Страница 5 из 7 · 57%

Qədir ürəyində Səltənətlə danışırdı, gözləri isə yenə orada idi, soyuq vilayətdə idi.

Onların xırdaca bir rayon mərkəzində qəşəng, tərtəmiz evləri vardı. Qızların anası ilə Qədir bir vaxt elə buradaca, bu balaca şəhərcikdə tanış olmuşdu. O vaxt evlənmək barədə onların arasında heç söhbət də olmamışdı... Bu balaca şəhərdən köçüb gedəndən sonra bir gün Qədir məktub aldı, bildi ki, uşağı olacaq, bir vaxt yollarında nəhəng hərbi maşınlar sürdüyü bu balaca şəhərə Qədir qısaca, çox qısaca bir cavab məktubu yazıb göndərdi: “Zdrastvuy, Marina. Yesli devoçka budet nazavi Leyla. Druqoy prozba net”.

Əsgərliyini qurtarandan sonra Qədir çox düşündü, çox daşındı. Düşünüb-daşınmaq nədir ki, hətta o, üç-dörd gün vağzallarda yatdı, səhərdən axşamacan perronlarda avaralanıb, Qafqaz tərəfə gedən neçə-neçə qatarlar yola saldı, neçə-neçə qatarın dalınca baxdı... Yollarında bir vaxt nəhəng maşınlar sürdüyü bu balaca şəhərə nə vaxt gəlib çıxdığını heç Qədirin özü də bilmədi. Gəlib gördü ki, burada Leyla adlı qız var – onun qızı!.. Bir yad şəhərdə qalmaq, yaşamaq üçün bəzən insana bir ad da kifayət olur... Üstəlik, Marina... Onun sədaqətlə yol gözləməyi... Qədirin heç vaxt, heç kəsdən görmədiyi mehribanlıq...

Bu balaca şəhərdən bir vaxt getməli olacağını Qədir əvvəl heç ağlına da gətirmirdi. Nə olsun ki, soyuq idi; nə olsun ki, yer-göy həmişə yaş idi, palçıq idi, ilin az qala on ayı yağış yağırdı, qar yağırdı. İsti Kür, Kür qırağının isti meşələri, isti ağacları hərdən Qədirin yadına düşürdü, ancaq nə olar, – burada da meşələr vardı, çaylar vardı... Qaldı ki, insanlar... İnsanlar elə insan idilər, onların haçansa ilbiz, soxulcan, kərtənkələ olduqlarını Qədir çoxdan unutmuşdu.

4

Dəyişiklik sürətlə başlanmadı, sürətlə davam elədi. Yox, Qədirin nəzərində insanlar təzədən ilbiz, soxulcan, kərtənkələ olmadılar, yad oldular, tamam yad oldular. İnsanlar yad-yad yeriməyə başladılar, yad-yad danışmağa başladılar – yad yollarda, yad evlərdə, yad ağacların dibində... Və yağışlı, çənli-çisəkli bir gün öz nəhəng “samosval”ını, bəlkə də min dəfə keçdiyi bir yolla sürüb keçəndə, o yolun qırağındakı qəbiristanlıq, necə oldusa, Qədirə heç vaxt görünmədiyi qədər dəhşətli göründü, elə dəhşətli göründü ki, Qədir gözlərini yumub, dəli kimi maşının əyləcini basdı. Sonra o, maşını buradan elə sürdü, elə sürdü ki, elə bil, bu saat, bu yağışlı, çənli-çisəkli gündə onu tutub, bu yad qəbiristanlıqda diri-diri basdıracaqdılar.

O axşam Marina ilk dəfə dilə gəldi:

– “Skaji, Kadır, çto s toboy, a?..”

– “Niçivo, niçivo, Marina. – Onda Qədir hələ getmək barədə fikirləşmirdi, getmək istədiyini bilmirdi. Bircə onu bilirdi ki, haradasa isti meşələr var, isti ağaclar var... Haradasa isti bir çay axdığını bilirdi, haradasa isti bir qadın yaşadığını bilirdi... Bir də uzaqda bir qəbiristanlıq vardı, orada Qədirin anası yatırdı; bir də yaxında bir qəbiristanlıq vardı, bir vaxt ölüm gələndə Qədir o qəbiristanlıqda yatmaq istəmirdi: – Niçivo, Marina, çesni slova, niçivo ni prisxodit. Ustal ya. U mne qlava balit...”

Bundan sonra, haradansa bir ölüm yuxusu peyda oldu – insan nə qədər yatarmış, ilahi!.. Bundan sonra yer üzündə elə bil bir maşından və bir çarpayıdan savayı, heç nə qalmadı. Maşından düşən kimi Qədir özünü evə yetirib, çarpayının üstünə sərildi. Bundan sonra, Marina işdən çıxıb, uşaqları yaslidən götürüb evə gələndə həmişə Qədiri çarpayıda gördü. On gün belə, on beş gün belə... Və günlərin bir günü Qədir qalxıb, yatmaqdan şişmiş gözlərini Marinanın üzünə zillədi:

– “Ya xaçu uyexat, Marina! Tı mne prasti, Marina! Ya xaçu uyexat!”..

Qədir ayaqlarını çarpayıdan aşağı sallayıb, beli bükülü oturmuşdu. Uşaqlar yerdə oyuncaqları ilə oynayırdılar. Marina nəsə ütüləyirdi, ütüsü əlində qalmışdı.

– “Ya znala... Ya toqda srazu poçuyala, – pomniş, sprosila, çto s toboy... A deti-to kak je, Kadır?! Eta yeşo malenkaya, a Leyla – ona j v tebe duşi ne çayet!.. Bez otsa rasti budut?!”

Bu söhbətin üstünə onlar bir daha qayıtmadılar, özlüyündə Qədir bu son ümiddən də əl çəkdi. Yenə dünyada bir maşın qaldı, bir çarpayı qaldı... Bəlkə hər şey elə beləcə də qalacaqdı, bəlkə də Qədir dəyişəcəkdi, o nagahan sıxıntıdan qurtaracaqdı, o ölüm yuxusundan ayılacaqdı. Ancaq olmadı, mümkün olmadı, Marina özü qoymadı. Bir gün işdən qayıdanda Qədir stolun üstündə bir iri çamadan gördü. Çamadan təzə alınmışdı. Açıq idi – içində Qədirin ütülənmiş şalvarları görünürdü, köynəkləri görünürdü; bir-iki qutu vafli, bir-iki qutu peçenye; konfet, süd konservi, balıq konservi... Və Qədirin pijamasını da ütüləyib hazır eləyəndən sonra Marina çamadanı bağladı, gedib paltosunun cibindən nəsə götürüb qayıtdı. Bütün bunlara təəccüblə baxan Qədir, bileti görəndə lap təəccübləndi.

– “Vot, bilet kupila. U menya kassirşa znakomaya na stansii. Poyezd v desyat çasov, no seyças uxodi, detey ne dojidaysya. İx Vera seqodnya vozmyot, ya poprasila”.

Sonra onlar vağzalda idilər. Qatar tərpənməkdə idi, ancaq Qədir tərpənmirdi, çaşıb qalmışdı. Marina onu silkələyirdi, vaqonun girəcəyinə itələyirdi, elə bil yuxudan ayıltmaq istəyirdi: “İdi, idi, vsyo ravno tak nelzya! Vsyo ravno – ne jizn...”

O, Qədirin dodağından öpdü və uzun müddət perronda, qatarın dalınca baxaraq, öz əsən dodaqlarını çeynəyə-çeynəyə qaldı.

Qədir ha çalışdı, yata bilmədi. Durub, ehtiyatla otağın qapısı qabağında hərləndi. Qapının şüşəsindən qorxa-qorxa içəri baxdı, yavaşca dəstəkdən yapışdı, dəstəyi qorxa-qorxa özünə tərəf çəkdi... Qayıdıb təzədən yerinə uzananda haradansa Qasımın səsi onun qulağına gəldi: “...elə bil, çastlarını dəyişiblər...”

“– Sən əvvəlki Qədir olsaydın, bu qapının dalında yetim kimi qısılıb qalmazdın. Sındırardın bu qapını, bircə təpiklə sındırardın... Bəs sonra?.. Nə sonra?.. Bir arvadın qollarını qatlamağa gücünü çatmayacaqdı?..” Səs yenə də Qasımın səsi idi. Qədiri yatmağa qoymayan da elə bil Qasım idi. Sanki bu səsdən qaçmaq üçün Qədir çırağı püfləyib söndürdü, yorğanı başına çəkdi. Handan-hana yuxuya getdi və özünü Kürün dibində gördü. Kürün dibində gün çıxmışdı, Kürün dibində işıqdan göz qamaşırdı, Kürün dibində Qədir körpəcə, lap körpəcə bir uşaq tapmışdı və balıqların, yosunların arasında üzə-üzə Səltənəti axtarırdı. Qədir sevinirdi, balıqlar, yosunlar da sevinirdilər. Balıqlar, yosunlar körpəni dövrəyə almışdılar, toy qurub oynayırdılar: “Oğlandır, oğlandır”... – deyirdilər. Qədir nur içində üzürdü, balıqlar da onun dövrəsincə üzürdülər, uşağın başına toplaşırdılar: “Diridir, diridir...” – deyirdilər. Qədir uşağın ayaqlarından tutmuşdu, suyun üzünə çıxarmaq istəyirdi, Səltənəti axtarırdı, Səltənəti çağırırdı: “Səltənət, ay Səltənət, hardasan, səs ver, tapmışam uşağı!..”

Ayılanda gördü ki, səhərdir, dəhlizin azca aralı qapısından içəriyə gün düşüb. Gördü ki, otağın qapısı da açıqdır, orada da gün işığı var. Eyvan tərəfdəki pəncərənin qabağında çörək gördü, pendir gördü; bir qutu çay, bir ovuc qənd, su çaydanı, dəm çaydanı... Evə baxdı, həyətə baxdı... kuzəni də yerində gördü, ancaq Səltənəti görmədi.

Sonra bir yekə maşın gəlib qapıda durdu. Qasım idi, əlbəttə, Qasım idi. Qasım qapının qabağından qışqırdı:

– Durmusanmı, ə, yaxşısanmı?

Qasım gəlib, pilləkənin altında dayandı:

– Rayona gedirəm, – dedi, – sədri aparıram. İstəyirsən sən də gəl gedək. Gəzərik, sənin üçün maşın yeri də eləyərik... Nə olub, ə, yenə gözümə ala-bula görsənirsən. Səltənət hanı? Evdədir?.. Səltənət, ay Səltənət! Aaz, Səltənət, hardasan?..

Qədir başını tərpətdi:

– Yoxdur, – dedi, – bağırma!

Ancaq Qasım kefini pozmadı:

– Hələ düzəlməmisiz? – dedi. – Dilxor olma, ə, düzələcəksən. Qorxub-eləmə, harda olsa, gəlib çıxacaq. Arvadlarımı tanımırsan? Ölərlər, naz eləməsələr.

Qasım, əlləri ciblərində, pilləkənin altında dolandı:

– Nə təhər deyirsən? Qalırsan?.. Qal, yaxşı, bu günü də dincəl. Buralarda eşələn, başın qarışsın... Mən sənin yerində olsam, bu arxları elə bu saat qazıb, bir az dərinə salaram. Bu gün-sabah yay gəlir, su bağlayacaqsız, daşıb həyət-bacanı korlayacaq... Bu kötüyü də çıxart at getsin. Narların dibi də bellənməyib, bəlkə bir az gec gəldim. Darıxma, kefini də pozub-eləmə, düzələcəksiz, öz canım üçün... Çoxdan gedib? Bilmirsən hara gedib?.. Hara gedəcək? Yəqin dədəsinə baş çəkməyə gedib, ya da istəyir ki, bir az qorxutsun səni, yumşaltsın. Qorxub-eləmə, ə, bərk dur. Görərsən, mələyə-mələyə gələcək...

Qədir bir tikə pendir-çörək yedi, üstündən bir stəkan su içdi. Sonra Qasımın tapşırıqlarını, ən yüksək rütbəli komandir əmri kimi, yerinə yetirməyə başladı: əvvəl arxları qazdı, torpağı səliqə ilə yan-yörəyə bərkitdi. Sonra kötüyə girişdi. Kötüyü çıxarmaq çox uzun çəkdi. Günorta Səltənət doğrudan da gəlib çıxdı. O gələndə Qədir narların dibini belləməyə başlamışdı. Yenə bir müddət Səltənət qorxa-qorxa qapının qabağında durdu, oradan yazıq-yazıq Qədirin üzünə baxdı; sonra gəlib, pilləkənlərin yanında bir ağaca söykənib fikrə getdi, xeyli vaxt fikrə getdi və nəhayət dilləndi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 мин
Ceviz kölgəsinin nağılı

I**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

199136 мин

Стихи других поэтов