Страница 7 из 7 · 86%

– Razıyam.

Və elə gərgin bir oyun başlandı ki, bəlkə nərd tarixində belə oyun olmamışdı. Qədir uduzdu, çox tez uduzdu – zarafat deyil, altı il oynamamışdı. Uduzub ayağa durandan sonra Qədir bir an tərəddüd eləmədən, Qeybullaya yaxınlaşdı, özünü mərd-mərdanə karlığa, korluğa vurmuş çayçının başından papağı götürüb zibilliyə tulladı. Ancaq heç kəs gülmədi, bir kəsin dodağı da qaçmadı və qəribə burasındadır ki, çayçının özü də zərrə qədər halını dəyişmədi. Gedib papağını gətirdi, silib başına qoydu, sakitcə, lap sakitcə Qədirin üzünə baxdı.

– Öz aramızdır, köhnə heyvərəliyində qalmısan ha, Qədir, – dedi, – heç dəyişib-eləməmisən.

– Sən dəyişmisən, görürəm: qeyrətini ucuz tutmağı öyrənmisən. – Qədir çayçının papağını göstərdi. Sonra çevrilib, çayxanada yeniyetmələrdən başqa kim vardısa, hamısını birbəbir sadaladı: – Sən də dəyişmisən, sən də, sən də... Hamınız dəyişmisiz, ancaq elə köhnə qurumsaqlarsız! İlbizlər, soxulcanlar, kərtənkələlər...

Sonra Qədir bir yol tutub sərxoş-sərxoş başyuxarı gedirdi. Bura kəndin mərkəzi idi – kitabxana, kolxoz idarəsi, həkim məntəqəsi. Kitabxanada da, həkim məntəqəsində də sərxoş Qədiri görmüşdülər, ötən əyyamları yadlarına salmışdılar, qapıları bağlayıb gizlənmişdilər. Qədir kolxoz idarəsinə girdi. İçəridə bircə uçotçu oturmuşdu, iri kağızın üstündə nəsə yazıb-pozurdu; Qədiri görəndə zərrə qədər də halını dəyişmədi, gözucu, ötəricə baxıb, sonra heç başını da kağızdan qaldırmadan:

– Ə, Qədir, gəlmisən? – dedi.

– Gəlmişəm.

– Gəlmisən, xoş gəlmisən, əyləş görək, danış görək – gəzdiyindən, gördüyündən...

O, başını yalnız bu vaxt qaldırdı. Bu vaxt Qədir otaqdan çıxmışdı. Kolxoz idarəsinin qabağındakı uzun dəhlizin bir tərəfində kənd soveti idi, bir tərəfində poçt idi – hər iki bağlı qapını Qədir bərk-bərk çəkdi, bir təpik poçtun qapısına vurdu, bir təpik kənd sovetinin qapısına vurdu, qayıdıb təzədən kolxoz idarəsinə girdi. Pəncərədən çölə baxabaxa Qədir xeyli vaxt ortalıqda gəzindi, sonra gəlib, yer üzünün ən biganə adamı kimi oturmuş uçotçunun stolunun yanında durdu.

– Ə, Misir, – dedi, – axı sən bir vaxt vururdun.

– Yəni demək istəyirsən ki, vurmağın gəlir? Açıq de də, bizi niyə dolaşdırırsan?

– Gəlir, Misir! Varındısa, çıxart.

Uçotçu başını bir də qaldırmağı lazım bildi:

– Yoxdur, Qədir, cibişdan da boşdur. Cibişdanda bir şey olsaydı, düzələrdi.

Qədir əlini cibinə saldı.

– Var, – dedi, – düzəldə bilirsən, düzəlt.

Yer üzünün ən biganə adamı ayağa durdu. Pəncərədən çölə boylandı. Əlində kitab, bağlı kitabxananın qabağında durmuş bir uşağı çağırdı:

– Ə, a bala, bir bura gəl görüm.

Uşaq gəldi. Qədir cibindəki pulların hamısını çıxarıb stolun üstünə qoydu.

– Araq neçəyədi? – dedi.

Dünyanın ən laqeyd adamı, özünəməxsus bir laqeydliklə, qəh-qəh çəkib güldü:

– Siz bilən neçəyə olar, Qədir müəllim! Ha, ha, ha... Əlli ilin eşşəyi məndən dəyirmanın yolunu soruşur... Biri otuz manatdan, ikisi altmış manat eləsin gərək. Üç olsaydı, doxsan eləyərdi, amma doxsan eləməyi lazım deyil. Artıq olar. – O, Qədirin pullarının içindən altmış manat, bir də bir təklik götürdü. – Al, a bala, Ərşaddan iki araq al gətir, bu təkliyi də bas cibişdana. O kitabı da qoy bura, gələndə götürərsən. Yüyür görüm, cəld ol, tez gəl...

Sonra isə gec idi, qaranlıq düşmüşdü və qaranlıq bir yolla Qədir səndələyə-səndələyə gedirdi... Hansı tindənsə, döngədənsə Qasım peyda oldu. Əlindəki cib fənərinin işığını Qədirin üzünə saldı:

– Hardasan, ə, hansı cəhənnəmdəsən, bayaqdan gəzməmiş yer qoymamışam... Nə pis içmisən, ə? Harda içmisən? Bir saat gözləyəmmirdin? Gəlirdim də, nə xəbər idi! Bizim arvadağa da sənin yolunda özünü həlak eləyib: dolma bişirib, plov-mlov, dəm-dəsgah... Deyirdim bir əməlli oturarıq, neçə ildir oturmamışıq. Sən də gedib özünü bu vid-fasona salmısan. Bəs indi neyneyək deyirsən?.. Bəlkə gedib yatasan? Sabah gündüz oturruq, sabah mən də bekaram.

Qədir yuxulu-yuxulu dilləndi:

– Çıx get, Qasım, get dolmanı ye, məndən əlini üz, o işığı da o yana elə, gözümün giləsini deşmə.

Qasım işığı kənara saldı.

– Nə oldu, Səltənət gəlmədi?

– Sən çıx get dolmanı ye, sənə nə var – gəldi, ya gəlmədi.

– Bəs sən indi hara gedirsən?

– Mən billəm hara gedirəm, dərdi sənə qalmayıb.

Qədir Səltənətin atası evinə gedirdi. Bunu Qasım bilirdi, ancaq Qədirin bu vəziyyətdə ora getməyini Qasım istəmirdi. O, Qədiri aparıb yatızdırmaq istəyirdi, sonra hiss elədi ki, baş tutan iş deyil.

– Bilirəm hara gedirsən, – dedi. – Get, yaxşı, ancaq gedib, mən ölüm, hay-küy salma, Səltənəti dədəsinin yanında döyüb-eləmə, yazıqdır, kişi lap qocalıbdır, neçə vaxtdır yorğan-döşəkdədir.

Sonra Qədir bir qoca xəstənin çarpayısı qabağında durmuşdu:

– Mənəm, gəlmişəm, Qədirəm, sənin kürəkəninəm, gözün aydın, kişi!

Hər sözü dedikcə Qədir yumruğunu döşünə çırpırdı, elə bil sinədən deyirdi:

– Sevinmirsən? Sevinə bilmirsən? Yoxsa... ölürsən? Ölmə, kişi, ölmə. Ölməli adamlar çoxdur.

Ancaq qoca sevinirdi. Gözləri parıldayırdı. Dikəlmişdi. Əllərini Qədirə sarı uzatmışdı.

Qədir çarpayının yanında diz çöküb oturdu, qoca onun başını qucaqladı, qoca uşaq kimi ağladı:

– Ay oğul, ay Qədir, ay oğul, ay oğul!..

Qədir özünün də bu saat hönkürəcəyini hiss eləyib, birdən ayağa durdu, bir küncdə büzüşüb oturmuş Səltənətə baxdı:

– Bəs Qəmər arvad hanı, kişi?

Kişi dedi:

– Qəmər ölüb, çoxdan ölüb. – Ancaq küncdə büzüşüb oturmuş Səltənət hıçqırdı.

Araya bir müddət sükut çökdü.

O sükutu Qədir pozdu:

– İncimə, kişi, qızını aparacağam!

– Apar, ay oğul, nə deyirəm ki. Öz arvadındı, öz evinə aparırsan. Bayaqdan neçə dəfə demişəm get. Deyirəm, bala, bu vaxt adam öz evində olar, öz odunun, öz ocağının yanında olar. Apar, bala, mehriban olun, oğul-uşaq yiyəsi olun, mən qoca da bu gün-sabahlığam. Gedirəm, bala, ayağımın biri ordadır, barı elə eləyin ki, rahat gedim.

Kişi yenə başını yastığa qoydu. Bir müddət sakitcə tavana baxdı – ikicə xırda gözdə nə qədər işıq olarmış, ilahi! Kişi bir dikəldi, elə bil o işıq da birdən qığılcım olub ətrafa səpələndi:

– Səltənət! – dedi. – Sən hələ durmamısan?!

Və necə dedisə, Səltənət dik ayağa qalxdı. Səltənət dinməz-söyləməz qapıya tərəf addımladı, ancaq Qədir gözlərini kişidən ayıra bilmədi, ona baxan iki xırdaca gözün işığından uzaqlaşa bilmədi. Onlar xeyli vaxt beləcə dinməz-söyləməz baxışdılar. Elə bil kişi beləcə dinməz-söyləməz hər şeyi dedi. Ürəyində bircə sözü qaldı və bu bircə sözü qoca, qapıdan çıxan Qədirin dalınca qışqırıb dedi:

– Sən də, ay oğul, az iç o zəhrimarı! Az iç, ay oğul, az iç, az iç,...

...Sonra kəndə təptəzə ay işığı düşmüşdü. O təptəzə ay işığında Səltənət Qədirin qabağına düşüb, bir qara quli kimi gedirdi. Büzüşüb, qısılıb, balacalaşıb, əllərini, qollarını qoynunda, çarğatının altında gizlədib, bu kənddə, bu yolda, bu ayın işığında səssiz-səmirsiz yol gedən bu adama Qədir minnətdar idi; ona görə ki, bu adam vardı; ona görə ki, bu adam yol gedirdi; ona görə ki, bu adam o kişinin yanında Qədiri xəcalətdə qoymamışdı. “Nə yaxşı ki, özün durdun, özün yola düzəldin, Səltənət. Tərslik eləmədin, məni o kişinin yanında xəcalətdə qoymadın...”

Yollar boş idi, pəncərələrdə işıq yanırdı. İdarənin qabağında, bir uzun dirəyin başına bərkidilmiş radioda nəsə – bu kəndə, bu kəndin pəncərələrindəki çıraq işığına, bu kəndin dar yollarına, ayına-ulduzuna heç bir dəxli olmayan bir şey çalırdılar... Bir də, orda-burda, ara-sıra itlər hürüşürdü, qurbağalar quruldaşırdı...

Küçə qapısının astanasından da Səltənət dinməz-söyləməz keçdi. Pilləkənləri qalxdılar, dəhlizə girdilər. Səltənət otağın qapısına dirənib durdu. Əvvəl Qədir dəhlizdəki çırağı yandırdı, sonra evdəkini də yandırdı. Sonra qayıdıb Səltənətin qabağında dayandı:

– Yeri get yat. Rahat yat! Mən yenə burda yatacağam. Ancaq bu gecə qapını bağlamayacaqsan, Səltənət! Bağlasan, özün bil, sındıracağam!

Səltənət içəri keçdi. Qədir özü onun dalınca qapını çəkib örtdü. Dünəndən yerdə qalmış döşəyin üstündə oturdu. Sonra uzandı, palpaltarlıca yuxuladı və yuxusunda Kür qırağının ucsuz-bucaqsız meşələrini gördü, sonra yenə Kürün dibini gördü, ancaq bu dəfə Kürün dibi işıq deyildi, qaranlıq idi. Qədir Kürdən, qaranlıqdan çıxmaq istəyirdi, ancaq çıxa bilmirdi: Nəsə əlinə, ayağına dolaşırdı, başına-gözünə sarınırdı, elə bil Qədir balıq toruna düşmüşdü. Sonra gördü ki, əlinə, ayağına dolaşan balıq toru deyil, Səltənətin saçlarıdır. Sonra Qədir haradasa, suyun lap dərinliyində öz iki qız balasının üzdüyünü gördü. Qədir qızlara tərəf üzmək istəyirdi, ancaq yerindən tərpənə bilmirdi. Səltənətin saçları tor kimi əlinə-ayağına dolaşmışdı, başına-gözünə sarınmışdı. Qədir çapalayırdı, boğulurdu, saçlarsa onun əl-qoluna, baş-gözünə get-gedə daha da möhkəm sarınırdı...

Üz-gözünü tər basmış Qədir yerindən dik atıldı, elə bil Kürün dibindən çıxırdı. Oturdu. Bir müddət oturandan sonra da başını silkələdi, elə bil yuxuda gördüyü tor hələ də baş-gözünə dolaşmışdı. Sonra Qədir yerindən qalxıb, otağın qapısını lap ehmalca araladı. Səltənət palazın üstündəcə büzüşüb yatırdı, təkcə başının altına balınc qoymuşdu, çıraq da yanında yanırdı.

Qədir astanadaca dayanıb, xeyli vaxt yatmış Səltənətə baxdı. Sonra çarpayının örtüyünü götürüb Səltənətin üstünə saldı. Sonra, nə fikirləşdisə, örtüyü götürdü, pencəyini əynindən çıxartdı, Səltənəti ehmalca öz pencəyinə bürüdü və çırağın işığını püfləyib söndürdü... Gecənin hansı aləmi olduğunu bilmək çətin idi. Ay batmışdı və bayır elə qaranlıq idi ki, elə bil dünyanın işığı bir də dünyaya qayıtmayacaqdı...

Az keçdi, çox keçdi, yenə dünyanın işığı dünyaya qayıtdı. Yenə gün çıxdı. Kürün bulanıq sularını parıldatdı, ucsuz-bucaqsız meşələrini işıqlatdı. O işıqdan Səltənətin də pəncərəsinə düşdü, evinə düşdü... Dəhlizdəki yorğan-döşəyin üstünə, Qədirin qara, qəşəng çamadanının boş yerinə gün düşdü... Bir-iki qutu vafli, bir-iki qutu peçenye, konfet, süd konservi, balıq konservi... Əvvəl Səltənət Qədirin yorğanını götürdü, aparıb eşikdə tozunu çırpdı, gətirib səliqə ilə çarpayının üstünə açdı. Sonra döşəyi götürdü, döşəyi də çırpdı, döşəyi də çarpayının üstünə açdı və balıncın dalınca getdi...

6

O, bircə balıncı çırpmadı, çırpa bilmədi, çünki taqəti üzülmüşdü, gücü qurtarmışdı, nə qolunda, nə qıçında zərrəcə qüvvət qalmışdı.

Səltənət, balınc qucağında, içəri girdi, balınc qucağında çarpayıya yaxınlaşdı; çarpayının yanında, balınc qucağındaca, onun dizləri büküldü və Səltənət gözünün yaşını sel kimi balıncın üstünə axıtdı.

– Qədir, ay Qədir, ay Qədir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 мин
Ceviz kölgəsinin nağılı

I**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

199136 мин

Стихи других поэтов