Страница 2 из 2 · 50%

Qəm yemə, gözəlim, o ağ saçları

Oxşaya-oxşaya qaralda billəm.

– Gözəl şerdi, Şəfi. Çox sağ ol, əzizim. Haçandı ürəyinin səsini eşitməmişdim.

...Bəbrək qapını açıb içəri boylanaraq:

– Qibləgahım, səni bir oğlan görmək istəyir!—dedikdə, Şəfi qələmi yerə qoyub başını dikəltdi:

– Kimdi?

– Arıq bir oğlandı.

– De gəlsin.

İki dəqiqədən sonra həqiqətən arıq, almacıq sümükləri çıxmış, uzun bir oğlan içəri girəndə Şəfi ayağa qalxdı və mehriban bir ədayla:

– O, Teyyub xan, sən xoş gəlibsən, səfa gətiribsən bizə! — dedi və yaxın gəlib ona əl verdi.

– Xoş gününüz olsun, ustad. — Teyyub otağa göz gəzdirdi, kimsənin olmadığını görüb sıxıntıdan azad oldu. Teyyub arvadlardan yaman utanırdı və gələ-gələ hey düşünürdü ki, Allah elə eləyəydi şairin arvadı evdə olmayaydı.

– Gəl əyləş, ayaq üstə niyə durmusan? — deyə Şəfi onun qoluna girib kresloya tərəf çəkəndə Teyyub yerindən tərpənmədi.

– Yox, ustad, sağ olun. Mən gedəcəyəm, beşcə dəqiqəliyə gəldim...

– Elə şey yoxdu, ömründə bir dəfə bizə gəlibsən, onda da beləcə qapıdan qayıdıb qaçırsan? Məleykə xanım hələ gör səni buraxır, ya yox? Gəl, gəl otur. Görüm necəsən, səhhətin, işlərin necədir?

– Yaxşıyam, ustad! — dedi Teyyub, — səhhətim də yaxşıdı, işlərim də.

Şəfi işlərini deyə bilməzdi, ancaq aşkar görürdü ki, Teyyubun səhhəti elə də yaxşı deyil. Dodaqlarında elə bil bir damcı qan yox idi. Gözlərinin altı kölgələnmişdi. Çiyinləri qalxıb az qala qulaqlarının tuşuna çatmışdı. Cavan idi, Şəfinin heyfi gəlirdi ona. Neçə dəfə demişdi ona çıxsın mətbəədən, qurğuşun tozu axırına çıxar. Ancaq Teyyub başqa bir sənət bilmədiyini bəhanə edərək qol qoymamışdı. Əvəzində burada işləyə biləcək bir adam tapılmadığından, Şəfi çarəsiz qalıb susmuşdu. Son vaxtlar, Teyyubun köməkçisi olduğundan, vəziyyət az da olsa, yüngülləşmişdi. Ziyaülhəqq Bəbirin, Şəfinin icazəsi ilə Munisi onun yanına köməkçi qoymuşdu. Munis başıaşağı, sözəbaxan, zirək uşaq idi — gördüyünü tez götürürdü, yorulmaq bilmirdi, hara buyursaydın ora gedirdi. Həm də Teyyuba qulaq yoldaşı olmuşdu. Əl-ələ verib işləyir, deyib-gülür, günlərini keçirirdilər. Çıxan qəzetləri, kitabları ilk növbədə Munis oxuyur, hərəsindən bir söz öyrənir, bilmədiyi şeyləri Teyyubdan xəbər alırdı. Munis kimi çevik, əldən iti bir oğlanın Teyyubun yanında olması Şəfini xeyli arxayınlaşdırmışdı.

– Səndən nə əcəb, ay Teyyub?. Yoxsa bir hadisə-filan baş verib mətbəədə?

– Oho, siz nə yaxşı iş görmüsünüz! — deyə Şəfi hədsiz bir sevinc içində kitabı Teyyubdan aldı. Kitabdan mətbəə qoxusu— qurğuşun və rəng iyi gəlirdi.

– Mübarəkdi, ustad!

– Çox sağ ol, əzizim.

Kitab gözəl çıxmışdı. Üst tərəfdə, qara cildin üzərinə iri hərflərlə «Məhəmməd Şəfi Rəhgüzar», ondan aşağıda isə «Qırın zəncirləri» sözləri həkk olunmuşdu. Bu sözlərin altında isə halqalarından bir neçəsi qırılmış zəncir parçası çəkilmişdi. Bu, Şəfinin son illərdə, xüsusilə həbsxanadan çıxandan sonra qələmə aldığı şerlərini əhatə edən bir kitab idi. Bir müəllif kimi, o, buradakı yazılardan çox razı idi — ürəyinin qəzəbini, kinini tökmüşdü bu şerlərə. Şəfi uşaq kimi sevinirdi. Teyyub şair sevinci görməmişdi deyə, bu fərəh ona qəribə gəlirdi, buna baxmayaraq o da ustada belə böyük sevinc bəxş elədiyinə görə sevinməyə bilmirdi.

Şəfi üzünü qapıya tərəf tutaraq:

– Məleykə, ay Məleykə! — deyə arvadını səslədi. — Gör Teyyub xan bizə nə gətirib? — Şəfi istəyirdi Məleykəni də sevindirsin. Lakin qapını Bəbrək açdı:

– Bazara gedib, qibləgahım! —dedi.—Nə lazım idi ki?

– Heç...! — dedi Şəfi və təzədən Teyyuba sarı döndü: — Afərin, afərin, Teyyub.

Teyyub icazə alıb gedərkən Şəfi onun pencəyinin cibinə bir dənə əllilik qoyaraq:

– Gedəndə kabab al, apar, Munislə yeyin, — dedi. — Kitabın şirinliyidi, Teyyub! Heyf, gözləmirsən, yoxsa Məleykə xanım sənin üçün...

– Sağ ol, ustad! — deyərək o, qapıdan çıxdı.

Şəfi otaqda tək qaldı. Gəlib mizinin arxasında əyləşdi. Qəribə bir qəlb çırpıntısı ilə kitabını vərəqləməyə başladı. Hər şerə baxırdı, oxumurdu, elə-belə gözdən keçirirdi. İlahi şer nə sehrkar bir varlıq imiş — ürək qanı ilə yazıldığı üçünmü belə doğma idi hər misra ona? Elə bil, ciyərparası dünyaya gəlmişdi. Yaşayacaqdımı görəsən? Yaşada biləcəkdimi görəsən?! Bu nigarançılıq hissi də Şəfiyə tanış idi: bir ata kimi övladlarından da belə nigaran idi, bir sənətkar kimi — kitablarından da!!.

Məleykə isə kitabın çıxdığını görəndə elə sevindi, elə qanadlandı ki, Şəfinin fərəhdən gözləri yaşardı. Qadın özünəməxsus bir əda ilə, kitabı əvvəlcə kənardan süzdü, sonra dodaqlarına yaxınlaşdıraraq ərinin adı yazılan yerdən öpdü, daha sonra isə sol döşünün üstünə qoyub:

– Şəfimə qurban olum!—dedi.—Şəfimin kitabına da qurban olum, özünə də.

Şəfi bəxtiyarlıqla gülümsündü, irəli yeriyib onun saçından öpdü və:

– Bax buna görə, sənin saçlarını öpə-öpə, oxşaya-oxşaya qaraldacağam, gülüm. Qoymayacağam sənin saçların ağarsın, Məleykəm mənim! — dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, altıncı fəsil

Elə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:

10 мин
İkinci hissə, yeddinci fəsil

Heyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:

6 мин
İkinci hissə, səkkizinci fəsil

Zərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini

13 мин
İkinci hissə, doqquzuncu fəsil

Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.

8 мин

Стихи других поэтов