Yüksəliş
Страница 2 из 2 · 50%
– Bu gedən kim idi? – deyə sordu. Hacı Vəlinin oğlu deyilmi, Tazapirdə böyük mülkləri var idi?
İftadə yavaş səslə:
– Odur.
Tahir Muxtar ciddi və qəti:
– İftadə, – dedi, – bağışlayın, mənim sizin daxili işlərinizə qarışmağa haqqım yoxdur. Amma bu dəfə qarışacağam. Deməliyəm ki, o, sizin yoldaşınız deyildir. O, əyyaş bir adamdır. Əyyaşlığının da səbəbi bəlli: mülkü, malı əlindən getmiş, əməyə alışmamış, ölən bir sinfin nümayəndəsi olaraq, yeni quruluşa qarşı göz yummaq üçün içir, məst olur. Bu təbiidir. Sənin ona qoşulman, – bağışla, içdiyini bilirik və içmən heç də təbii deyildir. Sən əməkçi bir ailədə doğuldun və həmişə də əməkçi olmusan...
İftadə onun sözlərini təsdiq edərək başını tərpədir, anası da təsvibkar bir ifadə ilə gənci dinləyirdi. Tahir Muxtar sözlərinə davam edirdi:
– Mən buraya rəsmi olaraq şura yazıçılar cəmiyyəti tərəfindən gəlmişəm.
Qəti olaraq deyirəm, İftadə, bundan sonra bir daha içməyəcəksən, vəssəlam!
İftadənin anası yerində qurcalandı, əvvəl titrək, sonra get-gedə aydın və mətin bir səslə dedi:
– Sənə qurban olum, ay oğul, kaş bir az qabaqca gələydin.. Xəbərin yoxdur, ölüb qurtarmışam. Evin bütün şeyini satıb içkiyə verib, qazandığından bir qəpik görmürük, arvadı qoyub qaçıb, bir sürü uşaq üstümə tökülüb. Allah ömrünü uzun eləsin, sənin kimi bir Allah bəndəsi uşağın ikisini bağçaya qoyub... Da bundan artıq adama nə yaxşılıq edərlər. Amma bağçaya getməyə də paltar, ayaqqabı lazımdırmı? Evə gələndə yemək lazımdırmı?
Qadın dərdlərini uzun-uzadı söylədi və nəhayət, mətin səsi təkrar titrədi, müəəssir bir surətdə ağlayaraq:
– Oğul, dost-düşmən yoxdurmu? – deyə sözlərini qurtardı.
Dəhşətli bir sükut otağı qapladı. Xəstə çocuq belə, bir an iniltisini kəsib susdu. Tahir Muxtar:
– İftadə, – dedi, – sən bu gün düşmüş də olsan, incə hisslərin hamısı səndə ölməmişdir zənnindəyəm. Sən bu faciəyə qarşı necə laqeyd qala bilirsən? Büsbütün məhv olduğuna inana bilmirəm.
İftadə yenə başını tərpədir və bütün söylənənləri təsdiq edirdi.
Tahir Muxtar:
– Sən bir daha içməyəcəyinə dair mənə söz ver! – dedi. İftadə məcbur bir halda yerindən qalxıb təkrar oturdu. Anası onun tərəddüdünü duyar kimi:
– Oğul, bu yazıq körpələrin xatirəsi üçün tövbə elə, nə olar. “Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdir...” Ver, kişi zəhmət çəkib gəlib, söz ver... Bundan sonra da gözləri sənin üstündə olar.
İftadə titrək səslə:
– Verirəm! – dedi və üzündə bir qəribə ifadə göründü.
– Bax, verdiyin sözu unutma! Sabah cəmiyyətə gəl, bu sərsəri qiyafəsini dəyişməlidir...
İftadə mülayim bir halda Tahir Muxtarın üzünə baxırdı. Tahir Muxtar sözlərinə davam edərək:
– Gələrsən, cəmiyyət sənə paltar alar... İşin az isə yenə iş taparıq.
Hər şey düzələr, ancaq verdiyin sözə vəfa edəcəksən!
– Edərəm, vallah, edərəm!
Tahir Muxtar:
– Hələlik bu, – deyə qalxdı. Qadın ayağa qalxıb, oğlunu ona tapşırdı, ağlayaraq yalvardı. Tahir Muxtar gülərək:
– Ana, söz verib, düzələcək. Sonralar düzələnə qədər kağız yazarıq, onun maaşını sən alarsan.
Qadının sevinci bir daha artdı:
– Allah səndən razı olsun! – deyə təşəkkürlər etdi, oğlunu təkrar tapşırdı, təkrar yalvarıb ağladı...
Üç gün sonra İftadə Tahir Muxtarla bərabər küçə ilə gedirdi. İftadənin qiyafəsi tamamilə dəyişilmişdi: paltarı, şapkası və ayaqqabısı tamamilə təzə idi. Kommunist küçəsindəki yeni bağçaya girdilər. Ətrafı çiçəkli gözəl səkilərlə qalxaraq Tahir Muxtar:
– İftadə, – dedi, – bir ətrafa bax: hər yer yenidən tikilir, bəzənir, gözəlləşir; hər addımda yeni adamlara, yeni mütəxəssislərə rast gəlirsən; konkanı tramvay, at və öküz arabalarını avtomobil əvəz etmiş...
Hər yerdə yeni bir həyat duyulur... Sənin bu böyük dövrdə məst olmağa haqqın var idimi?..
İftadə etiraz edərək:
– Doğrudan, yox idi... Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Pis mühitə düşmüşdüm...
– Bundan sonra o piyalə yoldaşlarından uzaq gəz... Evinə gəlsələr, qov!.. Utanmadan qov!..
Bağçadan çıxıb, sağ tərəfə, Azərnəşrə döndülər. Möhtəşəm binanın gözəl və təmiz pilləkəni ilə yuxarı çıxarkən Tahir Muxtar dedi:
– Mətbəədəki işindən qurtarandan sonra bura üçün çalışarsan. Burada iş
çoxdur. Bu il yalnız bədii şöbə min iki yüz çap listəsi buraxmalıdır. İnqilabdan əvvəl Azərbaycanda təb olunan bütün kitabları toplasan bu qədər olmaz. Halbuki Azərnəşrdə bir çox şöbə var. Nəticədə minlərcə çap listəsi nəşr olunmalıdır. Gələn il bu çap listəsinin miqdarı iki qat artacaq. Çünki bütün ölkə savadlanmış, bizdən bilginin hər bir sahəsinə dair kitab tələb edir. Şura ziyalısının vəzifəsi böyük və məsuldur... Sən də içkiyə dalıb sıradan çıxmaq istəyirsən, – deyəTahir Muxtar gülümsədi. İftadə utandı, udqundu və titrək səslə:
- Tahir Muxtar, o acı dəqiqələri yadıma salma, doğrudan utanıram...
Bədii şöbəyə gəldilər. Hər kəs İftadənin yenidən meydana çıxmasını təbrik etdi. Ona iş verdilər, getdi.
Bir müddət İftadə ayıq olaraq çalışdı. Evinə yavaş-yavaş zəruri şeylər də almağa başladı. Bir axşam yenə onda bir nəşə oyandı, içki üçün ürəyi çır-çır çırpındı. Ağılumulmaz bir vəziyyətdə evdən çıxdı. İşıqlı küçələr sankı dumanlara dalmışdı, onun içərisində söndürülməsini tələb edən bir atəş yanırdı. Nədənsə ruhu düşkün, vücudu xəstə kimi idi. İlk pivə klubəsi onda bir fərəh oyatdı, lakin oraya yanaşmağa cəsarət etmədi. Bir qüvvə onu oraya çəkirdisə də bir ayrısı da oradan uzaqlaşdırmağa çalışırdı. İlk təhlükəni adladı. Həm sevinir, həm də kədərlənirdi... Yoluna davam etdi – dənizə doğru gedirdi. Bir sıra səs-küylü pivəxanaları da eyni iztirab və dərin mübarizə ilə adladı. Artıq yeni bulvarda idi. Yeni əkilmiş cavan ağaclar və çiçəklər arasında düzülən ağ yeni iskəmlələr ilk addımında ona təzim edən kimi göründü. Sevindi. Sonra bu sevinc qeyb olaraq anlaşılmaz bir iztirab yenə onu qapladı. İçindəki atəş yenə alovlanmağa başladı. Divanə kimi dolaşdı. Bir qüvvə onu yenə geriyə doğru çəkirdi. Qəmli gözləri ilə dənizi və göyü süzdü. Üfüqdən doğan ay səliqəsiz şalvar yamağını andırırdı; sönük ulduzlar qırılmış təsbeh kimi göyə dağılmışdı, bulud parçaları yunu çıxmış yırtıq döşəyə və yastıqlara bənzəyirdi... Nəzəri səndələyərək sol tərəfə axdı: mədən və zavodların işığı ot başlarına düşmüş şeh kimi parıldaşır, bütün şəhər lalə tarlası kimi yanır, yeni binalar əzəmət və dəbdəbə nümayiş etdirirdi...
Şən bir təbəssüm onun üzünə yayılaraq gözlərini güldürdü. Ona bir yüngüllük gəldi. Özündə yalnız vahid bir qüvvənin hakim olduğunu duyaraq sevindi. Qəti bir səslə:
– Yox! – dedi və sürətli addımlarla evinə, ailəsinə və işinə doğru getdi.
1935
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-yukselis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Naum əfəndinin iş otağı. Gözəl yazı masası üzərində gümüş yazı takımı, lampa və kitablar var.*Masanın önündə iki qayış qoltuk qoyulmuşdur. Divarın dibində meşinlə örtülü taxt və kitab dolabları*
Üçüncü şəkilQəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ*döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan*
Dördüncü şəkil“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*
Beşinci şəkil“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Стихи других поэтов
Hər gün səhər o, aynanın qabağında dayanardı,Surətinə, camalına baxıb bir də inanardı:
Dəniz pərisiHər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.