Ismayil Shykhly: Soviet era
Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Arxların kənarındakı buzlar istinin təsirindən çatlayıb ovxalanırdı. Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal olurdu.Şəhərdən çıxıb uzanan asfalt yol ağ çölləri qara xətt kimi yarıb keçirdi. Yaz aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdı. O tayda, bağların içində kənd evləri görünürdü. Bacalardan burula-burula qalxan tüstü duman kimi kəndin üzərinə yayılmışdı. Uzaqdan qara nöqtələri andıran heyvanlar çöllərə səpələnmişdi.
2Gurhagur yanan dəmir peçin istisi otağı bərk qızdırdı. Çarpayıda, yumşaq yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü.Bədənnüma güzgünün qabağında oturub qaş-gözünə sığal verən Sayalı ərinin səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə düşmüş yorğanı götürüb onun üstünə örtdü. Onun iri döşləri Qurbanın sinəsinə toxundu. Sayalı xeyli ərinin başı üzərində dayandı. Qurban nəfəs aldıqca qalın dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs aldıqca xırıldayırdı.
3Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydu. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.– Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm.
4Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?
5Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - deyə Gülsümə təskinlik vermişdi. Amma evə gəldikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".
6Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə-sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər nəyi isə qovurdu. Deyəsən, qara düşmüş dovşana rast gəlmişdilər.Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. Qarıya elə gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi.
7Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına divardakı şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış qəzetlərə, kilabçalara baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş və bir-iki dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qəzetləri çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir-birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu idarədəki qəzet və kitabları nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. Özünü saxlaya bilməyib soruşdu:– A Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü açandan səni belə görmüşəm.
8İmranı pis qarşılamadilar. Doqqazda görünən kimi Şahnaz eyvandan düşüb kəlağayısının ucları yellənə-yellənə onun qabağına gəldi. Gülə-gülə salamlaşdı və kənara çəkilib İmrana yol verdi.– İt bağlıdır, qorxma...
9Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.
10Eyvanın dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçıq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"
11Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.
12Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq saxlayıb qulaq verdi.– A bala, camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən?
13İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.
14Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.
15Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.
16Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.
17Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
18Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.– Getmə, səninlə işim var.
19Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
20Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
21Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"
Tags are assigned automatically from keywords and refined by editors.