Contents
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Page 10 of 13 · 69%

Səxavətli uşaq

Səxavət, yəni əliaçıqlıq deməkdir. Füqəraya mərhəmət, möhtaclara müavinət, biçiz və biçarələrin halını riayət etməyə səxavət deyilir. Səxavət sahiblərinin həmişə qəlbi məsrur, adı məşhur, dünya və axirəti məmur olur. Səxi olmaq yalnız mal və dövlətlə deyil, bəlkə özgə vəchlə də izhari-səxavət etmək mümkündür. Məsələn:

Müknət sahibləri füqərayə mal ilə səxavət edəndə, üləma sinfi də elm möhtaclarına elmlərilə səxavət edərlər. Necə ki, bir yetim və fəqir uşağa xörək və libas verəndə qəlbimizdə bir fərəh və behcət zühura gəlir. Habelə dərsini bilməyən bir uşağın da dərsini gözəlcə təfhim və təlim edəqdə xatirimizdə bir sevinc və şadlıq ehsac edirik.

Əlhasil, səxavət insanlıq şənindəndir. Səxavətin ləzzətin anlayanlar insanlıq mərtəbəsinə yetişiblər. Bu gözəl sifət böyüklərdən və dövlət, sərvət sahiblərindən zühura gəlməkdənsə, kiçiklərdən, xüsusən məktəb uşaqlarından zühura gəlməsi daxi məhbub və xoşnümadır.

Bir sinifdə bir şagirdə qələmdən və qələmtəraşdan və sair təlim ləvazimatlarından birisi lazım olanda səxavətli uşaqlar «Məndə var, al, mən verirəm, mənimki yaxşıdır!» deyib ikram edərlər. Bəzi vaxt bir şagird bir şagirdə xitabən: «Məhəmməd! Qələmin Haşımda qaldı».- «Qalsın! O nə bir şeydir» - deyib, sonra üzün Haşıma tutub: «Bəradər! O qələm sənin ola bilər» -deyib, təkrim eylər. Haşım da onun müqabilində razılıq göstərib, təzim eylər. Səxavətli şagirdlər bu imla dərsini əzbər edəcəklər.

Otuz birinci imla

Xəsis və paxıl uşaq

Ey mənim səxavətli şagirdlərim! İndiyə kimi bir çox əxlaqi-həsənə və sifati-zəmimədən sizlərə xatirnişan eylədim. Amma xəsis və paxıllıq barəsində heç bəhs olunmadı. İndi sizlərə məlum edirəm ki, məbada-məbada bu iki sifətin dövrübərinə dolasanız. Çünki xəsasət və bəxalət nalayiq və naşayəstə sifətlərin hamısından bədtər və napəsəndidədir. Bu sifətlərin sahibi dünyada rəzil və axirətdə zəlil olur. Necə ki, hədisi-şərifin məzmununca (paxıl behiştə daxil olmaz). Habelə xəsis adam öz malını öz canından əsirgər. Məsələn:

Məkulatın (ərzağın) təzəsini almağa qüdrəti var ikən ucuz bilib, köhnəsin alır. Təmiz və təzə paltar geymək mümkün olduğu halda köhnə, yırtıq, çirkin libaslar giyər.

Paxıl kimsələrin həmişə ruhu xəstə, qəlbi tutqun və bədəni narahat olur. Büxl bir sifətdir ki, hər uşaqda kiçiklikdə tapılanda böyüdükcə xalqın nəzərində xar və həqir olur.

Bir para paxıl uşaqlar vardır ki, ata-anası ondan bizar və yoldaşları narazıdır. Yeməli, baxmalı, oynatmalı bir şey olanda tamaşa etmək üçün də olsa, bir kəsə vermək istəməz. Məktəb yoldaşları onun təlim ləvazimatının birisinə əl vursa naləsi ərşə çıxar. Çox vaxt olur ki, məktəbə gələn vaxtda anası onun kiçik qardaşını məktəbə təşviq üçün və məktəbdə ədəbli və rahat durmaq üçün bir şey verəndə az qalır ki, özünü həlak eləsin. Ta özünün hissəsini ondan ziyadə olmasa sakit olmaz. Halanki özü on iki yaşında, qardaşı səkkiz yaşındadır. Heç özünün səkkiz yaşında olduğu vaxtları xatirinə salıb, xüdhesab olmaz.

Hər nə qədər sizlərə bu sifətdən kənar olmaq barəsində tapşırıb, təkid eyləsəm, yenə azdır, oğlanlarım!

Otuz ikinci imla

Gülərüzlü uşaq

Gülərüzlülük ülfət və məhəbbətin bir möhkəm binası mənzələsindədir. Bəşşaşət qəlbin saflığına və təbiətin gözəlliyinə dəlalət eylər. Qaşqabağı açıq kimsənələrə hamı meyl və məhəbbət göstərir. Lətifəgü və zərifxu adamlar hamının məhəbbətini cəlb edər. Gülərüzlü və şirinsözlü olmaq bir türfə halətdir. Çünki zərafət və mülayimət daş kimi olan qəlbləri yumşaldır və kədərli sinələrə səfa verir. Kəcbin və bədxəyal adamların qəlbini islah edib, əfkarını cilalandırır. Qəmli ürəkləri məsrur və məşuf eləyir.

Əlhasil, əsnayi-söhbətdə gülmək və güldürmək taamın dadı və duzu mənzələsindədir. Hərgah taamın duzu artıq və əskik olsa ləzzəti itib, tamı qaçar və habelə gülmək və güldürmək də həddən ziyadə olsa, məsxərəlik və istehza dərəcəsinə çıxar.

Gülərüzlü uşaq məktəbdə müqəssir olub, tövqif cəzasına düçar olsa da yenə müəllimindən inciməz. Yoldaşları ilə oyun oynamaq vaxtında qəflətən yıxılıb bir yeri incisə, əsla qaş-qabağın tökməz. Bihudə və bica yerə küdurət və şikayət etməz və heç kəslə döyüşüb, küsüb, kin saxlamaz. Yoldaşlarından birisi ona hiddətlə acıqlansa da, yenə təbəssüm və mülayimətlə onu danışdırıb, özündən razı eylər.

Belə uşaqların bu hüsni-hərəkəti onların bəzi qüsurlarını əfv etdirir.

Bu imla dərsini dürüst və səhih yazan uşaqlara pəncşənbə (cümə axşamı) günü bir təhsin vərəqəsi veriləcəkdir.

Otuz üçüncü imla

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets