Страница 3 из 8 · 25%

Aslan yerində qurcuxub yenə hövsələsini basmağa çalışaraq, bacardığı qədər səsinə mülayim bir ahəng verib söylədi:

⎯ Yox, Leyla xanım. Səninlə danışmaq daha mümkün deyil. İndicə ağzımda sənə bir quranlıq söz dedim, sən yenə…

Leyla başını silkələdi.

⎯ Bağışla, Aslan. Yeri gəldi, özümü saxlaya bilmədim. Daha öz dərdlərimi ⎯ səsinin ahəngində bir kədər duyuldu… ⎯ dilimə gətirməyəcəyəm. Dünya belədi, hər kəs öz ölüsü üçün ağlayır, bəy. Sən öz hayında ikən…

⎯ Xətrinə dəydim deyəsən. Üzr istəyirəm, keç günahımdan, sən allah. Əsəblərim tamam-kamal korlanıb. Allah pis adamlara lənət eləsin…

⎯ Axı mən neynəyim? Sən özün elə sözlər deyirsən, mən də istər-istəməz danışmalı oluram, bəy.

⎯ Yenə nə dedim ki?

⎯ Dedin ki, allah pis adamlara lənət eləsin.

⎯ Hə, dedim.

⎯ Bax, indi mən necə deməyim ki, min lənət.

⎯ De də.

⎯ Bəs onun dalınca mən necə deməyim ki, o pis, lənət oxunan adamlardan biri də elə sən özünsən, Aslan! Necə deməyim, hə?

⎯ …

⎯ Nədi? Yoxsa sən özünü dünyaya təzə gəlmiş uşaq kimi tər-təmiz hesab eləyirsən? Yoxsa sənin əllərin pak, vicdanın pak, ürəyin pakdı? Yoxsa sən… oğru, rüşvətxor, ev yıxan olmamısan? Sənin pislik elədiyin adamlar çox-çoxdu, sənə pislik eləyənlər isə… azdı. Amma dözə bilmirsən, lənət oxuyursan. Bu hesabla indi gör sənə nə qədər adam nə qədər lənət oxuyur… Cəmdəyinə bunca lənətlər yağdırılan, adın gələndə yeddi arxandan üzü bəri söyülən, qarğışlanan sən, hələ bir xoşbəxt olmaq istəyirsən, rahat yaşamaq da istəyirsən? Yox, sən görməsən də, bilməsən də, qəbul eləməsən də, yer üzündə bir mizan-tərəzi var, hər şeyi ölçüb-biçən var, Aslan. Əgər bu, belə olmasaydı, dünya çoxdan dağılmışdı, inan! Əgər sən indi içində qovrulduğun bu bəlalara düşməsəydin, özünün istədiyin kimi hər işin yağ kimi getsəydi, fikrin, əlin, qolun açıq olsaydı, sən elə pisliklərini, əclaflıqlarını, yalançılıqlarını, ikiüzlüklərini, nə bilim daha nələrini, nələrini davam etdirəcəkdin, evlər yıxacaqdın, neçə-neçə kişini namussuz, neçə-neçə qızı-gəlini ismətsiz eləyəcəkdin və elə biləcəkdin ki, bu belə də olmalıdır, sən haqlısan, sənə hər şey mümkündür, çünki sənin pulun var, vəzifən var, sən… böyük adamsan…

Aslan az qalmışdı ki, əlini atıb o boyda stolu çevirsin, qışqırıb Leylanı şillələmək üçün üstünə cumsun, birdən qız xırda döşlərini stolun qırağına söykəyib başını irəli uzadaraq, Aslanın düz gözlərinin içinə baxdı və yumşaq bir tərzdə (elə bil azca əvvəl ağzından od püskürən o deyildi) soruşdu.

⎯ Aslan bəy, sən heç ömründə bir dəfə özünə sual veribsən ki, bu məqama, bu vəzifəyə niyə və necə gəlib çıxmısan?

Aslan bir az əvvəl edə biləcəyi dəliliyi etmədiyinə o qədər sevindi ki, elə bil ona dünyanı bağışladılar. Çünki Leylanın bu müraciətindən başa düşdü ki, nəhayət, başlayır və fikri o qədər çaş-baş oldu ki, qəfildən verilmiş bu sualın cavabında gözlərini döydü. Qız ayrı-ayrı sözlərlə təkrar elədi:

⎯ Məsələn, heç fikirləşibsənmi ki, sənin deyək Əlidən, Rəşiddən, Yaşardan nəyin artıq olub ki, bu məqama gəlib çıxıbsan? Deyəcəksən savadım? Məsələn, Əlinin, Yaşarın savadı səndən də çoxdur. Və onlarla adam göstərmək olar ki, səni savadda susuz aparıb, susuz gətirərlər. Elədimi?

⎯ Ola bilər…

⎯ Deyəcəksən ki, təşkilatçılıq qabiliyyətim, rus dilini bilməyim və s. Yenə boynuna ala bilərsən ki, bu sahədə də səndən bacarıqlı oğlanlar çoxdu, həddindən artıq çoxdu. Bəs onda niyə sən? Hə?

⎯ …

⎯ Yox, soruşuram da. Niyə sən?..

⎯ …

⎯ Bilirəm niyə susursan…

⎯ Niyə? ⎯ Aslan qorxa-qorxa xəbər aldı.

⎯ Ona görə ki, səni bundan, bu məsələdən daha artıq o biri məsələ maraqlandırır…

⎯ Hansı məsələ?

⎯ Tanrıgülün məsələsi.

⎯ Hə.

⎯ Görürsən, sən. ⎯ O, nə isə ağır söz ⎯ «sən namussuz imişsən də» deməkdən özünü güclə saxladı ⎯ Yox, əvvəl bu sualı aydınlaşdırmalısan özünə.

⎯ Axı hansı sualı? Vəzifə məsələsini? O məni az maraqlandırır, Leyla xanım. Keçib getmiş şeydi o.

⎯ Yox, Aslan, sən səhv eləyirsən. O elə birbaşa sənin bu gün rahatlığını pozan əsas məsələnin ⎯ yəni sənin Leylanın məsələsidir.

⎯ Hə?

⎯ Bəli.

⎯ Axı… vəzifə ilə… Leylanın nə əlaqəsi ola bilər, Leyla xanım?

⎯ Ay, ay, sən bic, usta olduğun qədər də avam olmusan, deyəsən. Ya da özünü avam göstərmək istəyirsən…

⎯ Yox, vallah.

⎯ Aslan? Axı demişəm, mənə necə varsan, elə görün. Görünməsən də görəcəyimə əminsən, elə deyil?

⎯ Elədi.

⎯ Onda… danış. Danış görüm… Siranuşla ⎯ bu köhnə Bakı ermənisi ilə… necə tanış olmağın məlumdu. Sən Stavropolda tələbə olanda onların evində kirayənişin olmusan. Sonra evlənmisən, institutu qurtarandan sonra Bakıya gəlmək ərəfəsində onun adını dəyişib ⎯ qaynatanın təklifi ilə, əlbəttə, Leyla qoymusan. Bakıya gəlmisən. Yenə Siranuşun Bakıda, Bakı Sovetində işləyən, küçələrə ad qoymaq məsələsi üzrə görkəmli mütəxəssis sayılan əmisi Badamyanın evində yaşamısınız… Bunların hamısı məlumdu… Danış görək necə oldu ki, Stavropoldan təzəcə Bakıya gəlmiş, heç kəsin tanımadığı… heç kəsi tanımayan səni necə oldu birdən-birə Mərkəzi Komitəyə işə apardılar?

Leylanın söhbəti ciddiləşmişdi ⎯ bunu onun danışığından da, gözlərindən də oxumaq Aslan üçün elə də çətin deyildi.

Leylanın baxışları dünənki, bu gün səhərki: lap bir az bundan qabaqkı adi, azca kədərli, azca məsum baxışlara oxşamırdı. Stolun üstəki sol əlinin barmaqlarını yummuşdu, sanki o ovcundakı kəpənəyinmi uçacağınımı, işıldaböcəyimi qanad açıb gedəcəyindən qorxurdu qız. Ancaq Aslanın qarşısında oturanın bu zahiri dəyişikliklərini ətraflı, dəqiq görəsi, təhlil edəsi və məna verəsi halı yox idi. Bu dəqiqə o, çətin bir imtahanın çətin sualları qabağında dayanmış və nə edəcəyini, nə deyəcəyini bilməyən bir fərsiz şagirdə oxşayırdı. Beyni qarışmışdı, çünki Leyla onu dünənə yox, srağagünə yox, on il bundan öncə olub keçmiş günlərə, hadisələrə qaytarmaq istəyirdi ⎯ onun yaddaşı buna kömək edəcəkdimi? Çünki Aslan ancaq özünün xoş günləri ilə bağlı xoş saatları, hətta dəqiqələri ⎯ onu da əgər onlarda ləzzət, nəşə varsa, əgər bu, bir gözəl qadının vüsalı, verdiyi həzzlə bağlıdırsa ⎯ yadında saxlamağa adət eləmişdi, qalan şeylər, hətta kədərli olsalar belə, onun yaddaşına yazılmamışdı, əgər yazılanı olmuşdusa da, tez pozulub getmişdi. Ümumi qonaqlıqlar, iclaslar nə idi ki, Aslan onları da unutmayaydı?

Amma yox, Leyla sualı ayrı cür qoymuşdu ⎯ o, həmin uzaq illərin əhvalatlarını, adamlarını soruşmurdu, konkret xəbər alırdı ⎯ səni ora, yuxarıya, Mərkəzi Komitəyə kim aparmışdı və nəyə görə, Həsəni, Əlini, Vəlini yox, məhz səni? Axı, Leylanın qırımından elə anlamışdı ki, Siranuş əvvələ salınıb; hər şeydən qabaq, həttaTanrıgüldən də qabaq ondan başlamaq qərarına gəlib! Görəsən niyə?

Aslan bu suallar əlində çırpınırdı, Leyla isə cavab gözləyirdi. İki şeydən biri idi: Aslan ya xatırlamırdı, ya da demək istəmirdi. Bu isə zahirən, nisbətən təmkinli görünən Leylanı içəridən əsəbləşdirirdi.

⎯ Əgər doğrudan da sənin əlindən tutan, adam içinə, böyük yola çıxaran adamı yaddan çıxartmısansa, onda sən eyni zamanda qədirbilməz, yaxşılıq qanmayan bir adam imişsən, Aslan.

⎯ Yox, elə deyil, Leyla xanım. Mən nə yaxşılığı, nə də pisliyi unudan adam deyiləm.

⎯ Bəs onda niyə susursan?

⎯ Bilirsən, Leyla xanım, mən fikirləşirəm ki, bunun məsələyə nə dəxli var axı? Deyəsən sən Leyladan başlamaq istəyirdin axı.

⎯ Hə, elədi. Sən öz bədbəxtliyinin tarixini bilməsən, indiki halını başa düşə bilməzsən, Leylanın Mehmanla qaş-göz eləməsinin dəhşətini yaşaya bilməzsən, Aslan?

⎯ Hə? Sən nə danışırsan?

⎯ Bəli. Sən indinin bədbəxti deyilsən. Sənin bədbəxtliyinin tarixi Stavropolda, o Siranuşa rast gələndə qoyulmuşdu, lakin sən bunu anlamırdın, anlaya da bilməzdin. Çünki Leyla, sənin Siranuşun həqiqətən gözəl idi, boy-buxunluydu. Bir baxan bir də dönüb baxmaq istəyirdi. Sənin gözün o zaman elə tutulmuşdu ki, onun gözəlliyinin tənasübünü pozan azca iri burnunu və ətli dodaqlarını da bir yaxşı məziyyət kimi qəbul edirdin.

⎯ Sən Leylanı… Siranuşu görmüsən ki, onu belə təsəvvür eləyirsən?

⎯ Yox, həyatda, beləcə sənin kimi üzbəsurət görməmişəm. Ancaq mən onu görürəm. Yoxsa, düz demirəm? Burnu yekə, dodaqları qalın deyilmi sənin Siranuşunun?

⎯ Elədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on beşinci fəsil

Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

5 мин
İkinci hissə, on altıncı fəsil

Havalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».

3 мин
İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 мин
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 мин

Стихи других поэтов