Kür qırağının meşələri
Страница 3 из 7 · 29%
– Getməyimə sevinirsən?
– Yox.
– Düzünü de, mən səndən söz soruşuram!
– Sən bilən necə olar: sevinərəm, ya sevinmərəm?
– Sevinərsən, həlbət ki, sevinərsən.
– Madam ki, belədir, qoy düzünü deyim: bir özün fikirləş, Qədir, mənim yerimdə kim olsa sevinməz? Sənin kimi ərə kim dözərdi, kim bu zülmə tab gətirərdi?! Bir gün evdəsən, bir gün türmədə. Bir ayıq gününü görmədim, bir ağıllı vaxtını görmədim. Evdə zülüm, çöldə zülüm. Evdə sənin yumruğun, təpiyin, çöldə camaatın dedi-qodusu, umu-küsüsü. Sənin əlindən başımı qaldırıb, bir əməlli xalqın üzünə də baxamırdım, çünki heç kəsdə abır-həya qoymamışdın. İndi çıxıb gedirsən, görürsən, bir yola salan da yoxdur, bir dalınca ağlayan da yoxdur. Kim eşitsə sevinəcək, çünki camaatın canı qurtarır sənin əlindən... Özün de, Qədir, insafın olsun düzünü de, belə ərdən qurtaran sevinər, ya sevinməz?..
Hətta bu dəhşətli sözləri də Səltənət elə sakit demişdi ki, elə yavaş demişdi ki... Görəsən, niyə?.. Bəlkə meşəyə görə? Qəribə şeydir – meşədə bərk danışmaq olmur. Meşə adamı bərk danışmağa qoymur. Ancaq bərk de, yavaş de, nə fərqi var, söz deyilmişdi və Qədiri içindən doğramışdı.
– Gəlməyəcəyəm, Səltənət, gəlsəm it oğluyam.
– Nə it oğlu ol, Qədir, nə eşşək oğlu ol. Ancaq gəlmə, sən canın, gəlmə, dərdin alım, Qədir. Ha çoxdu dünyada yaxşı-yaxşı yerlər. Get bir yerdə işlə, evlən, neynirsən elə, ancaq gəlmə.
Bu sözləri Səltənət bir yoğun vələs ağacına söykənib demişdi və oradan aralanıb bir müddət içindən kəsilə-kəsilə gedəndən sonra, başqa bir vələsin yanında Qədir qısaca cavab vermişdi: “Gəlməyəcəyəm, xatircəm ol”. Vələsdən bərənin yanınacan onlar səssiz-səmirsiz yerimişdilər və onların bərənin yanındakı söhbətləri də Qədirin indiki kimi yadında idi:
– Gəlməyəcəyəm, gəlsəm – arvadam, kişi deyiləm!
– Arvad da olma, heç nə də olma, kişisən, gəlmə, Qədir!
Bərə gəlmişdi, hazır idi, ancaq Qədir, nədənsə, Səltənətdən ayrıla bilmirdi:
– Bir ayrı söz de!
– Nə deyim?
– Bir adam sözü de. Deynən: yaxşı yol, sağ-salamat gələsən.
Səltənət dedi:
– Yaxşı yol, sağ-salamat qalasan...
Ancaq “gələsən” demədi.
2
Fikirləşə-fikirləşə Qədir mürgülədi. Yuxusunda qarmaqarışıq bir meşə gördü. Meşə elə həmin meşə idi: vələs, cökə, şam, palıd... təkcə buradakı Səltənət bayaq kuzəni götürüb, çeşmə bəhanəsi ilə Qədirdən qaçan Səltənət deyildi. Məhz o vaxtkı Səltənət idi. O vaxt Səltənətin bətnində neçə aylıq uşaq vardı, Səltənət tezliklə doğacaqdı.
Vələsə söykənəndə, bərənin yanında duranda o vaxt Səltənət çarğatının bir ucunu qarnının üstünə salmışdı, bəs necə olmuşdu ki, bayaq, meşəni yadına salanda Qədir həmin Səltənətin yerində indiki Səltənəti görmüşdü?.. Doğrudanmı Qədir bu qədər yorğun idi?.. Bəlkə zəhrimar araq onu tamam üzmüşdü, key eləmişdi... Bəlkə Qədir bayaqkı ağır baxışın altında qalmışdı: əzilirdi, çapalayırdı, çıxa bilmirdi. Meşəni, vələsi, bərəni bir də nəzərinə gətirəndən sonra, Qədir havalı ayağa durdu: “Axı Səltənət boylu idi, Səltənətin uşağı vardı!– dedi və pəncərədən boylanıb qaranlıq otağa elə maraqla baxdı ki, guya həmin uşaq indi orada, o qaranlıq otaqda ola bilərdi.
