Kəmalüddövlənin əvvəlinci məktubu
Страница 3 из 5 · 40%
Onun sualı səni cavabdan aciz edir. Günün saat neçədə batması birdən-birə kimin xəyalına gələr? Günəşin batması vaxtı ilin fəsillərinin mülahizəsi ilə, iqlimlərin vəziyyəti ilə müxtəlifdir. Beləliklə, günəşin batması vaxtını bilmək haqqında hər iki tərəfdən mə’nasız güman və təxmin başlanılır. Nəhayət, sənin dostun, günəşin batmasına dörd saat iyirmi yeddi dəqiqə qalmışdır, – deyə aydın olmayan bir cavab verər. Bu cavabdan sonra sual etdiyin vaxtda saat neçə olduğunu özün qiyas etməlisən. Ürəyin parçalansa da, bu qiyası sən özün etməlisən. Aydındır ki, düşünmədən, birdən-birə saatın neçə olduğunu bilməyəcəksən. Darıxmaq əlaməti olan qaşqabaqla, kədərli qəlblə öz dostuna xitab edirsən ki: “Siz nə üçün öz saatınızı yevropalılar qaydası ilə günortadan-günortaya qurmayırsınız?”. Ondan bu tə’nəli cavabı eşidirsən: “Çox qəribədir ki, siz, kafirləri təqlid etməyi bizə təklif edirsiniz”. Sən də onun cavabını belə rədd edirsən: “Bəs nə üçün siz gözlük işlətməkdə kafirləri təqlid edirsiniz? Məgər gözlüyün ixtirası və onun işlədilməsi bu külbaş kafirlərin işi deyilmi? Lakin siz tam könül xoşluğu ilə onların bu ixtirasından faydalanırsınız və gözlük işlətməkdə oları təqlid edirsiniz”. Bu irad müqabilində artıq cavab eşitmirsən. Bir gör millət islam dininin qeydləri altında səfahətin nə dərəcəsinə çatmışdır]. Hamamlarının içində xəzinə suyunun üstündə çirk, neft kimi nümayandır və hər yaralı-paralı və mütəəffin hamama girib, tez bir xəzinəyə daxil olub hey’əti-ğərib ilə suya cumub qüsl edir. E’tiqadlarınca guya pak olurlar. O səbəbə ki, müctəhid deyibdir: “Hamam xəzinəsinin suyu kürdür və mırdar olmaz”. Və nadan xalq dəxi görür ki, mırdardır, yenə məhz müctəhidin sözü ilə qiyas edir ki, pakdır.
Haradasan İstanbulun hamamları ki, hamam xəzinəsindən neçə tərəfdə qurnalar, yəni fəvvarələr asılıbdır, lüzum vaxtında qurnanı açırsan, pakizə su cari olur, altında tərtibi-qüsl edirsən.
Evi yıxılmış iranlılar, hamam maddəsində dəxi
-ni mə’mul ediblər. Bu yana baxırsan görürsən ki, tüccar bimayə, o yana baxırsan görürsən ki, dehqan biistitaət və mədaxili-xəzineyişahiyə kəm və mədaxili-gömrükxana və sair mədaxili-divaniyyə binəzm, mütəməvvillərdən və ərbabi-mədaxil və əmlakdan və küllinücəbadan və üləmadan ki, ərbabi-əmlak və tənxahdırlar və küllimövqufatdan padişah xəzinəsinə bir şey aid olmur, hər yerdə təhmil füqəranın üstündədir. Mühəssillər oları hər güzərgahda təhsili-maliyyat üçün işgəncəyə çəkirlər. Nə təhsili-maliyyat üçün bir qanunimüəyyən var və nə sərfimaliyyat üçün bir qaideyi-müqərrərə var. Hər vilayətin maliyyatının təhsili mühəvvəldir hakimi-vilayətin öhdəsinə və sərfi dəxi bərat mücibincə mə’muldur. Əksər övqat çox məmərrlərdən mədaxili-divan təhsil olunmuyur. Əksər övqat bərat mucibincə vücuhi-mətlubə vüsula gəlmir və bu cəhətdən bə’zi məxarici-zəruriyyə əda olunmuyub, ümuri-əzimənin ixtilalına muris və dövlətin kəsri-şə’ninə bais olur.
Məsələn, bə’zi övqat bərat mucibincə düvəli-xaricədə müqim olan dövlət mə’murlarının vücuhi-vəzaifi vüsula gəlmədikdə, əşxasiməzkurə məmaliki-əcnəbiyyədə xar, bəlkə rüsvay olurlar.
[Cənab səfirlər, konsullar və başqa xarici mə’murlar, acınızdan ölsəniz də səbr edin!
Yox, heç də belə xəyal etməməli!
+
Onlar dəxi, Allaha şükür ki, eşşək deyillər. Məgər xarici ölkələrdə İran təbəələri yoxdur? Nə üçün onları maaşı çatıncaya qədər müxtəlif bəhanələrlə soymasınlar?]. Bavücudi ki, bu əsrdə ülumun və təcarübün tərəqqisi səbəbi ilə düvəli-müəzzəmdə bu əmrə bir növ ilə qaidə qurulubdur ki, hərgiz divanın bir fülusu tələf olmaz və hərgiz sahibvəzifənin bir həbbəsi vəqti-müəyyəndə lavüsal qalmaz. Məsələn, hər yerdə mədaxili-vilayət küllən xəzinə ismi ilə müsəmma olan məqamlara aid olur və sonra məxarici-səltənət, sabiqən vüqua gələn tə’yinata muvafiq, küllən haman məqamlara həvalə olunur. Və haman məqamların heç sərfəsi yoxdur ki, vücuhi-mətlubənin icrasında tə’xirə iqdam etsinlər. Hətta dövləti-Osmaniyyə dəxi indi bu qaydanı mə’mul edir və bu qaydanın vücudu zimnində ki, vəz’i bir əmri-sadə və asandır, nə gunə fəvaidi-latühsa mündəricdir ki, te’dadə gəlməz və ədəmi zimnində bu gunə məfasidi-əzimə sabitdir ki, həsrə sığışmaz * və xalq dəxi ac və nadan və bisavad; hər güzərgahda saillər hesabsız və hər tərəfdə başı və kəməri yaşıl və abı sarıqlı sadat xalqın qabağın kəsib deyir ki:
“Mən oduna getmənəm, su gətirmənəm, cüt əkmənəm, biçin biçmənəm, müftə yeyərəm, müftə gəzərəm, mən səni bu günə qoyan və bu zillətə salan babaların övladıyam. Padişaha maliyyat ver, füqəraya fitrə və zəkat ver, qurban kəs, yüz qızıl, ya iki yüz qızıl xərc elə, get həcc qıl, ac ərəbləri doyur və qazandığının beşdən birisini də mənə ver”.
Bundan əlavə, biçarə xalq bir mərtəbədə nadandır ki, bu növ bəlaların vücudunu hərgiz dərk etməyib küçələrdə başına və döşünə döyə-döyə gəzir, şaxsey-vaxsey naləsin ərşə bülənd edir. Soruşursan ki, nə var, axır nə xəbərdir? Cavab verir ki, niyə min iki yüz bir neçə il bundan irəli beş-on ərəbi, beş-on ərəb Kufə səhrasında qırıbdır?
Bu yandan övzai-əyalət bir mərtəbədə məğşuşdur ki, vəsfə gəlməz: nə bir qanun var, nə bir nizam var, nə bir ixtiyari-müəyyən var. Əgər birisi birisinə bir sillə vura, məzlum bilmir ki, hansı ixtiyara rücu’ etsin. Birisi müctəhidin yanına yüyürür, birisi şeyxül-islamın yanına qaçır, birisi imam cüməyə şaki olur, birisi daruğəyə gedir, birisi bəylərbəyiyə ərz eləyir, birisi şahzadə qapısına rücu’ edir. Bir qanunimüşəxxəs və hər kəsə dəstaviz mövcud deyil, biləsən ki, bir adama bir sillə vurulsa, hansı ixtiyara gərək rücu’ etsin və müqəssirin cəzası nədir? Vəqta ki, birisinə bir sillə vuruldu, müqəssiri kimi cərimə edər. kimi çubkarlığa müstəhəqq görər, kimi əfv edər.
Əgər bir kimsənədən bir günah sadir olsa, bir para yerdə hakim onu cərimə edər, bir para yerdə haman günahın cəzasında mücrim həbsə qoyulur və bir para yerdə şüğldən mə’zul olur. Hətta nəql edirlər ki, bir para yerlərdə müqəssirin böyük və sahibi-şə’n əşxasa vabəstəliyi olmaq cəhətindən ittifaq düşür ki, ona bir ən’am, bir xəl’ət də verirlər ki, onun təqsirindən hasil olan şərmsarlığı rəf etsin.
Xülasə, bir kitabi-qanun yoxdur və heç bir günahın cəzası və heç bir savab əcri müəyyən deyil. Hər kəs ağlına hər nə çatar, əmələ gətirər. Vəqta ki, təqvimi, yə’ni bu millətin salnaməsini mütaliə edirsən, onun əvəzinə ki, ümdə vəqayein tarixi və məmləkətdə ölənlərin və doğulanların nüfusunun ədədi səbt oluna, ya dövlətin dəxl və xərcindən ittila verilə və ya ricali-dövlətin və ərbabi-mənasibin adları yazıla, ya əhval və övzai-məmaliki-xaricə şərh oluna, görürsən ki, təqvimin əvvəlimci səfhəsində mə’rifəti-ixtilacatı bəyan ediblər və tə’siri-xələcani-fərc və zəkəri və məq’əd və xosyəni şərh qılıblar *.
*[Bundan başqa istibdad səltənətinin tə’sirindən dövlət münəccimləri elə bir dərəcədə yaltaq və alçaq təbiətli olmuşlar ki, illik təqvimin hər səhifəsi başında yazırlar:
“Bu səfər ayında ulduzların vəziyyəti padişahın mübarək məzacının (ona ruhumuz fəda olsun) səlamətliyinə dəlalət edir. Və bu rəbiüləvvəl ayında ulduzların vəziyyəti, Cəmşid rütbəli padişahın böyüklüyünün artmasına, çoxalmağına, şadlığına, onun rütbəsinin yüksəlməsinə (ruhumuz ona qurban olsun) dəlalət edir”. Kitab bu kimi şeylərlə sonuna qədər doludur.
Heç kəsin iqtidarı yoxdur onlara desin: Ey səfehlər, sizin padişahınızın məzacının səlamətliyi ilə ulduzların vəziyyətinin nə işi və nə münasibəti var? Nə üçün bu kimi axmaq sözləri yazırsınız *[və nə üçün bu kimi yalanlarla özünüzü və padişahınızı bütün aləmdə rüsvay edib bütün xalqların məsxərə alətinə çevirirsiniz? Bir padişahın ki dünyanın vəziyyətindən, məmləkəti idarə və tərbiyə etmək qaydalarından, ədalət, mürüvvət, rəiyyətpərvərlik və vətənpərvərlikdən xəbəri olmaya, türkman köçərilərinin və ən alçaq yolkəsənlərin müqabilində əzilib məğlub ola, daha nə kimi cahü cəlal və əzəmət sahibi ola bilər? Onu hansı işinə görə Cəmşidə tay tutmaq olar? Padişahın təbəələri və rəiyyətləri şiddətli zülm və hədsiz yoxsulluq üzündən baş götürüb bütün aləmə dağılırlar, bununla belə o, özünün hər gün verdiyi fərmanlarında, – şahlıq üzüyü mənim qüdrətli əlimə keçəndən bəri, ədalətimin şöhrəti aydan balığadək bütün dünyanı tutmuşdur, – səc’li möhürünü vurur. Daha anlamır ki, məmləkətin bu başından o başına qədər ədalətdən iz-əsər belə yoxdur. Və bu yalançı səc’dən utanmır. O, qarı arvadlar kimi, bu günədək elə xəyal edir ki, Yer kürəsi öküzün kürəyində və öküz balığın belində dayanıbdır. Daha hansı məziyyət ilə o, şöhrət qazana bilər? O, hansı ədalətdir ki, onun şöhrəti aydan balığa qədər çatıbdır? Onun xəyalına görə, bu haman balıqdır ki, öküzü, yə’ni Yeri daşıyan öküzü öz belində saxlayıbdır. O heç düşünmür ki, möhürün bu səc’ini bütün əcnəbi dövlətlərdə tərcümə edib, ağlının dayazlığına gülürlər. Əgər balığı, öküzü daşıyan balıq deyil, adi balıq fərz etsək, yenə də belə bir mübaliğə bu kimi padişaha yaraşmır. Onun belə səc’ə razılıq verməsi yalnız yüngüllük əlamətidir. Bu səc’i yazan şairə mükafat deyil, cəza vermək lazımdır].
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-kemaluddovlenin-evvelinci-mektubu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi**Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay*
Maarif nazirinə məktubHəzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Xarici işlər nazirliyinə məktubXarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*
Hacı Əli xana məktubHacı Əli xana yazılmış məktubun surəti**Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!