Dördüncü hissə, səkkizinci fəsil
Страница 4 из 4 · 75%
– Ə, otur. Zəhmət çəkmə, otur. – söyləmişdi. – Sən bilmirdin ki, bu gün mənim qızımın toyudu? – Müseyibin ağzından gələn araq iyi uzaqdan onu vurmuşdu.
– Bilirdim, Müseyib qağa. Mübarəkdi, xoşbəxt olsunlar, qoşa qarısınlar. Gəlmək istəyirdim, ancaq Cağa İbrahim qoymadı. Dedi: «Sən qal, işində ol, sən getməsən, dünya dağılmaz, amma mən getməsəm, ayıbdı o kişidən.»
– Nə qədər pulun var, ə, yanında? – deyə bir başa mətləb üstünə gəlmişdi. Çünki vaxtı itirmək olmazdı, gələn, görən ola bilərdi.
– İki mindən bir az artıqdı, Müseyib qağa.
– Bəri ver, görüm. – Yunis çaşıb qaldığını hiss edib əlavə eləmişdi: – Ə, gözlərini niyə döyürsən? Başa düşmədin dediyimi?
– Ba…şa düş…dümmm… Ancaq…
– Nə ancaq, ə, küçük. Tez elə görüm. Sənə ta pul lazım olmayacaq.
– Niyə, Müs…
– Çünki səni indi öldürəcəyəm, Yunis. Yoxsa yadından çıxıb? Ə, Nəzər sənə neynəmişdi?
– Nəzər? Heç nə .
– Bə niyə onun üzünə durdun, ə?
– Sən dedin, mən də elədim də.
– Ə, adama çox şey deyərlər, hamısını eləyər? Bəlkə biri gəlib diyəcək ki, özünü beş mərtəbədən at, atassan? Bəlkə biri sabah gəlib deyəcək Müseyibin üzünə dur, durassan?
– Yooxxx…
– Yalan deyirsən, durassan, haramzada! Mən səni yaxşı tanıyıram. Nəzərin üzünə necə dayandın, eləcədə sabah mənim üzümə dayanarsan.
– Yox, vallah, dayanmaram, Müseyib qağa. Tikə-tikə doğrasalar da, dayanmaram. – Yunis qorxudan əsmişdi, rəngi avazımışdı. Durub qaçmaq da ürəyindən geçmişdi, ancaq bunun mənasız olduğunu anlayıb əlləri əsə-əsə siyirmədən pulları çıxarıb Müseyibin qabağına qoymuşdu: - Götür bunları, ancaq məni…
– Kəs səsini, ə. – Müseyib iri əlini irəli uzadıb pulları qamarlamış, cibinə qoymuşdu: – Amma heç kəsə bir kəlmə də. Bildin?
– Bildimmm, Müseyib qağa. Ölənəcən qulunam. – Yunis arxayın olmuşdu ki, Müseyib daha onu öldürməyəcək. – Cağa İbrahimə deyərəm gəlib əlimdən zorla aldılar pulları. Tanıyammadım kim idi…
Ancaq bu zaman …güllə acılmışdı və Yunis vəhşi kimi qışqırıb başını mizin üstünə qoymuşdu.
…– Bə toy gecəsinə niyə saxlayırdı o çərxi dönmüş? Başqa vaxd öldürə bilməzdi? – Ərinin fikirlərini birinci dəfə eşidən Güldanə xəbər aldı.
– Bu çox incəliklə düşünülmüş bir işdi, Güldanə. Sən deyən kimi, əgər Yunisi başqa vaxt öldürsəydi, onda gərək Qəribi tutaydılar. Çünki orqan da, elə cammat da düşünəcəkdi ki, Yunis Qəribi öldürüb. Ona görə ki, Yunis Qəribin atasını tutdurub. Bunu isə Müseyib istəməzdi-çünki Simuzəri sırımaq lazım idi, Qərib onun əlinə göydən düşmüşdü. Doğrudan da sonra Qəribi dindirdilər. Amma məlum oldu ki, Qərib o gecə toyda idi, Qərib o gecə bəy idi. Heç nə deyə bilmədilər, tutacaq tapmadılar.
– Bə onda özü niyə öldürürdü, başqa adam tapıb yollaya bilməzdi, a Tapdıq? – deyə Güldanə yenə sadəlöhvcəsinə xəbər aldı.
– Tapa bilərdi, qızım. – deyə Tapdığın məntiqinə və mühakiməsinə heyran olan Nəzər bir az da dərinə getdi. – Amma bu ona sərf eləməzdi. Sirri olduğuna görə Müseyib neçə vaxdı Yunisin yanında dili gödək idi. Onu oradan götürüb başqa birisinin yanında dili gödək olmaq sərfəli olmazdı Müseyib üçün. Heç kəsə etibar eləməyəndə adam məhz belə hərəkət eləyir, bala. Həmin işi özü görür-şahidi olmasın deyə.
– Düzdü, Nəzər müəllim. Ancaq mənə bir şey qaranlıqdı.
– Nə?
– Müeyib sənin qəsdinə niyə durmalı idi? Sən ona neyləmişdin?
– Hə, burda məsələ belədi. Nəzarət komitəsinin sədri seçiləndən az sonra mən Süleymanın yanına gedib rayonumuzun bütün böyük, vəzifəli rüşvətxorlarının, oğrularının, talançılarının siyahısını təqdim elədim. O siyahıda Müseyibin də adı vardı. İndi düşünürəm ki, - çox güman ki, belə də olub. – Ya Süleyman həmin siyahını özü vermb onlara, ya da stolunun üstündə görüblər, götürüblər. Mən o siyahının qurbanı oldum, bala. Adları o qara siyahıda olan adamlar məni bax buna görə bu günə saldılar. Mən bilirdim onlar güclüdülər.
Ancaq mən bu qeyri-bərabər döyüşdə Süleymana - onun simasında partiyaya, həqiqətə arxayın idim. Təəssüf ki… Yaxşı, indi Süleymanın yerinə kimi qoyublar?
– Ta «qoymurlar» katibi, Nəzər müəllim. İndi seçirlər.
– Eşitmişəm. Amma nə isə inana bilmirəm.
– Yox, inan. İndi heylədi.
– İndi kimdi katib?
– Baba. Baba İskəndərov. İstehsalat idarəsinin rəisi vardı ha, onu.
– Nə yaxşı, nə yaxşı. Təmiz adamdı, vicdanlıdı, ədalətlidi. O vaxt Süleymanın bürosunda da təkcə o idi ləyaqətli. O zaman məni partiyadan çıxardanda partbiletimi Süleymana yox başqa büro üzvlərinə yox, məhz Babaya təhvil verdim.
– Eşitmişəm. Süleymanın və başının dəstəsini darmadağın edəndən sonra, katibiylə iki nəfər namizəd var idi. Birini Bakıdan göndərmişdilər. Mərkəzi komitənin instruktoru idi, o biri də Babaydı. Gizli səs verməyə buraxdılar - Bakıdan gələn qaldı qutuda. Çünki heç kəs tanımırdı onu.
Baba isə yekdilliklə katib seçildi.
– Baba yaxşı kadrdı, ziyalıdı. Demək, köhnə «sostav» getdi, hə?
Güldanə sevinc hissiylə dedi.
– Hə, getdi. Hamısının tufağı dağıldı. Apardılar hamısını. Səni göndərdikləri yerə özlərini apardılar, ata.
– Gördüm, qızım. Elə bu gün, o ağzı birdən çıxanda onları gətirdilər. Qapının ağzındaca qarşılaşdıq. Bu də talehin bir qisməti imiş bəlkə. Süleyman gördü məni, tanıdı da. Amma hayıf…
– Niyə hayıfsılanırsan, Nəzər müəllim?
– Ona hayıfsılanıram ki, onlarla danışa bilmədim, bala. Bu, məni yaman yandırır. Çünki oraya düşəndə arzum bircə bu olub ki, mən nəyin bahasına olursa-olsun yaşamalıyam, ölməməliyəm, sağ-salamat çıxıb gəlməliyəm. Süleymanı, Müseyibi, Yunisi, Ağayevi, Hilalovu tapmalıyam, onların gözünün içinə baxmalıyam. Sadəcə baxmalıyam. Görüm onlar mənim gözümün içinə necə baxacaqlar. Bütün bu illəri bax bu arzuyla yaşamışdım, qismət olmadı. Yox, bu arzuma çatmamış ölməyəcəyəm. Yaşayacağam, onların qayıdıb gəlməsini gözləyəcəyəm, ürəyimdə qövr eləyən sözlərimi deyib… sonra rahat dünyadan köçəcəyəm.
– Arzuna çatasan, Nəzər müəllim.
– Sağ ol, bala. Onları yıxan pambıq oldu da?
– Hə, Nəzər müəllim, pambıq. Hamımızın «ağ qızıl» adlandırdığımız pambıq, həqiqətdə elə əsl qızıl imiş. Onu min zillətnən əkib-becərən, üstündə əsim-əsim əsən, yığıb təhvil verən bu yazıq camaat heç bilmirmiş. Milyonlar imiş pambıq, milyardlar imiş. O «ağ qızıl» kimin üçünsə ağ gün imiş, kimin üçünsə qara gün imiş. Nəzər müəllim. – Tapdıq yerində qurcalanıb əlavə elədi. – İndi, bu qədər əziyyətlərdən, itkilərdən, məhrumiyyətlərdən, göz yaşlarından sonra yeganə təsəllimiz budur ki, pambıqla başımızı kəsənlərin hamısının başını elə pambıqla kəsdilər.
– Allaha qurban olum, verdi cəzalarını.
– Allaha yox, qızım. Ədalətə de, ədalətə. Mən elə o vaxt yazıq Bikəyə elə hey deyirdim ki, günlərin bir günündə nağıllarımızda olduğu kimi, bir ağ atlı oğlan gəlib var səsi ili hamıya car çəkib deyəcək ki, ay yoldaşlar, ay insanlar, ay vətəndaşlar, belə yaşamaq olmaz. Çünki böyük Lenin belə deməyib, vallah belə deməyib, billah belə deməyib. Şükür, şükür ki, gəldi o ağ atlı oğlan - o ədalət, nəhayət gəlib çıxdı. Ancaq hayıf,Bikə onun gəldiyini görməmiş, haqsızlıqlar əlində çırpına-çırpına köçdü dünyadan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Proloq– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Birinci hissə, ikinci fəsilElə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.