Contents
  1. Ərzi-məxsus
  2. İxtar
  3. Minacat
  4. Qiraət
  5. Sübh namazı
  6. Tərbiyənin təfavütü
  7. Sitarə ilə xalası
  8. Ata və ana məhəbbəti
  9. İki bacının mükaliməsi
  10. Ədəbli və tərbiyəli Rübabə
  11. Validə məhəbbəti
  12. Bala tərbiyəti
  13. Ruqiyyənin söhbəti

Page 4 of 4 · 75%

Validə məhəbbəti

Keçən zamanlarda günahkarları və ölümə layiq olanları cürbəcürə cəzalar ilə həlak edərdilər. Bəzisinin başını kəsərdilər və bir parasını dara çəkərdilər və bir cümləsini həbsxanada saxlayıb, duzsuz görək verərdilər ki, o biçarələr şit xörək yedikcə qanları xarab olub, artıq zəhmət və əziyyət çəkə-çəkə ölsünlər. Bir günləri bir günahkar övrətin təqsiri sabit olandan sonra hökm elədilər ki, onu dara çəkib boğsunlar. Sonra divanxana rəisi ona rəhm edib cəzasının təxfifi üçün fitva verdi ki, həbsxanada yalqız başına qalıb, öz-özünə acından ölsün. O övrətin qızı anası ölənə kimi onun yanına gedib-gəlməyə rüxsət istədi. Rəis qızın xahişini bir şərt ilə qəbul etdi ki, hər dəfə gedəndə onu yoxlasınlar ki, özü ilə bir şey aparmasın. Bir neçə gün bu qərar ilə keçəndən sonra övrətdə bir zəf əlaməti, aclıq əsəri görünməyib təəccüb etdilər. Bir gün gizlincə diqqət edib gördülər ki, qız öz əmcəyindən anasına süd verir. Bu hala dəxi artıq təəccüb edib heyran qaldılar. Qızın bu aqilanə hərəkəti və anasına bu dərəcədə olan məhəbbəti hakimlərin riqqətini və rəhmini artırıb, anasını ona bağışladılar və dövlət xəzinəsindən onların ömrü olduqca hər bir xərc və məsrəfini təyin və təhsin etdilər. Və o həbsxananı söküb, yerinə «Övlad məhəbbəti» ünvanlı bir nişangah bina elədilər.

Bala tərbiyəti

Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftarı və kirdarı, hal, hərəkəti balaların qəlbinin aynasına əks salır. Elmli və mərifətli analar süd verən vaxtdan başlayıb, övladının təlim və tərbiyəsinə məşğul olurlar. Hüsni-əxlaq və adab tərbiyətə vaqif olan validə balasının təlim və tərbiyəsini özünün bəzənib-düzənməyindən vacib bilirlər.

Bir gün zər və zivərə həris olan bir arvad faxir libaslarını geyib və cəvahiratı ilə bəzəndiyi halda bala tərbiyəsinə aşiq olan bir xanımın evinə gəldi. Qiymətli libasını və bahalı qaş-daşını iftixarla göstərəndən sonra mürəbbiyə xanımı adi və sadə libasda görüb: «Sənin də zər-zivərini görmək istəyirəm», -dedi.

Xanım cavab verdi ki:

  • Əgər bir az səbr eləsən, onları sənə nişan verərəm.

Bir azdan sonra balaları məktəbdən gəlib, evə daxil olanda, onların əlindən tutub, o arvadın yanına gətirdi və dedi:

  • Mənim də zər-zivərim, mülk və malım, cah və cəlalım bu iki gözlərimin nuru və ciyərparələrimdir. Mənim üçün əziz balalarıma təlim və tərbiyə vermək cavahiratdan qiymətlidir.

Ruqiyyənin söhbəti

Dünən, cümə günü dərslərimi oxuyub qurtarandan sonra anama dedim ki, ana, mənim tikişimi haraya qoyubsan!

  • Ana: - Sənin tikişini yığışdırıb boxçanın üstünə qoymuşam, - cavabını verdi.

Tikişim sadə, yaşıl parçadan özümün köynəyim idi. Həvəslə götürüb yaxasının ətrafına qırmızı məməli naxış qoydum. Yaşılın üstündən qırmızı necə gözəl görünürdü! Necə yaxşı yaraşırdı! Sonra düymələrini tikəndə necə oldusa, birdən iynə barmağımın ucuna soxuldu. Elə bir hala qaldım ki, az qalı ağlım dağılsın və huşum başımdan uçsun. Bir də gördüm ki, barmağımın ucundan qan durdu çikkə-çikkə tökülməyə. Davam edib, səsimi çıxartmadım ki, anam eşitməsin. Çünki gəlib məni o halda görsəydi yəqin ki, ağlardı. Barmağımı bağlayıb, tikişimi yığışdırıb yerinə qoydum. İndi hər kəs görər, soruşar ki:

  • Barmağına nə olub? Barmağını nə üçün sarımısan?

  • İynə batıb, - deyib cavab verməkdən usanmışam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets