Страница 32 из 47 · 66%

Sonra qoca sarvan şəhadət barmağını, o barmağını ki, əyri bir qarmaq kimi idi, yuxarı qaldırmışdı və karvan oğlanlarını hədələmişdi:

– O şəhərin örtülü çarşısında və yaxud qarşı yanındakı qəsriyyədə ağ çadra altında sizə müjgan oxu atan ahu gözlüləri görəndə yumun gözlərinizi, kor olun və yain ki, yəhudi məhəlləsindəki meyxanələrdən mərmər sinələri qırmızı xaçlı rumiyəli cariyələrin can alan nəğmələrini eşidəndə tutun qulaqlarınızı, kar olun.

...Nəhayət qapı ağzında əlləri göbəklərinin üstündə dayanmış iki rahib irəli gəlmişdi. Hərəsi bir tərəfdən baş rahibin qolundan tutub ayağa qaldırmışdı və qoca rahib Babəkə demişdi:

– Mənim həqiqət evladım, rahiblər gecələmək üçün sənə və bu tifilə hücrələrində yer göstərəcəklər və bu tifil ki, belə müqəddəs bir gündə bu monastıra ayaq basmışdır, qoy yeyib içməyi monastırın ehsanı kimi halal xoşu olsun!

Babək də gözləri qapalı Barsisin qolundan tutub qaldırmışdı və demişdi:

– Əksik olmayın müqəddəs ata, cibimdə beş-on dirhəm xərcliyim var, özümü və bu tifili dolandırmaq üçün kifayət eləyər bir həftə bizə...

Baş rahib köksünü ötürmüşdü:

– Şəxs qabilsən, övladım və əzəmət satırsan... amma Məsih buyurmuşdu ki, səadətlidir o kəslər ki, ruhları səqir, zəlil və məğrurdur, çünki göylərin ilahi səltənəti onlarındır, yenə buyurmuşdur ki, səadətlidir o kəslər ki, ürəkləri matəmlədir. Çünki ovunacaq ürəkləri və onlara təsəlli bəxş ediləcək...

2

Baş rahib ibn Anastasın qafiləsi dan yeri ağaranda yola çıxmış, dağ üstü monastırdan üzü aşağı enmiş, Şamzidə yola düşərək güneyə doğru yönəlmişdi. Qafilədəki rahiblərin hamısı piyada idilər. Təkcə baş rahibi qaldırıb qafilə önündə gedən palanlı qatırın üstünə qoymuşdular. Qoca isə nə qədər təkid eləmişdisə Barsisi tərkinə ala bilməmişdi, uşaq dirənmişdi, Babəkin böyründən ayrılmaq istəməmişdi. Qafilə hardansa azıb gəlmiş göydəki tənha bir bulud topasının qara kölgəsi kimi səssiz-səmirsiz hərəkət edirdi. Yalnız bir dəfə yol qırağında kəhriz başında dincəlmişdilər. Süfrə açmışdılar, çörək kəsmişdilər, ayran içmişdilər, sonra ayağa qalxmışdılar və qara libaslarının uzun ətəklərini yolun qızmar tozuyla ağartmış qafilə Həmədan qapılarına çathaçatda artıq qaş qaralmağa başlamışdı.

Əgər bütün yolu digər rahiblər ağızlarına su alıb susmuşdularsa Babəklə yanaşı addımlayan şişman görkəmli rahib çənə döyərək yola körpü salmışdı. Və qafilə növbəti bir yoxuş başına qalxarkən dayanmışdı, nəfəsini dərmişdi, sonra əlindəki dəmir üclüklü çəliyini təpə üstündən görsənən qarşıdakı şəhərin hasarlar arxasındakı ümumi mənzərəsi üzərində gəzdirmişdi və gah o yanı, gah bu yanı nişanlayaraq demişdi:

– Odur o zaman tikinti ki, şəhərin ortasını işğal eləmişdir və yastı damı altında ikinci bir şəhərciyi gizləmişdir. Həmədanın qapalı çarşısıdır, ora... Və əgər yayda şəhərin ən sərin yeri oradırsa, qışda da ən isti yer oradır. Və indi ki, günü sabah sən o şəhərdə özünə iş axtaracaqsan, bunu da bil ki, o örtülü bazarda bütün boyaqçılar və sərraflar yəhudi, dərzilər isə cümləsi xristianlardır. Qalan peşə sahibləri – dəmirçilər, miskərlər, qalayçılar, papaqçılar, başmaqçılar və sair əsnaflar müsəlmanlardır və bütün ticarət də müsəlmanların əlindədir.

Babək də təpə üstündən şəhərə göz gəzdirmişdi, fikrə getmişdi və ürəyində baş qaldıran bir təlaş hissilə yenə Tərxanı düşünmüşdü. Rahib isə bu vaxt çəliyini şəhərin yaşıl günbəzli qoşa minarəli cümə məscidinə tuşlamışdı ki:

– Şəhərdə sübhə kimi işıqlarını söndürməyə yeganə bir bina ancaq o məsciddir. Çünki Həmədanın o məscidi bütün günü və gecəni orda namaz qılan, oruc tutan və Quran ayələrini zikr eliyən mömin qocalarıyla məşhurdur. Xalq arasında o qocalara məscid göyərçinləri deyirlər.

Babək dönmüşdü şəhərin gün batanına baxmışdı, orda şəhər içində dörd bir tərəfi hasarlarla çevrələnmiş və ayrıca darvazası olan bir məhəllə diqqətini cəlb eləmişdi. Rahib isə dərhal izah eləmişdi ki:

– Yəhudiyyə adlanır şəhərin o qismi və sakinləri əsasən yoxsul boyaqçılardır, sinaqoqları yoxdur, amma ziyarətgahları var. Onların mənşələri barədə soruşanda vaxtilə Babil əsarətində olarkən Babil çayları sahilində ağlaşan qədim yəhudilərin nəslindən olduqlarını iddia edirlər. Davud peyğəmbərin də məzhurlatında deyilmişdi ki, “Babil çayları qırağında Sionu yad etdikcə ağlaşardıq” və yenə onların əqidələrinə görə Əcəm şahı Ahaş Dərvişin sevimli zövcəsi yəhudi qızı Esfirin də məqbərəsi o məhəllədədir. O Esfirin ki, hekayəsi “Kitabi-müqəddəs”də nəql edilmişdir. Amma bizi ən çox heyrətə salan o şəhərin müsəlman camaatıdır ki, onlar da yəhudilərlə bərabər Esfirin o məqbərəsini müqəddəs bir ocaq kimi ziyarət edirlər, halbuki bizim baş rahib dəfələrlə sübut eləmişdir ki, o məqbərə Esfirin aramgahı deyil. Çünki Esfir burda, Həmədanda yox, Saray şəhəri qədim Şuşanda dəfn edilmişdir. Və rahib bir rəqib üçün ilk dəfə ayaq basdığı yad bir şəhər haqqında ən mühüm nöqtələri nişan verib qurtarmışdı ki, birdən Babəkin gözlənilməz bir sualından bir an duruxmuşdu, diqqət kəsilmişdi, sonra qeyri-ixtiyari olaraq təkrar eləmişdi:

– Necə? Bu son günlər Həmədan zindanındakı dustaqlardan edam edilən olmuşdurmu?

Babək başının hərəkəti ilə sualını təsdiqləmişdi:

– Yəqin ki, şəhərdə baş verən hadisələrin səs-sədası hər dəfə gəlib monastırda sizə çatır.

– Elədir, – demişdi rahib, – şəhərdə baş verən hadisələr haqqında örtülü bazardakı xristian dərzilər həmişə bizim baş rahibə xəbər göndərirlər. Və son günlər şəhərdə edam edilən olmayıb. Amma olacaqdır. Çünki xəlifə Məmunun vəzirini Sərəxs şəhərinin hamamında qətl edən dörd quldurbaşı ki, içlərində bir nəfəri xristiandır, bu saat Həmədan zindanında oturub xəlifə şəhərə varid olandan sonra başlarına nə gələcəyini gözləyirlər. Əgər onları nəzərdə tutursansa...

– Yox, – demişdi Babək, – çoxdan itkin düşmüş bir dostumdan nəhayət ki bir xəbər gəldi ki, Həmədan zindanında dustaqdır.

Və işlətdiyi cinayət o qədər ağırdır ki, edam ediləcək?

Babəkin qaşları çatılmışdı:

– Edam edilənlər içində canilərdən yüz dəfə çox edam hökmü verənlərin cinayətinə qurban gedənlər olub... Əslində karvandan qovulandan sonra mən dostumdan bir xəbər tutmaq üçün geri dönmədim və indi bu şəhərə gəlişim ondan xəbər tutmaq və mümkün olsa onu görmək üçündür.

– Və səbr elə ki, tezliklə dostunu görəcəksən!

Bu dəfə Babək heyrətlə rahibin üzünə baxmışdı və rahib demişdi:

– Həmədan valisi nəinki kəndistandan yığılan xərac vergisini və şəhərdəki xristian və yəhudilərdən alınan can vergisini “Cizyəni”¹, hətta şəhər zindanını da icarəyə vermişdir və indi Həmədan zindanındakı bütün dustaqlar günaşırı örtülü bazara gəlib dilənməyə başlayıblar.

– Dustaqlar üçün dövlətin buraxdığı çörək, su pulunun çox yarısı valinin cibində qalır. Amma zindanı icarəyə götürən zindan rəisi də qazanmalıdır...

– Yenə başa düşmədim.

– Dustaq olanda başa düşərsən – o vaxt ki, zindan rəisinə peşkəş verəcəksən, hər ayın başında altı dirhəm. Məzəndəni zindan rəisi özü təyin eləmişdir, ona görə dustaqlar bütün diləndiklərini hər ayın başında zindan rəisinə peşkəş verirlər. Nə dedin? Dilənməzsən? Və zindan rəisinə qara bir danaq belə ehsan verməzsən? Və qamçı altında mum kimi yumşalmazsan? Onda əlbəttə ki, intihar edə bilərsən, yəni ac və susuz qalıb özünü öldürmək ixtiyarını heç kəs sənin əlindən ala bilməz!

Və rahib o saat öz dediyindən özü səksənmişdi və xaç çəkmişdi, çünki xristian bir rahib üçün ən ağır vəziyyətdən çıxış yolu kimi intihar ən böyük və bağışlanılmaz bir günah idi və rahib başını göyə qaldıraraq dua eləmişdi:

– Tövbə ilahi, dilimə küfr gətirdiyim üçün günahımdan keç!

...Sonra hər ikisi kirimişdilər, ağır bir sükut içində susmuşdular və rahiblər qafiləsi gəlmişdi, şəhərin dörd darvazasında ən möhtəşəmi olan Bab-əl-Əsəd adlanan ala qapıdan içəri keçmişdi və baş rahib ibn Anastas səxavət də göstərərək qatır üstündən darvaza keşikçilərinə peşkəş olaraq bir ovuc dirhəm dağıtmışdı. Çünki xilafətdə bu və ya digər bir iş ilə kim isə canını bütün icbari vergilərdən qurtara bilərdi. Amma peşkəş adlanan könüllü vergidən heç bir Allah bəndəsi yaxa qurtara bilməzdi və qurtarmamışdı.

¹ Müsəlman olmayanlardan alınan vergi

Baş darvaza isə ona görə Bab-əl-Əsəd yaxud Şir darvazası adlanırdı ki, bu darvaza önündə uca bir özül üzərində daşdan yonulmuş bir şir heykəli min illərdən bəri başı tufanlı bir şəhərin keşiyində dayanmışdı və bu daş şirin daş gözləri o qədər şeylər görmüşdü, daş ürəyi gördüklərindən o qədər daşa dönmüşdü, daş vücudu o qədər qalın zaman qatlarının dözülməz ağırlığı altında qalmışdı ki, elə bil sübh əzəldən başlanmış əbədiyyəti yorub arxada buraxmışdı və sabahdan başlanacaq qarşıdakı əbədiyyətə də ayaqdaş olub qalacaqdı və məhz buna görə idi ki, haçansa hardansa gəlib heykəlin qarşısında dayanıb durmuş qərib və dərbədər bir şairin xəyalını daş şir o qədər göz qaraldan uzaqlara – ta zamanın başlanğıc nöqtəsinə qədər qovmuşdu ki, şair bədahətən söylədiyi iki misrada daş şirdən sual eləmişdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 мин
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 мин
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 мин
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 мин

Стихи других поэтов