Ey bürci-səltənət, mahi-ənvəri,Düşməyəsən görüm ziyadən səni!Gecə-gündüz budur həqdən diləyim,Hifz eyləsin yaman bəladən səni!

Sipehri-bərinin hilalı sənsən,Şərafətdə mələk misalı sənsən,Güləşəni-Xəlilin nihalı sənsən,Barvər istərəm xudadən səni.

Məsihi çıxardan ərşi-əlayə,Salan üftadələr başına sayə,Yetmişdə İshaqı verən sarayə,Qurtarsın bu rəncü inadən səni.

Bəstəri-möhnətdə bixurdü bixab,Kim razı olur ki, çəkəsən əzab,Ol saqiyi-Kövsər eyləsin siyrab,Əzizim, daruyi-şəfadən səni.

Çubi-çini nədir, qibləsən, nəsən,Təəccüb eylərəm bu əhvalə mən;Dəstgirin olsun Hüseynü Həsən,Fərağət olasan cəfadən səni.

Səqfi-sərayını ey güli-növrəs,Həddi nədir elə nişimən məkəs?Tərcih verə gərək aqil olan kəs,İsəmətdə yüz huriliqadən səni.

Tikilən evlərə atandır səbəb,Payəndazın olsa, canlar nə əcəb!Cami-bəzmi-eyşin daim ləbaləb,Qalmayasan zövqü səfadən səni.

Bu nə keyfiyyətdir, bu nə macəra,Rəyncə dolanmaz təqdiri-qəza?Pədəri-mərhumun hər sübhü məsaGünilərdi badi-səbadən səni.

Şikəstə Zakirə veribsiz əmək,Əmək bilməyəni kor etsin nəmək,Necə ki, baqidir həyatı, gərəkUnutmaya xeyir-duadən səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri