Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.
Elmi-musiqi “İttihad” mədrəsəsində“İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu.Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib.
Bir əldə iki qarpızı tutmaq olmazÖmrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”.Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.
Tövhid“Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi.Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”.
SəhvBu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:
NovruzAx, gözəl bayram, ax gözəl novruz! Ax, min-min balaca uşaqların qəlblərini şad edən novruz!Vəqti bəharəst xiz, ta betamaşa rəvim.
Təzə xəbərQardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.
BizBiz nəyik?Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasındadır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır; bəlkə elə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?!
Osmanlı ilə İtaliya davasıOxucularımıza ərz olsun ki, Afrika qitəsinin şimal tərəfində, Ağ dənizə yapışıqı Osmanlının bir vilayəti var ki, ona avropalılar “Tripolis” deyirlər. Amma türklər “Trablisi-qərb” adlandırırlar (Türkiyədə, Beyrut vilayətində Osmanlının “Trablisi-Şam” adında bir şəhəri də var).Trablisi-qərbin əhvali-tarixiyyəsi çox qarışıqdır, burada çoxlu davalar, iğtişaşlar üz verib; əgər hamısını yazsaq, idarəmizə göndərilən uzun məqalələrə yer olmaz. Ancaq müxtəsərcə bunu ərz edək ki, Trablisi-qərb tarixi-miladiyyənin 1835-ci ilində ikinci dəfə Türkiyə hökuməti tərəfindən fəth olunub, Osmanlı məmləkətlərinə daxil olubdur. Və bu 75 ilin müddətində, Sultan Həmid əsrində çapdan çıxan kitabların rəvayətinə görə, bu vilayətin asayiş və hüsni-idarəsi mühafizə olunubdur. Amma Allahın kitabına baxanda Trablisi-qərbin osmanlılara xidməti məhz bu olubdur ki, Həmidin və paşaların hərəmxanalarına bu vilayətlərdən çoxluca qullar göndərilibdir.
FındıqKeçən vaxtlarda bu barədə yazmışıq, necə ki, məsələn, iki uşaq güləşirmiş, biri o birini basıb, basılan özünü sındırmamaqdan ötrü cəld durub ayağa və yalandan xəbər verib ki: “bay bir fındıq tapdım”.Dava qanunlarının içində biri də budur ki, bir hökumət dava edib, bir qeyri torpağı ələ gətirəndə bir gün rəsmi surətdə qeyri hökumətlərə məlum edir ki, “mən flan torpağı bu gündən daxil elədim öz məmləkətimə”
Yadigari-həzrət İbrahim XəlilYaxud “Qurban Bayramı”Tarixin göstərməyindən belə anlaşılır ki, həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”. Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “Oduna”. Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”. Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin. Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan Allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”.
ƏlifbaLazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?
Ağ çörək və kərə yağAl gəldi, Mozalan qardaş, sən ac fəhlə sözü danışırsan, amma qulaq ver gör mən nə deyirəm: “Baki[nski] raboçi” qəzeti yazır ki, bir gün ağaların biri mədənlərə gedəcək imiş ki, fəhlələrə nəsihət eləsin. Xülasə, camaat cəm olur, gözləyir, gözləyir, gözləyir, gözləyir, ağa gəlmir. Axırda fəhlələr başlayırlar əsnəməyə və istəyirlər dağılalar. Birdən telefon zəng çalır:– Hı, kimsən?
Keçən günlərBir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.
Hov“Hov” – qədim istilahdır; yəni “hay” deyib adam çağırmaqdır. Bu soz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazım gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir:– Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızlasın. Ta ki, yazıq kişi gələn il acından ölməsin.
İnna Lillahi və İnna ileyhi raciunXülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.