– Gülgəz bacı, ay Gülgəz bacı!..
Qarnı lap irişib, üzünə bozumtul ləkə düşmüş Səltənət bir evin küçə qapısında dayanmışdı. Həyətdə, eyvanda heç kəs yox idi. Eyvanın qabağında bir balaca küçük atılıb-düşürdü, Səltənətə hürmək istəyirdi, hürə bilmirdi. Küçüyün yan-yörəsində toyuqlar eşələnirdilər.
– Gülgəz bacı...
Səltənət bir də çağırdı və bu dəfə həyətin lap o başından, ayaqyolu tərəfdən səs gəldi:
– Gəlirəm, ay qız, gəlirəm. Keç gəl içəri.
Səltənət içəri keçdi, eyvanın qabağında durdu; bir azdan Gülgəz arvad, əlində aftafa, ağacların dalından çıxdı.
– Otur, Səltənət, – dedi, – ayaq üstdə durma. – Səndən nə əcəb, ay qız?
Eyvanın qabağında keçi dərisi vardı, Gülgəz arvad dərini götürüb, pilləkənin üstünə atdı.
– Sən lap bugün-sabahlıqsan ki, ay qız! Otur, otur, uşağı incitmə, yazıqdır, Allaha xoş gəlməz, bala.
Ancaq Səltənət oturmadı:
– Sağ ol, bu saat gedirəm, – dedi. – Sənə bir işim düşüb, Gülgəz bacı: istəyirəm ikicə gecəliyə Sona gəlsin mənnən qalsın. Çox yox, ikicə gecəliyə.
Gülgəz arvad bir az fikirləşdi:
– Sonamı?.. Nə olar, bir söz demirəm. Amma, ay qız, Sonadan nə çıxacaq sənə? Gərək yanında elə bir adam ola ki, əlindən bir iş gələ. Heç olmasa bir-iki qarın doğmuş ola. Özün də birinci dəfə doğacaqsan. Ananı niyə çağırmırsan ki?
– Anam azarlıdır, Gülgəz bacı, neçə gündür yatır.
Gülgəz arvad Səltənətin irəli çıxmış qarnına elə diqqətlə baxdı ki, hələ doğmadığı uşağın boyunu-buxununu Səltənət həmin baxışda gördü.
Sonra Gülgəz arvad dedi:
– Sonaya görə demirəm, Səltənət, ancaq, mən bilən, gedib orda doğsan yaxşı olar: öz dədənin evində. Anan da, naxoş olsa da, yanında olacaq. Necə olsa, dədə evidir. Yaxşı olar, salamatçılıq olar.
Səltənət dedi:
– Dədəmdən utanıram, Gülgəz bacı.
Gülgəz arvad bir də fikirləşdi:
– Balnisə necə? Getmək istəmirsən?.. Deyir, rayon balnisəsində indi arvadlara yaxşı baxırlar. Doyunca yemək-içmək də verirlər, müftəcə, pulsuz-pənəsiz...
– Yox, Gülgəz bacı, balnisəni istəmirəm. Öz evimdəcə doğacağam, nə olacaq, ölməyəcəyəm ki. Bir də, ölsəm nə olacaq, mənsiz dünya qara geyməyəcək... Ancaq istəyirəm ki, yanımda bir adam olsun, sancım tutanda gedib mamaça Münəvvəri çağırsın.
Gülgəz arvad, nəhayət ki, razılaşdı:
– Yaxşı, yeri get, – dedi. – İndi ki, oturmursan, yeri get... Sonanı göndərrəm gələr. Lap elə dərsdən gələn kimi göndərrəm. Get yat, ayaq üstə çox dolanma.
Qədir əsgər gedəndən təxminən bir ay, ay yarım sonra, gecələrin birində Səltənətin sancısı tutdu. Heç mamaçanın gəlməyinə də ehtiyac olmadı. Səltənət gözünü açanda gördü ki, Sona başının üstündə dayanıb; gördü ki, böyründə ağ mələfəyə bükülmüş uşaq var; gördü ki, uşaq ölüdür, qapqaradır; gördü ki, Sona ağlayır və gözlərini yumdu. Səltənət nə hıçqırdı, nə zarıdı, onun yumulu gözlərindən xeyli vaxt sakitcə yaş axdı və Sona, ölü uşaq bükülmüş, həmin mələfənin uclarıyla Səltənətin göz yaşını sildi...
Üzülmüş, əldən düşmüş Səltənət elə həmin gün, axşamçağı, gün təzəcə əyiləndə həmin ağ mələfədəcə uşağı qucağına alıb, qəbiristanlığa apardı. O, qəbiristanlığa çatanda qəbirqazan öz işini görüb qurtarmışdı. Külüngünü, belini bir tərəfə qoyub, əli belində, qazdığı qəbrin yanında durmuşdu.
– Bura qoy... Tez elə... Gərək özün qoyasan!..
Yəqin ki, Quranda belə yazılmışdı, ana öz körpəsini öz əli ilə qəbrə qoymalı idi. Balaca qəbir. Başdaşısız-filansız. Belə balaca qəbirlər bir aydan, iki aydan, üç aydan sonra mütləq yox olmalı idi, bu da, yəqin ki, Quranda yazılmışdı. Ancaq qəbir dərin qazılmışdı, çox dərin, lap böyüklərin qəbri kimi.
Qəbirqazan ucadan qışqırdı:
– Qoy da, nəyi gözləyirsən?
Səltənət onun bir də qışqırmağını gözləmədi, əyilib uşağı qəbrə qoydu və dikələndə gördü ki, körpənin yanında balaca, bapbalaca, əl boyda işıq var – gün işığı.
– Əlini uşağın döşünə qoy!
Səltənət əlini uşağın döşünə qoydu.
– Götür, bir ovuc torpaq at üstünə.
Səltənət bir ovuc torpaq götürüb uşağın üstünə atdı.
– İndi çəkil dur qıraqda!
Səltənət çəkilib aralıda dayandı və qəbirqazan altdan xırdaca bir sal daş qoyub, qəbri torpaqla örtəndən sonra, nədənsə, Səltənətə elə gəldi ki, bayaqkı işıq da orada, daşın-torpağın altında, körpənin yanında qaldı – əl boyda bapbalaca gün işığı...
Bir ay, iki ay, üç ay keçdi, həmin o axşamçağı, gün təzəcə əyiləndə, bir parça gün işığı ilə yan-yanaşı basdırdığı körpə, Səltənətin yadından heç vaxt çıxmadı.
Körpə tələf olandan sonra bir müddət Səltənət yoxa çıxdı, nə küçədə gözə dəydi, nə çeşmədə göründü. Ancaq bundan bir o qədər də keçmədi ki, bu kənddə, kəndin küçəsində, çeşməsində tamam başqa bir Səltənət peyda oldu: gülən, danışan, hamının kefini soruşan. Və bu gülən, danışan, hamının kefini soruşan Səltənət təzədən peyda olduğu gündən yerli-yersiz, böyüyə, kiçiyə hamıya car çəkməyə başladı ki: bəs dədəm evinə köçmüşəm... Dədə evinə köçmək, əlbəttə, elə böyük bir xoşbəxtlik deyildi. Buna görə də, bütün kənd bu qərara gəldi ki, ərinin əsgər getməyinə Səltənət sevinir. “Canı qurtarıb”, – dedilər. “Əl-ayağı açılıb” – dedilər.
3
Gecənin hansı aləmi olduğunu bilmək çətin idi. Ay çıxmamışdı, yaxud çıxmışdı da, batmışdı da. Sıx, parlaq ulduzların işığında yatmış kəndin özü də bir tutqun yuxu kimi görünürdü: damların özü yox idi, kölgəsi vardı, hasarların özü yox idi, kölgəsi vardı... Göydə ulduzların işartısı, yerdə qurbağaların qurultusu, ucu-bucağı görünməyən gecənin nəhayətsiz zülmətini fasiləsiz səsləndirən qurbağaların sayı da elə bil göydəki ulduzların sayı qədərdi... Bir də haradasa tək bir it hürürdü, daha doğrusu, hürmürdü, ulayırdı, kiçik fasilələrlə, qorxunc, tükürpəşdirici bir səslə ulayırdı və gecəni – zülməti vahimə ilə doldururdu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-kur-qiraginin-meseleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Güllü paltar mövsümüI**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Стихи других поэтов
Ağlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
گر راست روی محرم جان سازندتور کژ بروی ز دل بیندازندت
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.