Nümuneyi-əxlaq
Contents
- İfadəyi-məram
- Bismillahi-rəhman ür-rəhim!
- Məktəb
- Məktəbə davam
- Təfəkkür və mülahizə
- Məktəbə davam edən uşaq
- Məktəbə gec gələn uşaq
- Fəhim və zəkavətli uşaq
- Nafəhim və zəkavətsiz uşaq
- Diqqətli uşaq
- Diqqətsiz uşaq
- İtaətli uşaq
- İtaətsiz uşaq
- Qeyrətli və çalışqan uşaq
- Qeyrətsiz və tənbəl uşaq
- Ədəbli və tərbiyəli uşaq
- Ədəbsiz və tərbiyəsiz uşaq
- Kibrli uşaqlar
- Kibrsiz uşaq
- Doğruçu uşaq
- Yalançı uşaq
- Zirək və huşyar uşaq
- Kəlləgic və bədhava uşaq
- Nəfsi salamat uşaq
- Nəfsi salamat uşağın hekayəsi
- Bədnəfs uşaq
- Təmkinli uşaq
- Təmkinsiz uşaq
- Təmiz və səliqəli uşaq
- Natəmiz və bədsəliqə uşaq
- Səxavətli uşaq
- Xəsis və paxıl uşaq
- Gülərüzlü uşaq
- Əbus uşaq
- Qəlbi saf uşaq
- Qəlbi fasid uşaq
- Cəsur və ürəkli uşaq
- Qısqanc və qorxaq uşaq
- Ata-anasını və müəllimini sevən uşaq
- Ata-anasını və müəllimini sevməyən uşaq
- Məqaleyi-məxsusə
Page 1 of 13
Məktəbi-ibtidaiyyə şagirdlərinə məxsusdur
İfadəyi-məram
Üsuli-cədid üzrə açılan məktəblərimizdə kütübi-tədrisəyyəyə nəhayət dərəcədə ehtiyacımız olduğu üçün 1894-cü ildə Naxçıvan şəhərində güşad olunan «Məktəbi-Tərbiyə»nin şagirdlərinin birinci sinfinin ikinci şöbəsinə bir il müddətində həftədə iki dəfə imla təriqilə yazdırdığım əxlaqa dair dərsləri yığıb bir risalə şəklində cəm etdim və bu risalənin mündəriəcatı əbnayi-millətin, xüsusən tərbiyə və təhsilə alışan balaların nəhzibi-əxlaq və tənviri-əfkarına müavinət edəcək ümudilə «Nümuneyi-əxlaq» namı ilə mövsüm qıldım.
Müəllim qardaşlarımıza səhulətbəxş olmaq üçün əbnayi-Vətənə əxlaqi-həsənə təlim etdirməyə və həm imla yazdırmaq məqsədilə təbinə mübaşirət olundu.
Əbnayi-millətə bir xidməti-acizanə göstərmək sədədində olduğum halda intişari-maarifə himmət və qeyrət sərf edən zəvati-giramdan bu cəsarətin zimnində üzrxahlıq edirəm.
Məhəmmədtağı Sidqi
Bismillahi-rəhman ür-rəhim!
(Mərhəmətli Allahın adı ilə!)
Birinci imla
Xüdavəndi-təbarək və taalaya çox şükürlər olsun ki, məktəbimizin tətilindən sonra səhhət və salamatlıq ilə məktəbə cəm olub, hamı yoldaşlarımız ilə şövq və həvəslə dərsə şüru eylədik. İnşaallah taala gələcək illərimizdə belə sağlıq və salamatlıq ilə təhsilə davam edərik.
Həqiqətdə uşaqlıq aləmi nə gözəl bir aləmdir. Kiçiklik əyyamı nə əcəb günlərdir ki, zəhmətsiz və əziyyətsiz elm kəsb etməyə məşğuluq. Elm qazanmaq həvəsilə məktəbi sevən şagirdlər və elmin qədr və qiymətini bilən balaca uşaqlar bu böyük nemətin müqabilində gündə min dəfə Allah taalaya şükür və səna eysə, yenə azdır.
Xüdavəndi-aləm bizi və bizim ata və anamızı və müəllimlərimizi dünya və axirətdə xöşbəxt və səadətmənd eyləsin! Məktəbin rəislərinə və məktəbimizin tərəqqisinə və rövnəqinə himmət göstərənlərə, elm və mərifətin rəvacına çalışıb, səy edənlərə xoş vaxtlar və tükənməyən ömürlər əta və mərhəmət eyləsin! Behəqqi-Məhəmməd və aləhu tahirin. Amin!
İkinci imla
Məktəb
Məktəb nədir? Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. Çünki insanın qədr və qiyməti elm ilə bilinir. Yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə dəyəri və qiyməti o qədərdir. Pəs insanın əsl qiyməti bildiyi və öyrəndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur.
Məktəb cahalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər. İllərcə məktəbə gedib tərbiyə və ədəb kəsb etməyən kimsənələr və məktəbdə ömür keçirib, ülum və fünundan bəhrəmənd olmayan şagirdlər rəngarəng güllər və çiçəklər ilə müzəyyən bir bağçada gəzib dolanan kora bənzərlər. Məktəb də bir cismə bənzər ki, onun ruhu müəllimdir. Məktəb müəllimlərinin ülum və fünuna dara və adabi-elm və tərbiyəyə sahib vüquf olmaları hər bir halda şərtdir. Hər halda elmin ləzzətin anlayan şagirdə məktəb bir gülüstani-behcətdir. Amma tənbəl və qeyrətsiz uşaqlara məktəb bir zindani-əziyyətdir. Mən məktəbi sevən şagirdlərdən olmalıyam. Hər gün sevgili məktəbimizin havasınca uçmalıyam.
Məktəbimizi sevmək qədərincə müəllimlərimizi də sevirəm. Çünki onlar hər gün mənə bilmədiyim şeyləri öyrədirlər. Müəllimlərimizi sevən kimi kitablarımı və dəftərlərimi də sevirəm. Çünki onlar mənim elm öyrənməyimə səbəbdir. Mən kitabımı və dəftərlərimi kirli və çirkli etməyəcəyəm. Məktəbdən və müəllimlərdən və kitabımdan daha artıq ata və anamı sevirəm. Çünki mənim zəhmətlərimi çəkib, böyüdüb, məktəbə qoyan onlardandır.
Üçüncü imla
Məktəbə davam
İki il bundan irəli mən heç bir şey bilməz idim. Ancaq mübtədilər sinifində əlifba başlayıb, hürufat öyrənməyə məşğul idim. Bir neçə ay məktəbə davam edib, diqqət ilə çalışdım. Sevgili müəllimlərimiz hər gün verdiyi dərsləri həvəslə oxuyub, yazdım və öyrəndim. Tainki bir az müddətdə əlifbanı bitirdim. Gözəl surətdə imtahan verib birinci sinifə daxil oldum. Keçən il bu vədə qiraəti-Quranla kitab oxumağa alışdım. Bəzi hekayələrdən imla təriqilə yazıb və hüsni-xətt təliminə şüru eylədim.
Əlhasil, hər bir vəzifəmi layiqincə icra edib, ikinci imtahanımızdan sonra ikinci şöbəyə keçdim. İndi oxuyub-yazdıqca qəlbim nurani olub, məlumatım artır.
Dördüncü imla
Təfəkkür və mülahizə
Hər dəm kiçik və körpə uşaqlara baxıb yəqin edirəm ki, bir vaxt var imiş mənim də onlar kimi nə dişlərim çıxmışdı və nə sürünüb yeriyə bilirdim. Nə də süddən savay bir şey yeməyə iqtidarım var idi. Sonra ata və anamın zəhməti və tərbiyəsi sayəsində yavaş-yavaş böyüyüb, gəzib dolanmağa və xörək yeməyə qadir oldum. Tainki dil açıb, danışıb və söyləşdim. Məktəbə hazırlaşmaq üçün hər gün evimizdə bir neçə saat ata və anamdan gözümüzə görünən şeylərin isimlərini və sairlərin adlarını öyrəndim. Heyvanların və bitkilərin doğulub-göyərməsindən və böyüyüb-nişvü-nüma etməsindən bir çox məlumat kəsb etdim. Neçə yaşında olduğumu da bilib məktəbə gəldim. Bir az müddət zərfində oxuyub-yazmağı təhsil etdim. Bundan sonra hər gün sevinə-sevinə məktəbə gəlib, diqqət ilə dərslərimə davam edəcəyəm. Tənbəl və qeyrətsiz uşaqlardan olmayacağam. Nafəhm və zəkavətsiz şagirdlərə bənzəməyəcəyəm.
Beşinci imla
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-numuneyi-exlaq
Use ← → keys to move, R for a random poem
More by this author
Yarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcəGülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Poems by other poets
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Gözün ne oh ki atâ kemândan bini gözetGözün ne oh ki atâ kemândan bini gözetOh atmağ ile bârî kim andan bini gözet