Страница 3 из 5 · 40%

– Bəs... — akademik udqundu, — bəs bu qovluq Orxanın əlinə necə düşüb onda?

Salman yenə şəhadət barmağı ilə burnunun ucuna düşmüş eynəyini yuxarı qaldırıb:

– Bilirsiniz, Orxan mənim ən əziz tələbəm idi. Bax, allah şahidi kimi Nadirə xanım oturub burda, təsdiq eləyə bilər. Orxan mənim evimin adamı idi. Gələrdi, gedərdi, mən onu kitabxanama, arxivimə buraxmışdım. Ürəyi istəyən kimi mənim kitabxanamdan, əlyazmalarımdan istifadə eləyərdi. Bu əsərin əlyazmasını qəsdən götürdüyünü deyə bilmərəm, amma güman eləyirəm ki, kağız-kuğuza, qovluqlara qarışdırıb aparıb. Orxan təmiz oğlan idi...

Gülmirə xanım mənim xəttimi tanımadığından, belə bəd fikrə düşüb. Elə deyil, Gülmirə xanım?

Gülmirə çaşmışdı, hadisələrin gedişi tamam dönmüşdü, nə cavab verəcəyini bilmirdi. Salman hədsiz təmkinlə danışırdı, qız anlamırdı ki, o vaxt Orxan düz deyirdi, ya indi Salman? Orxan yox idi — ondan heç nə soruşmaq mümkün deyildi. Ancaq Salman buradaydı, qarşılarında dayanmışdı, özünü müdafiə edirdi. Bundan əlavə, o, tutarlı dəlillər söyləyirdi — xətt məsələsi heç ağıllarına da gəlməmişdi. Halbuki, ekspert vardı, onun köməyindən istifadə edə bilərdilər. Yox, nə isə dolaşıq idi, anlaşılmaz idi. Gülmirə hələ bu gözlənilməz zərbədən özünə gəlməmişdi. Salman isə cavab istəyirdi:

– Səndən soruşuram, siz səhv elədiyinizi boynunuza alırsınız?..

– Yox! — dedi Gülmirə, — mən inanıram ki, bu əsər sizin deyil, Mirzə Yanarındır. Bəlkə qovluq dəyişilib. Bəlkə... siz onun əlyazmasını götürüb yerinə öz əlyazmanızı qoymusunuz?... Deyə bilmərəm. Nə isə burda qarışdırılıb, dolaşdırılıb. Orxan mənə deyirdi ki...

– Mən bilirəm Orxan sizə nə deyib, Gülmirə xanım. Onu bilirəm ki, siz mənə böhtan atırsınız. Və mən sizi bax rəyiniz əsasında məhkəməyə verəcəyəm. Böhtan atdığınıza görə, namuslu, bütün ömrünü elmin inkişafına həsr eləmiş, yuzlərlə kadrlar yetişdirmiş (əlbəttə, sənin kimi kadrlarımı nəzərdə tutmuram) bir alimi ləkələməyə çalışdığınıza görə.,..

Salman bu sözləri deyib imzalı rəyi götürərək otaqdan çıxdıqda hamı sükut içində donmuşdu. Təkcə Gülalı udqunub astaca söylədi:

– Deyəsən, bir balaca səhv eləmişik axı!

....Nadirə xanım düz saat ikidə çıxmışdı evdən... Ana-bala söhbət edərkən Ceyhunun tez-tez saata baxmağı əbəs deyildi. Regina ilə vədələşmişdi. Üçün yarısında o, Ceyhungilə gəlməli idi. O qarlı qış günündə, Süleymanın emalatxanasında olan və Ceyhunun bütün ömrü boyu unutmayacağı görüşdən sonra onlar həftədə üç-dörd dəfə bu evdə görüşür, yeyib-içir, maqnitofonun asta ayaqda çaldığı musiqi altında rəqs edir, ipək yorğan-döşəkdə yatıb-dincəlirdilər. Regina oğrun gəldiyi kimi oğrunca da çıxıb gedirdi. Reginanın Ceyhundan çox xoşu gəlirdi. Əvvələn, o, təmiz uşaq idi — qadının fikrincə — pozulmamışdı, Saleh kimi tündməcaz, kobud deyildi. Əliaçıq idi. Ona hər dəfə xeyli pul verirdi, pulu olmayanda isə, anasının sandığından ya parça, ya alt paltarı bağışlayırdı. Reginaya körpə məhəbbəti ilə vurulmuşdu Ceyhun. Həyatında gördüyü, sevdiyi, çox yaxın olduğu ilk qadın idi. Regina buna görə çox istəyirdi onu. Təcrübəli, görüb-götürmüş bir qadın olduğundan Regina elə eləmişdi ki, Ceyhun qabağında qula dönmüşdü. Və bu Reginanın özünə də ləzzət eləyirdi. O, Ceyhunu əzizləyir, öpüb oxşayır, şirin sözlər deyirdi, gördüyü bütün kişilərdən — bunu o, gizləmirdi — üstün tuturdu. Ərindən də, Salehdən də, hamıdan... Onun bu sözlərindən isə Ceyhunun qəlbinə sonsuz bir fərəh axıb dolur, getdikcə kişiləşir və sinəsi qürurdan qabarıb qalxırdı.

– Mən ancaq tək səninlə olacağam, Cek! — deyirdi. — Sən yaxşı kişisən!

– Bəs Salik? — deyə Ceyhun soruşanda Regina dodaqlarını büzüb:

– Fu, adını çəkmə yanımda, — söyləyirdi. — İyrənirəm ondan....

Əslində iyrənmirdi, qorxurdu Salehdən. Saleh gözünün odunu çoxdan almışdı. Özü də bilirdi ki, Ceyhuna yalan deyir, amma deyirdi. Çox istəyirdi ki, Salehdən üzülüşsün, Saleh yox olsun, ölsün, bu şəhərdən çıxıb getsin — bəlkə onda Regina rahat nəfəs ala bilərdi.

Lakin ona heç nə olmurdu, heç yana getmirdi və kölgə kimi onun hər addımını izləyir, kimsə ilə ürəyi istəyən şəkildə görüşməyə imkan vermirdi. Ceyhuna rast gələndən sonra SaleH onun gözündən yamanca düşmüşdü. Görməyə gözü yox idi. Əlacı olsaydı evinə, yanına, yorğan-döşəyinə buraxmazdı. Ancaq bacarmırdı. Çünki Saleh qorxunc adam idi — əsəbləri yerində deyildi, o, uf demədən adamı bircə anda öldürə də bilərdi. Salehin bu cəhətini düşünəndə Regina ona rast gəldiyi günü nifrətlə yad edərdi və həmişə qorxu içində yaşayırdı. Ceyhungilə gəlməsi də böyük risk idi. Evdən çıxıb onlara gələnəcən azı on yerə —mağazaya, bazara girər, «izi azdırmağa» çalışar, Ceyhunun otağına girib qapını dalınca çəkib bağlayandan da xeyli sonra özünə gələ bilməzdi. Ona elə gəlirdi ki, indicə Saleh dabanbasma gələcək, qapını açmasalar da, vurub sındıracaq və... allah göstərməsin!...

Saleh gözü ilə görməsə də, əlinin içi kimi bilirdi ki Regina kiminləsə xəlvətdə görüşür. Ancaq kim idi bu adam? Tapa bilmirdi. Regina dəyişmişdi, Regina nə qədər gizləməyə çalışsa da, görüşəndə mehriban olmağa səy göstərsə də, Saleh onun rəftarından, soyuq-soyuq yatıb-durmağından başa düşürdü ki, çox qızğın, ehtiraslı bir qadın olan Reginanın atəşinin üstünə kimsə su çiləyir. Soruşmuşdu, hədələmişdi, hətta bir dəfə döymüşdü də. Lakin Regina heç nə boyun almamışdı.

O vaxtdan Saleh onu güdməyə başlamışdı.

Ceyhun saata baxırdı. Hələ on beş dəqiqə qalmışdı gəlməsinə. Tez-tez küçəyə baxan pəncərənin qabağına keçir, aşağı, trolleybus dayanacağına boylanırdı. Süfrə açmışdı. Soyuducudan beşulduz konyak şüşəsini və iki də piyalə götürüb stolun üstə qoymuşdu... Anası ilə açıq danışdığına çox şad idi. Bilirdi ki, onun ürəyini qanatdı, cırmaqladı. Buna baxmayaraq kefi kök idi— illərdən bəri qəlbində yığılıb qalmış sözləri nəhayət, bu gün demişdi anasına. Və bunu da başa düşmüşdü ki, anası incisə də, nə isə sevinmişdi. Bu sevincin səbəbini o, araşdırıb tapmaqdan aciz idisə də, Nadirənin gözlərində yanan işığı, içində nəyinsə təzədən ümid çiçəyi kimi açılıb pardaxlandığını görmüşdü və inanmışdı ki, bu gündən sonra bu ailə tamam başqa cür yaşayacaq.

....Regina şüşə bazarın yanında troleybusdan düşdü. Dayanacaqda ayaq saxlayıb arxadan gələn maşınlara göz qoydu. Salehin yasəmən rəngli «Jiquli»si gəlmirdi dalınca. Bir az toxdadı, yolu keçib şüşə bazara girdi, fırlandı, uşağı üçün iki kilo mandarin alıb qara əl sumkasına tökdü.

«Ceyran» kafesinin tuşunda dayanıb geri baxdı — Salehin maşını gözünə dəymədi. Ehtiyatla, kirpiklərini qaldırmaqla beşinci mərtəbənin pəncərəsinə nəzər saldı. Ceyhun orada dayanmışdı. Əli ilə «gəl» işarəsi verdi. Demək, evdə heç kəs yoxdu.

Küçəni keçib həyətə buruldu... Ətrafı çox ustalıqla yoxlayıb Salehdən əsər-əlamət görmədikdə özünü bloka saldı.

Amma xəbəri olmadı ki, Saleh qarşı binanın birinci mərtəbəsinin blokunda bir saatdan çox idi ki, siqareti siqaretii oduna yandıra-yandıra gözləyir. Bundan da xəbəri olmadı ki, o, blokdan içəri girəndə Saleh əsəbi halda çox pis bir söyüş söyüb yerə tüpürdü və saata baxdı. Üçə iyirmi beş dəqiqə işləmişdi. Salehi əsməcə tutdu, qara rəngi bir az da boğulub qaralmışdı. Reginanın dalınca cummaq, elə qapı ağzında yaxalamaq, kürəyinə bıçağı saplayıb çıxıb getmək istədi. Ancaq yox. Bu Saleh olmazdı onda. Saleh səbirsizlik göstərməməli idi. Təmkinlə iş görməli idi, Regina heç. O, qadındır. O, Salehi aldada bilər, yalan danışa bilər. Amma bəs Ceyhun? O ki kişidir. Salehin dostudur, özü də yaxşı bilir ki, Regina onun adamıdır. Hətta bu yaxınlarda Saleh qəsdən söz salanda Ceyhun, «yox, sən öl mənim onunla heç bir işim olmayıb!» — demişdi. Kişi də dostuna yalandan «sən öl!» — deyərmi?.. Yox, Salehin dəftərində belə nakişilik yazılmamışdı. Odur ki, indi, Saleh, Reginadan çox Ceyhunun əlindən yanıqlı idi. Qəzəbindən tir-tir əsirdi. «Yaxşı, küçük! Sənin ananı ağlar qoymasam, onda mən kişi deyiləm!» — deyirdi...

...Regina içəridə, qapının ağzında dayanıb divara söykənmişdi. Həyəcanlı olduğundan, beşmərtəbəli binanın doxsan doqquz pilləsini barmaqları ucunda qalxdığından, qorxudan tir-tir əsir və tövşüyürdü. İri, uzun kirpikli, altına-üstünə yaşıl «kölgə» çəkilmiş gözlərini yummuşdu. Ceyhun isə bir ac adam hərisliyi ilə onun boyun-boğazını öpə-öpə layka plaşının düymələrini açırdı və tez-tez deyirdi:

– Xoş gəlmisən, əzizim, xoş gəlmisən...

Regina tövşüyürdü, Ceyhun danışırdı və hər ikisinin nəfəsindən güzgü tərləmişdi və tər getdikcə çoxaldığından, qalınlaşdığından əksləri tutqun görünməyə başlayırdı. Regina hələ bir kəlmə də kəsməmişdi, qulağı qapıdaydı — dalınca kiminsə, daha doğrusu Salehin gəlib-gəlmədiyini yəqinləşdirmək istəyirdi. Yox, daş-beton pillərlərdə səs-səmir yoxdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 мин
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 мин
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 мин
İkinci hissə, beşinci fəsil

Nəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...

8 мин

Стихи других поэтов