Contents
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Page 12 of 13 · 85%

Cəsur və ürəkli uşaq

İnsaniyyətin ləvazimatından birisi də cəsarət və şücaətdir. Lakin şücaətin ifrat dərəcəsi də himaqət və səfahətdir. Şücaət qəlbin qüvvəti və mərdanəliyin zinətidir. Şücaətdən məqsudumuz vurub-yıxmaq, basıb-kəsmək deyil. Bəlkə, cəsarətdən müradımız ürəkli olmaq deməkdir.

Cəsur uşaqlar hər bir mövhümü və biməni şeyləri xəalına gətirib, xovf etməz. Hər bir boş və bekara fikirlər ilə öz-özünü qorxutmaz. Məsələn:

İt belə gəldi, qurd belə getdi, uci, cüci, damda baca, qara qulaq, qamuq. Bu qism sözlərdən və söhbətlərdən əsla ehtiyat etməz.

Su kənarından, ağac dibindən, xaraba və qaranlıq yerlərdən, qəbristandan və sair bu timsallı məkanlardan keçəndə əbədən xəyalın dağıdıb, əhvalına təğyir verməz. Cəsarətli uşaqlar məktəbdə dərs oxuyanda və müəllimə cavab verəndə rəngi qızarıb, dili dolaşmaz. Məktəbə bir vacib ül-ehtiram şəxslərdən gələndə onlara cavab verməkdə və ya nitq oxumaqda ürəyi titrəyib, əl və ayağın itirməz. Küçə və bazarda və ya bir məclisdə birisi ondan bir əhvalat xəbər alanda mərdanə və dəliranə cavab verib, nəhayət sükunət və mətanətlə mətləbin əda eylər.

Keçən günlərdə bir uşaq öz qapılarında yoldaşları ilə oynamağa məşğul idi. Mən ondan soruşdum ki, «Oğlum, atan evdədirmi?»

Bu sözü eşitcək oyundan əl çəkib, gəlib mənim qabağımda durdu və dedi:

  • Bəli. Atam evdədir. Amma mən gələndə yatmışdı. Siz buyurun əyləşin otaqda. Mən atama xəbər verərəm. Hərgah yatmış olsa da, indi bidar olacaqdır. Çünki mən onun yuxudan duran vaxtını bilirəm.

Bu qism ürəkli və ədəbli və qəlbi qüvvətli uşaqlara afərin!

Otuz yeddinci imla

Qısqanc və qorxaq uşaq

Ey mənim cəsur şagirdlərim!

Qısqanc və qorxaq uşaqları görəndə qəlbimə qübar əyləşir. Belə şagirdlərin imla yazmağı, dərs oxumağı və dərs əsnasında cavab verməyi xəyala gəlməz dərəcədə insana hüzn gətirir. İmla yazan vaxtda barmaqlarının arasından az qalır qələm düşsün. Dərs oxuyan vaxtda tənbəl uşaqlar kimi kitabı əlinə alıb, ahəstə ayağa durub, əvvəl bir udqunar, sonra ayağının birin götürüb, birin qoyub, yavaş-yavaş alçaqdan oxumağa başlar. Belə ki, deyəsən sözlər ağzından tökülür. Çoxusu da anlaşılmır. Məsələn:

«Şahsevən oğlu şərmsar oldu» deyəcək halda «Şahsevən oğlu sərmşar oldu» deyir.

Doğrudan, o qədər ağır və səngin oxuyur ki, qulaq asanların zehninə zəhmət, vücuduna əziyyət və qəlbinə siqlət gətirir.

Danışan vaxtda sözlərinin yarısı «Mirza, vallah, zaddı, sonra, boylum, ondan sonra, bu səfərim, zaddı»ya çıxar.

Tənəffüs zamanı şikayətsiz məktəbə gəlməz. Azad olan vaxtda kitabların yığıb-yığışdırmağı bir saat çəkər. Küçədən keçəndə öz kölgəsindən ürkər. Hərgah qabağına bir it çıxsa «Vay dədə! İt gəlir». Guya ki, it bunu yeyəcək. İnək görəndə buynuzlarına baxar. At görəndə diksinər. Pişik görəndə daşa basar. Qurbağa görəndə rəngi qaçar. Tısbağanı görəndə qəş eylər. Kirpiyə gözü sataşsa tükləri biz-biz olur. Tülkü nağılı, qurd hekayəti eşidəndə bədəni titrər.

Qısqanc uşaqlar bu dərsi yaza bilmir. Məlum olur ki, qorxurlar. Bura kimi kifayət eylər, bəsdir.

Otuz səkkizinci imla

Ata-anasını və müəllimini sevən uşaq

Əxlaqi-həsənə sahib olmağın əvvəlinci şərti ata-ananın itaətində olmaq və ustad-müəllimin ehtiramını saxlamaqdadır.

Ata-ananız sözlərin barəsində çəkdiyi zəhmətləri təqrir etməkdən acizəm. Odur ki, həmişə stzlərə bu xüsusda mövizə və nəsihət etməkdə müzayiqə etməmişəm.

İndi yenə bu imla dərsində sizlərə tövsiyə məqamında xatirnişan edirəm ki, ata-ananızın qədrü-qiymətini bilin və onların itaətindən heç bir vaxt kənar olmayın. Onların qəlbini məsrur və xoşnud etməyə çalışın. Övlad nə qədər kamalatlı və tərbiyəli olsa, ata-ananın o qədər qəlbi fərəhlənib və xatiri xoşnud olur.

Məgər qıçı araba təkərinin altında qalan uşağın hekayəti xatirinizdən çıxıbdır ki, anası naxoş və xəstə olduğu üçün qıçını sınıqçı bağlayanda heç səsin çıxartmadı. Necə ki, cərrah ondan sual eylədi ki, məgər qıçın ağrısının və əziyyətinin sənə təsiri yoxdur?

  • Uf! Çox ağrıyır. Amma istəmirəm ki, anam eşitsinki, məbada mərəzi artıb, şiddət eyləyə, - cavabını verdi.

Bu qism uşaqlar ata-anasını xoşhal görəndə özü də xoşhal olur. Amma məlul və qəmgin görəndə o da məhzun və mükəddər olur.

Müəllimə gəlincə, onu özünə bir mehriban ata hesab edib, həmişə onun verdiyi nəsihəti və tərbiyəti zaye etməz. Müəllim onun barəsində çəkdiyi zəhməti və əziyyəti nəzərdə tutub, əsla onun haqqını itirməz. Hərgah bəzi vaxt bir tövqif cəzasına düçar olub və ya bir təqsir cəhətinə cəzalansa da, yenə müəllimini özünə xeyirxah bilib, təngə gəlməz. Bu səbəbdəndir ki, müəllimini sevən uşaqlar bunu fəhm ediblər ki, müəllim öz şagirdlərindən bir qüsur görəndə nə qədər canı sıxılıb, övqatı təlx olur. Çünki müəllim həmişə onların tərbiəyəli və kamalatlı olmağını istər. Ümum xalqın nəzərində məğbul olmaqlarından məmnun və məsrur olur.

Otuz doqquzuncu imla

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets