Dağda da, düzdə də ömrümüz kimi,Gecəli-gündüzlü çağlayar sular.Baharda gülməkdən uğunub gedər,Payızda kövrəlib ağlayar sular.

Öpüşü güllərin bəsidir, bəsi,Verər hər ləçəyə həyat nəfəsi.Müğənni dağların tutulmaz səsi,Dərə boğazını yağlayar sular.

Torpaq istəyincə içməsə onu,Yanar Əsli kimi çöllərin donu.Damladır əvvəli, dənizdir sonu,Bizi eşqimizə bağlayar sular.

1975, 12 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar