VII

Hüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:

Suleyman Rahimov194411 min
VIII

Hüquq fakültəsinin böyük və zəngin kitabxanasında, göy xələtli kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri, professorları, elmi işçiləri istədikləri kitablarla təmin edirdilər... Onlar yan tərəfdəki qiraət salonunda səssiz-səmirsiz oxuyur, kağız üzərində qeydlər edirdilər. Diqqətlə qulaq asanda buradan, yalnız üzərində qələm işlənən kağızların xışıltısı eşidilirdi... Küncdəki balaca stolun arxasında oturan Mehman da, çoxdan əlləşirdi. O, buraxılışdan sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra “Azərbaycanın qədim dövrünə aid hüquq tariximizdən” adında bir elmi əsər üzərində işləməyi qərara almışdı. O hələ neçə ay idi ki, bu mövzu üstündə çalışır, kitabxananı çox arayır, az şey tapırdı. Professor Məlikzadə Mehmanın bu fikrindən xəbər tutaraq çox şad olmuşdu. Buna görə də o öz sevimli tələbəsinə baş çəkmək, ona məsləhət vermək qərarına gəlmişdi. Professor qapını arxa tərəfdən yavaşca açıb içəriyə girdi, əlini Mehmanın çiyninə qoydu. İşarə ilə qiraət salonundan qaldırıb kitabxanaya gətirdi. Şkaflar ağzınacan qalın cildli kitablarla dolu idi.– Çox zəngin kitabxanadır, – deyə professor böyük maraqla kitab dolu rəfləri göstərdi, – çox böyük dövlətdir!.. Bax burada hər bir dildə əsər tapmaq olar. – Professor əlini kitab qəfəsələrində gəzdirdi. – Bu dünyada hər şeydən artıq, hüquqa dair əsər yazılmışdır. – Professor gülümsəyib Mehmandan soruşdu. – Bilirsinizmi niyə? – Özü də cavab verdi, – çünki bu dünyada bizim sosialist inqilabına qədər zorakılıq, haqsızlıq hər şeydən çox olmuşdur!.. Bunun da dərin iqtisadi-siyasi səbəbləri vardır!.. Mən sizə məsləhət görürəm ki, elmi işiniz üçün bu cəhətləri nəzərə alasınız... Çünki dərin tədqiqat, böyük əmək və yuxusuz gecələr olmadan elmi əsər yarana bilməz!..

Suleyman Rahimov19447 min
IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

Suleyman Rahimov19446 min
X

Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

Suleyman Rahimov19445 min
XI

Mehmanın anası böyük bir təlaşla oğlunun şeylərini yığışdırır, təzə gəlin isə küncdəki balaca ayna qabağında özünü düzəldirdi.– Mən də gedəcəyəm, ana!

Suleyman Rahimov19444 min
XII

Mehmanın ailəsi, çox da böyük olmayan, yanı mətbəxli bir otaqda yerləşdi. Züleyxa otağa nə qədər bəzək-düzək vurmaq istədisə, yenə də əmələ gəlmədi; suvağın üstündən vurulan kağızlar hamısı qabarmışdı. Əvvəlki prokuror Zalovdan sonra otaq ağzı bağlı qalmış, rütubət çəkən divarların naxışlı kağızları cırılmışdı.İcraiyyə komitəsi sədri Kamilovun təkidinə baxmayaraq, müstəntiq Murtuzov bu otağa köçməmişdi; kənarda, ağzı düzə açılan köhnə mənzilində qalmışdı.

Suleyman Rahimov19445 min
XIII

Bəli, Qaloşlu adam prokuror idarəsinin həyət-bacasını arxayın-arxayın süpürür, yerə səpələnmiş kağız qırıntılarını, papiros qır-qırıntılarını və kör-kötüklərini tərtəmiz yığırdı.Mehman bu yeni mənzildə yerləşən gündən o, ev-eşiyi də təmizləyir, şey-şüyləri yerbəyer edir, qan-tər tökürdü. Qocanın bu halını görən Mehman anasına tapşırırdı ki, bu kişidən muğayat ol, həmişə işini qurtarandan sonra ona çörək ver, onu razı sal, yazıq fağır bir adamdır, görünür, kimi-kimsənəsi yoxdur.

Suleyman Rahimov19441 h 20 min
XIV

Müstəntiq Murtuzov təlaş göstərib, pərakəndə işləri sahmana salıb, bir-bir nəzərdən keçirir, prokurorun gəlməsini gözləyirdi. Elektrik işığı yanır, Murtuzovun sarı daz başını işıldadırdı.– İndi prokuror gələcək, izahat vermək lazımdır, – deyə o, maraqlı söhbət üçün mövzu axtarırdı, – gərək elə edəsən ki, gözünə girəsən, inansın!.. Yoxsa ayrı cürə iş uduzular.

Suleyman Rahimov19446 min
XV

Murtuzov geri-geri addımlayaraq öz otağına çəkildi, işləri qabağına töküb nəzərdən keçirməyə başladı. Bir az keçdi, qonşu otaqdan zəng səsi gəldi. O, qulaq verdi, raykom katibi Vahidov, Mehmana zəng edirdi. Murtuzov yavaşca ayağa durub astanadan o yan-bu yana boylandı, tez-tələsik özünü icraiyyə komitəsinə saldı. Kamilov təkcə oturmuşdu. O, əllərini boynunun ardında daraqladığı halda yırğalanır, astadan fişdırıq çalırdı.– Nə var, silistçi? – deyə o, iri əllərini boynu ardından çəkmədən ağzını çuval kimi açıb əsnədikcə əsnədi, – təzə nə xəbər?..

Suleyman Rahimov19445 min
XVI

Rayon partiya komitəsindən təkrar zəng edildi. Mehman stolu və şkafı örtdü, iki böyük iş qovluğunu da qoltuğuna vurub çıxdı, qapını bağladı, açarı cibinə qoydu, müstəntiqi özü ilə aparmaq məqsədilə səslədi, küncdə, başını stol üstünə qoyub yatan Qaloşlu adam oyandı, gözünü ova-ova:– Yoldaş prokuror, o hara isə bayaqdan getdi, – deyə xəbər verdi, – xeyli vaxt olar!

Suleyman Rahimov19446 min
XVII

Kabinetin qapısı bir qədər yelli açıldı, uzun koridorda əyləşib sükuta gedən qapıçı ilə Qaloşlu adam səksəndilər, Kamilov onları görüb saymadan pufuldaya-pufuldaya içəriyə girdi, ağızucu salam verib stulu qapdı, stolun baş tərəfindən qoyub oturdu. O, əlindəki lülələnmiş kağızı tez açıb stolun üstünə sərməyə başladı.– Başdan-ayağa həngamədir, – deyə şikayətləndi. – Bu Baş Yağ İdarəsi iki ayağını bir başmağa qoyub boçka vermir ki, vermir, yağını yığıb göndərəsən özünə! Rayondan gedən hər bir teleqrama da boçka əvəzinə bir-birinin quyruğuna düyülmüş beş teleqram çəkir!.. Surəti ispalkoma, surəti raykoma, surəti artelə, surəti hara-hara?!. Yuxarıda boşbekar oturub aşağıdan özünü sığortalayır bu Baş Yağ İdarəsi! Bir baxın, – deyə Kamilov teleqramları çıxardıb Vahidova göstərdi. – Pir olmuş, deyəsən bəs mən özümü burda boçka qayıracağam?!.

Suleyman Rahimov194415 min
XVIII

Anbardar Məmmədxan ağzına qədər müxtəlif mallarla dolu anbarın içində, dəmir gözlüklü balaca pəncərə qabağında oturub sənədlərini də stolun üstünə sərmişdi. O, son zamanlar, rayonda başlanan ciddi təftişlər nəticəsində öz yazı-pozularını təkrarən diqqətlə nəzərdən keçirir, sahmana salırdı. İndiyə kimi fürsət tapıb Murtuz Murtuzovla görüşə bilməməyi onu çox bərk darıxdırırdı. Bu arada neçə dəfə o, Yavər Murtuzovanın yanına getmiş, müstəntiqi soruşmuş, onun idarədə bərk məşğul olduğunu bilərək əvvəlcə büzüşmüş, sonra qəddini düzəldərək şax addımlarla geriyə qayıtmışdı. Məmmədxanın bu dərəcədə narahatlığını eşidən Murtuzov aradabir fürsət tapıb işarası özünü anbara saldı. Ağzınacan şəkər tayları, yağ boçkaları, arşın malı bağlamalar və s. şeylərlə dolu olan anbar Murtuzovun ağzını sulandırdı. O, bir müstəntiq görkəmi alıb anbarın mallarını yoxladı; toza bulanmış halda qayıdıb balaca stolun yanına gəldi.– Bilirsənmi, aşna, işin çox yaman yaşdır, – deyə o, rəsmiyyət ahəngi ilə dilləndi. – Az da yox, çox-çox yaşdır!.. Hələ bilmirəm bu stola sərdiyin cızma-qara kağızlarda nə var?.. Ancaq diqqətlə baxanda, anbar siçanla doludur. – Murtuzovun qırışıq üzü açıldı, o səsini qaldırdı. – Hər şeyin bir qaydası var, aşna! Özünü də gündə dörd kərə başıalovlu bizə atırsan! Sən bəyəm qanıb bilmirsənmi ki, bu yer üzündə mənim dolaşıq işi görməyə gözüm də yoxdur?!.

Suleyman Rahimov194410 min
XIX

Getdikcə Mehman təcrübi işə daxil olur, rayonu tanımağa başlayırdı. Rayon partiya komitəsi katibi Vahidov incə, cavan prokuroru çox sevir, onunla söhbət etməkdən zövq alır, arabir onunla şəhər kənarına gəzməyə çıxırdı. Gənc prokurorun raykom katibi Vahidovla belə qoşa gəzməyi Kamilovu bərk darıxdırırdı: “Dünən yox, srağagün bura təşrif gətirən, ağzından süd qoxusu gələn bir para prokuror hara, bir rayonun siyasi ştab naçalniki, saçlarına dən düşmüş bir raykom katibi hara?” – deyə o, üz-gözünü turşudurdu. Baxdıqca, fikir verdikcə, Kamilov bu cəhəti öz sinəsinə sığışdıra bilmirdi. Buna görə o öz katibi Sərrafzadəyə, müstəntiq Murtuzova tapşırıq verirdi ki, bu qoşa gəzən adamları gözdən qoymaq olmaz. Yoxsa niyə bu söhbətdən doymasınlar?.. Ya niyə kənar bir adamı söhbətə daxil etməsinlər?!.Əlbəttə, Sərrafzadə canla-başla bu vəzifəni yerinə yetirməyə başlamışdı. Qadınlar arasında gedən söhbətləri o öz bacısı Zərrintac vasitəsilə toplayır, Kamilovun ovcuna qoyurdu. Murtuzov isə prokurorluq idarəsində baş verən ən kiçik hadisələr haqqında Kamilova məlumat verdi.

Suleyman Rahimov194434 min
XX

Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.

Suleyman Rahimov194418 min
XXII

Bütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..

Suleyman Rahimov19445 min
XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

Suleyman Rahimov19444 min
XXIV

Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

Suleyman Rahimov19449 min
XXV

Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.

Suleyman Rahimov19446 min
XXVI

Gecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.

Suleyman Rahimov194414 min
XXVIII

Ani sükutdan sonra Əbdülsalam təkrar güllə kimi qapıdan çıxdı. O, küçənin qatı qaranlıq və işıq düşməyən yerlərilə yanlarını basa-basa yeridi. Aktyor paltarını geyinən həvəskarlar qapıdan bayıra çıxmadan rejissorun qaraltısını gözdən itirincəyə qədər süzdülər.– Yox, tamaşa pozuldu! – deyə əllərini dizlərinə vurdular. – Dərimiz didildi!

Suleyman Rahimov19447 min
XXIX

Şəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.

Suleyman Rahimov19448 min
XXX

Balaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”

Suleyman Rahimov194414 min
XXXI

Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.

Suleyman Rahimov19443 min
XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

Suleyman Rahimov194420 min

Tags are assigned automatically from keywords and refined by editors.