Страница 5 из 5 · 80%

– Vay, yəqin Süleyman götürüb cırıb ey, — deyə Gülmirə hayıfsılana-hayıfsılana söylədi. — Elə bilib sən girəcəksən, o yox. Paxıllıqnan götürüb məhv eləyib. İkiniz də bir kənddən, fikirləşib ki,... — İnanmıram, Gülmirə.

– Yox, min faiz elədi. İnsandan nə desən çıxar. Düşünüb sən girəcəksən, o isə üzüqara kəndə dönəcək. Cəhənnəmə gedən yoldaşını çox istər — deyiblər atalarımız.

– Nə bilim, bəlkə də elədi. Qərəz, tapılmadı. Süleymana dedim: «Sən get imtahanını ver, mən görüm neyləyirəm».

Ölmüşdüm ayaq üstə. Az qalırdı ürəyim partlasın. Gəldim qəbul komissiyası sədrinin yanına. Mirzə Mədətov adlı bir kimyagər idi sədr. Keçəl, göygöz bir kişiydi. Əhvalatı danışdım. «Vərəqəmi itirmişəm, qiymətlərim də yaxşıdı, — dedim, — Mənə bir dənə ağ imtahan vərəqi verin. Gedim axırıncı imtahanımı verim. Vərəqəsiz məni içəri buraxmırlar, müəllim». Dinləyib dedi: «Yox, bala, buna mənim ixtiyarım yoxdu. Ərizə yaz, get prorektorun yanına». Getdim, o da göndərdi rektorun yanına. Onda rəhmətlik Cəfər müəllim idi rektor. Ərizəmi oxuyub dedi: «Eləyə bilmərəm, oğul, onsuz da uşaq çoxdu. Get, gələn il gələrsən». Dedim: «Müəllim, mən yetim oğlanam, getdim, gələn il daha gələ bilməyəcəyəm». Nə isə, burdan da ümidsiz qayıtdım. Onda universitet Xalq təsərrüfatı institutunun indiki binasında yerləşirdi. Kommunist küçəsində. Çıxıb qapının ağzında, məlul-müşkül, əzizi ölmüş kimi divara söykəndim. Yıxılmamaq üçün divara söykəndim. İmtahan doqquzda başlamışdı, indi saat bir idi. Bir azdan imtahan qurtaracaqdı və mən təzə tanış olduğum yoldaşlarımdan həmişəlik ayrı düşəcəkdim. Bunu fikirləşəndə doluxsundum. Elə bu zaman... bir də gördüm bax bu Aslanzadə mənə baxıb dedi:

– Ay oğul, nə olub sənə? Niyə belə bikefsən? Elə bil onu Allah yetirmişdi mənim üçün. Mən onun imtahanından beş almışdım. Fikirləşdim ki, yəqin yadında qalmışam, ona görə belə maraqlanır. Sonralar bildim ki, elə şeyləri yadında saxlayan deyil

– elə təbiəti beləymiş bu kişinin. Nə isə, ürəkləndim, başıma gələn fəlakəti danışdım ona. Bu, doğrudan da mənim üçün fəlakət idi. Aslan müəllim məni dinləyib dedi:

– Bura gəl, görüm! — Məni qəbul komissiyası yerləşən otağa, Mirzə Mədətovun yanına gətirdi və onunla görüşüb, hal-əhval tutandan sonra:

– Mirzə, bu oğlan imtahan vərəqəsini itirib, ona bir vərəqə yaz, qoy getsin imtahanını versin. Qiymətlərini sonra köçürərsən,

– dedi.

– Baş üstə, Aslan müəllim, — dedi Mirzə Mədətov. Qulaqlarıma inanmadım. Bayaqdan mümkün deyildi. Bayaqdan.... Eh, nə isə. Heç bilmirəm vərəqəni necə aldım, onlara «sağ olun» dedimmi, demədimmi — yadımda deyil. Qaça-qaça biofakın dördüncü mərtəbəsinə gəldim. Axıra bir uşaq qalmışdı. Azca da geciksəydim, hər şey bitmişdi. Təngnəfəs içəri girdim. Coğrafiyadan imtahanı mərhum professor Qasım Gül götürürdü. Mən tövşüyə-tevşüyə dedim:

– Müəllim, bağışlayın, kecikmişəm.

– Gəl, bilet çək, otur fikirləş, — dedi professor. Suallarım çox asan idi. Demək olar ki, əzbər bilirdim. Ancaq ayağa durub danışmağa başlayanda dilim topuq çaldı. Aləmi qatıb-qarışdırdım bir-birinə. Professor məni saxladı:

– Ay bala, sənə nə olub? Görürəm bilirsən, ancaq nə isə... sözünün əvvəli-axırı yoxdu. O biri qiymətlərin nədi? — deyib ağ vərəqə baxanda təəccübləndi. Mən məcbur olub başıma gələn qəzavü-qədəri ona da danışdım və qiymətlərimi söylədim. Mənə inandı və dedi:

– Yaxşı, gəl xəritənin qabağına.

Xəritənin qabağına keçdim və haranı dedisə, oranı da gözüyumulu göstərdim. Xəritəni yaxşı «oxumuşdum»... Mənə dörd verdi və mən universitetə qəbul olundum.

– Hə, Aslan müəllimin bir sözü doğrudan da sənin taleyini həll edib, — deyə bayaqdan diqqətlə qulaq asan Gülmirə sanki rahat nəfəs aldı. — Yəqin sonra Aslan müəllimə təşəkkür elədin, deyilmi?

Sakit güldü:

– Təsəvvür edirsənmi ki, yox!

– Yoox?

– Bəli, bu da qəribə bir hekayətdi...

– Burda səhv eləmisən, Sakit. Gərək sən dərs başlayan kimi Aslan müəllimi tapaydın, ona minnətdarlığını bildirəydin, onu da sevindirəydin.

– Mən də elə fikirləşmişdim, Gülmirə. Ancaq eləyə bilmədim. Sentyabrın birində ilk dərs günü, bir də gördüm Aslan müəllim sinfə girdi. Bizə ədəbiyyat tarixindən dərs deyəcəkdi. Baxdım ona, gözlərim yaşardı sevindiyimdən. Az qaldım elə sinifdə, uşaqların yanında gedib qabağında dayanam: «Müəllim, çox sağ olun! Mən, sizin sayənizdə bura qəbul olunmuşam! Minnətdaram sizə!» — deyəm. Lakin demədim. Düşündüm ki, tənəffüsdə deyərəm. Qəribə idi ki, o da məndən heç nə soruşmurdu — elə hamıya baxıb gülümsündüyü kimi, mənə də baxıb gülümsünürdü.

Sənə deyim ki, mən də qəribə adamam. Nədənsə o vaxt birdən ağlıma gəldi ki, indi deməyəcəyəm. İndi desəm düşünər ki, uşaqda fərasətə, bicliyə bax, özünə dayı, arxa axtarır. «Yaxşılıq eləmisən, axıra qədər elə». Bu kişi hələ beş il mənə dərs deyəcək, yox, qoy qalsın. Universiteti bitirəndə deyərəm. Bu fikirlə də ona heç nə söyləmədim. Düz beş il keçdi. Biz son kursda oxuyanda, ilin yaz fəslində Aslan müəllimi Akademiyaya gətirdilər. Təyinat zamanı isə mən onun işlədiyi instituta düşdüm. Ora gələndə o, artıq şöbə müdiri idi. Mən onun şöbəsində çalışmalı idim. Madam ki elmi-tədqiqat institutuna gəlmişdim, deməli, mənim yolum, taleyim məlum idi. Dissertasiya yazmalı, alim olmalı idim. Burda da bu məsələ qabağımı kəsdi — dedim hələ deməyəcəyəm.

– Səndə də səbr var ha! — deyə Gülmirə heyrətlə dilləndi. Sakit qımışdı:

– Hə, özüm də təəccüblənirəm, indi yadıma düşəndə.

Dedim ki, o, ya rəhbərim olacaq, ya opponentim... İnanırsanmı ki, elə də oldu. Dörd ildən sonra mən namizədliyimi yazıb qurtaranda elmi şuranın qərarı ilə onu mənim birinci opponentim təyin elədilər. Əsəri oxudu, avtoreferatıma qol çəkdi.

– Çapa gedə bilər.

Bax bu zaman dedim hə, əsl məqamdı.

– Aslan müəllim, qol çəkdiniz də.

– Hə, çəkdim. Yaxşı əsərdi.

– Demək razısınız mən müdafiə eləyim, hə?

– Əlbəttə, oğul, bu nə sözdü?

Mən bir anlığa duruxdum, o, ağır anlarımı, səbirlə dözdüyüm sonrakı illəri xəyalımda canlandırıb söylədim:

– İndi mənim sizə sözüm var, Aslan müəllim. Düz on ildi mən bu sözü ürəyimdə saxlamışam, bu günü gözləmişəm. İcazə verin, onu sizə deyim.

– Buyur, oğul, — dedi və həmişə damağından və barmaqlarının arasından düşməyən «Kazbek»in kötüyünü külqabına basıb söndürdü, əlini çənəsinə söykəyib diqqətlə qulaq asmağa başladı. Mənim səsimin titrəməsindən deyəsən hiss eləmişdi ki, nə isə qeyri-adi bir şey deyəcəyəm ona — çünki avtoreferata qol çəkəndən sonra da verdiyim suallar qəribə idi — Buyur, oğul, eşidirəm səni — söylədi intizarla; mən nəfəsim tıncıxa-tıncıxa dedim:

– Aslan müəllim, siz olmasaydınız, sizin xeyirxahlığınız olmasaydı, mən universitetə girə bilməyəcəkdim, deməli, Akademiyaya da gəlib çıxa bilməyəcəkdim və təbii ki, indicə qol çəkdiyiniz bu elmi əsəri də yazmayacaqdım.

Və bütün əhvalatı, indi sənə danışdığım qaydada ona da danışdım, bu on il ərzində hansı mülahizələri əsas tutaraq öz təşəkkürümü gecikdirməyimin səbəbini izah elədim və axırda «mən sizin çörəyinizi yeyirəm, Aslan müəllim» — dedim. İnanırsan, kişi ayağa qalxdı, döşəmədə var-gəl eləyə-eləyə dalbadal siqaret sümürdü və dönüb mənə baxanda əlyazmaları oxumaqdan, gecələr işləməkdən şişmiş gözlərinin yaşardığını görüb mən də mütəəssir oldum. Stolun başına fırlandı, mənə tərəf gələndə ayağa durdum; o, uzun qollarını açaraq bir ata mehr-məhəbbəti ilə məni qucaqladı, kövrək, qəhərdən qırılan bir səslə:

– Sağ ol, ay oğul, — söylədi. Mənim ömrümü uzatdın sən, heç yadımda deyildi...

– Mənim isə ömrüm boyu yadımdan çıxmaz, Aslan müəllim. Mən bundan sonra həyatda nə yaxşı iş görməyə müvəffəq olsam, nəyə nail olsam, hamısı, hamısı sizin adınızla bağlı olacaq. Sizin bircə sözünüz mənim müqəddəratımı təyin elədi, mən kəndə qayıtsaydım, elə bilin ki, daha heç vaxt şəhərə, ali məktəbə gələ bilməyəcəkdim — qalıb kolxozda traktorçudan, çobandan-zaddan olacaqdım.…Deyirsiniz ömrümü uzatdın... Yox, mənim əziz müəllimim, ömrünüzü siz özünüz öz yaxşılıqlarınızla uzatmısınız, müəllim.

O, eynəyini çıxarıb dəsmalı ilə yaşarmış gözlərini sildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, onuncu fəsil

Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:

7 мин
Üçüncü hissə, on birinci fəsil

Ağayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.

8 мин
Üçüncü hissə, on ikinci fəsil

Qəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.

15 мин
Üçüncü hissə, on üçüncü fəsil

Axşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.

6 мин

Стихи других поэтов