Uzeyir Hajibeyov · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Keçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetələrdə nafe məqalələr yazmaqla oxuyanlara bir növü mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs və səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı, mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümum müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir. Amma müəllimlər ictimai bu halda həmişə mümkün deyildir. Halbuki belə bir ictimaə möhtac olmayıb da mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsələlərindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər.Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər.
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyikMəktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.
Dövlət şurası və Rusiya müsəlmanlarıBiz unutmamalıyız ki, Rusiyada bizim şadlığımıza səbəb olan dövlət duması ilə bərabər, qəm və ələmimizə bais olacaq bir Dövlət şurası dəxi mövcuddur.Dövlət şurası Dövlət dumasından qabaq dəxi ərzi-vücud etməkdə idi; ol vaxtlarda Dövlət şurası ministirlərdən və padşah tərəfindən təyin edilən üzvlərdən, təşkil edib, qanun vəzlərində ministirlər ilə müşavirədə bulunmaq vəzifəsini ifa etməkdə idi. Zatən bu məclis bürokratların zübdələrindən əmələ gəldiyinə görə camaat mənafeyinə dair heç bir təşəbbüsdə bulunmayıb, ancaq ministirlər heyəti tərəfindən vəz olunan qanun və nizamları bilamübahisə və müzakirə təsdiq etməyə məşğul idi. O səbəb görə də əvvəllərdə Dövlət şurasının vücudiədəm – nə bərabər olub, heç bir əhəmiyyətə layiq deyil idi. Lakin Rusiyada azadlıq hərəkatı başlanıb vəkaləti-maliyyə təşkili lüzum görüldüyü vaxt Dövlət şurasının əhəmiyyəti artdı. 1906-cı sənəsi fevralın iyirmisində sadir olan manifestə görə Dövlət şurasına vəziqəvanində iştirak etmək ixtiyarı verilib, heyəti dəxi bir dərəcəyə qədər təğyirə möhtac oldu.
Hökumət bəyannaməsi və Dumaİndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyiməmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi həman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzəra heyətindən ibarətdir, ədəmi-etimadını göstərir. O surətdə vüzəra heyəti istefa verib əvəzində digər bir heyət təşkil olunar.Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənir idi.
Məşədi Kabilin Təbriz səfəriMəşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.
Zənburçulara ciddi bir təklifÜmum millətimizin asayiş və səlamətliyini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün zənbur çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf etməklə xain, həsud və bəxil zənbur çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvüləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində – deyil ev tikdirmək, banklarda pul saxlamaq, – bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq zənburçular nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu, bir ciddi təklifdir.
Ümumvladiqafqaz camaatına açıq məktubÜmumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.
Vladiqafqaz caamatına bir də açıq məktubƏfəndilər!“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.
Dövlət Dumasının buraxılmasına dairMəlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin, söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edirmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz; lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da əhali arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu; şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüquunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır; çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı.Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Fillandiyaya gedibdirlər.
Halımıza dair 2Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!
Məclisi-məbusanimizdə nə olur“Parlamentarizm” üsulunu Rusiyada işlətmək, görünür ki, çox çətin imiş. Birinci dumanın tez bir zamanda dağılması və bu ikincinin də bu yaxınlarda, şübhəsiz dağılacağı və dumanın varlığında, yoxluğunda Rusiyada şiddətlə davam edən ayrı-ayrı və külliyyətli iğtişaşlar və şurişlər və rus hürriyyətpərvərlərinin minlərcə partiyalara bölünməsi və nəhayət “rus milləti ittifaqı” adamlarının bu axırlarda kəsbi-qüvvət edib, Rusiya azadlıq hərəkatına böyük bir sədd təşkil etməsi belə bir fikir təlqin edir ki, Rusiyada dövləti, sair dövlətlər kimi, parlamentarizm üsuluna, guya, qabil deyilmiş. Bütün hadisələrin hamısı bu silsiləyi-biintiha kimi görünür. Heç ağlına gəlmir ki, bu qatillərin, qarətlərin, hücumların, vuruşma və toqquşmaların bir axırı olsun və Rusiyanın məşrutiyyəti-tamə əsası üzrə kəmali-sükunət və fəraqətlə mədəni bir ömr sürəcək zəmani elə bəid və uzaq görünür ki, onun hüsul və vüsuli haman xəyali-xamə bənzəyir...Rusiyadan artıq istibdad və üsuli-keyfi-mayəşayə uğramış olan İranda parlamentarizm üsuli nə qədər qeyri-mükəmməldirsə də, yenə də əlan isbati-vücud etməklə bərabər, böyük bir ümid dəxi təlqin edir ki, bu gün sabah İran mükəmməl və müntəzəm bir hökuməti-məşrutə olub da Asiyada Yaponiyanı tək qoymayacaqdır. Barı heç olmasa İranda hökumətin də, məclisin də əməl və rəftarından sızılan və hiss edilən budur ki, bunların məqsədləri doğrudan da məmləkəti əhya etmək və diriltməyə tuşdur.
Bizim adi söhbətimiz(Oxuculardan üzr istəyirəm. Hərçənd söhbətlərimizin elələrini seçmişəm ki, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm)*Salaməleyküm
Səhnənin tərbiyəvi əhəmiyyəti haqqındaPublisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”.Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir.
Vəzifəyi-musiqiyyəmizə aid məsələlərAzərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?
Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiriCümləyə məlum olduğu üzrə, dünyada heç bir şey qalmamışdır ki, Qərb alimləri oraya əl aparmamış və lazımınca təhqiqat aparmamış olsunlar. O cümlədən qədim Şərq musiqisi dəxi Qərb alimləri tərəfindən tədqiq və təhqiq edilib, bu xüsusda qalın kitablar yazılmışdır.Qədim şərq musiqisi haqqında çalışan alimlərdən başlıcaları [Kizevetter] ilə onun bacısı oğlu [Ambros]dur.
Cəmiyyət başçılarının nəzər-diqqətlərinəMədəniyyətli tayfalar içində bir cəmiyyət təşkil olunduğu vaxt bu cəmiyyətin bani və müəssisləri işin orasına diqqət yetirirlər ki, həmin cəmiyyətə əza olan şəxslər cəmiyyətin görəcəyi işlərdə ixtisas sahibi olsunlar, yəni əhli adamlardan olsunlar. Haman işi mütəxəssis və ətraflı surətdə bilsinlər. Söz yoxdur ki, əgər elə bir cəmiyyətin əzaları cahil və nadan olsalar, o cəmiyyətin işləri heç bir səmər verməz.Lakin bizlərdə camaatımız içində elmli adamlarımız az olduğuna görə cəmiyyətlərimizin əzalığına cürbəcür adamlar intixab olunur ki, cəhalət və nadanlıqları üzündən cəmiyyət və idarə işlərini ləngə salıb işin sürətinə, irəliləməsinə mümaniət göstərirlər.
Erməni-müsəlman sülh məclisinə dairTamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.
Vəkillərimiz nə tövr olmalıdırBakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.
Üçüncü Rusiya müsəlman ictimainə dairQəzetələr verdiyi xəbərə görə (Nijni Novqorod) da Rusiya müsəlmanlarının üçüncü məclisi olacaqdır. Bu məclisə Rusiyanın hər tərəfindən müsəlmanlar cəm olub, əz hali-hazırələrini mövqeyi-müzakirəyə qoyacaqdırlar. Bu, müsəlmanların ictima qurub, əz ümumi dərdlərinə dərman aramaq üçün icra etdikləri üçüncü təşəbbüsdür. Müsəlmanların keçmiş ictimalarına dövlət izn vermişdisə də sonra nədənsə mane olub qoymamışdı ki, ictima bir müəyyən qərardad tərtib edə bilsin. Ümid var ki, müsəlmanların bu üçüncü təşəbbüsü dövləti heç bir suifikrə salmayıb “bilaməmani”ə icra olunar. Şəksizdir ki, Rusiya müsəlmanlarının bu gələcək ictimai ümumi olacaqdır. Yəni bütün Rusiyanın hər yerindən və bizim Qafqazdan da oraya vəkillər gedib, ehtiyacati-ümumiyyəmizin müzakirəsində iştirak edəcəkdirlər. Bu ictimaın biz Ümumrusiya müsəlmanları üçün ən böyük faydası olacaqdır ki, Rusiyanın müxtəlif yerlərini iskan edən müsəlmanlar öz nümayəndə və vəkilləri vasitəsilə bir-birilə görüşüb, danışıb, öz aralarında əbədi bir irtibat qoymağa səy edəcəkdirlər. Bu halda Sibirya və Orta Asiya müsəlmanları ilə Orta Rusiya müsəlmanları arasında olan irtibat biz qafqazlılar ilə ora müsəlmanları arasında yoxdur desəm yalan olmaz. O vaxt ki, Rusiyada ümum müsəlmanların yalnız bir qəzetəsi var idi və o qəzetə də Qafqazda, Bakı şəhərində nəşr olunurdu. Qafqaz müsəlmanları ilə Rusiya müsəlmanları arasında ittifaq və irtibat əlamətləri dəxi var idi. Qafqazlı və rusiyalı müsəlmanlar bir-birinin ehtiyacatından xəbərdar, bir-birinin qəm və fərəhindən hissəyab olurdular: Birinin ittifaq və ittihadı andıran sözlərinə digəri can və dil ilə haman sözləri cəvabən deyirdi. İndi isə Rusiyada müsəlman qəzetələri çoxaldıqdan sonra, hər kəs “öz əli öz başı” olub bir-birlərinə baxmaq da istəmirlər. Ümum müsəlmanlara münasibəti olan ehtiyaclar bütün qəzetə sütunlarında yazılır, müzakirə edilir. Lakin nə o tərəf və nə də bu tərəfin yek-digərinin xüsusi ehtiyacatını nəzərə almayır, bu ehtiyacatların rəfi xüsusunda dil bulamayır, bildiyi çarələri təklif etməyir...Zənnimcə, Qafqaz, Rusiya qəzetələrindən ötrü böyük və əhəmiyyətli bir sərmayəyi-mübahisə və mükalimə olan kimi, bizim Rusiya müsəlman qəzetələrindən ötrü də oylə olmalıdır. İki-uç ildir ki, Qafqazda vaqe olan hadisat ənzari-əçanabi özünə cəlb etməyə bilmədi. Rusiya müsəlman qəzetələri isə guya Qafqazdan üz döndəribdirlər. Yaxud qan meydanına dönmüş Qafqaz barəsində bir şey yazmağı, bir təsəvvür izhar etməyi lazım bilməyirlər. Doğrudur, Qafqaz qəzetələri dəxi Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı haqqında bir o qədər qələm çalmayırlar. Lakin iş buradadır ki, Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı, Ümumrusiya müsəlman ehtiyacatına qərib bir halda olarkən Qafqaz müsəlmanlarının xüsusi ehtiyacı bir bəlayi-nagəhandan ibarətdir. O bəla ki, onun üstündə binəva Qafqaz müsəlmanlarının əleyhinə bütün Rusiyada və hətta məmaliki-əcnəbiyyədə dəxi min cürə böhtanlar, iftiralar yazmaqla onsuz da hər bir hüquqdan məhrum olub yazıq qalmış müsəlmanları daxildə gözdən saldılar və axırda o məqamə yetirdilər ki, Rusiyada sakitlik sevən və rahatlıq tərəfdarı ədd olunan sadədil müsəlmanlar fəsadçılara layiq olan tənbihatə giriftar oldular...
Qafqazda müsəlman kəndlisinin halı1S i ç a n. Atakişi əmi, taxılın cücərmədi?
Fəxr etməliyizmi, məyus olmalıyızmı?Misirdə nəşr olunan “Türk” qəzetəsi, “Əhalimizi oyandıracaq biriki yol” sərlövhəsi və “Xorasani” imzasilə yazmış olduğu məqalə xüsusəsində Osmanlı millətinin istibdad təsirilə aludəyi xabi-ğəflət olduğundan bəhs edərək, oyandırılması üçün yollar göstərir və o yollardan biri olmaq zənnilə, biz Rusiya müsəlmanları ilə İran müsəlmanlarının bu barədə bözli himmət etmələrini ummayır.“Türk” məqaləsinin başında deyir ki: “Əhalimizi (yəni Osmanlı əhalisini) oyandırmaqdan muradım, onları oxudub, öyrətməklə zehinlərini açmaq demək deyildir. Onun nə qədər lazım olduğunu əhalimiz çoxdan anladı.
Muğamat və xalq mahnılarının ifası haqqındaYoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Biz hamımız Qafqazlı balalarıyıqDaha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.
Mədəni ingilislərin vəhşi yırtıcılığıRus qəzetələrini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən məəl-təəssüf xəbərdar oldum. “Liberalnı” adlanan ingilis qəzetələrindən “Tribyun” adlısı yazır ki, bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda ingilis zabitlərindən, birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və 2 nəfərini qırmanc (qamçı) ilə döyüb əziyyət verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamısını qətl edibdirlər...Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun. Amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Nə tövr öldürür?
Dövlət Duması buraxılacaqmı, yoxmu?Əlan, bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir.Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada “sol firqə”lərin əksəriyyəti təşkil etmələrini gələcək hökumət üçün bir fali-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın “sol”ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdırlar ki, bu da onların qovulmasına bəhanə olsun.