Страница 3 из 4 · 50%

Simuzər indi Ələmdarı qapıda görəndə yaman sevinmişdi. Tavandakı qarmaqdan asılmış beşiyi tərpədib pilləkənin başına qaçmışdı və onu gülər üzlə qarşılamışdı:

– Xoş gəlmisən, mənim nazirim. – deyə gülə-gülə qabağına qaçmışdı.

Simuzər nə qədər şad idisə, Ələmdar bir o qədər tutqun qanıqara idi və bu, Simuzərin nəzərindən qaçmamışdı:

– Nə olub? Niyə kefin yoxdu? Yoxsa xəstələnmisən, allah eləməmiş?

– Yox. Yorğunam, Sim. – Ələmdar bütün yol boyu içini söküb dağıtmış dərdini Simuzərdən gizləmişdi.

– Özünü tamam fəda eləmisən işə. Yoxsa elə bilirsən axırda heykəl qoyacaqlar sənə? Canına-başına fikir vermirsən.Belə olmaz.

– Düz deyirsən, Sim. – Ələmdar köks ötürmüşdü, beşikdəki çağaya baxıb Simuzərə sarı dönmüşdü. – Özün necəsən, Sim, əzizim?

– Yaxşıyam

– Elə bir baş bura, sənin yanına gəlmişəm. Yaman darıxmışam sənin üçün, Sim.

– Mən də. Ürəyimə dammışdı ki, bu gün gələcəksən. Bayaqdan gözüm elə yoldaydı.

– Qərib nə təhərdi?

– Qəribdi də. Pul qazanmaq üçün özünü oda-közə vurur. Səhər evdən çıxanda dedi ki, bəlkə Bakıya getdim, iki-üç günlük işim var

– Nə yaxşı, nə yaxşı. Qaynanan da deyəsən işdədi.

– Hə. Danışmıram onunla.

– Yaxşı eləyirsən. İlan arvada oxşayır.

– Hə.

Simuzər qonağını içəri aparmışdı. Böyük və yaraşıqlı otaq yaxşıca bəzənmişdi. Sərin iti-bağa açılan pəncərənin yuxarı tərəfinə qoyulmuş kondisionerdən ürək sərinlədən bir hava axıb dolurdu içəri. Alaqaranlıqdı otaq. Simuzər əl atıb işığı yandırmışdı, ev nura qərq olmuşdu. Elə bil buna bənd imiş, Ələmdar çevrilib Simuzərin boynunu qucaqlamışdı, onun ipək kimi yumşaq, xurmayı saclarını qoxlaya-qoxlaya öpüb oxşamışdı, nəfəsi tıncıxa-tıncıxa:

– Səni çox istəyirəm Sim – demişdi. Simuzər həyəcandan titrəyən ağ, incə əlini onun üzündə-gözündə gəzdirəndə ağladığını hiss eləyib mütəəssir olmuşdu, bir addım geri çəkilərək Ələmdarın həqiqətən yaşarmış gözlərini görüb:

– Ta niyə ağlayırsan, ay dəli? – deyə soruşmuşdu. Ələmdar əlinin dalıyla gözlərini silib uşaq kimi gülünmsünməyə çalışmışdı. Simuzərə elə gəlmişdi ki, Ələmdar sevindiyindən belə kövrəlib ağlayır və bundan bir qadın kimi çox fərəhlənmişdi. “Sevir. Sevir” Simuzər bilmirdi ki, Ələmdar onu gördüyünə görə yox, açıb-bükə bilmədiyi öz dərdini düşünür gözlərinin yaşını saxlaya bilmir. Hardan biləydi?

… Xoşbəxtlik idimi, bədbəxtlik idimi – demək mümkün deyildi. Ancaq o gün Qərib Bakıya gedəsi olmamışdı, axşamcağı öz maşınıyla evə qayıtmışdı. Simuzər də gözə dəymirdi. “Yəqin yatıbdı” – deyə səs salmadan, barmaqlarının ucunda yataq otağının qapısını itələyib açanda… Gözlərinə inanmamışdı. Ələmdar Simuzərnən çarpayıda yanaşı uzanmışdı, başını Simuzərin açıq sinəsinin üstünə qoymuşdu. Qərib yerində qurumuşdu, nə tərpənməyə, nə də qışqırıb bir söz deməyə taqəti olmuşdu. Sonra … Ağlına gələn ilk fikrin təsiri altında səssiz-səmirsiz geri çəkilmiş, mətbəxdə divardan asılmış ət baltasını qapıb təzədən, dəli kimi qışqıra-qışqıra içəri cummuşdu…

– Sonra nə oldu, a Tapdıq? – Nəzər həyəcanla soruşdu.

– Nə olacaq, ara qarışdı, məssəb itdi. Qəribi tutdular. Qısqanclıq üstündə olduğuna görə gülləmə vermədilər, on il iş kəsdilər.

– Hm. Mən dedim eləmə, oğul, sümüyümüzü it sümüyünə calama. Qulaq asmadı. Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Yaxşı, bəs o lal gədə, o nökər Qəribin evində nə gəzir?

– Yaşayır da. Hökümlü-hikmətli Səltənət xanım gətirib qoyub qızının yanında. Deyir uşaqlara baxır.

– Hm. – Nəzər ah çəkdi. – Müseyib özü çirkab içində idi, bizi də çəkib saldı o çirkabın içinə. Bişərəf məni də bişərəf elədi.

Tapdıq kədərlə davam elədi:

– Qərib Ələmdarı öldürən gün yazıq arvadın da ürəyi partladı. El adətiylə götürdük.

– Harda dəfn elədiz?

– Rəhmətlik Səlminaz arvadın yanında.

– Səhər məni apararsız ora.

– Əlbəttə, Nəzər müəllim, gedərik.

– Yazıq anam yalqız keçinmişdi.

– Hə. Qəbri nurnan dolsun. Yazıq çox əziyyət çəkdi. Nigaran da getdi. Mən anamı ikinci dəfə itirdim elə bil. O mənə qayınana yox, ana olmuşdu.

– Yaxşı, o əclafları, o ev yıxanları açıq mühakimə elədilər, ya…

– Açıq, Nəzər müəllim. Mədəniyyət sarayında. Məxluq əlindən tərpənmək olmurdu, inan. Necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Camaatın çoxu çöldə qalmışdı. Məhkəmə bir aydan çox çəkdi.

– Sən gedə bilmişdinmi barı?

– Hə, əvvəldən axıra qədər. Aman allah, bunlar necə adamlar imiş? Qurd kimi ağız-ağıza yatırmışlar sən demə. Birləşibmişlər, ancaq eyni zamanda da hər kəs özü üçün çalışırmış. Gizli yarış gedirmiş aralarında – kim daha çox götürə bilər. Cılız, şəxsiyyətsiz adamlar imişlər. Siz gərək orda olaydız, Nəzər müəllim, görəydiz dünən bir-birinə dost deyən, duz-çörək kəsən, sədaqət andı içən bu adamcıqlar bir-birini necə keçi qiymətinə satırdılar dar ayaqda. Bu onun üzünə dururdu, o bunun. Gərək öz gözlərinizlə görəydiniz, Nəzər müəllim. Rayonu söküb dağıdıblarmış, bizim xəbərimiz yoxmuş. Elə təkcə Süleyman on yeddi milyon yeyibmiş.

-Vay dədə. – Nəzərin pırpız qaşları yenə alnının ortasına qalxdı. Siqaret yandırdı. – O qədər pulu da yemək olar? Neynəyirmiş o pulları?

– Soruşdular. O pulun üç milyonunu bilirsiz hardan çıxartdılar?

– Evindən?

– Yox əşi. Rəhmətlik İmran kişinin qəbrindən.

– Nə danışırsan, a Tapdıq?

– Hə, həqiqət belədi.

– Yazıq İmran. Sağlığında pendir-çörəklə dolanan yazıq. Ta denən o kişinin qəbri də od tutub yanır ki? Amma Süleyman əvvəllər belə deyildi. Onu ətrafındakılar döndərib dəyişdirirdilər.

– Hə. Onun da üstü açıldı. Sən demə, bütün işlərin mayası İcrakom imiş. Hər şeyin ağası o imiş. Kim hansı vəzifiyə getməlidi, kim nə qədər verməlidi, kim tutulub aradan götürülməlidi. Hamısı onun əmiriylə icra olunurmuş. Sən demə bu ilanlara zəhər verən o kərtənkələ imiş. Sən demə, yuxarıda lap böyük adamı varmış. Ona arxayınmış.

– Hə, bunu mən bilirdim. Süleyman o zaman məni başa salmışdı.

– Amma bu namərdlər ona da namərdlik elədilər. Satdılar onu da.

İcrakom məhkəmədə açıqca dedi ki, biz bu işləri öz başımıza eləməmişik. Ağa deyib «Sür dərəyə», biz də sürmüşük. Eh, nə isə. Gözünə döndüklərim hərəsinə on beş il iş kəsdilər. Düzünü deyim ki, bu hökmlə camaatın ürəyindən tikan çıxartdılar. Biz yazıqlar da indiyəcən elə bilirmişik ki, bizim rəhbərimiz-katibimiz, prokurorumuz, hökümətimiz var, milisimiz var. Sən demə bandit dəstəsi imiş.

– Hm. Dəhşətdi. Quzunu qurda tapşırırmışdılar. Mən Süleymana elə bunu deyirdim. Başa düşmədi. O qurdlara qoşuldu. O qurdlar əvvəl məni yedilər, Süleymana da bu işdə mənə qahmar çıxmadı. Özünü də məhv elədilər axırda.

Güldanə təzədən çay gətirdi. Nəzər isti çaydan bir qurtum içib ağzının acısını aldı və soruşdu:

– Bəs o mərdimazar oğlu Yunisi kim öldürmüş olar, a Tapdıq?

Tapdıq bir az fikrə gedib xatırlıyırmış kimi qaşlarını çatdı və söylədi:

– Qəribədi ki, Yunisi Qəribin toyu olan geçə öldürdülər. Mənə elə gəlir ki, Yunisi elə Müseyib özü öldürüb. Çünki mənim gözüm onda idi. Arada camaat şirincə yeyib içəndə, Müseyib yarım saatlığına yox oldu. Qayıdanda özündə-sözündə deyildi, çox həyəcanlı idi. Yamancada içirdi. Toyda kapitan Balamirzə də mənim yanımda oturmuşdu. Bir azdan kimsə gəlib onun qulağına pıçıldadı ki, bəs Yunisi öldürüblər. Kapitan toydan çıxıb hadisə yerinə getdi. Sonra mən çox götür-qoy elədim və fəhmnən belə başa düşdüm ki, - bu mənim mülahizəmdi, bəlkə də səhv eləyirəm, - Yunisi öyrədib sənin üzünə durquzan elə Müseyibin özü imiş. Yunis ağzından söz qaçırar deyə onun ağzını yummaq lazım deyildi? Yumdu da.

… Tapdıq gümanla-zənnlə deyirdi bu sözləri. Amma nə qədər qəribə olsa da, elə həqiqətdə də belə olmuşdu. O gecə Qəribin toyuna gələnlər yerlərini rahatlayıb oturandan, ortalığa düzülmüş ağbaş araq şüşələri açılıb başları dumanlandırmağa başlayandan az sonra, Müseyib lal-dinməz, öz maşınında aradan xəlvəti çıxmışdı, on dəqiqə sonra benzin doldurma stansiyasının çıraqban həyətində maşını əyləyib köşkə sarı addımlamışdı. Yunis pulları yenicə sayıb dəcləmiş, siyirmənin gözünə atmışdı. Müseyibi görüb təəccüblənmişdi Yunis. Çünki Müseyib indiyəcən bircə dəfə də bu sükan arxasında oturub benizin doldurmağa gəlməmişdi. Onun heyrətini artıran bir də bu idi ki, qızının toyuydu bu gecə və Yunis bunu yaxşı bilimrdi. Cəld ayağa qalxıb onun qarşısına çıxmaq istəyirdi ki, Müseyib köşkün balaca pəncərəsi ağzına yetirdi özünü, başını içəri uzadıb mümkün qədər arxayın səslə:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 мин
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 мин
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 мин
Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 мин

Стихи других поэтов