Məmmədəli! (1913, ya 1914)

Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil

Джалил Мамедкулизаде1 мин
Əzizim Həmidə! (7 iyul 1914)

Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.

Джалил Мамедкулизаде1 мин
Əzizim Məmmədəli! (11 yanvar 1915)

Tiflis*Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz.

Джалил Мамедкулизаде2 мин
Həmidə! (30 mart 1916)

Tiflis*Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada “İslamiyyə” mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir?

Джалил Мамедкулизаде1 мин
Həmidə! (14 aprel 1916)

Arxların məsələsini Ələkbər bəy Xasməmmədova tapşırdım və ona əlli manat pul və arxlara aid bütün sənədləri verdim. Bu gün buradan ona vəkalətnamə göndərirəm. Əgər vilayət məhkəməsində işi aparsa, onda üstəlik ona yüz manat da verəcəyəm, əgər uduzsa, işi Palataya keçirəcək. Orada isə Roxlin bizə kömək edəcək.Mənə yay pencəyimi və ciletimi, yay köynəyimi və mümkün olsa, həsir şlyapamı göndər. Lavrenti bunlar üçün kiçik bir qutu qayırsın.

Джалил Мамедкулизаде1 мин
Hindarx, Həmidə xanım Cavanşirə (30. 04. 1916)

Bakı*Pyes qeyri-adi bir müvəffəqiyyət qazandı. Ağzına qədər dolu olan teatr hər fasilədə müəllifi gurultulu alqışla təbrik edirdi. Tamaşadan iki min beş yüz manat hasil olub. Bu günlərdə Aşqabada gedirəm. Hamıya salam.

Джалил Мамедкулизаде1 мин
İzhari təşəkkür

“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (12 iyul 1916)

Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.

Джалил Мамедкулизаде1 мин
Əzizim Məmmədəli! (10 fevral 1917)

Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.

Джалил Мамедкулизаде1 мин
Məmmədəli! (23 ya 24 fevral 1917)

Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (11 iyun 1917)

Tiflis*Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Səhhətin və əlin necədir? Əziz Həmidəm, səni xəyalən bağrıma basıram. Hələlik, sağ ol.

Джалил Мамедкулизаде1 мин
Məmmədəli! (14 iyul 1917)

Genə bir aydan artıqdır ki, səndən xəbər yoxdur. Nədir səbəbi?Cəlil

Джалил Мамедкулизаде1 мин
Əzizim Həmidə! (14 sentyabr 1917)

Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada aclıqdır. Bu məni yaman pərişan eləyib. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər? Heydərin harada olduğunu və onların bazar günü yazdığım xəbərləri sənə çatdırıb-çatdırmadıqlarını bilmirəm. İndi Şuşadan nümayəndə heyəti gəlmişdi, baxırdılar görsünlər ki, bütün bu işlər necə qurtaracaq. Bu gün sənə poçtla pul göndərə bilmədim, çünki cümə günü olduğuna görə bu gün tacirlərin heç biri yerində deyil. Bazar günü üç araba un göndərəcəyəm, qoy uşaqlar sənin üçün [... ] hazırlasınlar. Özümsə imkan olan kimi gələcəyəm. Sənin təsərrüfat işlərin hamısı öz qaydasındadır.Cəlil

Джалил Мамедкулизаде1 мин
Məmmədəli! (17 sentyabr 1917)

Bu gün litoqrafiyanın təzə şərtlərini mülahizə edib, jurnala bu qiymətləri qoymağa məcbur oldum: satıcı əlində – 50 qəpik, idarəmizə 42 qəpik göndərməlisən. Buna görə də abunə iki dəfə artır.Neçə ədəd göndərilməlidir? Tez xəbər ver.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (24 fevral 1919)

Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil

Джалил Мамедкулизаде1 мин
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova

11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.

Джалил Мамедкулизаде1 мин
Müzəffər! (6 sentyabr 1922)

Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin.Cəlil

Джалил Мамедкулизаде1 мин
Həmidə! (7 noyabr 1922)

Bakı*Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.

Джалил Мамедкулизаде1 мин
Əzizim Həmidə! (15 noyabr 1922)

Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin.Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar.

Джалил Мамедкулизаде1 мин
Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922)

Əziz olan qardaşım!Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (1 fevral 1923)

Bakı*Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən.

Джалил Мамедкулизаде2 мин
Müzəffər! (6 fevral 1923)

Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.

Джалил Мамедкулизаде1 мин
Həmidə! (18 mart 1923)

Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.

Джалил Мамедкулизаде2 мин
Cəlil (22 mart 1923)

Hər şeyi atıb şəhərə köçməyə ürəyim gəlmir. Burada da mənim üçün dözülməz, ağır şərait yaranmışdır. Burada bir neçə idarə vardır, biri o birinin qərarını rədd edir, camaatı bir-birinin canına salırlar. Lap hərc-mərclikdir.Bütün ili kəhrizləri icarəyə götürmədim, nəticədə sökülüb dağıldılar, su kəsildi, kənddə yoluxucu xəstəliklər törədi. Kəndlilər açıqdan-açığa boyunlarına aldılar ki, kəhrizlərdən istifadə edə bilmirlər. Buna görə də nahiyə icraiyyə komitəsinin iştirakı ilə belə qərar çıxardılar ki, kəhrizliləri köhnə sahiblərinə qaytarsınlar. O biri tərəfdən də mərkəzdən bu haqda su mühəndisi Petrova gələn sərəncamda deyilirdi ki, əgər fevralın birinə kimi kəndlilər kəhrizləri təmizləməsələr, onda o, kəhrizləri inanılmış adamlara verə bilər.

Джалил Мамедкулизаде1 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.