Birinci hissə, on dördüncü fəsil
Страница 2 из 5 · 20%
Nadirə xanım əllərini dizinin üstünə qoymuşdu, cismən burda idi, fikrən evdə — oğlunun yanındaydı. Salmanın indi düşəcəyi vəziyyət əslində onu az düşündürürdü. Nə olacaq olsun — deyirdi özlüyündə, ancaq elə oradaca yəqin edirdi ki, belə deyil. Salmanın taleyinə biganə qala bilmirdi. Nə isə çox gərgin haldaydı Nadirə. Hərdən Salmana baxırdı. O sakitcə oturmuşdu. Elə bil heç onun məsələsi müzakirə olunmurdu, tamaşaya gəlmişdi. «Anlaşılmaz adam» düşünürdü Nadirə onun barəsində.
Akademik Nurəddin Osmanzadə nəzərdən keçirdiyi kağızdan baxışlarını ayırıb oturanlara baxdı və uzun barmaqları ilə stolun üstünə döyəcləyə-döyəcləyə:
– Belədi də. Məncə aydındı ki, sizi bura niyə çağırmışam
– dedi. — Salman Qurbanzadə yoldaşın məlum kitabı barədə komissiyanın fikrini dinləməliyik və fikirləşməliyik ki, sonra neyləyə bilərik. Necə məsləhət bilirsiniz, komissiya üzvləri ayrı-ayrı çıxış eləsin, yaxud rəyi oxuyaq? — son sözləri o, Nadirəyə baxa-baxa söylədi. Nadirə qəmli-qəmli gülümsünüb:
– Özünüz bilən məsləhətdi, — dedi. Salman kresloda qurcalanıb:
– Yaxşı olar ki, ayrı-ayrı yoldaşlar öz fikrini söyləsin, — deyib komissiya üzvlərinə rişxəndli bir nəzər saldı. Nurəddin üç nəfərə müraciətlə:
– Onda buyurun, — dedi, — sözünüzü deyin. Araya sükut çökdü, heç kəs, görünür, qabağa düşmək istəmirdi.
Nurəddin təntənə ilə qımışdı:
– Nədir, yoxsa qorxursunuz? Qorxmayın, biz bura ciddi bir məsələnin müzakirəsinə yığışmışıq. Burda prinsipial olmaq lazımdır. Hə, başlayın. — Hamının susduğunu görən direktor üzünü Gülmirəyə tutdu: — Hə, sən başla, qız. Görürəm bunların arasında ən cəsarətlisi elə sənsən.
Bu sözü eşidən kimi, İltifat, burnunu çəkdi, birinciliyi əldən verdiyini duyub əlini qaldırdı.
– Mən bir-iki kəlmə deyim, Nurəddin müəllim.
– Buyur, şair.
İltifat onun «şair» sözündən qanadlandı elə bil. Ölürdü özündən böyüklərdən — xüsusən vazifəcə böyük olanlardan tərif eşitmək üçün. Bunu özünə ən böyük mükafat hesab eləyirdi. Odur ki, elə adicə «şair» kəlməsindən vəcdə gəlib sözə başladı:
– Nurəddin müəllim, mən fikrimizi ətraflı şəkildə sizə təqdim etdiyimiz o rəydə yazmışam, — Salman bunu bilmirdi, — indi öyrəndi ki, on səhifəlik o mətnin müəllifi İltifat Abışovdur. Ah çəkib dinləməyə başladı, İltifat deyirdi. — Mən acı bir təəssüf hissilə bildirmək istəyirəm ki, Gülmirə xanımın qaldırdığı bu çox ciddi məsələ yoxlama zamanı tamamilə sübuta yetmişdir. Əlyazmasını və kitabı oxuduqca mən heyrətlənirəm, düzü, hörmətli Salman, müəllim Mirzə Yanarın əsərini sətirbəsətir, səhifəbəsəhifə mənimsəmişdir. Bəzi plagiatlar başqasının əsərini çırpışdıranda heç olmasa izi itirmək üçün mətndə müəyyən dəyişikliklər aparırlar, sözləri dəyişir, sinonim sözlər işlədir və s. Amma Salman müəllim özünü bu zəhmətə də salmamışdır. Mirzə Yanarı, obrazlı şəkildə desək, təpədən-dırnağa oğurlamışdır ki, bu da sovet aliminə yaraşmayan bir sifətdir. Mən bilmirəm, bunun üstündə ona nə cəza vermək olar — ancaq onu bilirəm ki, bu hərəkət ləyaqətdən, vicdandan uzaq bir hərəkətdir.
Məncə, sübut-filan gətirməyə heç bir ehtiyac yoxdur, Nurəddin müəllim. Bax, bu kitabın harasından açırsınız açın, oğurluqdur. Son cümləsinə qədər. Bir şair dostumun şerinin bir bəndi yadıma düşdü. O yazmışdır:
«Alim tanıyıram, qoca Qafqazın
Çeşmə tək durulub dibindən çıxır.
Alim var, sağ əli Salman Mümtazın,
Sol əli Hümmətin cibindən çıxır.»
Təəssüf ki, bizim hörmətli professorumuz Salman Qurbanzadənin sağ əli Mirzə Yanarın cibindən çıxıb, sol əli kimin cibindən çıxacaq bunu deyə bilmərəm.
İltifat sözünü bitirib oturdu. Nurəddin üzünü Gülalıya tutdu:
– Sən nə deyə bilərsən, Gülalı?
Gülalı udqundu, qoz boyda hulqumu qalxıb-endi:
– Mən... mənə elə gəlir ki, Salman müəllim Mirzə Yanarın əsərini köçürüb öz adına çap etdirməkdə bir balaca səhv eləyib.
Nurəddin onun bu sevimli «bir balaca» ifadəsini ilk dəfəydi eşidirdi. Ona görə güldü:
– Əcəb balaca səhvdir, Gülalı. Bu boyda da balaca səhv olar?
Gülmirə sözə qarışdı:
– Gülalının dilinin əzbəridi bu sözlər, professor.
– Nə bilim, adət eləmişəm də. Hə söz verirəm ki, ta belə deməyəcəyəm — bir də görürəm demişəm... Nə isə, mətləbdən yayınmayaq. Bu köçürmə əhvalatı faktdı. Bunun altından daha heç cürə qaçmaq mümkün deyil. Mənə elə gəlir ki, Mirzə Yanarın bu əsərini eynilə kişinin öz adına çap etdirmək lazımdır. Bir geniş müqəddimə yazmaq, orada əhvalatı müəyyən işarələrlə oxuculara başa salmaq lazımdır. Onsuz da Salman Qurbanzadənin kitabı indi satışda çoxdan yoxdur, ancaq kitabxanalarda və şəxsi evlərdə qalmış olar ki, onları da yığışdırmaq asandır. Mirzə Yanarın halal zəhmətini özünə qaytarmış olsaq, onun qarşısındakı günahımızı bir balalaca... hi, hi, yenə bir balaca dedim ey... yumuş olarıq.
Nurəddin Gülmirəyə danışmaq işarəsi verəndə o qısaca söylədi:
– Mənim fikrim aydındır. Mən də yoldaşların dedikləri ilə şərikəm, professor.
Akademik dönüb Salmana nəzər saldı. Rişxənd dolu baxışlarını uzun müddət ondan çəkmədi — gözləri ilə ürəyini partlatmaq istəyirdi sanki. İndi Salmanın boğazı əlindəydi, arzuladığı an sıxa bilərdi, iri gözləri eynəyinin şüşəsi boyda olanacan sıxa bilərdi. Yox, öldürməzdi. Onu başıaşağı, xəcalətli eləmək bəsiydi.
Salman isə — qəribə görünürdü Nurəddinə — onun baxışları altında əzilmirdi, nəzərlərini qaçırmırdı, təmkinini itirmirdi, eləcə sakit-sakit oturmuşdu, deyilənlərə qulaq asırdı. Nurəddin birdən özünü onun yerində təsəvvür elədi. Beş-on nəfər onu bax bu cür, qabağına qoyub isladıb vururlar. Onun oğru olduğunu sübut edirlər. Onda o, belə sakit otura bilərdimi? Yox! Bəs bu nə hikmətdi? Salman niyə biganə və soyuqqanlıdır? Bu, Nurəddini düşündürürdü.
– Hə, Salman Qurbanzadə, indi nə deyə bilərsən? — Nurəddin yenə uzun baramaqlarını astaca mizə taqqıldada-taqqıldada, maraqlı bir tamaşanın nə ilə bitəcəyini səbirsizliklə gözləyən tamaşaçı kimi soruşduqda Salman burnunun ucuna enmiş eynəyini şəhadət barmağı ilə yuxarı qaldırıb sakitcə söylədi:
– Mən istəyirəm komissiyanın sədri kimi siz də öz sözünüzü deyəsiniz, yoldaş Osmanzadə.
– Mən? Mən ədəbiyyatşünas deyiləm, Salman. Ancaq hər iki əsərə baxmışam. Doğrudan da yoldaşlar düz deyirlər. Sənin işin plagiatdır. Sən bunun üçün məsuliyyət daşımalısan. Mənim fikrim qətidir. Ali Attestasiya Komissiyasına yazacağam və sənin doktorluq diplomunu ləğv elətdirəcəyəm. Çünki mən belə şeylərə barışmaz düşmənəm, bilirsən.
– Lap yaxşı, nə olar! — Salman dikəldi. —Mənə sizin fikrinizi bilmək lazım idi. İndi olarmı ki, mən o qovluğa — Mirzə Yanarın əsəri hesab elədiyiniz o əsərə bir dəqiqəliyə baxım? İcazə olar də?
– Əlbəttə! Əlbəttə!
Salman qalxıb qovluğu götürdü, açdı. Saralmış, otuz il bundan qabaq, ərəb əlifbası ilə yazılmış vərəqlərə nəzər saldı və təntənəli şəkildə gülümsündü.
– Mən komissiyanın yazılı rəyini də istəyirəm, professor.
– Buyur.
Salman makinada çap olunmuş və sancaqlanmış kağızları alıb son səhifəsinə baxdı. Abışovun, Gülmirənin, Gülalının imzası vardı. Direktor qol çəkməmişdi.
– Siz də imzalayın, xahiş edirəm, — deyib kağızları onun qabağına qoydu və Nurəddin də qol çəkdi. Salman geri çəkildi, ancaq yerində oturmadı. Ayaq üstə:
– Nəzərinizə çatdırım ki, bu kağızı yazan və imzalayan yoldaşlar böyük səhvə yol veriblər. Siz — o, üzünü komissiya üzvlərinə sarı çevirdi, — məndən mənim otuz il əvvəlki əlyazmamı istəmisiniz? Yox. Gedib arxivdə Mirzə Yanarın saxlanan əsərlərinin əl nüsxəsinə baxmısınız? Yenə yox, halbuki, sizin mənəvi borcunuz idi bu — Mirzə Yanarın da, mənim də əlyazmalarımı kalliqrafik nöqteyi-nəzərdən çox ciddi şəkildə öyrənməli idiniz. Bunu etməmisiniz, çox təəssüf edirəm buna. İndi mən sizə elə bir şey deyəcəyəm, hamınızın ağzı açıla qalacaq — təəccübdən. O da bundan ibarətdir ki, sizin tutuşğunuz əlyazması da, kitab da mənimdir. Bəli, bəli, yoldaş Nurəddin Osmanzadə, mənimdir. İnanmırsınız? Əlbəttə, inanmazsınız. Çünki sizə məni ləkələmək, bədnam eləmək lazımdır. Siz, bizim bu hörmətli — səsindəki kinayə açıq-aşkar duyulurdu — hörmətli Gülmirə xanımın fitvasına uyub məni müzakirəyə qoydunuz. Sonrasını düşünmədiniz. Bəli, əlyazması ilə kitabın mətni, İltifat Abışovun dediyi kimi, sətirbəsətir uyğun gəlir. Sizcə gəlməməlidir? Bu necə ola bilərdi? Gülməlidir, vallah. Sizə mətləb aydın olsun deyə mən bir qədər izahat verim. Bu əsəri mən çoxdan, müharibə ərəfəsində yazmışdım. Ərəb əlifbası ilə. Müharibədən sonra müdafiə eləmişəm, iki il sonra çap etdirmişəm. Bax, bu əlyazması otuz doqquzuncu ilin kağızıdı, xəttidi. Əlbəttə, o illərdə tək bu yazını yazmamışam — mənim məqalələrim də var. Siz gərək yoxlayaydınız. Xəttimi tutuşduraydınız, ondan sonra hökm verəydiniz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.
İkinci hissə, üçüncü fəsilGün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:
İkinci hissə, dördüncü fəsilİclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.
İkinci hissə, beşinci fəsilNəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...
Стихи других поэтов
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər