Bu gün – bayram günü səhni-çəməndəGördüm nazəninlər xürrəm oturmuş.Mənim yarım nə danışır, nə dinir,Oların içində əbsəm oturmuş.

Oturub tək-tənha, qarışmır cəmə,Nə söhbətə qulaq asır, nə dəmə,Bənzəyir aşiqi ölən sənəmə,Əlləri qoynunda, pürğəm oturmuş.

Seyğəlsiz, sürməsiz gözlər ilə qaş,Dağınıqlı geysu, pozunuqlu baş,Çöhreyi-alında qətrə-qətrə yaş,Sanasan, gül üzrə şəbnəm oturmuş.

Soruşdum qızlardan, Allahı sevən,Neçin mükəddərdi o qönçədəhən?Dedilər: eşidib, ey bivəfa, sənOlmusan özgəyə həmdəm, oturmuş.

Sürünüb payinə, eylədim əfğan:İnanma bu sözə, yalandır, yalan!Şikəstə Zakirəm, hüsnünə heyran,Oxların sinəmdə möhkəm oturmuş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq