yoxsa qorxursan başın boş olmağına görə düşüb itə, ona görə baş vurmağa cürət eləmirsən? Heyif deyil ki, baş yenə?: Murdar oğlu murdar! Cavabına bax, cavabına: “Mən həmişə gərək ayağa duram?” (Yamsılayır.) Duranda canın çıxar, murdar olarsan? Bığına bax, bığına! Boyuna bax, boyuna!

Əsgər (kənara). Zalım oğlu yenə ölçür.

Şahmar bəy. Dadaş, indi bildim ki, sizin zəminü asiman səbri-vüz varmış. And olsun xudayə, bir türfətül-eyndə dərilərin boğazlarından tülkü dərisi kimi soyardım hərgah mənim uşaqlarımdan birisi mənə belə cavab versəydi!

Bayraməli bəy. Durun ayağa, hər ikiniz sürünün mənim evimdən, gözüm sizi görməsin! Rədd olun başımdan, gedin nə tövr dolanmaq istəyirsiniz dolanın! Vəssəlam... Hm, nəyə tərpənmirsiniz? Yoxsa istəyirsiz boynunuza bir beş-on da yapışdırım?!

Şahmar bəy. Dadaş, sənə fəda olum, bir qədər səbr buyurun. Səfdərqulu, hələ demək, bu sənin atandır, çox yaxşı, bu evə girəndə ayağa durmağı lazım bilmirsən, çünki o bir dəqiqə necə ki özün deyirsən, bir yerdə durmur. Mən sənin ağsaqqal əminəm, görək mən gələndə ayağa niyə durmadın? Buyur görək.

Əsgər (kənara). Ay özün öləsən! Mən də dedim görəsən nə deyəcək.

Səfdərqulu. Durmadım-durmadım. Görək məni öldürməkmi gərək? Baş üstə, bundan sonra durram.

Şahmar bəy. “Baş üstə, bundan sonra durram”. Bu bir cavab olmadı... Bəs indiyə kimi öz borcunu niyə mülahizə eləməmisən? Yox, əzizim, yaxşı danış, mənə qandır görüm indiyə kimi niyə durmurdun? Mən ildə bir dəfə bu evə gəlləm, onda da belə hörmət? Eyibdir sizə. Axır sən iyirmi beş yaşında oğlansan.

Bayraməli bəy. O qarabağlı bəy oxuyan həcv nə tövr idi? “Deyirlər məsəldir məşhur törəyən itdən...” Xeyr, belə deyil. “Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu”.

Şahmar bəy. Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur.

Əsgər (kənara). Çox əcəb oldu. Belədir ki, belədir.

Bayraməli bəy. Eybi yoxdur... Yaxşı sözlərdir... Əsgər, qoçağım, de görüm, nə tövrdür.

Əsgər. Şahmar ağa buyurur ki, bir ucu sizə toxunur. Mən qələt elərəm, deyə bilmərəm.

Bayraməli bəy. Eybi yoxdur, de!

Əsgər (mərdanə). O qarabağlı belə oxuyurdu:

Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Hədsizdi bu viranədə, bişək, köpək oğlu.
Məşhur məsəldir ki, bitər ot öz kökü üstə,
Səgdən törəyən axır olar səg, köpək oğlu.

Bayraməli bəy (oğlanlarına). Əgər siz bu beş kəlmə sözü bir ayda öyrənə bilsəz, mən adımı alabaş qoyaram. Sizdə o şüur yoxdur, yox.

Əsgər (kənara). Camaat, siz öləsiz, bu beş kəlmə sözü qarabağlı bəy bunun özünə üç ayda öyrədə bilmədi.

Şahmar bəy. Mətləbdən uzaq düşdük... Mənim əzizlərim, sualıma cavab!

Əsgər (kənara). Füzul oğlu füzul, bəsdir də!

Səfdərqulu. Əgər şüur yoxdur, tərbiyə yoxdur, dəxi bizdən nə istəyirsiz? Allah xatirinə, dəxi bəsdir, bizi incitməyin, yazığıq, qoyun bu sabah ertə görək nə var.

Şahmar bəy. Səfdərqulu, bildim sən nəkarəsən. Kifayətdir... Rəsul, qardaşım, sən niyə əmin evə girəndə ayağa durmadın, əzizim?

Rəsul. Ağlıma gəlmədi, durmadım.

Bayraməli bəy. Hələ belə işlər dursun kənara... Dərsə niyə getmirsən, bişüur oğlu bişüur? Mən axır hər bir saata iki manat pul verirəm...

Rəsul. Pul vermirsən, o da dərs vermək istəmir, mən də getmirəm. Qurtardı getdi.

Bayraməli bəy (kitabça çıxardıb). Mən pul vermirəm? Mən pul vermirəm? Yalan danışma, qotur oğlu qotur!.. Şahmar, bircə otur burada, bir dəqiqə buyur bir-bir deyim, sən sal. (Şahmar bəy çotgəyə salır.) Yanvarda vermişəm əlli manat, sal.

Şahmar bəy. Bu əlli manat!

Əsgər (kənara). Əvvəl-axır çotgə gələcəkdir ortaya... Öləsən elə, ay milyonçu!

Bayraməli bəy. Mart ayında yetmiş səkkiz manat.

Şahmar bəy. Yüz iyirmi səkkiz manat.

Bayraməli bəy. Mayda yüz on bir manat pul və üç putdan on girvənkə kəm yağ, putu on iki manatdan, bu da elər, bu da elər... Əsgər, neçə elər?

Əsgər. İki putu iyirmi dörd, o da doqquz, otuz üç manat elər.

Şahmar bəy. Bərəkallah, Əsgər. Bu elər iki yüz yetmiş bir manat... Çox puldur, bunun altından çıxmaq olmaz.

Əsgər (kənara). Onda boğazınıza çatı salın!

Bayraməli bəy. Bu hesaba baxanda mənim on illiyim geri düşür, ay mürtədin balası. Canıma od düşür, ay qotur oğlu qotur!.. Ölürəm, ay zalım oğlu!..

Əsgər (kənara). Öl ha... öl ha!

Şahmar bəy. Dadaş, ondan keçib. İndi nə eləmək gərək barı heç olmasa bunlar bitərbiyət olmasınlar, əmiləri içəri girəndə ayağa dursunlar?

Bayraməli bəy (Səfdərqulunu ortalığa çəkib). Sən bundan tərbiyət gözləyirsən? Bir buna bax, sifətinə bax. Bığına bax, bığına...

Səfdərqulu. Kişi, Allaha bax, əstəğfürullah!

Bayraməli bəy. Əstəğfürullah deyəndə məni döyəcəksən? Çıx çölə, çıx! (İtələyir.) Gör necə murdardır a! Yaxın duranda it iyi verir, sürün!

Səfdərqulu (gedə-gedə). Qorxma, o iy məndən gəlmir...

Şahmar bəy. Tfu! Belə övlad olarmı? Allah qırsın sizi... Mən belə hərəkətlərə dözə bilmərəm. (Gedir.)

Rəsul getmək istəyir.

Bayraməli bəy (kağızı cibindən çıxardıb). Dayan oxu. Oxu, qotur oğlu qotur! Oxu! Əlli manat pul istəyir. Beş yol dərsə getməmisən, məlun oğlu məlun! Özü yazır ki, getməmisən... O mənə borc deyil deyir... Belə iş olar?

Rəsul. Oxumuram, oxumuram, oxumuram... Məndən nə istəyirsən, öldürəcəksən? Qabiliyyət yoxdur. Oxumuram.

Bayraməli bəy. Dərzi Arakelin oğlu bugün-sabah həkim gəlir, ay şüursuz oğlu şüursuz! Karapetin oğlu injenerdir, niyə ölmürsən? Niyə çatlamırsan, ay binamus oğlu binamus? Mən axır od tutub yanıram!

Rəsul. Belə tək sənin acığına oxumayacağam, ölsən də oxumayacağam!

Əsgər (kənara). İş yoğunladı, mən qaçım. (Qaçır.)

Bayraməli bəy (Rəsulun qulağından tutur). Oxumayacaqsan? Oxumayacaqsan? (Qulağın bərk dartıb) Yaxşıdırmı, yaxşıdırmı?

Rəsul. Əl çək, əl çək, əl çək deyirəm sənə... Əstəğfürullah!

Bayraməli bəy. Dəxi mənim canımı boğazıma yığdın sən... Yaxşıdırmı?.. İti döyməzlər, ay itin balası!..

Rəsul. Əl çək demirəm sənə?! (Boğazından tutub yıxır taxtın üstə) Bu da yaxşıdırmı? Sən məni təngə gətirdin, bu da yaxşıdırmı?..

Əsgər (daxil olub). Odu aayy! Heylə, başına dönüm, heylə!..

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci məclis

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)

189611 dəq
Üçüncü məclis

Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.*Cahangir bəy**. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.

18967 dəq
Dördüncü məclis

Vaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)

18965 dəq
Beşinci məclis

Vaqe olur Rüstəm bəyin bağçasında, gecə yarıdan keçmiş, Səadət xanım, Gülbahar və Hürü danışa-danışa gəlirlər.*Səadət xanım**. Mənim ağlım kəsmir ki, bu gün Mahmud şəhərə getmiş ola, heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram bu nə işdir? Deyirəm yoxsa bu evi yıxılmışlar o tərəfə gediblər?

18967 dəq

Başqa şairlərin şeirləri