Страница 2 из 8 · 13%

⎯ Vay, gör mən nə danışıram, aman Allah. Bağışla, sən allah, məni. Mən ac olanda beynimə axmaq-axmaq şeylər gəlir və məni yoldan çıxardır. Allah şeytana lənət eləsin, ⎯ deyib acgözlüklə yeməyə girişdi və üzünü ona tutub: ⎯ Sən Allah, iştahla ye, mənə də nuş olsun ⎯ söylədi.

⎯ Yeyirəm.

Aslan konyakı açdı və özünə də, Leylaya da içki süzdü. Və həmişə adət elədiyi kimi, piyaləsini onunkuna vurub:

⎯ Sənin sağlığına, əzizim ⎯ dedi. ⎯ Bir də sabahın xeyir. Və Leyladan heç bir cavab gəlmədiyini görəndə qədəhi başına çəkib içdi. Daha dilinə vurmadı.

Yemək dəstgahı qurtarıb ortalığa çay gələndə araya öldürücü bir sükut çökdü, Aslan siqaret yandırdı və asta-asta çəkə-çəkə gözlədi. Ancaq Leyla elə bil heç nə deməyə tələsmirdi. Arxayın-arxayın çayını içir və sükut içində Aslana tamaşa eləyirdi. Aslan hardan biləydi ki, Leyla axşam mərhum anası ilə görüşüb, danışıb və arvad əziz ciyərparasına yuxusunda da görə bilməyəcəyi sözlər deyib, Leylanı çaşqınlıq içində qoyub gedib.

Leyla özü indi suallar qarşısında qalıb: əgər anası deyən doğru olacaqsa, ⎯ yəni bu qabağında əyləşib iştahla siqaret çəkən Aslan onun alın yazısında yazılmış qismətidisə, nə üçün mövlası ona dünəndən bəri heç nə söyləməyib? Niyə susub? Hər şeyi Leylanın ürəyinə, beyninə pıçıldayan o sehrli varlıq niyə bu qədər çox istədiyi, bəlalardan qoruduğu əzizini xəbərdar eləməyib ki, bax, sənin belə bir macəran da olacaq? Anası deyir, amma o yox? Axı anası da doğru danışan olub? Bəs?.. Suallara Leyla özü də cavab verə bilmirdi və qətiyyətsiz də olsa, anasına ürəyində etiraz eləyirdi: «Yox, ana, bu, ola bilməz. Sən deyən kimi olsaydı, mövlam da mənə bir söz deyərdi, ana!»…

Leylanı fikirdən Aslanın səsi ayırdı:

⎯ Deyəsən… mən sənin xətrinə dəymişəm, Leyla xanım. Bağışla, sən Allah, məni. Axşam… mən… bir qələtdi eləmişəm… Keç günahımdan…

⎯ …

⎯ Bağışlamırsan?

⎯ İnsansan. Sənin qəlbini şeytanlar işğal eləyib, içində bardaş qurub oturublar, bəy. Qul kimi, ağılsız uşaq kimi hara istəyirlər, çəkib aparırlar səni. Sən zəif iradəli adamsan, ürəyində Allaha, Tanrıya məhəbbət olmadığına görə, onlar orda özlərinə isti yuva qurublar və səni qul eləyiblər.

⎯ Bunda mən günahkaram?

⎯ Səndən də çox sənin valideynlərin günahkardı, bəy. Onlar səni başa salmayıblar, öyrətməyiblər. Evinizdə Allah kəlamı eşitməyibsən.

⎯ Onda heç ata-anamın da günahı yoxdu, Leyla xanım. Sən bilirsən ki, qoymurdular, qadağan idi.

⎯ Hə, Şura hökuməti Allahsız hökumət idi, elə şeyləri qadağan eləmişdi, bilirəm. O, yaxşı başa düşürdü ki, müsəlman öz Allahına inamı ilə qüdrətlidi, basılmazdı, diz çökməzdi: onu qul eləmək üçün o inamı ürəyindən nəyin bahasına olursa-olsun çıxartmaq lazımdı və müruri-zamanla adamlarımızın əksəriyyətinin ürəyindən onu çıxartmağa da müvəffəq oldu… Az-çox dini-islami bilənlərimizi, yaşadanlarımızı yaxaladılar, aradan çıxartdılar, yaranan yeni nəsillər isə bütün o zəngin mənəvidaxili paklıq xəzinəsindən xəbərsiz böyüdü və sənin kimi bəzi əyyaşlar əmələ gəldi. Mən üzr istəyirəm a. Və nəticəsi də göz qabağındadı…

⎯ Demək, o kişi ⎯ Aslan qaşlarını yuxarı qaldırmaqla göyə ⎯ Allaha işarə elədi ⎯ bilir ki, mənim və mənim kimilərin günahı yoxdu bu məsələdə. Bilirmi?

⎯ Bilir…

⎯ Ay sağ ol… Onda o, qurban olduğum gərək məni bağışlasın da. Axı… mən bilə-bilə onu qəlbimdən silməmişəm ⎯ zornan sildiriblər və qəlbimizi bomboş eləyiblər ki, indi sən deyən kimi, şeytanlar gəlib oturublar orda… Bax, şeytan dedim, yadıma düşdü. Bir məni başa sal görüm bu şeytan dediyimiz əcinnəni Allah yaratmayıb?

⎯ Yaradıb!

⎯ İndi icazə ver, səndən soruşum. ⎯ Əgər o qurban olduğumuz öz bəndələrini çox istəyirdisə, niyə bu şeytanı da yaradıb salırdı onun canına ki, o da mənim kimi zəifləri toruna salıb bəd-bəd işlər görməyə sövq eləsin? Hə? Niyə yaradırdı?

⎯ Ona görə yaradırdı ki, sənin ⎯ öz yaratdığının iradəsinin möhkəmliyini, sədaqətini yoxlasın. Yaxşısı ilə pisini ayırsın insanların. Yoxsa…

⎯ Hə, yoxsa nə? Yoxsa onun yaratdığı cəhənnəm boş qalardı? Ora göndərməyə günahkar bəndə tapılmazdı? ⎯ Aslan bunu deyib birdən konyak şüşəsinə əlini uzatdı ⎯ icazənlə, birini də içim. Bunlar çox maraqlı məsələlərdi, mən istəyirəm biləm ki… ⎯ deyib özü üçün konyak süzdü.

⎯ Bax, görürsən, içindəki şeytan səni qızışdırdı ⎯ o birinci qədəhi də içməsəydin, heç bu suallar sənin beynində doğmayacaqdı, bəy. İç, indi görək daha nə deyəcəksən. ⎯ Aslan qımışdı və çox uzağa getdiyini, öz dərdlərini yaddan çıxartdığını anlayıb ürəyində: «Yox, içməyəcəyəm!» ⎯ desə də, elə bil gözə görünməz bir əl onun qolundan yapışıb qədəhi birnəfəsə başına çəkməyə məcbur elədi. Sanki özündən asılı olmayaraq tutduğu bu iş üçün yanında dayanmış kimisə günahlandırmaq, danlamaq üçün ətrafına baxındı. Heç kəs yox idi, ola da bilməzdi.

⎯ Axtarma, görə bilməzsən. Şeytan içində oturub, bəy. İradəni tamam alıb əlindən. Bircə saniyə bundan qabaq sən özlüyündə; «Yox, içməyəcəyəm!» ⎯ söyləmədinmi!

⎯ …

⎯ Söylədin: ancaq bacara bilmədin, kişi kimi sözünün üstündə dura bilmədin.

⎯ …

Aslan, dilini udmuş kimi heç nə demirdi, deyə bilmirdi. Eləcə dirsəyini mizə söykəyib sağ əlini təmiz təraş olunmuş üzünə dirəmişdi və yazıq-yazıq Leylaya tamaşa eləyirdi. Leyla da susmuşdu, ona diqqətlə baxırdı, elə bil öyrənmək, tanımaq, sifətinin cizgilərini, alnının qırışlarını yadda saxlamaq istəyirdi. Qəribə idi, anasının axşam gördüyü qiyafəsi gözlərinin qabağından çəkilib getmirdi: o, bilirdi ki, arvad «gəlməyib», indi burda yoxdu. Ancaq sözlərini ⎯ axşamkı sözlərini ap-aydın eşidirdi Leyla. Nə qədər qəribə olsa da, heç cür inanmaq istəmirdi o sözlərə. «Yox, qulağım səsə düşüb! Elə bir şey olsaydı, «O» mənə deyərdi, mütləq deyərdi». «Axı anam gəlmişdi. Dedi axı…» «O» deməyincə inanmaram. Yox, inanmaram! ⎯ Leyla Aslana baxa-baxa öz ürəyində beləcə danışırdı və az qala Aslanı da unutmuşdu ki, birdən gözləmədiyi halda, kişi ayağa qalxdı, stulun tərpənməsinə qız da xəyaldan ayrıldı və sanki harada olduğunu xatırlamağa çalışdı

Bu zaman artıq səbri, hövsələsi tükənmiş Aslan uzun, enli, qədimi mizin bu böyründən o böyrünə keçib düz Leylanın qənşərində dayanaraq:

⎯ Leyla xanım, ⎯ dedi və səsinin titrədiyini hiss eləsə də, davam etdi: ⎯ Leyla xanım, sən mənim ürəyimi partladmaqmı istəyirsən, anam, bacım? Niyə iki gündü məni üzürsən? Mən ölürəm axı? Məgər görmürsən? Sən ki, hər şeyi görən və bilən bir adamsan! Görürsən ki, mənim bağrım çatlayır, suallar, şübhələr məni öldürür, dayana bilmirəm, yaşaya bilmirəm. Bu murdar insanlar arasında ⎯ bu yalançılar, gözdən pərdə asanlar arasında yaşamaq nə müşkülmüş, ilahi? Səni tapanda, sənə rast gələndə, gördün ki, uşaq kimi necə sevindim? Bax, nə istəyirsən verim, nə qədər istəyirsən verim, ancaq məni xilas elə, qurtar bu şübhələrin əlindən. Dünəndən gözləyirəm ki, bir söz deyəcəksən, sakitləşəcəyəm. Sən isə oxun atıb yayını gizləyə-gizləyə nigarançılıqlarımı bir az da artırırsan.

Qurban olum, mənə dağdan-dərədən danışma, mənim ağzımı dağa-daşa salma. Ayağının altında ölüm.

Və Leyla gördü ki, Aslanın bu sözləri deyə-deyə gözləri yaşarıb, tamam zavallı bir günə düşüb. Bu dəfə ona çox rəhmi gəldi, ancaq qəribə bir soyuqqanlıqla dedi:

⎯ Yaxşı, yaxşı, özünü ələ al, həyəcanlanma, Aslan. Keç yerində otur, nə istəyirsən, soruş…

⎯ Qoyursan ki, soruşam? Qorxumdan soruşa bilirəm ki? ⎯ deyə Aslan əmri icra eləməyə məcbur bir əsgərsayağı çevrilib əvvəlki yerində oturdu: ⎯ Ha istəyirəm mətləbə yaxınlaşım, sən uzaqlaşırsan. Bir söz deyən kimi bir uzun dastan başlayırsan, qalıram içimdən qırıla-qırıla.

Leyla mehriban-mehriban qımışdı. (Aslan isə bu sözlərinin onun xətrinə dəyəcəyini ağlına gətirib az qala sarısını udmuşdu).

⎯ Niyə sənə elə gəlir ki, ancaq sən dərdlisən? Məgər mən adam deyiləm? Məgər mənim dərdim yoxdu? Mən də sənə deyirəm dərdlərimi, başqa adama deməyin mənası yoxdu, bəy. Çünki, sən o adamlardan birisən ki, hardasa mənim və mənim kimilərin bu hala düşməyində azmı, çoxmu dərəcədə günahkarsan! Görmürsənmi ki, mən səni mühakimə eləyirəm, ittiham eləyirəm? Bəlkə bu məsələlərə görə səni heç qanuni şəkildə, rəsmi surətdə ittiham eləməyəcəklər, sən bəlkə də heç müttəhimlər kürsüsündə oturmayacaqsan. Çünki səndən də böyük günahkarlar var və əgər bu millətin mənliyi, qeyrəti varsa, onları göyə çıxsalar da, yerə batsalar da, hətta öləndən sonra da ittiham eləməlidi, cəzalandırmalıdı; ola bilsin o zaman sən heç yada düşməyəsən… Yox, yox, yada düşəcəksən, Aslan. Bəlkə də çox ürəyi yumşaq olan bu xalq sənin xırda-xuruş günahlarını bağışlaya, ancaq ən böyük günahını ⎯ dünən dediyiniz günahını ⎯ doxsanın yanvarı günahını heç cür bağışlaya bilməz. Bağışlamamalıdır da…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on beşinci fəsil

Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

5 мин
İkinci hissə, on altıncı fəsil

Havalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».

3 мин
İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 мин
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 мин

Стихи других поэтов