Страница 6 из 7 · 71%

– Gəldim, Qədir, pal-paltarımı aparım. Dədəm də razıdır, bir söz demir. Gəlmisən – qal, niyə gedirsən? Öz evin-eşiyindir. Öz həyət-bacandır, ək, becər. Maşın götür, işlə, maaş al. Evində də heç nəyinə əl vurmamışam, nə qoyub getmişdin, o da qalır; dava vaxtı bircə palazını satmışam. Allaha şükür, hər şeyin var, evlənərsən, subay qalmayacaqsan ki!.. Beş-altı metrə parça alacaqsan, qurtardı getdi... Qız da var, dul da var, nə qədər desən. Dul niyə alırsan, qız alarsan. Əyinbaşın, boyun-buxunun... Allaha şükür bir az da cavanlaşmısan. Üzüyün də, saatın da sandıqdadır, heç birinə əl vurmayacağam. Öz pal-paltarımdan başqa mən burdan bir çöp də aparmayacağam, Qədir, özününküdür, özünün olsun, halal-xoşun olsun. Getmə. Qal. Evlən.

Səltənət sözünü deyib qurtarıb, evə yüyürdü, Qədir qüvvətsiz-taqətsiz, nar ağacının dibində qaldı. Çıxartdığı nəhəng kötüyə baxdı, ayağı altındakı torpağa baxdı, göyün tən ortasında dayanmış Günəşə baxdı... Səltənət, boğça əlində, evdən çıxdı, yavaş-yavaş pilləkənləri enib, küçə qapısına tərəf addımladı. Qədir Səltənətin dalınca baxmadı, yenə kötüyə baxdı, Günəşə baxdı, ayağı altındakı torpağa baxdı; beləcə xeyli vaxt – taqətsiz, qüvvətsiz... Güc-qüvvət Qədirin canına necə gəldisə, birdən gəldi, elə bil kötükdən gəldi, Günəşdən gəldi – Günəş kimi isti, kötük kimi sərt və Qədir birdən-birə hiss elədi ki, bu nəhəng kötüyü götürüb dünyanın lap o başına ata bilər, bu qoca nar ağacını kökündən çıxarda bilər. Hələ kötük nədir, nar nədir ki, lap Günəşin özünü də... göyün tən ortasında dayanıb, həyasız-həyasız baxan o əclafı, altı ildə bir zərrə də dəyişməmiş o köhnə qurdu, köhnə vicdansızı... Ancaq Qədir nə kötüyə əl vurdu, nə ağacı yerindən tərpətdi, bircə Günəşə baxıb dişlərini qıcırtdı, yumruqlarını düyünlədi. Sonra Qədir evə cumub palazın üstünə sərildi, düyünlənmiş yumruqlarını başına çırpdı, qıcırtdanmış dişləri ilə əlini-qolunu gəmirdi, palazı-brezenti didib tökdü...

5

Qədir bilirdi ki, əynində təzə kostyum var, təmiz köynək var, başmaqlarının da təzə və təmiz olduğunu bilirdi. Qalstukunu özü bağlamamışdı, bilirdi ki, bağlamayıb. Qədirin bir alnının qarasından xəbəri yox idi, bir də gözlərindən. Alnındakı zədənin heç olmasa küt ağrısını hiss eləyirdi – bilirdi ki, alnı çarpayının dəmirinə dəyib, gözlərindənsə Qədir tam xəbərsiz idi, xəbərsiz olmasaydı, küçədə rastına çıxan bu ilk adamın hərəkəti Qədiri təəccübləndirməzdi...

Onda ki Qədir arxı qazırdı, kötüyü çıxarırdı, narın dibini belləyirdi, onda ki Səltənət gəlməmişdi, getməmişdi; onda ki göyün tən ortasında dayanmış Günəş həyasız, vicdansız və zalım deyildi, onda Qədirə elə gəlirdi ki, bu həyətdə yüz il yaşaya bilər, o narın dibini yüz il belləyə bilər, o Günəşin işığını yüz il uda bilər... O həyətdə, o Günəşdə Qədirin altı il həsrətini çəkdiyi hər şeydən bir az vardı. Bir az isti, bir az işıq, bir az nar sevinci, bir az torpaq iyi... Ancaq elə ki Səltənət gəldi, getdi, elə ki Qədir evə cumub üzüqovlu yerə sərildi və üstəlik başını da çarpayının dəmirinə çırpandan sonra, ayağa durub, yan-yörəsinə baxanda hiss elədi ki, burada dayanmaq mümkün deyil, burada nəfəs almaq mümkün deyil. Başmağını geydi, pencəyini geydi, alnının qarasından, bir də gözlərindən xəbərsiz küçəyə çıxdı... Dükançı Ərşadın qapısı. Qədirin rastına çıxan bu ilk adam da yəqin ki, dükançı Ərşadın oğlu idi. Səkkiz-on yaşlı oğlan. Qapıda oturub siqaret satırdı və əgər Qədirin öz gözlərindən xəbəri olsaydı, səkkiz-on yaşlı bu uşağın hərəkətlərinə bəlkə də təəccüb eləməzdi.

– Ərşadın oğlusan?

– Hə...

– Dədən yenə dükanda işləyir?

– Hə...

– Siqareti neçəyə verirsən?

– Neynirsən? Sən siqaret alansan? Alacaqsan, pulunu verməyəcəksən.

– Nə bilirsən, verməyəcəyəm?

– Bilirəm də, sən Qədirsən, Qədir deyilsən?

Dükançının oğlu olasan, dükandan yüzcə addım aralıda oturub, dükanın siqaretini üç qat bahasına satasan, özün də belə tərs olasan, qudurğan olasan. “Yox, burda heç nə dəyişməyib. Bu da Ərşaddır, özüdür ki, var. Kərtənkələdir, ilbizdir, soxulcandır, hər nədirsə, insan deyil”. Qədir təpiklə vurub, uşağın bərk-bərk qoruduğu siqaretləri dağıtdı. Əvvəl uşaq dinmədi, dağılmış “Avrora”ları tələsə-tələsə köynəyinin ətəyinə yığdı. Sonra qaçıb həyətə soxuldu və həyətdən Qədirin arxasınca qışqırdı:

– Dəli Qədir, xuliqan Qədir, oğru Qədir! Elə bilirsən tanımadım? Qədirsən də, şofir Qədirsən, Bilqeyisin xalçasını oğurlayan Qədirsən!..

Sonra yollar boş idi. Dükanın yanında da heç kəs gözə dəymirdi. Orada Ərşad kətil qoyub, öz dükanının qapısında tək oturmuşdu. Yox, Qədirin gözlərindən xəbəri yox idi; xəbəri olsaydı, bu sısqa, bu qozbel kişinin bu cür əl-ayağa düşməyinə də təəccüb eləməzdi.

– Paho, Qədir, tanımaq olmur səni, maşallah, maşallah, geyimdə, bazburutda bizim raytorqun müdirini vurub keçmisən ki! Bəs çölə-zada niyə çıxmırsan, ə?.. Dünəndən gəlmisən, evdə neynirsən?.. İstəyirdim gələm, necə olsa qonşuyuq, haqqı-salamımız var, ancaq dedim, birdən narahat eləyərəm... İçəri keç, əyləş görək. Nə içirsən, yenə araq, yoxsa...

Qədir oturdu, dükana ötəri nəzər yetirdi, Ərşadın üzünə baxmadan:

– Yeməyə nəyin var? – dedi.

– Piçennidi, görürsən də, özgə bir şey yoxdu. İstəsən sənin üçün bir başsoğan da taparam.

Qədir dinmədi. Ərşad bir şüşə araq gətirdi, stəkan gətirdi, qutudan peçenye ovuclayıb piştaxtanın üstünə qoydu, bir yekə baş soğanı yumruğu ilə əzdi və şüşədən araq süzüb stəkanı doldurdu. Qədir arağı götürüb, dinməz-söyləməz içdi. İçəndən sonra da bir müddət susdu. Peçenyeyə və soğana gözünün ucu ilə də baxmadı. Ərşadın üzünə baxdı və yenə:

– Yeməyə nəyin var? – dedi.

– Olanım budur, Qədir, ayrı bir şeyim yoxdur, olsa ayıb şeydi ki!

– Orasını bilirəm. Onu demirəm. Deyirəm ki... sənin o raytorqun gələndə nə verirsən, kolxoz sədri gələndə, ispalkom gələndə... Onlara verdiyindən deyirəm, başa düşmədin?..

Ərşad başa düşdü. Bu müştərini Ərşad yaxşı tanıyırdı. Həmin müştəri idi, səsi də, duruşu da, baxışı da... Bir toyuğun tən yarısı, bircə dəqiqə keçməmiş, piştaxtanın üstünə gəldi, təptəzə təndir çörəyi gəldi, pendir gəldi, badımcan turşusu gəldi. Qədir gətirilənin hamısını yedi. Bircə arağın hamısını içmədi. Yarım stəkan da içdi, qalanını yavaş-yavaş yerə süzdü. Sonra o piştaxtanın ortasında, üstündə kibrit qutusu olan, ağzı açıq “Avrora”nı götürüb cibinə qoydu, cibindən bir şax yüzlük çıxartdı. Ərşadın yanına atdı və dinməz-söyləməz çıxıb getdi...

Ərşad yüzlüyü cibinə qoydu. Toyuqdan qalan sür-sümüyü piştaxtanın üstündən tez-tələsik yığışdırıb, qolu gəldikcə tolazladı. Bayırdan quru torpaq gətirib, yerə süzülmüş arağın da izini itirəndən sonra Ərşad Qədirin getdiyi səmtə baxdı, “Tfu” – deyib, səsi-nəfəsi gəldikcə gedənin dalınca tüpürdü. Ancaq, onda, Qədir uzaqlaşmışdı, çox uzaqlaşmışdı. Çayxanada, nərdtaxta oynayanların başına toplaşmış bir dəstə adamın arasında dayanmışdı. Zərlər Qədirin ovcunda idi. Qədir zərləri oynadırdı:

– Mənnən kim oynamaq istəyir?

Oyunu yarımçıq qalmış iki nəfər nərdtaxtanın dalından dinməz-söyləməz Qədirin üzünə baxırdı. Oynayanları hər tərəfdən dövrəyə almış azarkeşlər də sakitcə Qədirə baxırdılar. Aralıda, samovarın yanında durmuş çayçının da gözü Qədirdə idi: ağsaqqal, qədd-qamətli kişi, əynində parusin pencək, başında bahalı buxara papaq.

– Mənnən kim oynamaq istəyir?

Burada nərdtaxtanın başına yığışanların çoxusu cavan oğlanlar idi: bığ yeri təzəcə tərləyənlər. Elə bil hamısı bir boyda idilər, bir yaşda idilər. Bircəsi boy-buxunu ilə seçilirdi. Zorba şey idi, yaman şey idi. Boyda Qədirdən geri qalmazdı, kürəkdə, biləkdə bəlkə Qədirdən zorba idi. O, Qədirə başqaları kimi baxmırdı, sakitcə, mehribanca baxırdı və elə bil qəfildən peyda olub, bütün çayxananı çaşdırmış, susdurmuş bu adamın nə dərəcədə güclü olmağının, öz aləmində, dəqiq haqq-hesabını aparırdı. Nərdtaxta dalında oturmuş iki nəfərin biri, nəhayət, səsini çıxartdı:

– Gəl otur, – dedi, – mən oynayıram.

Qədir oturdu:

– Nədən oynayırıq?

– Nədən istəsən.

Qədir çevrildi, yan-yörəsinə baxdı, gözünü çayçının buxara papağına zillədi.

– Qeybullanın papağından!

– Yox, aşna, bu ki zarafat oldu, sən nərd oynayana oxşamırsan. – Və oğlan nərdtaxtanın dalından qətiyyətlə qalxdı.

Yenə Qədir ovcundakı zərləri oynatdı:

– Qeybullanın papağından! Kim oynayır, otursun!

Yenə hamı susub dayandı. Hamı Qeybullaya baxdı. Qeybulla özünü eşitməzliyə vurdu və bayaqdan Qədirin hər bir hərəkətini diqqətlə izləyən nəhəng oğlan gəlib, səssizcə, Qədirlə üzbəüz oturdu.

– Mən oynayıram. Ancaq şərti necə olacaq? Uduzan...

– Uduzan Qeybullanın papağını götürüb, – Qədir pəncərənin altındakı zibilliyi göstərdi, – bax ora atacaq, o zibilin içinə, udan baxıb güləcək. Razısan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 мин
Ceviz kölgəsinin nağılı

I**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

199136 мин

Стихи других поэтов