Uşaq teatrıİstəyirdim bu gün uşaq teatrı barəsində bir neçə söz yazam. İstəyirdim yazam ki, aya, nə səbəbə böyükləri teatra cəlb eləmək yolunda bu qədər zəhmətlər sərf eləyənlər uşaqları bir dəfə də olsa, yada salmırlar? İstəyirdim yazam ki, bunun çavabında teatr “sahibləri” deyəcəklər ki, uşaqlar üçün pyeslərimiz yoxdur; onda mən yazacaq idim ki, az qala cürbəcür dillərdə pyeslərin tərcüməsinə bu qədər pullar ötürüldüyü yerdə nə olardı ki, uşaq pyesi yazmağa da bir neçə qəpik-quruş verilə idi ki, kasıb və bikar yazıçılarımız nə qədər kefləri istəyir uşaq aləminə dair teatr əsərləri yazıb tökə idilər meydana. Xülasə, bu barədə bu gün istəyirdim bir məqalə yazam; amma bir qədər fikirləşdim və gördüm ki, mənim bu yazmağım bir nəticə bağışlamayacaq. O səbəbə bağışlamayacaq ki, mən yazdığım töhmətin qabağında teatr sahibləri elə bir dəlilli və isbatlı cavab verəcəklər ki, hələ mən onların yanında borclu çıxacağım.Onlar mənə iki dəlilli və isbatlı cavab verəcəkdilər: biri budur ki, deyəcəkdilər ki, biz əgər uşaqları teatra cəm eləmək fikrinə düşmürük, bunun səbəbi budur ki, biz müsəlmanıq və uşaqlarımız da müsəlman balalarıdı. Və məlumdu ki, müsəlman içində uşaqları həmişə böyüklərdən uzaq saxlayıblar və böyüklərin məclisindən onları qoruyublar və yenə qoruyurlar və yenə uşaqları kişilərdən qorxulu saxlayıblar. Əlbəttə, Şərq aləmində bunun bir səbəbi və mənası var. Ancaq bunu hamı bilir ki, bir məclisə, ya bir evə kişi qonağı gələndə uşaqları da arvadları qovan kimi qovublar qaranlıq otağa.
Tulanbar eşşəyi, məxmər palanKəblə Nəsir kişinin bir az ağlı başından çıxıb, ona görə də hər kəsi görüb deyir ki; tulanbar eşşəyi, məxmər palan. Xalq da gülür, deyir ki: a kişi, bu sözün mətləbə nə dəxli var.Doğrudan da ki, dəli kəblə Nəsir, dünən görürəm bir nəfər arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisən? Arvad deyir ki, gəlmişəm qardaşımı evləndirmək üçün qız bəyənim. Deyir: qardaşın nə iş görür? Deyir ki, dəniz kənarında ticarəti vardır. Deyir: Yaşı neçədir? Deyir: 60-dan bir az yuxarıdır.
Peyğəmbərlik, ya ki kişmiş davasıMən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi.Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim.
Bakıdan Qarabağa. Naxçıvan malıBir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı.Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi:
LüğətAxır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.
O elə – bu belə !Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar.Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür.
İsti suya – soyuq suyaBu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.
Beynəlxalq qadınlar günüOn yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola.Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır.
Dinc qulağım, yaxud yeddi ilDeyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.
Mətbuat bayramı, yaxud tacgüzarlıqOla bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.
İran meyvələri, yaxud əli qələmli vaizlərHərdəm əz in bağ bəri mirəvəd.Gözəl məmləkət, müqəddəs vilayət, mübarək torpaq, dindar millət, pakdamən əhali, Əli şiələri...
Beynəlxalq qadınlar günü və şəriətMən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:– Bikə, ya Allah
Sövqi-təbii və yaxud Həcc ziyarətiTəbiət qanunlarının katibləri dərs kitablarında yazırlar ki, bir qarınca öz durduğu yerində, öz-özlüyündə hərəkət edib bir yana getməyə hazırlaşmırdı. Birdən bu qarınca baxıb görür ki, onun qabağından hədsiz və hesabsız öz həmcinsləri bir tərəfə getməkdədirlər. Burada bizim bir dənə qarıncamız dəxi fikir eləmir və fikir eləməyi də lazım görmür: bir surətdə ki, mənim cəmi yoldaşlarım bir yana getməkdədirlər və girəm ki, mənə məlum olmayan bir yana getməkdədirlər, – dəxi mənim üçün burada qeyri təklif qalmır, savayı onlara qoşulmaqdan.Və oxucu yoldaşlarımız elə güman eləməsin ki, qarınca burada bizim kimi çox danışır və burada bir mülahizə edir, müqayisə edir; filfor, həmin saat biixtiyar, özünü verir camaatın içinə, biixtiyar bu selin cərəyanına tabe olub, qarıncaların sürüsünə soxulur.
“Darvin”çilik və kommunistlərXudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.